“1905-ildə”

 

C.Cabbarlı -115

 

C.Cabbarlı Azərbaycan ədəbiyyatı tarixində xüsusi rolu olan yazıçılardandır. Öz qələmini hekayə, şer, məqalələr yazmaqla sınayan ədib, daha çox dramaturgiya sahəsində yaratdığı əsərləri ilə geniş şöhrət qazanmışdır. C.Cabbarlıya böyük şöhrət qazandıran bu pyeslər bütün dövrlər üçün güncəldir. Bu pyeslərdə o, keçmişlə müasirliyin vəhdətini yaratmaqla ədəbiyyatımızda çox yüksək bir mövqe qazandırmışdır. M.F.Axundov tərəfindən yaradılan Azərbaycan dramaturgiyası məhz C.Cabbarlının timsalında yüksək zirvəsini fəth etmişdir.

 

Ədəbi janrın digər növlərinə nisbətən dramaturgiyanın imkanları daha genişdir. Çünki, dram əsərlərini həm oxumaqla, həm də səhnədən tamaşa etməklə ikiqat zövq almaq mümkündür. C.Cabbarlıya şöhrət qazandıran bir cəhət də əsərlərinin vaxtında yazılmasıdır. Böyük dramaturqun sanballı əsərlərindən biri olan “1905-ci ildə” əsəri sadəlöhv keçmişimizi bizə xatırlamaq baxımından çox aktualdır.

Erməni millətçiləri tərəfindən qondarma “Dağlıq Qarabağproblemi qaldırılana qədər bu əsər müxtəlif teatr səhnələrində dəfələrlə oynanılmışdır. Əsərin qələmə alındığı və oynanıldığı 30-cu illərin əvvəlləri milli məsələ ilə bağlı ən kiçik bir cəhd ən ağır bir cəza ilə sonuclana bilərdi. Ona görə də ərazisində onlarla milli münaqişə ocaqları olan bir ölkədə müvəqqəti də olsa unudulan bu məsələni yenidən gündəmə gətirmək həqiqətən də böyük bir cəsarət idi. Əsəri oxuduqca anlaşılır ki, “1905-ci ildə” yazıçının gərgin əməyi ilə hasilə gəlib. Bu məqsədlə o, Gürcüstanı, Qarabağı qarış-qarış gəzmiş, burada burgə həyat tərzi keçirən, adət-ənənələri, məişət qayğıları, hətta gündəlik qayğıları belə bir-birinə qarışmış ermənilərin və azərbaycanlıların həyat şəraiti ilə tanış olmuşdur. Bu zaman artıq bolşevik ideyalarına xidmət edən C.Cabbarlı bütün başqa bolşeviklər kimi inanırdı ki, gündəlik yaşayışını təmin etmək üçün gecə-gündüz çalışan iki zəhmətkeş sinif üçün milli mənafe heç bir önəm daşımır. Ona görə də əsərdə əsasən sinfi mənafe məsələsini ön plana çəkir.

C.Cabbarlı bolşevizm ideyalarını Eyvaz Əsriyanın timsalında ifadə edir. Eyvazı müəllif tam müsbət bir qəhrəman kimi, guya yüz minlərlə məzlumun haqqının müdafiçisi kimi, bu yolda ölümə belə gedən bir ideal qəhrəman kimi təsvir edir. Bu kosmopolit bolşevik üçün milli mənafeyin heç bir önəmi yoxdur. “Açın gözlərinizi qardaşlar, aldanmayın! Türk əməkçiləri bizim düşmənimiz deyillər. Bizi düşmənlərimiz ayırır. Bizim düşmənlərimiz bax, bunlardır, bunlardır... (yəni, Ağamyanlar, Salamovlar. Y.C.) Ona görə də o, öz bacısını gənc azərbaycanlı Baxşıya verməyə razıdır. Sonanın Baxşıya ərə getməməsindən dərin təəssüflənir.

Eyvaz Əsriyanın S.Şaumyanın prototipi olduğu aydındır. Yalnız üzdə bolşevik olan, əslində isə əli yüz minlərlə dinc azərbaycanlının qanına batan bir daşnakı Ağamyan heç bir yağlı vədə ilə öz tərəfinə çəkə bilmir. Ağamyan ona “Sən hər şeydən əvvəl ermənisən” - deməklə ona erməniliyi xatırlatsa da Eyvazı ələ ala bilmir. Eyvaz isə hər iki milyonçunu - Salamovu da, Ağamyanı da zəhmətkeşlərin umumi düşməni sayır. O, milli qəhrəman adından da, erməni qızlarının onun başına gül-çiçək səpməsindən də imtina edir, öz ideyalarına sadiq qalır. Sonda uğrunda bütün varlığı ilə çalışdığı ideyaları uğrunda ölümə gedir.

