“Azərbaycan diasporu qısa zaman ərzində

kifayət qədər uğurlu nəticələr əldə edib” -

 

Rövşən Raqifoğlu: “Diasporunuzun ideoloji dayaqlarını ümummilli lider Heydər Əliyevin fəaliyyət proqramı, onun düşüncələri, sonsuz Vətən sevgisi təşkil edir

 

Diasporun inkişaf strategiyası düzgün və məhsuldar proqram üzrə aparılır”

 

Diaspora elə bir sahədir ki, bu sahə hər zaman inkişaf, müasir yanaşma, yeni texnikatexnologiyalardan istifadə tələb edir. Bəs görəsən Azərbaycan diasporu sadaladığımız həmin vasitə və metodlardan nə dərəcədə istifadə edərək onu öz fəaliyyətində tətbiq edir. Məsələyə aydınlıq gətirmək və diasporamızın bu günkü durumuna nəzər salmaq üçün uzun müddət bu sahədə araşdırma və təhlillər aparan, fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin dosenti Rövşən Raqifoğlu ilə söhbətləşdik.

-Rövşən müəllim, siz uzun müddət diaspora sahəsində araşdırmalar, təhlillər aparmısınız. Apardığınız araşdırma və təhlillərin nəticəsi olaraq bu gün Azərbaycan diasporunun durumunu necə qiymətləndirirsiniz?

-Müstəqil Azərbaycan Respublikası fəaliyyətinin ilk günündən diaspor sahəsində, xaricdəki soydaşlarımızın formalaşması istiqamətində səmərəli və məqsədyönlü addımlar atıb. Görülən işlər siyahısına 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması, Bakıda Dünya Azərbaycanlılarının Qurultaylarının təşkili, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının, Xaricdəki Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında qanunun qəbulu və s. aid etmək olar. Məhz atılan addımların məntiqi davamı kimi bu gün soydaşlarımız dünyanın demək olar ki, əksər ölkəsində cəmiyyət və ictimai birliklərin, qəzet və jurnalların, radioteleviziya orqanlarının, internet resurslarının yaradılmasına nail olub. Yalnız son zamanlar müxtəlif tarixi hadisələrin ildönümündə, tarixi həqiqətlərin obyektiv təbliğində Azərbaycan diasporunun təşkil etdiyi yürüşlər, keçirilən tədbirlər, mitinq və nümayişlər, müxtəlif səviyyəli görüşlər soydaşlarımızın gücünü, potensial təsir imkanlarını nümayiş etdirir. Bu gücün zamanla daha effektli olacağına inam böyükdür. Fikrimcə, Azərbaycan diasporunun inkişaf strategiyası düzgün və məhsuldar proqram üzrə aparılır.

-Azərbaycan gənc olmasına baxmayaraq diaspora sahəsində mütəqillik dövründən sonra ciddi addımlar atılıb. Burada dövlətin diasporaya göstərdiyi diqqəti xüsusi qeyd etmək yerinə düşərmi?

 -Diasporçuluğun əsası və inkişaf xətti ideoloji prinsiplər üzərində qurulur. Bu prinsip nə qədər güclü və əsaslı olarsa diaspor siyasətinin, lobbi quruculuğunun uğurla həyata keçəcəyi də bir o qədər real və səmərəli olacaq. Azərbaycan diasporunun ideoloji dayaqlarını ümummilli lider Heydər Əliyevin fəaliyyət proqramı, onun düşüncələri, sonsuz Vətən sevgisi təşkil edir. Məhz ümummilli liderin bu sahədə həyata keçirdiyi siyasi fəaliyyət kursu uzun illər unudulmuş, haqqında danışılmağa belə imkan verilməyən Azərbaycan diasporu amilini, diasporçuluq işini formalaşdırdı, gündəmə gətirdi və dövlət siyasəti səviyyəsinə qaldırdı. Xarici ölkələrə hər səfərində soydaşlarımızla görüşən, onların problemləri ilə yaxından maraqlanan Heydər Əliyev diasporaya yanaşmanın yeni və önəmli mərhələsinin təməlini qoydu. Bu gün dövlət məmurları da xarici ölkələrə səfərlər zamanı soydaşlarımızla görüşür, diasporanı aktiv fəaliyyətə səsləyir. Milli liderin gördüyü işlər, diaspor sahəsində atdığı səmərəli və qətiyyətli addımlar bu gün Respublika Prezidenti cınab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlət başçısı Dünya Azərbaycanlılarının III Qurultayında, Azərbaycan və Türk Diaspor Təşkilatlarının Forumunda çıxış edərək diasporumuzun qarşısına yeni məqsəd və vəzifələr qoydu. "Azərbaycan diasporu artıq müdafiə olunmamalı, ideoloji işdə hücuma keçməlidir" deyən Respublika Prezidenti milli liderin ideyalarına sadiq qalmaqla, soydaşlarımızı müasir dövrün tələblərinə uyğun aktiv və səmərəli fəaliyyətə səslədi. Qeyd olunanlar Azərbaycan diasporunun formalaşması və inkişafında dövlətimizin rolunu açıq şəkildə ortaya qoyur. Əsas məqsəd bu diqqət və qayğıdan maksimum yararlanmaqla milli - mənəvi dəyərlərimizin, adət - ənənələrimizin, tarixi həqiqətlərimizin təbliğində aktiv fəaliyyət göstərməkdir.

