Bu gün Onların bayramıdır…

Həyata sevgi ilə baxanların

 

Bu gün təsadüfən yolda gördüyüm bir mənzərə məni bir anlıq da olsa, yerimdə dondurdu. İxtiyar bir nənə yolu keçməyə çalışırdı ki, yeniyetmə bir oğlan onun yardımına gəldi. Əlindən tutub çox böyük səbirlə ağsaçlı ananı yolun digər tərəfinə keçirdi. Nənə nəvəsi, nə bilim bəlkə də nəticəsi yaşda olacaq yeniyetməyə təşəkkür etdi. Həm də necə? Əlindən öpdü.

 Bu hərəkəti o qədər sevgi və incəliklə etdi ki,  inanılmaz gözəl hisslər keçirdim. Adətən yaşlıların əli öpülür. Nənə öz minnətdarlıq hisslərini o yeniyetmə oğlana elə şəkildə bildirdi ki, bu gəncin yadında qalacaqonu həmişə yaxşı əməllər etməyə sövq edəcək. Ən azından mən belə düşünürəm. Bu gözəl davranışın arxasında isə Azərbaycan xanımı dayanır. Belədir, əsl Azərbaycan xanımları. Siz ona azca bir yaxşılıq edin, diqqət göstərin, əvəzində  dünyaları bəxş etsinlər. Asan keçməyib Azərbaycan xanımlarının həyat yolu. Hər zaman müharibələr, işğallar. Övlad, həyat yoldaşı, qardaş acısı yaşayıblar. Amma sındırmayıb özünü. Xanım adını qoruyub saxlayıb. Bu torpağın xanımı acı çəkəndə də igid oğlanları  onların göz yaşını silmək üçün qol çırmalamağı bacarmalıdırlar. Erməni əsirliyində olmuş bir xanım nəql edirdi. Yaralı, özünü bilməz bir durumda olanda əsirlikdə olan bir zabitimiz onu o halda görür. Vaxt gəlir, xanım da, zabit də düşmən əlindən qurtarılır. İllər sonra zabit axtarıb əsirlikdə qanlı üzünü unuda bilmədiyi qızı tapır və onunla evlənir. Bir-birlərinin dərdinə dayaq dururlar. Indi onların iki övladı da var. Həyatın belə gözəl yanları hər zaman insanları gələcəyə ümüdlə baxmağa vadar edir.  Bayramların da, özəl günlərin də əsl anlamı insanların bir-birlərinin qədrini daha dərindən bilməyə, yaxınlaşmağa xidmət etməkdir. İnsanları incitmək, sonra isə bayramlarda bir hədiyyə ilə əvəzini çıxmağa çalışmaq xanımlara həsr olunmuş bayramın “menyusuna” sığışdırılmasın.  

Bir kişi  öz xanımına heç yaxşı davranmaz, qəlbini qırar, sonra isə süfrə hazırlamasını istəyər. Qadın heç səsini çıxarmaz və sakitcə süfrəni hazırlayar. Adam iştahla yeməyə başlar, amma süfrədə duz olmadığını görüncə, xanımından duz gətirməsini istəyər. Bəy yemək arasında bir-iki dəfə çağırsa da, xanım duz gətirməyə tələsməz. Yeməyi bitirdikdən sonra ağlı başına gələn bəy xanımının qəlbini qırdığı üçün ondan üzr istəyər. Bu zaman xanım əlindəki duzu süfrəyə qoyar. Bunu görən kişi soruşar ki, yemək bitdikdən sonra duzun nə mənası var. Xanım cavabında bildirər ki, qəlbimi qırdıqdan sonra üzr istəməyin də yeməkdən sonra süfrəyə gələn duz kimidir.  

Bu balaca hekayədə böyük bir hikmət var. Əvvəlcə könül sındırmaq, sonra bundan utanıb üzr istəmək yaxşı məziyyətdir, amma könlü daim bütöv saxlaya bilmək əsl insana məxsus xüsusiyyətdir.

Bu gün biz bayram edirik. 8 mart tarixinin ilə bağlı olmasının çoxumuz üçün elə bir əhəmiyyəti yoxdur. Vacib olan odur ki,  analarımızı, bacılarımızı, xanımlarımızı, qızlarımızı xatırlayacağımız bir gün gözəl bir ənənə var. Xatırlamaq, könülləri xoş etmək Allahın ən çox bəyəndiyi  davranışlardandır. Könülləri isə tək bir gözəl sözlə göylərə qaldırmaq mümkündür.

Bu günlərdə mağazalar dolub-daşır. Hər kəs öz yaxınına, doğması olan xanımlara nəsə almağa tələsir.   Bu da bir ənənədir. Bahalı, imkanın çatmayan arzulara düşməmək şərtilə,  hədiyyə vermək dünyanın ən gözəl duyğularından biridir. Amma  süfrəyə sonradan yox, əvvəldən duz gətirməyə şərait yaratmaq şərtilə.

Bayramınız mübarək, əziz xanımlar!

 

Aygün

 

Olaylar.- 2014.- 8-11 mart.- S.13.