“Yerlərdə fəaliyyət
göstərən diaspor təşkilatları
ilə sıx əlaqələrin
qurulmasına nail olmaq istəyirik”
Ramin Məmmədov: “Bir çox ölkədə
biz buna yüksək səviyyədə nail olmuşuq”
Azərbaycan diasporunun formalaşıb inkişaf etməsində xarici ölkələrdə təhsil alan gənclərimiizin də rolu az deyil desək yanılmarıq. Xüsusislə, son illər, bir qədər də konkretləşdirsək Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis olunmasından sonra bu müsbət tendensiya özünü daha qabarıq şəkildə göstərir. Elə Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov da eyni fikirdədir. Rəhbərlik etdiyi qurumun 2 illiyi ərəfəsində DAGB sədri Ramin Məmmədov “OLAYLAR”-ın suallarını cavablandırıb.
-Ramin müəllim, bu günlərdə Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis olunmasının iki ili tamam olur. Birliyin sədri olaraq qurumun iki illik fəaliyyətini necə qiymətləndirirsiniz və Dünya Azərbaycanlı Gənclər Birliyi bu müddət ərzində özünü istər daxildə, istərsə də beynəlxalq aləmdə tam mənada tanıda bildimi?
-Artıq iki ilə
yaxın bir müddətdir ki, Dünya azərbaycanlı gənclərini
öz sıralarında birləşdirən, onların birgə
platforma çərçivəsində fəaliyyət
göstərməsini təmin edən bir birlik
yaradılıb. Dünya Azərbaycanlı
Gəncvlər Birliyinin
yaradılması təsadüfi bir hal deyil. Birliyin
yaradılması gənclərin sadəcə birlik yaratmaq istəyindən
meydana çıxmamışdı. Bu birliyin
yaradılması üçün böyük bir zərurət
vardı. Bu zərurət Azərbaycan Respublikasının
müstəqilliyin ilk illərindən diaspor hərəkatı,
xaricdə yaşayan azərbaycanlılara yönəlik siyasət,
onlara verilən önəm və göstərilən dövlət
qayğısından irəli gəlir. Hər kəsə məlumdur
ki, ümummilli lider Heydər Əliyev xalqın tələbi
ilə ikinci dəfə Azərbaycanda
hakimiyyətə qayıtdığı ilk illərdən
etibarən bütün xarici səfərlərdə Azərbaycan
diasporunun nümayəndələri ilə
görüşmüş, onlarla mütəmadi söhbətlər
aparmışdı. Həmin söhbətlər, keçirilən
görüşlər və atılan addımların nəticəsi
kimi Dünya Azərbaycanlılarının I Qurultayı
keçirildi. Ondan sonra bu sahə ilə bağlı xüsusi
bir dövlət qurumunun yaradılması, həmin qurum vasitəsilə
dünya azərbaycanlıları ilə Azərbaycan
Respublikası arasında əlaqələrin daha da genişlənməsi
onun konseptual əsaslara uyğun olaraq həyata keçirilməsinin
vacibliyi ortaya çıxdı.
Dünya Azərbaycanlı Gəncləri ümumi diaspor
hərəkatının bir tərkib hissəsi olaraq hər
zaman nəzərdən keçirilməlidir. Bunlar hər
hansı fərqli bir siyasi konsepsiyanın tərkib hissəsi
deyillər. Müsbət məqamlardan biri ondan ibarətdir ki,
son illərdə həm xaricdə yaşayan azərbaycanlıların,
həm də müxtəlif ölkələrdə doğuluib
həmin ölkələrin vətəndaşlığını
əldə etmiş gənclərin sayının
artmasının şahidi oluruq. Digər bir tərəfdən
Azərbaycan Respublikasının iqtisadi, sosial, siyasi
mövqeyinin inkişaf etdirilməsi, xaricdə Azərbaycanın
təmsil olunmaq səviyyəsinin dəyişdirilməsi,
xaricdə təhsil Dövlət Proqramının şərtlərinə
uyğun olaraq dünyanın 300-yə yaxın şəhərində
Azərbaycan tələbəsinin təhsil alması, həmin
dövlətlərdə ölkəmizin təmsil olunması
ondan xəbər verirdi ki, son illər Azərbaycan diaspor hərəkatında
gənclərimizin rolu getdikcə artır. Bu artım,
inkişaf sadəcə gənclərin enerjili olmağı ilə
kifayətlənmirdi. Dünyanın nüfuzlu universitetlərində
təhsil alan azərbaycanlı gənclərimizin bilik və
bacarıqlarının diaspor hərəkatına da töhfə
vermək istəyi ilə üst-üstə düşməsi
ona gətirib çıxardı ki, müxtəlif ölkəkləridə
yaşayan və təhsil alan gənclər vahid bir təşkilat
çərçivəsində birləşmək arzusunu
ortaya qoydular. Bununla əlaqədar olaraq da 2012-ci il, mart
ayının 12-də Bakı şəhərində Dünya
Azərbaycanlı Gənclərinin Birliyi təsis edildi.
