Diaspora hərəkatında qadınların rolu

 

Azərbaycan diasporunun formalaşıb inkişaf etməsində zaman-zaman qadınların da müstəsna rolu olub. Öz fəaliyyətləri ilə diaspora hərəkatına böyük dəstək verən həmin insanlar bu fəaliyyətlərinə görə müxtəlif illərdə təltif olunub, yüksək adlara layiq görülüblər. Azərbaycan diasporunda böyük xidmətləri olan xanımlardan biriİren Məlikoffdur.  İren Məlikoff 1917-ci il oktyabrın 25-də  anadan olub. O, neft sahibkarı İskəndər bəy Məlikovun qızıdır. İren ilk təhsilini Paris şəhərində alıb. Elmə, təhsilə böyük maraq göstərən İren Paris universitetini bitirib. O, təhsil aldığı illərdə fransız dilindən başqa, türk, fars, ərəb dillərini də öyrənir.

Sonra o, təhsilini Sarbonna universitetində davam etdirir. Bu universitetiuğurla başa vurduqdan sonra elmi işlə məşğul olmağa başlayır. İrenin əsas tədqiqat obyekti Azərbaycan, onun qədim tarixi və ədəbiyyatı olub. Gərgin tədqiqatlarının nəticəsi kimi 1957-ci ildə doktorluq dissertasiyası müdafiə edir. Az sonra onun “Danışmənd dastanı”, “Əbumüslüm Xorasani”, “Umur Paşa dastanı”adlı kitabları işıq üzü görür. 1957-ci ildən 1964-cü ilədək Parisdə Elmi Araşdırmalar Milli Mərkəzinin Şərqşünaslıq bölməsində çalışır. Sonra o, Strasburq Humanitar Elmlər Universitetində işləməyə başlayır, bu məşhur təhsil və elm ocağının professoru olur. Burada işləyə-işləyə türk dilləri və ədəbiyyatı sahəsində böyük elmi mərkəz yaratmağa səy göstərir, bir müddət inadlı fəaliyyət göstərdikdən sonra istəyinə nail olur. Onun yaratdığı Türkiyyat Araşdırmalar İnstitutu qısa müddət ərzində Avropada ən nüfuzlu türkoloji mərkəzlərdən birinə çevrilir. İren xanım bununla kifayətlənməyib Strasburq Humanitar Elmlər Universitetində 1984-cü ildə Azərbaycan Mədəniyyətini Araşdırma Mərkəzi yaradır və onun prezidenti seçilir. Mərkəzin adı 1988-ci il may ayında dəyişdirilərək Azərbaycan Mədəniyyətini və Sivilizasiyasını Öyrənən Mərkəz olur. Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini və ədəbiyyatını öyrənən bu mərkəzə yenidən məşhur Azərbaycanşünas alim, professor İren Məlikof prezident, professor Lui BazenTimurçin Hacıbəyli vitse-prezident seçilirlər. Bundan əlavə Mərkəz öz qarşısına Azərbaycan haqqında umumi məlumatlar yaymağı, Azərbaycan yazıçılarının və şairlərinin əsərlərinin nəşrini təşkil etməyi qoyur. Mərkəz alimlərin görüşlərini keçirməyi, müxtəlif tədbirlər təşkil etməyi, xüsusi kitabxana, videoteka, fonoteka yaratmağı da nəzərdə tutulmuşdur. İren xanım Strasburq universitetində işə başlayanda bu ali təhsil ocağının türk şöbəsində cəmi iki tələbə olur. Onun ciddi fəaliyyəti nəticəsində bir neçə il sonra bu tələbələrin sayı 380 nəfərə çatir. Onlardan 40 faizi dil, 60 faizi isə ədəbiyyat və mədəniyyət üzrə ixtisaslaşmışlar. Azərbaycan ruhu ilə yazıb-yaradan İren xanım Strasburq universitetində dil və ədəbiyyatdan dərs deyir. 1988-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində onunTürk Qafqaz qeydləri” silsiləsindən “Babək Xürrəmi və Seyid Battal” adlı böyük məqaləsi dərc edilir. O, eyni zamanda Bakı Dövlət Universitetinin fəxri professorudur. Qərbi Avropada nəşr edilən yeganə türkologiya jurnalı olanTürkika” nın baş redaktoru olan İren xanım Cənubi Azərbaycanda da olub, Təbrizi gəzib, çox sevdiyi Şah İsmayıl Xətai haqqında zəngin material toplayıb. Görkəmli alim Azərbaycan ədəbiyyatına, onun görkəmli nümayəndələrinə yüksək qiymət verib, M.F.Axundovun yaradıcılığına heyran olduğunu gizlətməyib.