-Prezident İlham Əliyev istər Dünya Azərbaycanlılarının qurultayları, istər digər bu kimi toplantılarda diasporamıza hücum taktikasına keçməyi tövsiyyə edir. Sizcə Azərbaycan diasporu cənab prezidentin məlum tövsiyyəsinə uyğun olaraq hücum taktikası ilə hərəkət edirmi?

-Bəli, tam əminliklə deyə bilərəm ki, bu gün Azərbaycan diasporu artıq müdafiə mövqeyində deyil, əksinə, hücum taktikasına üstünlük verməklə aktiv ideoloji təbliğatçılıqla məşğul olur. Bir daha qeyd etmək istərdim ki, Azərbaycan diasporunun son zamanlar, xüsusən də 26 fevral-Xocalı Soyqırımının ildönümündə daha çox AmerikaAvropa ölkələrində, o cümlədən Almaniya, Böyük Britaniya, İsveçrə, Avstriyas. ölkələrdə nümayiş etdirdiyi aktivlik hər bir azərbaycanlı kimi məni də sevindirdi. Əgər bir zamanlar soydaşlarımız yalnız həmin faciə barədə məlumat verməklə kifayətlənirdisə, bu gün mitinqetiraz aksiyaları təşkil edir, hadisənin səbəblərini, ermənilərin törətdiyi vəhşilikləri yerli informasiya vasitələrində yayımlayır, dünya ölkələrinin, beynəlxalq təşkilatların hadisəyə qanuni qiymət verməsi üçün aktiv lobbiçilik işi ilə məşğul olur. Proses bu gündavam edir. Soydaşlarımız dünyanın ən güclü diaspor təşkilatlarına sahib olan yəhudilərlə səmərəli əməkdaşlıq münasibətləri qurur ki, bu da gələcəyə ümidlə baxmağa, daha böyük nəticələr əldə etməyə əsas verir.

-Bir sıra hallarda Azərbaycan diasporunun digər ölkələrin, xüsusilə erməni diasporundan müəyyən şeylər öyrənməsinə mənfi yanaşılır. Siz necə düşünürsünüz. ermənilər düşmən olsa belə onların müsbət məqamlarını öyrənib diaspora sahəsində tətbiq etməyə lüzum varmı?

-Ermənilərin istər dövlətçilik, istər diaspor, istərsə də lobbiçilik siyasəti yalan, zorterror üzərində qurulub. Erməni diasporlobbi təşkilatlarının dünyanın müxtəlif ölkələrində törətdikləri vəhşiliklər, terror hadisələri beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Bu cür yanaşma bizə, dünya azərbaycanlılarına xas deyil. Biz istəsək də onların yerişini yeriyə bilmərik və bu heç lazım da deyil. Bir də, hər bir diaspor öz dövlətinə bənzəyir. Müstəqilliyinin ilk illərindən bütün sahələrə həssas və obyektiv yanaşan Azərbaycan Respublikası diaspor sahəsində də açıq siyasi fəaliyyəti ilə diqqəti cəlb edir. Biz istər dövlət, istərsə də diaspor olaraq terrora yox deyir, beynəlxalq münasibətlər sistemində balanslaşdırılmış siyasət aparır və hər bir dövlətin daxili qanunlarına, idarəçilik sisteminə hörmətlə yanaşaraq milli məqsədləri həyata keçiririk. Azərbaycan diasporu qısa zaman ərzində kifayət qədər uğurlu nəticələr əldə edib. Daha çox yəhudi diaspor nümayəndələri ilə sıx münasibətlər quran diasporumuz fəaliyyət strategiyasında qeyd etdiyim kimi milli dəyərlərə, adət-ənənələrə söykənir.

-Bəs Azərbaycan diasporunun digər ölkələrin diasporları, xüsusilə yəhudi, türks. kimi diasporlarla əməkdaşlığını necə dəyərləndirirsiniz?

-Yəhudi və türk diasporu dünya ölkələrində demək olar ki, lider təşkilatlardan sayılır və kifayət qədər qədim yaranma tarixinə malikdir. Dindil yaxınlığı Azərbaycanla türk diaspor təşkilatları arasında münasibətləri, mövcud əlaqələri daha da inkişaf etdirir. Yəhudilər isə qazandıqları uğurlar, geniş əlaqəyə malik olmaları ilə soydaşlarımızın diqqətini cəlb edir. Odur ki, məhz adları çəkilən ölkələrə məxsus diaspor təşkilatlarının tarixinin, təcrübəsinin araşdırılması, onların fəaliyyət metodlarının öyrənilməsi çox önəmlidir. Düzdür, Diasporla İş üzrə Dövlət Komitəsi bununla məşğul olur. Amma düşünürəm ki, ya komitənin nəzdində, ya da ayrıca olaraq Diaspor Araşdırmaları Mərkəzinin yaradılması və bu qurumun məhz dövlətin nəzarəti altında fəaliyyət göstərməsi çox önəmlidir. Çünki hər bir dövlətin strateji xətti sayılan diaspor sahəsində araşdırmaların aparılmasına böyük ehtiyac var.

-Sizcə, diaspor təşkilatlarımız müasir dövrün imkanları, informasiya kommunikasiya texnologiyaları, internet resurslarından yetərli qədər istifadə edirlərmi?

-Hesab edirəm ki, diaspor təşkilatları tərəfindən mövcud informasiya resurlarından mümkün qədər istifadə olunur. Amma bu sahədə problemlər də az deyil. Düşünürəm ki, olan yerdə problem də qaçılmazdır. Məhz bu üzdən mövcud problemlərin həlli diaspor quruculuğunda daha uğurlu nəticələrə zəmin yaradacaq.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2014.- 4 mart.- S.15.