“Elçilərim var... var olan mənə görə yox kimidi”

 

Aytən Məhərrəmova: “Qəbul edə bilənlər məni sənətimlə qəbul etməlidirlər”

 

“Bizim Qonaq” layihəsinin budəfəki həmsöhbəti gənc xanəndə, İkinci Muğam Müsabiqəsinin qalibi Aytən Məhərrəmovadı. Müsahibimizlə sənətə gəlişi, doğuduğu-böyüyüb boya başa çatdığı mühitdən danışdıq.

 

Zəhmətin nə demək olduğunu valideynlərimdən öyrənmişəm

-1987-ci ildə anadan olmuşam. Ailəmiz dörd nəfərdən ibarət olub. Atam zavodda işləyib, anam isə evdar qadın olub. Adətən yayda atam bizi rayona, İsmayıllıya aparardı. Uşaqlıq illəri xatirələrimin bir qismi də İsmayıllı ilə bağlıdı...Hal-hazırda bacım daxili qoşunlarda işləyir. Kasıb olmağına kasıb olmuşuq. Hamı kimi, imkanlı olmamışıq...Zəhmətin nə demək olduğunu valideynlərimdən öyrənmişəm. Onlardan gördüyüm münasibət  bugünki həyatıma da sirayət edib. Valideynlərim kimi başqa yollarla deyil, zəhmət çəkərək, alın təri tökərək pul qazanmışam.

Anam qoymazdı ki, kiminsə yanında gözükölgəli qalaq

-Biz kasıb olmuşuq, amma anam həmişə bizə qarşı diqqətli olub. Özü geyinməzdi, bizi elə geyindirərdi ki, kənardan baxan elə bilərdi ki, varlı balalarıyıq. Bu baxımdan başqaları ilə münasibətdə heç vaxt sıxıntımız olmayıb. Anam qoymazdı ki, kiminsə yanında gözükölgəli qalaq.

Aytənin gözəl səsi var, yaxşı xanəndə ola bilər

-Ailəmizdə musiqiçi olmayıb...Valideynlərimin danışdıqlarına görə, dil açandan pianinomun olmasını istəmişəm. 5 yaşımda atam mənə oyuncaq pianino almışdı, dedim ki, mən bunun oyuncağını deyil, əslini istəyirəm. Sonra mənə əsl pianino aldılar. O gün, bu gün pianino çalmağa başladım, təkbaşına, müəllimim olmadan. Tək əllə çalırdım. Zaman keçdikcə artıq iki əllə də çalmağı bacardım. Valideynlərim musiqiyə olan həvəsimin daha da çoxaldığını görüb 36 saylı musiqi məktəbinə apardı ki, pianoçu olum. Orda mənim səsimi, nitqimi yoxladılar. Valideynlərimə dedilər ki, Aytənin gözəl səsi var, yaxşı xanəndə ola bilər. Beləcə məni məktəbə xanəndə kimi qəbul etdilər. Daha sonra anam Bülbül adına orta ixtisas məktəbinə sənədlərimi verdi. Əlibaba Məmmədovun tələbəsi oldum. 9-cu sinifdə oxuyanda muğam təhsilimi artırmaq üçün Musiqi Kollecinə daxil oldum. Müəllimim gözəl sənətkarımız Mənsum İbrahimov oldu. Artıq neçə ildir ki, Mənsum müəllimin tələbəsiyəm. Hazırda Azərbaycan Milli Konservatoriyasının magistr pilləsində təhsil alıram. Bu təhsil ocağında da müəllimim Mənsum İbrahimovdu.

Anam icazə vermədiyi üçün yayda həyətə düşmək, uşaqlarla oynamağın nə olduğunu bilməmişik

-Valideynlərimiz nəyəsə görə bizə qadağa qoymazdılar. Anam bizi elə tərbiyə etmişdi ki, heç imkan yaratmırdıq ki, bizə qışqırsın. Amma anam icazə vermədiyi üçün yayda həyətə düşmək, uşaqlarla oynamağın nə olduğunu bilməmişik. O zaman anamın yanaşma tərzi ilə razı deyildim. Amma indi onun niyə belə etdiyini yaxşı başa düşürəm. O bizim tərbiyəmizin pozulmaması üçün həyətə buraxmırdı. Çünki uşaq həyətə düşür, hərənin danışığından bir şey eşidir, bir şey öyrənir. Axı ana övladının yanında deyil. Onun necə mühitin əhatəsində olduğunu bilmir. Ana bilmir ki, küçədə kim nə danışır, uşağın psixologiyasına necə təsir edir. Bu baxımdan anam çox həssas olduğu üçün bizi həyətə buraxmayıb. Amma özü bizi gəzməyə çıxarardı...