Dünya Azərbaycanlı Gənclər Birliyinin zaman kəsimindəki
fəaliyyəti qısa olmasına baxmayaraq
qarşımıza ilk gündən qoyduğumuz əsas məqsədlərdən
biri dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlılar arasında vahid şəbəkənin
yaradılması, onlar arasında əlaqələrin güclənməsinə
nail olmaqdır. Bu hər hansı bir qeyri-hökumət təşkilatı
deyil. Bu təşkilat çərçivəsində
dünyanın müxtəlif ölkələrində məskunlaşmış
azərbaycanlılar həm öz doğma vətənləri,
həm də yaşadıqları ölkələrlə
sız əlaqələrin qurulmasına nail ola bilərlər.
Düşünürəm ki, fəaliyyət göstərdiyimiz
iki il ərzində əsas məqsədlərimizdən biri
olan Dünya Azərbaycanlı Gənclər Birliyinin Gənclər
Şəbəkəsinin yaradılması istiqamətində
çox mühüm addımlar atılıb. Bir çox
ölkələrdə olan azərbaycanlı gənclər
artıq bir-biriləri ilə sıx əlaqələr qurur,
bir-birilərinin keçirdikləri tədbirlərdə
iştirak edir, birgə aksiyaların keçirilməsinə
nail olurlar. Bundan başqa gənclər artıq
yaşadıqları və təhsil aldıqları ölkələrdə
baş verən siyasi, iqtisadi proseslərdə getdikcə daha
aktiv rol oynayırlar.
-Birlik olaraq ötən müddətdə bir sıra layihələrə imza atdınız və fərqli ölkələrdə həmin layihələr həyata keçiridi. Keçirdiyiniz layihələr nə dərəcədə effektli oldu və qarşıdakı müddətdə hansı yeni layihələr nəzərdə tutulub?
-Keçirdiyimiz layihələrin effektivliyini qısa zaman çərçivəsində dəyərləndirmək bir az çətin məsələdir.İlk növbədə ona görə ki, həmin layihələr uzun müddət üçün hesablanmış layihələrdir. Məqsəd həmin ölkələrdə Azərbaycanın yalnız neft, karbohidrat yataqları ilə zəngin olan, son illərdə iqtisadi cəhətdən sürətlə inkişaf etmiş bir dövlət kimi deyil, zəngin tarixi, mədəni, ədəbi, fəlsəfi ənənələrə.malik bir xalq kimi təqdim etməkdir. Bu istiqamətdə dünyaca məşhur yazıçılar, elm adamlarının ev muzeylərində Azərbaycan guşəsinin yaradılması, həmin şəxslərin Azərbaycan dilində dərc olunmuş əsərlərindən ibarət toplunun sərgilənməsinin əsas məqsədi ondan ibarət idi ki, həmin muzeylərə gələn yerli əhali və xarici qonaqlara mesajımızı çatdıraq. Onları məlumatlandıraq ki, Azərbaycanda həmin yazıçı və şairlər, elm adamları tanınır, onların əsərləri Azərbaycan oxucusuna yaxındır. Bununla da Azərbaycan xalqının nə qədər intelektual olduğunu ortaya qoyaq. Təbii ki, bu uzun bir yolun tərkib hissəsidir. Gələcəyə yönəlik layihələrimiz də var. Yaxın zamanlarda BMT-nin gənclərlə bağlı bir neçə platformasında Azərbaycanı təmsil etməyə hazırlaşırıq. Bununla bağlı ciddi işlər aparılır. Güman edirəm ki, yaxın vaxtlarda həmin qurumlarda da Azərbaycanı təmsil etmək bizə nəsib olacaq. Əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan həqiqətlərini həmin vasitə ilə də dünyaya çatdıraq.
-Dünya Azərbaycanlı Gənclər Birliyinin 2014-cü il üçün fəaliyyət istiqamətləri müəyyən edilibmi və cari ildə birlik olaraq hansı istiqamətlərə daha çox diqqət ayıracaqsınız?
-2014-cü il
üçün bir sıra tədbirlərin keçirilməsi
nəzərdə tutulub. Məlum olduğu kimi hər iki ildən
bir Dünya Azərbaycanlı Gənclərinin Konqresinin
keçirilməsi öhdəliyimiz var. Bu il Diasporla İş
üzrə Dövlət Komitəsi, Gənclər və
İdman Nazirliyi, eləcə də Dünya Azərbaycanlı
Gənclər Birliyinin birgə təşkilatçılığı
ilə Dünya Azərbaycanlı Gənclərinin II Konqresinin
keçirilməsi planlaşdırlır. Həmin konqresdə
növbəti illər üçün Azərbaycan gəncliyinin
inkişaf, fəaliyyət strategiyası ortaya qoyulacaq və
bununla bağlı konsepsiyanın müzakirə edilməsi nəzərdə
tutulur. Həmin müzakirələrin nəticəsi olaraq bir
neçə ölkədə Dünya Azərbaycanlı Gənclər
Birliyinin nümayəndəliklərinin təsis olunması məsələsi
həllini tapa bilər.
