Diaspora sahəsində atılan
mütərəqqi
addımlar
Son
illər Azərbaycanda bütün sahələr kimi diaspora
sahəsində uğurlu addımlar özünü göstərir.
İstər Azərbaycanın təbliğatı
işinin sürətləndirilməsi,
istərsə də yeni-yeni diaspor təşkilatlarının
yaradılmasını bu sıraya aid etmək olar. Elə
həyata keçirilən məqsədyönlü tədbirlərin
nəticəsidir ki, Azərbaycanın
dünyadakı diaspor təşkilatlarının
sayı 450-yə çatıb.
Ötən illər ərzində xarici ölkələrdə
ümumilikdə Azərbaycanın 215 yeni diaspor təşkilatı
yaradılıb və hazırda dünyanın müxtəlif
ölkələrində fəaliyyət göstərən
diaspor təşkilatlarının sayı 450-dən
artıqdır.
Diaspora sahəsində atılan mütərəqqi
addımlardan biri də sırf bu sahə ilə məşğul
olan dövlət qurumunun yaradılmasıdır. Belə bir
qurum ümummilli Heydər
Əliyevin "Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin
yaradılması haqqında" 2002-ci il
5 iyul tarixli fərmanı
ilə xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin
genişləndirilməsi və inkişaf
etdirilməsi məqsədiilə yaradılıb. 2008-ci il
noyabrın 19-da isə Azərbaycan Prezidenti
İlham Əliyev "Xarici
Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin
əsasında Diasporla İş
üzrə Dövlət Komitəsinin yaradılması
haqqında" fərman imzalayıb. Diasporla
İş üzrə Dövlət Komitəsinin
yaradılmasında əsas məqsəd Azərbaycan dövlətinin
qarşıya qoyduğu prioritet
məsələlərdən biri -
dünyadakı soydaşlarımızın sıx birliyini təmin etməkdir. Bu sahənin
inkişafına dövlət qayğısının daha da
artırılması məqsədilə Dövlət Komitəsi
yaradıldıqdan az sonra
- 2002-ci ilin dekabrında "Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı
Dövlət Siyasəti haqqında" qanun
qəbul olunub.
Diasporla İş üzrə Dövlət
Komitəsi ötən illər ərzində xarici
ölkələrdə yaşayan azərbaycanlıların
təşkilatlanması, cəmiyyətə inteqrasiyası,
soydaşlarımızın ictimai-siyasi həyatda
iştirak səviyyəsinin
artırılması, tarixi Vətənlə
əlaqələrinin genişləndirilməsi, habelə diaspor təşkilatları arasında səmimi əməkdaşlıq
münasibətlərinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirib, Dünya Azərbaycanlılarının
Xartiyasını hazırlayıb. Dünya Azərbaycanlılarının
II Qurultayı, Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin
Forumu, Türk dövlət
və cəmiyyətlərinin XI dostluq,
qardaşlıq və əməkdaşlıq qurultayı, Dünya azərbaycanlılarının III
qurultayı, Dünya Azərbaycanlılarını
Əlaqələndirmə Şurasının
toplantıları və digər dövlət və beynəlxalq
əhəmiyyətli tədbirlərdə müxtəlif
ölkələrin dövlət və hökumət nümayəndələri,
parlament üzvləri iştirak
ediblər. Azərbaycan hökumətinin dəstəyi
ilə keçirilmiş bu
tədbirlər ölkəmizin beynəlxalq aləmdə təbliğinə
mühüm töhfələr verib, dünyanın bir
sıra nüfuzlu beynəlxalq təşkilatları
ilə əməkdaşlığın inkişafında
önəmli rol oynayıb. Bu illər ərzində keçirilmiş
2200-ə yaxın tədbirdən təqribən 1100-ü Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması məqsədinə xidmət edib. Xaricdə fəaliyyət