Ən böyük arzum xanəndə olmaq idi. Yəqin ki, bu arzuma çatmışam. Amma hüquqşünas olmağı da arzulamışam. Musiqiyə olan marağım bu arzumu kölgədə qoydu. Düşünürəm ki, musiqiçi olmasaydım hüquqşünas olardım.

Yaş üstünə yaş gəldikcə biz də çətinliyin nə olduğunu gördük

-Hamının çətin günü olur. Biz də hamı kimi bu yollardan keçmişik. Çalışmaq lazımdır ki, çətinliyə tab gələsən, onun öhdəsindən gəlməyi bacarasan. Valideynlərimiz çətin günləri bizə yaşatmamağa çalışıb. Bacardıqları qədər özləri buna tab gətirib. Amma təbii ki, illər ötdükcə, yaş üstünə yaş gəldikcə biz də çətinliyin nə olduğunu gördük. Qazanmağa başladım...İlk qazancım da elə sənətimdən olub. 19 yaşımdan Şuşa Musiqi Kollecində müəllim işləməyə başlamışam. Bununla yanaşı el şənliklərinə də gedirdim. Elə ilk qazancım da burdan olub.

Anam bizə görə öz həyatını heç vaxt düşünməyib

-Atam daha həlim xarakterli idi. Anam isə xaraktercə daha sərt idi. Tərbiyəmizə ciddi fikir verirdi. Anam bizə görə öz həyatını heç vaxt düşünməyib...Hazırda anam xəstədi, xəstəxanadadı. Onkoloji xəstəxanada yatır.

Hər kəs danışanda düşünməlidir

-Kiminsə özündən razı, olduğundan artıq danışmağını heç bəyənmirəm. Oxuyursan da...Hərə çalışır çörəyini bir tərəfdən çıxartsın. Mən belə başa düşürəm ki, hər kəs danışanda düşünməlidir ki, məni milyonlar, ustad sənətkarlarımız dinləyir. Hər kəs bir fərd olaraq danışanda bu amilləri nəzərə almalıdı. Şəxsən mən efirdə danışanda heç vaxt böyük-böyük danışmaram, hazırki durumuma uyğun danışaram.

-Tarixdə qalmağı düşünürəm

-Bilirsiniz necə, kimdəsə nəsə varsa onu qabartmağa çalışmır. Bu onda var da, onsuz. Mən musiqi məktəbi keçmişəm, bu qədər təhsilim var, hazırda da magistram, amma heç  vaxt bu haqda danışmıram. Bəlkə tamaşaçı belə bilmir ki, mən peşəkar olmaq üçün bu qədər təhsil almışam. Peşəkar sənətkar olmaq üçün bunları etmişəm. Düşünmürəm ki, çox toylara gedib pul qazanım. Ola bilər mən də toya gedim, bir məclisi idarə edim. Amma bunu eləmirəm, ona görə ki, ilk növbədə səsimi qorumalıyam. İkinci növbədə isə tarixdə qalmağı düşünürəm. Hər kəsin öz düşüncə tərzi var... Mənə zəng eləyib hansısa xanəndənin oxu tərzinə münasibətimi öyrənmək istəyirdilər. Deyirəm ki, muğam oxuyur da, pis heç nə eləmir ki. Yaxşı oxumaya bilər,  amma pis iş görmür, muğam oxuyur.

Nadir Qafarzadə kifayət qədər üzərində çalışan, gözəl səsə malik olan bir müğənnidi. Onun səsini də, sənətini də bəyənirəm

-Nəzərdə tutduğum o deyil. Konkret olaraq kimisə nəzərdə tutmuram. Amma bu halların çox baş verməsini müşahidə edirəm. Bu da bilgisizlikdən irəli gəlir. Elə bilirlər ki, yaxşı iş görürlər...Amma yaxşı heç nə etmirlər.

Əsas gəlirim də elə toylardandı

-Toy bazarım normaldı. Bir, yarım saatlıq məclislərdə iştirak edirik. Əsas gəlirim də elə toylardandı.

Təxminən 250 manat

-Qiymətini deyim? (gülür) Deməyim düz çıxmaz axı... Eyib olar. Təxminən 250 manat. Əslində qiymətimiz də stabil deyil. Görürsən ki, imkansızdı, amma səni toyunda görmək istəyir. Qiymət də deməyib gedib şən günündə oxuyuram.