Sürəyya Ağaoğlu -Türkiyədəki bir sıra ictimai təşkilatların yaradıcısı Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olub. Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu İstanbul Hüquq  Fakültəsini bitirdikdən sonra ömrünün sonuna qədər vəkilliklə məşğul olub, 60 il ədliyyə sistemində işləyib..Siyasətə az qarışmasına baxmayaraq, demokratiyaya bağlılıq varlığının ən işıqlı tərəfidir. O, bir müddət Yeni Türkiyə Partiyasının üzvüonun İstanbul təşkilatının başçısı olub. İngilis dilini mükəmməl bildiyinə görə dünya ədəbiyyatını türkcə ilə bərabər bu dildə oxuyub. Sürəyya Ağaoğlu Şərq və Qərbin ədliyyə aləmindəki onlarca böyük tədbirin ən fəal iştirakçısı, Beynəlxalq Qadın Vəkillər Şurası prezidentinin müavini, bir sıra hüquq komissiyalarının üzvü olub. O, Türkiyədə olduğu illərdə İstanbuldaCocuq dostları” dərnəyi təşkil edib. Təbiətcə nikbin olan ən ağır anlarında ruhdan düşməyən Sürəyya xanım irticaçıların təqiblərinə məruz qalıb, həyatı faciəsiz, itkisiz keçməyib. O, Pakistan Qadınlar Birliyinin konfransından (1952) sonra bəzi türk qəzetlərinin hücumuna məruz qaldıqları zaman belə bir cavab yazır: “Baş örtüldükdə görünməmiş inqilab əleyhdarları olaraq anlaşıldığını təəssüflə oxuyub təsirləndim. İnqilab qurşağa qədər açıq gəzmək və ya başını örtmək deyil, bir zehniyyat məsələsidir. Bir məmləkətin adət və vərdişlərinə uyğunlaşıb baş örtmək inqilaba qarşı çıxmaq demək deyildir. İnqilabı öyrənməyə ehtiyacım yoxdur, zira mən inqilabın rəmziyəm”. O, Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin təsisçisi olub. Bir sıra hüquqi məqalələrin, "Londonda gördüklərim" və "Bir ömürdə belə keçdi" kitablarının müəllifi olan Sürəyya Ağaoğlu 1989-cu il, dekabrın 29-da vəfat edib.

Ümmülbanu -Azərbaycan ədəbiyyatınınən görkəmli nümayəndələrindən olan mühacir Ümmülbanunun əsərləri yalnız  Avropada deyil, bütün dünyada məşhurdur. Ümmülbanu 1905-ci ildə – Bakıda varlı bir ailədə anadan olub. Anadan olandan az sonra anası dünyasını dəyişir. Körpə Ümmülbanuya alman qadın –Fraylan Anna həm analıq, həm də dayəlik edir. Ümmülbanunun atası Mirzə Əsədullayev (Şəmsi Əsədullayevin oğlu) bir çox ölkələrdə filial və şöbələri olan böyük neft firmasına rəhbərlik edib. Sonralar Ümmülbanunun atası ikinci dəfə, Avropada təhsil almış bir qadınla evlənir. Ümmülbanu ögey anasının sayəsində Avropa mədəniyyəti ilə tanış olur. Onun təşəbbüsü ilə fransız dilini, ingilis dilini mükəmməl öyrənir. Beləliklə, balaca Ümmülbanu həm şərq, həm alman, həm də rus adətləri ilə böyüyür.1917-ci ildə Rusiyada oktyabr inqilabının qələbəsi Bakıya da öz təsirini göstərir. Bakıda  erməni-rus birləşmələrinin təxribatlarından sonra Mirzə Əsədullayev ailəlikcə İrana köçməyə məcbur olur. 6 ay İranda yaşayan ailə yenidən Bakıya qayıdır. Ümmülbanunun atası Mirzə Əsədullayev Azərbaycan Xalq Cümhuriyyətinın Ticarət naziri təyin olunur. ADR-in süqutundan sonra Mirzə Əsədullayevin mülkü dövlət tərəfindən müsadirə olunur, o, Fransaya mühacirət edir. Ümmülbanu isə Cəmil adlı bir mühəndislə ailə qurur. 1924-cü ildə isə Ümmülbanu əvvəl Türkiyəyə, daha sonra Fransaya köçür. Paris həyatı, xüsusilə 20-30-cu illərin ədəbi mühiti Ümmülbanuya ciddi təsir göstərir, onu yazıb-yaratmağa həvəsləndirir. O, Fransada Benin imzası ilə tanınır. Yazıçının ilk romanı “Hami” 1934-cü ildə nəşr olunur. Mövzusu Azərbaycan həyatından götürülmüş bu əsərdən sonra Banu Fransa ədəbi ictimaiyyətinin diqqətini cəlb edən “Qafqaz günləri” adlı avtobioqrafik romanını, “Ernst Yunkerlə görüş”, “Mən tiryəki seçdim”, “Sonra”, “Yad Fransa”, “Paris günləri”, “Son ümidin çağırışı”, “Uninin son hacəti” əsərlərini qələmə alır. Ümmülbanunun tərcüməçilik fəaliyyəti də əhatəli və maraqlıdır. O, Dostoyevskinin “Özgə arvadı” əsərini, Tatyana Tolstoyun xatirələrini rus dilindən, Ernst YunkerinSülh” romanını almancadan, Qriqori MartonunDostum Blizzar” və V.T.Vakdın “SerPolun, həqiqətən, dedikləri” əsərlərini ingiliscədən fransız dilinə tərcümə edir. Yazıçının “Qafqaz  günlərində” 20-ci illərə qədərki tariximiz, milli mədəniyyətimiz, adət ənənələrimiz haqqında məlumatlar vardır.Yazıçı Parisdə “Azərbaycan evi” Assosiasiyasının üzvü idi. O, Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ hadisələrində öz  xalqını müdafiə edən məqalələrlə çıxış edir.1992-ci il oktyabrın 29-da Fransanın “Fiqaro” qəzeti ölkəni sarsıdacaq bir məlumat yayır:  İlk fransızdilli azərbaycanlı yazıçı Benin vəfat edib

