Azərbaycan diasporunun yəhudi

lobbisi ilə əməkdaşlığı yeni mərhələdə

 

Uğurlu inkişaf yolu keçən Azərbaycan diasporu hazırda dünyada öz gücüinsani potensialına görə öndə olan digər ölkələrin diaspor təşkilatları ilə də qarşılıqlı əməkdaşlıq mühiti yaradıb. Bu gün Azərbaycan diasporunun ən yaxın əməkdaşlıq etdiyi diaspor təşkilatlarından biri yəhudi lobbisidir. Azərbaycanın diaspor sahəsinə məsul şəxslərinin müntəzəm olaraq xarici ölkələrə səfərlər etməsi və həmin ölkələrdəki yəhudi lobbisi ilə görüşlər keçirməsi, eləcə də yəhudi lobbisinin nümayəndələrinin Azərbaycana səfərləri bu əlaqələrin daha da genişlənməsinə gətirib çıxarır.

Bu günlərdə Azərbaycan diasporu ilə yəhudi lobbisi arasında əlaqələrin inkişafına təsir göstərən daha bir hadisə qeydə alınıb. Belə ki, Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Bakıda səfərdə olan Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qonaqları salamlayaraq onları yenidən Bakıda görməkdən məmnunluğunu ifadə edib. Nazim İbrahimov Amerika Yəhudi Komitəsi ilə Azərbaycan arasında bir neçə il əvvəl başlayan əməkdaşlığın ilbəil inkişaf etdiyini vurğulayıb və bundan sonra münasibətlərin yüksələn xətlə davam edəcəyinə inandığını deyib: David Harrisin hər səfərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi bizim əlaqələrin inkişafını və Azərbaycan tərəfinin bu münasibətlərə nə qədər önəm verdiyini göstərir”. Öz növbəsində qonaqpərvərliyə görə təşəkkür edən Amerika Yəhudi Komitəsinin İcraçı direktoru və nümayəndə heyətinin rəhbəri Devid Harris bildirib ki, bu, 2008-ci ildən bəri Bakıya artıq dördüncü səfəridir, belə səfərlərin davamla olacağını inanır. Azərbaycanla əlaqələrin inkişafına önəm verdiklərini deyən Devid Harris burada müxtəlif millətlərin birgə yaşamasının, eləcə də uzun illərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına münasibətin yüksək səviyyədə olmasının rəğbət doğurduğunu deyib. Devid Harris amerikalı olaraq bir çox sahələrdə Birləşmiş Ştatların siyasətini dəstəkləyən rəsmi Bakı ilə Vaşinqton arasında münasibətlərin, eyni zamanda İsrailin dostu kimi Azərbaycanla İsrailin ikitərəfli əlaqələrininyüksək səviyyədə olmasından məmnunluq ifadə edib:Düşünürük ki, bu, yalnız iki ölkə arasında əlaqələrə deyil, eyni zamanda regional təhlükəsizliyə öz töhfəsini verir”. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə sıx əlaqələrin qurulmasına önəm verdiyini vurğulayıb. Artıq diasporlar arasındakı əlaqələrin dövlətlərarası münasibətlərin inkişafına dastimul verdiyini qeyd edən Nazim İbrahimov bu sahədə Amerika Yəhudi Komitəsinin əməyini xüsusi vurğulayıb. Nazim İbrahimov son zamanlar Fransadakı yəhudi icması ilə əməkdaşlıqdan da danışıb. O deyib ki, bu əməkdaşlığın nəticəsi olaraq Fransa yəhudiləri tərəfindən Azərbaycanda yaşayan yəhudilərin həyatından film çəkilib və yaxın günlərdə filmin təqdimatı olacaq. Daha sonra tərəflər müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyətinu qeyd edib, bu görüşlərin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini bildiriblər.        Görüşdə həmçinin Dövlət Komitəsi ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perpektivləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Amerika Yəhudi Komitəsinin İcraçı direktoru Devid Harrisin rəhbərliyi ilə 11 nəfərlik nümayəndə heyəti martın 1-dən Bakıda səfərdədir. Səfər çərçivəsində onlar prezident İlham Əliyev, İsrailin və Birləşmiş Ştatların və İsrailin Azərbaycandakı səfirləri, həmçinin bir sıra rəsmi şəxslərlə görüşlər keçiriblər. Prezident İlham Əliyevlə Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə Devid Harris ölkəmizə son səfərindən ötən dövr ərzində Azərbaycanın çox böyük nailiyyətlər əldə etməsini məmnunluqla vurğulayıb. Söhbət zamanı Amerika Yəhudi Komitəsinin üzvləri ilə müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib, bu görüşlərin Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları və Azərbaycan ilə İsrail arasında əlaqələrin inkişafına töhfə verdiyi bildirilib. Görüşdə, həmçinin Azərbaycan ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Məlumat üçün qeyd edək ki, Azərbaycan diasporu ilə yəhudi lobbisi arasında əməkdaşlığın inkişaf etdirilməsinə 2005-2006-cı illərdən başlanılıb. Belə ki, 2006-cı ilin ilk aylarında ayında İsrail parlamentinin üzvü  İosif Şaqal Azərbaycana səfəri zamanı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşmüşdü. Görüşdə  Azərbaycanın haqq səsinin dünyaya bəyan edilməsi, Ermənistanın təcavüzkar siyasətinin dayandırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdı.  