Cənnətdən gələn məktub

 

HEKAYƏ

 

Əvvəli ötən sayımızda

 

Bu gülməli və məzəli hadisə isə heç yadımdan çıxmaz. Bir dəfə yenə də atam məni qonşudakı bir yas məclisinə aparmışdı. Hüzür sahibi varlı hacı olduğundan evin bütün otaqları və artırması adamla dolu idi.

(Yoxsulların yas məclisində bir neçə adamın iştirakına baxmayaraq, varlı məclislərində adam əlindən tərpənmək olmur. Bu artıq bir ənənə halını alıb və mənim fikrimcə çox pis bir adətdir. Hər dəfə belə halla qarşılaşanda mənim uşaq qəlbim kövrəlirdi və bu hafizəmdə dərin iz buraxırdı.) Məclisdə məruzə etmək üçün (xalq arasında buna “moüzə” deyirlər) Molla Nəxşibəndi adlı bir Axund dəvət olunmuşdu (Bu adın mollanın həqiqi adı, yoxsa ki, ləqəbi olduğunu bilmirdim, hər halda hamı onu bu adla çağırırdı). Atamdan soruşdum. Tarixçi olduğu üçün şəriət tarixinə az-çox bələd olan atam mənə məlumat verdi ki, Əmir Teymur dövründə yaşayan Xacə Bəhayəddin əl-Nəqşbəndi “Nəqşbəndiyə” adlı bir təriqət yaratmışdı. O dövrün bütün insanları Xacəyə böyük ehtiramla yanaşırdılar. Əmir Teymur hətta onun qəbri üzərində möhtəşəm bir məqbərə ucaltmışdı. Bu məqbərə bugünün özündə belə Orta Asiya müsəlmanlarının sevimli ziyarət yeridir. Yerli dindarların dediyinə görə bu məqbərəni 3 dəfə ziyarət etmək Məkkə ziyarətinə bərabər tutulur. Daşkənddə yüksək dini təhsil almış və bu müqəddəs məqbərəni bir neçə dəfə ziyarət etmiş Nəqşbəndi Peyğəmbərin Məkkədəki acınacaqlı həyatından danışır və dilindən məclisə ətir saçılırdı. (Bunu mən atamın ona diqqətlə qulaq asmasından bilirdim. Çünki, atam boşboğazlığı sevmir, təkrar eşidən kimi durub məclisi tərk edirdi). Lakin özünü bütün mollalardan ağıllı, çoxbilmiş sayan Ağabəy Axundun uzun-uzadı danışması ilə razılaşa bilmir, onun sözlərinə müdaxilə edib hətta bəzi məsələlərdə onunla mübahisə etmək istəyirdi. Axund bir qurtum çay içib söhbətinə balaca ara verən kimi Ağabəy kişi söhbətin mövzusunu dəyişdirmək istədi:

-Axund ağa, çoxdandır ki, bu sualın cavabını axtarıram.

Axund əlindəki stəkanı yerə qoyub Ağabəy kişiyə sarı dönüb dedi:

-Buyurun, buyurun.

- Niyə bizim cavanlar axışıb Rusiyaya gedirlər?

Ağabəy kişi guya ki, böyük bir elmi sual verdiyiniAxundun bu sualı aça bilməyəcəyini bilirmiş kimi gah gözlərini onun ağzına dikir, gah da özündən razı kimi camaatı süzürdü. Axund bu səviyyəsiz sualdan bir anlıq duruxdu. Camaatın çoxu kimi mən də hiss etdim ki, bu onun xoşuna gəlmədi. Amma sualı cavabsız da qoymaq istəmədi:

-Bilirsiniz, uşaq anadan olandan sonra iki ildən az olmayaraq anasının südünü əmməlidir. Ana südünü əmdikcə ana məhəbbəti, Vətən məhəbbəti damla-damla uşağın qanına hopur. Amma indiki qadınların çoxu uşağı ana südündən məhrum edir və onları süni südlə qidalandırır. Ona görə də uşaq böyüyən kimi qaçır Rusiyaya ki, görsün anası Rusiyanın hansı fermasındadır.

Məclis əhli bu sözlərə qəh-qəh çəkib güldülər. Nəqşibəndi isə qətiyyən gülmür, iti nəzərlərini Ağabəy kişinin üzünə dikib sözlərinin ona necə təsir etdiyini bilmək istəyirdi. Biz hamımız bu sözlərin Ağabəy kişi üçün ömürlük bir ibrət dərsi olacağını düşündük.

Bir güneşitdik ki, kəndin yuxarı başında qırxdır. Məclisi molla Ağabəy aparacaq. Bəri başdan deyim ki, bizim kənddə əksər adamlar ləqəbləri ilə tanınır. Bu ləqəblərin bir neçəsi ilə oxucuları tanış etmək istəyirəm. Məsələn kəndin məscidində gecələyən və tezdən azan verib camaatı namaza səsləyən Xeybərə “Xoruz Xeybər”, arvadların işinə qarışan Əzizağa da “Qız Əzizağa” ləqəbi ilə tanınır və s. Yazıq Ağabəy də məclisdə çaşıb dini-şəriətdən bir neçə kəlmə danışmışdı və olmuşdumolla Ağabəy”. Əslində bu ad Ağabəy kişinin ürəyindən idi. Xülasə “mollakeçib oturmuşdu yuxarı başda və qabağında da çayla xurma xümsdən və zəkatdan danışırdı. Mən İslamın ən vacib və çətin sahəsi olan xüms-zəkat haqqında Ağabəyin haçan öyrəndiyinə təəccübləndim və diqqətlə ona qulaq asdım. O, ağzına gələni danışırdı. Bu zaman kəndimizin yuxarıda təsvir etdiyim avara cavanlarından biri yanındakılara göz vurub Ağabəy kişidən soruşdu:

-Molla əmi, ruh nədir?