göstərən diaspor təşkilatlarının
təbliğat sahəsində fəaliyyətinin daha da gücləndirilməsi,
Ermənistanın Azərbaycana təcavüzü ilə
bağlı beynəlxalq aləmin məlumatlandırılması
və bu faktın dünya
dövlətlərinin parlamentlərinin, siyasi
dairələrinin müzakirəsinə
çıxarılması prioritet məsələ
olub. Bundan başqa, Azərbaycanın diaspor təşkilatları tərəfindən
yeni kütləvi informasiya
vasitələri təsis edilib, eyni zamanda ayrı-ayrı
ölkələrdə fəaliyyət göstərən
KİV-də Azərbaycanla bağlı məqalə və
materialların işıqlandırılması istiqamətində
tədbirlər həyata keçirilib. Ötən müddətdə "20 Yanvar" faciəsi, Xocalı
soyqırımı, 31 Mart-Azərbaycanlıların
Soyqırımı Günü ilə
bağlı Amerika, Avropa,
Asiya ölkələrində Azərbaycan
icmaları tərəfindən anım mərasimləri, foto və rəsm sərgiləri, təbliğat
kampaniyaları, elmi-praktik konfranslar
və digər tədbirlər təşkil olunub. Müxtəlif ölkələrdə
500-dən artıq mədəni-kütləvi tədbirlər
- Azərbaycanın qədim mədəniyyətini, zəngin irsini təbliğ etmək məqsədilə
dünyanın müxtəlif ölkələrində azərbaycanlı
rəssamların əsərlərindən ibarət sərgilər,
mədəniyyət və kino günləri,
müxtəlif formatlı bayram tədbirləri,
konsert proqramları və s.
keçirilib. Bu tədbirlərin
bir çoxu xarici ölkələrin ictimai-siyasi
xadimləri, dövlət orqanları, siyasi
partiyaları, nüfuzlu beynəlxalq təşkilatlar,
müxtəlif ölkələrin parlament
üzvləri, kütləvi informasiya
vasitələri ilə əlaqələrin qurulmasına xidmət
edib. Məhz bu
tədbirlər nəticəsində dünyanın bir sıra ölkələrinin parlament üzvləri, dövlət rəsmiləri,
ictimai və siyasi
xadimləri, KİV nümayəndələri ilə
görüşlər keçirilib,
onların bir çoxunun
Azərbaycana səfərləri təşkil olunub.
Diasporla İş üzrə
Dövlət Komitəsi xarici ölkələrdə
yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının müdafiəsi
işinə də xüsusi önəm verib. MDB məkanında, xüsusən Rusiyada, Ukraynada yaşayan soydaşlarımızın vətəndaş
hüquqlarının etibarlı müdafiəsinin təmin
olunması məqsədilə hüquq
müdafiə mərkəzləri təsis edilib.
Dövlət Komitəsi Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini
həll etmək, onların cəmiyyətə
inteqrasiyasını təmin etmək məqsədilə xüsusi tədbirlər həyata keçirib: Gürcüstandakı Azərbaycan
məktəblərində "Gürcü
dili" kursları açılıb və
gürcü dilinin tədrisi
üçün dərsliklərlə təmin
olunub. Nəticədə 2010-2011-ci tədris
ilində Gürcüstan ali
məktəblərinə qəbul olmuş
458 azərbaycanlı tələbənin 352-si "Gürcü dili"
kurslarının dinləyiciləri olublar.
Diasporla İş üzrə
Dövlət Komitəsi türkdilli
xalqların diasporu arasında əməkdaşlığın
yaradılmasına da nail
olub. Keçən ilin mayında Ankarada türkdilli ölkələrin diaspor
təşkilatlarının ortaq
strategiyasının qəbul olunması, iyunun
21-də isə Bakıda keçirilən Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor
təşkilatları rəhbərlərinin I Forumu
bu istiqamətdə atılan
addımlardan sayıla bilər.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 8-11 mart.- S.15.