Züleyxa Əsədullayeva-Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Züleyxa xanım Əsədullayeva valideynləri ilə birlikdə Türkiyəyə mühacirət edir.1952-ci ildə amerikalı mühəndisə ərə gedərək ömrünün sonunadək həyatını ABŞ-da, Vaşinqton ətrafında keçirir. Züleyxa xanım uzun ayrılıqdan sonra 1990-cı ildə doğma torpağa ayaq basır. O, jurnalistlər və tələbələr qarşısında etdiyi çıxışında belə demişdi: “Heç vaxt unutmayın: doğma torpaqdan şirin heçyoxdur. Mənim ən səmimi arzum öz xalqımı anlamaqona mümkün olduğu qədər kömək etməkdir. Bu arzu sadəcə bir hisslə - əcdadlarımın yurduna, doğulduğum şəhərə sevgivə bağlı olduğum millətdən duyduğum qürurla bağlıdır”.  Bakıya gələn Züleyxa xanım sakit otura bilmir. O, humanitar yüklə Sumqayıtdakı uşaq evinə, Sabirabadda qaçqınlar düşərgəsinə, Zaqulbada professor Z.Qindes adına sümük vərəmi dispanserinə gedir. Jurnalistlərlə görüşü zamanı ona verilən “ən güclü uşaqlıq xatirələri” haqqında suala Züleyxa xanım belə cavab vermişdi: “1918-ci ildə ermənilər tərəfindən törədilən qətliamı aydın xatırlayıram. Bu baş verəndə bizi– uşaqları neft istehsalçısı Mövsüm Səlimovun evinin qarşısında yaşayan nənəmgilə apardılar. Birdən ora atlarda daşnaklar gəldilər və həyətə soxularaq, qışqırmağa başladılar: “Azərbaycanlı qadın və uşaqları bizə verin!”. Həmin vaxt möcüzə ilə xilas olduq...Sonra bizi gecə Yuxarı məhəllə adlanan yerə apardılar. Orada bizim arabaçı, aşpaz və digər xidmətçilərimiz yaşayırdı. Orada zirzəmilərdə bizi kömüratlar üçün taxıl kisələrinin arasında gizlətdilər. Yadımdadır ki, qışqırıq, dava-dalaş və atışma səsləri gəlirdi. Çox dəhşətli vaxtlar idi. Təəccübləndirici hal bu idi ki, ermənilər bu qeyrətsizliyi bizim öz torpaqlarımızda törədirdilər... Sonradan biz uşaqlar böyüklərdən öyrəndik ki, həmin dəhşətli vaxtlarda bir çox azərbaycanlıların nəsli kəsilmişdi. Böyüyəndən sonra mən tez-tez həmin vaxtları dəhşət içində yada salırdım. Xaricdə yaşayanda mən heç vaxt azərbaycanlı olmağımdan nə qorxmuşam, nə də utanmışam. Əksinə, sosial tədbirlərdə və Vaşinqtonda, Ankarada, Parisdə səfirliklərdə qəbul zamanı, mənim fransız, ingilis, türk, portuqal, rus dillərini bilməyimdən təəccüblənərək soruşanda ki, “Siz haralısız?”, mən cavab verirdim ki, “Mən Bakıda anadan olmuşam!”. Xaricdəki mühacirlər arasında nüfuzlu xadim kimi Züleyxa xanım Veber-Əsədullayevanın Azərbaycan haqqında, tariximizin əhəmiyyətli hadisələri və faciəvi səhifələri, o cümlədən 1918-ci ildə baş vermiş soyqırım haqqında reallıqların Amerikadünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətləri var.

 

Ardı növbəti sayımızda

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 12 mart.- S.10.