Ağabəy kişi üzünü həmin cavana çevirib:

-Necə yəni, ruh nədir, ruh elə ruhdur da.

Hamı diqqətini “mollaya yönəltmişdi. Mən ruhun bir neçə cür, məsələn, mənəvi ruh, cismani ruhs. haqqında eşitmişdim. Lakin bu haqda daha nə isə yeni bir söz eşidə biləcəyim marağı ilə bütün diqqətimi Ağabəy kişiyə yönəltmişdim. “Molla” isə vurnuxurbu sualın cavabını verə bilmirdi. Bilsəniz Ağabəy kişi necə pərt oldu? Fikirləşdik ki, bu hesabla gərək o bircamaat içinə çıxmaya. Lakin o, daha böyük şövqlə mollalığı davam etdirirdi. Ərəb dilindən əsla başı şıxmayan Ağabəy kişiYasin” surəsini Kiril əlifbası ilə dəftərçəsinə yazdırmış, boş vaxtlarında kənd qəbristanlığında durub “müştəri” gözləyirdi. Bu barədə onu qınayanlara isə belə cavab verərdi:

-Burda mənlik bir iş yoxdur. Bunlar tale, qismət məsələləridir. Yəqin belə olacağı qabaqcadan mənim alnıma yazılıb.

Coşqun nə qədər çalışırdısa, atasını yolundan döndərə bilmirdi. Ağabəy əmi çox tərs, inadçı idi. Dediyindən dönmürdü. Anası isə daha çox qorxurdu. Çünki Coşqunun sevdiyi qızın ailəsi Ağabəy əminin nazıyla çox oynamaya bilərdi. Həm də söhbət gəzirdi ki, Gültacı kəndimizə qıraqdan gələn bir müəllimə nişanlamaq istəyirlər. Belə olarsa Coşqunun halı necə olacaqdı?

Tam bu əsnada dostları, Coşqunun özündən xəbərsiz bir hiylə işlətmək fikrinə düşdülər. Onlar Ağabəy kişini elə onun öz metodu ilə qorxudub yumşaltmağı qərara aldılar. Dostlar Coşqunun dərzilikdə xüsusi məharəti olan anasına bir mələk paltarı tikdirdilər. Yaz axşamlarının birində qəbristanlıqda gizlənib cüməaxşamından qayıdan Ağabəy kişini gözləməyə başladılar. Qəbristanlıq kənarına yetişəndə Ağabəy kişinin qulağina qəribə səslər gəldi. Ulayış, çığırtı və daha neçə-neçə qəribə səslər. Dostlar bu səsləri ona görə seçmişdilər ki, Ağabəy kişini buna hazırlasınlar. Qəfil qarşısına çıxsaydılar o, qorxar, xəstə ürəyi partlaya bilərdi. Az sonra bir “mələk” onun qarşısında peyda oldu. Ağabəy əmi bunun bir xəyal deyil, həqiqət olduğunu bilincə duruxub yerində qaldı. Dili, dodağı qurudu. Gözünü mələkdən çəkmirdi. “Mələk” qabaqcadan əzbərlədiyi sözləri xüsusi məharətlə söyləməyə başladı.

-Ey bəni adəm! Al bu məktubu. Bu məktub sənə cənnətdən gondərilib. Oxu və içindəkilərə əməl et. Yoxsa əməllərin heçə dönər, əzaba düçar olarsan, cənnətə düşmək arzun da puça dönər.

Ağabəy əmi əli titrəyə-titrəyə məktubu aldı, kəkələdi, danışmağa çalışdısa da, bacarmadı. Azca özünə gələndən sonra ordan uzaqlaşdı. Həmin gecəni ilan sancan yatdı, amma Ağabəy kişi yata bilmədi. Səhəri açıq gözlə açdı. Məktubu açmağa uzun-uzadı tərəddüd etdi, lakin mələyin qorxusu üstün gəldi. O məktubu açdı, oxudu. Orada yazılmışdı ki, “Ey bəni adəm Ağabəy kişi, sən nə cürətlə Allahın istəyinə qarşı çıxırsan? İki sevən gənci bir birindən ayırmaqla məhv olmaqmı istəyirsən? Bəs qorxmursanmı ki, biz səni qıl körpüsündən keçərkən qır qazanın yuvarladaq?!”

Ağabəy kişini soyuq tər basdı. Bir az özünə gəlsin deyə çay evinə yollandı. Buradakıların əksəriyyətinin isə bu plandan xəbəri vardı. Axşama doğru Ağabəy kişi tamamilə yumşaldı, əvvəlki ötkəmliyindən əsər-əlamət qalmamışdı. Coşqun atasının yumşalmasını eşitdikcə buna təəccübləndi. Anası ona əsil əhvalatı bildirəndən sonra o dostlarına təşəkkür etdi. Ağabəy kişi isə hər gün çay evinə gələr lovğalanıb deyərdi:

-Siz məni avam hesab edib fanatik deyirdiniz, amma hansınızın gözünə mələk görsənib?

Bir neçə gündən sonra Coşqun Gültacla evlənib xoşbəxt oldu, Ağabəy kişi isə uzun müddət bu hiylədən xəbərsiz yaşadı.

 

Yeqzar Cəfərli

 

Olaylar.- 2014.- 4 mart.- S.13.