Səhnədə ilk dəfə çıxış edəndə çox həyəcanlıydım

-36 saylı musiqi məktəbində oxuyurdum. Hələ birinci ilim idi. Səsimi bəyəndikləri üçün məni konsertə çağırdılar. (Oxuyur)-Maral qaçar dağ üstə-Bu mahnını oxuyurdum. Səhnədə ilk dəfə çıxış edəndə çox həyəcanlıydım, düşünürdüm ki, görəsən səsim çıxacaq, ya yox. Qəribə hisslər yaşayırdım.

Özümü bəyənsəm, heç vaxt irəliləmərəm, yerimdə sayaram

-Mən dünənki ifamı belə bəyənmirəm. Günbəgün öz üzərimdə işləyirəm. Sabah da bugünki ifamı bəyənməyəcəyəm. Saatlarla Aypara İnstrumental ansanblım ilə məşqlərim olur. Məsələn, bu gün səhər 11 radələrində yığışıb məşqlərə başlamışıqsa işimizi axşam saat 7-yə qədər davam etdirəcəyik. Məşqlər davam edəndə insan irəliyə gedir, dünənki ifasını bəyənmir, daha da inkişaf edir, nöqsanlarını görür. Bir mahnı özümə də xoş gəlirsə, demək tamaşaçıya da xoş gəlir. Daima özümdə qüsurlar axtarıram. Heç vaxt özümə təskinlik verməyə çalışmamışam. Tamaşaçı bəyənə, nöqsanları görməyə bilər. Amma mən bu işə peşəkar nöqteyi-nəzərindən yanaşıram. Məncə əslində elə belə də olmalıdı. Çünki özümü bəyənsəm, heç vaxt irəliləmərəm, yerimdə sayaram. İnsan özünə kreativ yanaşmağı bacarmalıdı. Bu zaman uğur daima onunla olacaq.

Qüsursuz olmalıyıq...

-Nöqsan da deməzdim. O nöqsan deyil...sadəcə olaraq işimə  məsuliyyətlə yanaşmağımdır. Olur ki, canlı yayımlanmayan çəkilişlər zamanı canlı oxuyursan. Bununla belə işimə məsuliyyətlə yanaşıram. Elə düşünürük ki, guya çəkiliş canlıdı, qüsursuz olmalıyıq. Söhbət təkcə məndən getmir, elə ansanblın fəaliyyəti də qaydasında olmalıdı. O dəfə efirdəydik, musiqçilərdən biri danışıb. Adi bir şeydi, amma...qıcıqlandım. Bu olmamalı idi. Məsələnin bu tərəfləri də var. Söhbət tək ifadan getmir. Tamaşaçıya nəyisə təqdim edirsənsə hərtərəfli bu işi keyfiyyətli etməyi bacarmalısan.

Xanəndə olmasaydım, belə qısa köynək, qısaqol geyinməzdim

-Hansı xanəndə açıq-saçıq geyinir ki? Fərd olaraq hər kəs bir cür düşünür. Geyim tərzləri də müxtəlif ola bilər. Mən sadəcə öz adımdan deyə bilərəm ki, xanəndə olmasaydım belə qısa köynək, qısaqol geyinməzdim. Dördüncü sinifdə oxuyandan şalvar geyinmirəmsə qısa köynək geyinməzdim. Hələ dördüncü sinifdə oxuyarkən... Bu mənim canımdan-qanımdan gələn bir şeydi. Bu hər kəsin şəxsi işidi. Bəlkə kiminsə adi həyatda geyim tərzini görüb belə deyiblər, bilmirəm. Səhnədə mən belə bir şey görməmişəm.

Qiyməti açıqlamaq istəmirəm

-Səhnə geyimlərimi tikdirirəm. Olur ki, hansısa ölkədə xarici səfərdə olduqda bəyəndiyim bir şeyi alıram. Azərbaycanda olarkən çalışıram az şey alım. Elə geyimim ola bilər ki, bahalı, eləsi də ola bilər ki, çox ucuz olsun. Amma parça alıb tikdirəndə daha baha başa gəlir. Çalışıram ki, çox bahalı geyim almayım...Qiyməti açıqlamaq istəmirəm.