Ümumiyyətlə, sözügedən toplantı Konqresin
qəbul edəcəyi qərarlar əsasında növbəti
illər, o cümlədən 2014-cü il üçün fəaliyyət
proqramının tərtib olunmasından ibarətdir. Dünya
Azərbaycanlı Gənclərinin II Konqresi çox önəmli
bir hadisədir. Çünki bu dünya azərbaycanlı gənclərinin
ümumi strategiyasını ortaya qoyan bir hadisə olacaq.
Güman edirəm ki, dünya azərbaycanlı gəncləri
həmin tədbirə çox ciddi yanaşaraq ötən iki
il ərzində fəaliyyət göstərdikləri ölkələrdə
reallaşdırdıqları layihələr, ideyalar barədə
bizləri tanış edəcəklər.
-Konqres harada keçiriləcək?
-Dünya Azərbaycanlı
Gənclərinin II Konqresi Bakı şəhərində
keçiriləcək.
-Təxminən nə vaxta nəzərdə tutulub?
-Hələlik bu istiqamətdə müzakirələr gedir. Konqresin yaxın aylarda keçirilməsi nəzərdə tutulur.
-Bəs diaspor təşkilatları gənclərin potensialından nə dərəcədə istifadə etməyə, onları diaspora hərəkatına cəlb etməyə maraqlı görünürlər?
-İstənilən cəmiyyətdə
hər zaman böyüklərlə kiçiklər
arasında müəyyən
fikir ayrılığının mövcud olması
normaldır. Biz bunu kifayət qədər normal
qarşılamalıyıq. Ancaq digər tərəfdən
yeni dövrün yeni tələbləri var. Artıq bu gün
20 il bundan əvvəl aparılan fəaliyyət əsasında
çalışmaq, müəyyən layihələr həyata
keçirmək qeyri-mümkündür. Biz yerlərdə fəaliyyət
göstərən diaspor təşkilatları ilə sıx əlaqələrin
qurulmasına nail olmaq istəyirik. Bir çox ölkədə
biz buna yüksək səviyyədə nail olmuşuq. Bəzi
ölkələrdə isə müəyyən çətinliklərimiz
var. Hələ də gənclərə kiçik kimi baxan təşkilatlarımız
var. Ancaq dünyada gedən inkişaf onu göstərir ki, həm
sosial şəbəkələrdə, həm piar
kampaniyalarının aparılmasında gənclərimz
çox aktiv rol oynamaqdadırlar. Güman edirəm ki,
böyüklərimiz də öz təcrübələrini gənclərlə
bölüşərək onların daha aktiv fəaliyyət
göstərməsinə imkan yaradacaqlar. Onu da qeyd etmək
yerinə düşər ki, artıq bir çox yerlərdə
gənclərə kiçik kimi yanaşılması aradan
qalxır və gənclərimiz həmin təşkilatlarda hətta
aparıcı rol oynayırlar. Gənclər bir çox
hallarda bəzi diaspor təşkilatlarının rəhbər
vəzifələrinə də seçilirlər.
-Bəzən xarici ölkələrdə yaşayan gənclərimiz arasında müəyyən fikir ayrılığı meydana çıxır. Belə ki, xarici ölkələrdəki bəzi gənclər Azərbaycan dövlətinə qarşı müxalif mövqe sərgiləyirlər. Bu kimi halları necə qarşılayırsınız?
-Hər bir azərbaycanlı
üçün həyatında ən müqəddəs amillərdən
biri Azərbaycan dövləti olmalıdır. Ana vətən
yalnız öz evimiz, ailəmiz demək deyil. Həmin ailənin,
evin yaşanmasını təmin edən böyük bir məfhum
var ki, o da dövlətçiliyimizdir. İstər ölkə
daxilində, istərsə də xaricdə Azərbaycan adı
gələndə özünü azərbaycanlı hesab edən,
damarlarında azərbaycanlı qanı axan, hətta Azərbaycanı
özünə dost sayan hər bir şəxs vahid bir qüvvə
kimi birləşməlidir. Təssüflər olsun ki, bəzi
ölkələrdə bizim gənclərimizin içərisində
olan azsaylı quruplar bəzən özlərini Azərbaycana
müxalif kimi təqdim edirlər. Onlar Azərbaycanda gedən
bəzi proseslər barədə müsbət rəyin
formalaşdırılmasından böyun
qaçırırlar. Bu bizdə yalnız təssüf hissi
doğurur. İstənilən prizmadan yanaşdıqda Azərbaycan
dövlətçiliyinin qorunması, inkişaf etdirilməsi
hər bir Azərbaycan vətəndaşının borcudur. Azərbaycan
dövləti bu gün hər bir vətəndaşın
inkişafı üçün kifayət qədər şərait
yaratmaqda, yeni-yeni layihələrin həyata keçirilməsinə
nail olmaqdadır. Bu proses hər gün davam edir. Biz isə Azərbaycan
gəncləri olaraq ümumilikdə Azərbaycan dövlətçiliyi
ətrafında birləşmişik.
Çalışacağıq ki, Azərbaycan dövlətinin
daha güclənməsi, möhkəmlənməsinə biz də
öz töhfəmizi verək.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 7 mart.- S.15.