Bundan başqa görüş zamanı yəhudi və Azərbaycan diaspor təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi və bu sahədə qarşıda duran vəzifələr də müzakirə olunmuşdu. Həmin görüşün məntiqi nəticəsi və qarşılıqlı faydalı əməkdaşlığın göstəricisi kimi 2006-cı ilin  may ayında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Amerika Yəhudiləri Komitəsinin dəvətilə təşkilatın 100 illik yubileyi ilə əlaqədar keçirilən irimiqyaslı tədbirlərdə iştirak etmişdi. Birləşmiş Ştatlaraa səfəri zamanı Dövlət komitəsinin sədri Nazim İbrahimov Türk icmalarının rəhbərləri ilə keçirdiyi görüşlərdə erməni diasporunun Azərbaycan və Türkiyə əleyhinə apardığı təbliğat kampaniyasının qarşısının alınması yolları da müzakirə olunmuşdu. Bildirilmişdi ki, ermənilərin sözdə soyqırım iddialarının tarixi əsaslardan mərhum olduğunu sübut etmək, habelə bu ölkənin Azərbaycana qarşı işğalçılıq siyasəti yürütdüyünü göstərmək üçün diasporlar arasında əlaqələrin gücləndirilməsinə ciddi ehtiyac var. Komitə sədrinin yəhudi diasporunun nümayəndələri ilə görüşlərində isə Amerikadakı Azərbaycan və yəhudi icmalarının əməkdaşlığının yeni müstəviyə qaldırılmasına ehtiyac olduğu vurğulanmışdı. Həmin ilin iyul ayında  İsraildə fəaliyyət göstərən «Xayfa-Bakı» cəmiyyətinin sədri Miron Fel İsrailin Xayfa şəhərinin meri Yona Yaavla görüşmüşdü. Xayfa şəhərinin meri Dünya Azərbaycanlılarının həmrəyliyi sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmiş Miron Feli bu yüksək mükafata layiq görülməsi münasibətilə təbrik etmişdi.  2012-ci il 23-26 oktyabr tarixlərində Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Nümayəndə heyəti səfər çərçivəsində Quba rayonundakı  “Soyqırım Memorial Abidə Kompleksini ziyarət etmiş, habelə azərbaycanlı məcburi köçkünlərlə görüşmüşlər. Bundan başqa nümayəndə heyətinin bir sıra dövlət orqanlarının rəhbərləri ilə də görüşü olmuşdu. 2012-ci ilin oktyabrın 21-də Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri "Amerika Yəhudi Komitəsi" (AJC)-nin İcraçı direktoru David Harrislə görüşmüşlər. Görüş zamanı Yəhudi diaspor təşkilatları ilə Azərbaycan diaspor təşkilatları arasındakı əməkdaşlıq planları müzakirə olunmuşdu. Qeyd edək ki, dekabrın 10-da Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Amerika Yəhudi Komitəsi" tərəfindən keçirilən “Azad Bazar günü: 25 ilin Uğuru” adlı tədbirdə Amerika Yəhudi Komitəsinin icraçı direktoru Deyvid Harrisə Azərbaycanın “Dostluqordeni təqdim edilmişdi. Bu gün Azərbaycan diasporu ilə yəhudi lobbisi arasında yüksək səviyyəli əməkdaşlıq quran təşkilatlardan biri də İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasıdır. İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası 2007-ci ilin aprelində Təl-Əviv şəhərində təsis olunmuşdu. İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təsis qurultayında İsrail Baş nazirinin müavini, strateji planlaşdırma naziri Aviqdor Liberman, turizm naziri İsax Aranovic, nəqliyyat naziri Şaul Mofaz, bu ölkənin bir sıra tanınmış ictimai xadimləri, Türkiyədən bu ölkənin İsraildəki səfiri Mehmet Tan, Mərmərə Sosial-Siyasi Araşdırmalar Vəqfinin prezidenti Akkan Suverin başcılığı ilə nümayəndə heyəti, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdi. Qurultaya Birləşmiş Ştatlar, İsvecrə, Ukrayna, Rusiya, Moldova, Özbəkistan və digər ölkələrdəki yəhudi icmalarının  nümayəndələri qatılmışlar. Qurultayda İsrailin 26 şəhərində yaşayan 30 minə yaxın Azərbaycandan köçmüş yəhudini təmsil edən 30 Azərbaycan icması tərəfindən secilmiş 408 nəfər nümayəndə iştirak etmişdi. Hazırda İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nəzdində müxtəlif sahələr üzrə 12 komitə fəaliyyət göstərir. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının sədri İsrail Parlamentinin deputatı İosif Şaqaldır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 5 mart.- S.13.