Səhnəyə çıxdıq...fonorqramaya razılaşmışdım. Səhnədə isə fikrimi dəyişdim

-Ötən il Türkiyə, Amerikada olmuşam. Çelyabinskidə çox maraqlı hadisə olmuşdu. Fonoqram oxuyanda sıxılıram. Səhnəyə çıxanda dedilər ki, hamı fonoqrama oxumalıdı. Bizimlə yanaşı digər estrada müğənnilərimiz də səhnədə çıxış edəcəkdi. Səhnəyə çıxdıq...fonorqramaya razılaşmışdım. Səhnədə isə fikrimi dəyişdim. Müşayiətçilərim fonoqramın ssələnməməsi üçün göstəriş verdilər. Amma fonda mahnı səsləndirildi. Mahnı səslənə-səslənə gözləyə bilmədim. Canlı, mikrofonsuz ifaya başladım. Belədə arxa fondakı səs kəsildi. Canlı ifa üçün qabaqcadan hazırlıq, texnika olmadığı üçün belə ifa etdim. Təsəvvür eləmək belə çətindir, o səhnədə bizim haqda nə qədər yüksək fikir formalaşdı...Ötən gün çəkilişdə idik. İTV-də yayım hazırlanırdı. Bu veriliş üçün biz heç cür canlı oxuya bilməzdik. Hava pis idi, canlı ifa üçün şəraitsizlik vardı. Müğənnilər də öz ifa növbələrini gözləyirdilər. Belə şəraitdə canlı ifa qeyri-mümkün idi. Efirə nöqsan gedə bilərdi. Hansısa səs qaça, mikrafondan kənar səslər çıxa bilərdi.

Mənsum müəllim nurlu insandı

-Bu sənətdə, bu pillədə olmağımda göydə Allahıma, yerdə isə ustadım Mənsum İbrahimova borcluyam. O, nəinki mənə, eləcə də bütün tələbələrinə lazım olan pilləyə qalxmaq üçün əlindən gələni əsirgəməyib. Özü necə, hansı cığırla irəli gedirsə, çalışır ki bizi də o yolla aparsın. Onu tanımayan adamlar bəzən deyir ki, Mənsum müəllim nurlu insandı. Yaxşı-pis günümüzdə də o bizim başımızın üstündədi, ağsaqqalımızdı. Artıq bir ailəyik.

Öz tələbələrim də var

-Texnikumda işləyirəm. Yaşca böyük, balaca tələbələrim də var...Valideyn qızını yanıma gətirib deyir ki, istəyirəm o da sənin kimi oxusun. Oxumağa, muğama marağın artması çox sevindirici haldı. Aralarında artıq seçim də etmişəm. Hansı ki, onların gələcəklərinin olduğuna inanıram. Azyaşlı tələbələrim də var. Amma daha çox çalışıram ki, nisbətən böyüklərlə işləyim. Balacalar bir az şıltaq olurlar. Təzə-təzə müəllim kimi fəaliyyətə başlayanda elə tələbələrim var idi ki, yaşca məndən böyük idi. Daha çox böyüklərlə işləmişəm, onlardan çox şey tələb etmişəm. Amma balacalardan bunu tələbə edə bilmirəm.

Əgər bir insan gileylidirsə deməli problem onun özündədi

-Bugünki gün nədənsə gileyli olmaq mümkün deyil. Əgər bir insan gileylidirsə deməli problem onun özündədi. İllər öncə müəyyən gileylər, narazılıqlar əsaslı ola bilərdi. Amma bu gün nədən gileylənə bilərik? Bakıda, rayonlarımızda muğam mərkəzimiz var. Dövlət biz gənclərə qayğı ilə yanaşır, müxtəlif festivallar keçirir. 2011-ci ildə İkinci Respublika Muğam Müsabiqəsində qalib olmuşam. Bu festivallar olmasaydı, mən necə qalib ola bilərdim?

Elçilərim var... var olan mənə görə yox kimidi

-Hələ ki subayam. Qismət...nə bilim, hələ heç nə deyə bilmərəm. Başımı aşağı salıb işimlə məşğulam. Nə zamansa qismət açılarsa...Elçilərim var...amma bu dəqiqə sənətin elə bir yerindəyəm ki, ondan imtina edə bilmərəm. Ona görə də var olan mənə görə yox kimidi. Qəbul edə bilənlər məni sənətimlə qəbul etməlidirlər. Sənətimlə qəbul edə bilməyən insanları isə mən qəbul edə bilmərəm...

Ayın 17-si Özbəkistanın Daşkənd və Səmərqənd şəhərində konsertim olmalıdı. Ora hazırlaşıram. Hazırda məqşlərimiz gedir. Yüksək səviyyədə konsertlərimiz olacaq.

 

Nigar Məhərrəm

 

Olaylar.- 2014.- 7 mart.- S.12.