Eyvaz Əsriyanı tam ideal qəhrəman yaratmaqda C.Cabbarlı əlbəttə yanılır. O, ya Eyvazın simasında erməni xislətini görə bilmir, ya da görüb sadəcə qulluq etdiyi ideologiyanın ideoloqlarından çəkinirdi. C.Cabbarlı kimi dahi bir dramaturq necə bilməyə bilərdi ki, dünya millətlərindən yalnız ermənilər üçün milli birlik hər cür siyasi, dini əqidədən, maddi rifahdan üstündür. Öz çirkin ideyaları yolunda onlar hətta xristian kilsəsini belə əllərində alətə çevirməkdən çəkinmirlər. Bilindiyi kimi ermənilərin digər xalqlara qarşı hördükləri bütün torlar yalnız kilsələrdə toxunur.

C.Cabbarlı milli məsələnin təntənəsinə inanırdı. O, əsrlərdən bəri müxtəlif ölkələrdən Azərbaycana köçən bu vətənsiz xalqın xalqımızla dostluq, qardaşlıq şəraitində yaşaya biləcəyinə inanırdı. Lakin unudurdu ki, yaşadıqları ölkələrə xəyanət ediböz xəyanətlərinin qurbanı olan ermənilər onlara geniş qucaq açmış, sonuncu tikəsini onlarla bölməklə musiqimizə, gələnək-görənəyimizə ortaq edən xalqımıza qarşı soyqırım törətmək üçün yalnız fürsət gözləyirlər. C.Cabbarlı isə erməni müsəlman davasını “çarizmin kolonizasiya siyasəti kimi xarakterizə edirdi. O, yazırdı: “Əslində bu iki xalq vahid bir xalq təşkil edir. Öylə isə bəs bu xalqları uzun müddət qanlı vuruşmalara nə məcbur etmişdir”? Bu gün ermənilərin musiqimizi, mədəniyyətimizi özlərinki kimi dünyaya təqdim etmələri vaxtı ilə buraxdığımız səhvlərimizin sonucudur. Sadəlövh və unutqan olmağımız bizə tarix boyu yüz minlərlə soydaşımızın qanı hesabına başa gəlib. Faciələrimizin bir səbəbi də milli birlik hissinin zəif olmasındadır. Çünki, vaxtı ilə ərəblər bizim milli birlik hisslərimizi öldürmüşdülər.

Lakin tarixə zaman prizmasından yanaşsaq müəllifə bəzi məsələlərdə haqq qazandırmaq mümkündür. Belə ki, bu gün bir neçə millətçinin öz mənafeyi üçün alət etdiyiQarabağ məsələsi” aclıq və səfalət içərisində yaşayan, ehtiyac üzündən Ermənistanı tərk edən yüz minlərlə erməniyə lazımdırmı? Düşünürəm ki, yox. Allahverdi ilə İmamverdinin səngərdə qarşılaşmsı səhnəsini xatırlayaq. Onların hər ikisi bu münaqişəni törədənləri qarğıyır.

Qoca Baxşı “Bir azdan sonra gəncliyimiz bu qara kitabı oxuya bilsə belə hər halda anlaya bilməyəcəkdir. Çünki, oradakı həyat ona yabançı və xəyali bir uydurma kimi görünəcəkdir. Halbuki, burda yazılanlar bir xəyal deyil, hələ dünən keçirtdiyimiz qara bir həqiqətdir”. Lakin göründüyü kimi C.Cabbarlının bu uzaqgörənliyi özünü doğrultmadı. Əksinə, bu qara kitabın səhifələri artdı. Millətimiz yeni-yeni xəyanətlərlə üzləşdi, soyqırımlara məruz qaldı. Və bu gün bu iki millət arasında heç vaxt barışa bilməyən bir uçurum. Çünki, xalqımızın aldığı yaralar yetər. O, biröz sayıqlığını itirib ermənilərə mərhəmət göstərməyəcək.

Əsərdə, baş verən hadisələrə milli burjuaziyanın və demokratik ziyalıların mövqeyi böyük ustalıqla verilmişdir. Salamov cüzi əmək haqqı ilə ağır əmək şəraitində yaşayan minlərlə fəhləni istismar etməklə çoxlu sərvət toplamış, mədən sahibi olmuş sahibkarların tipik nümayəndəsidir. Milli hisslər ona tamamilə yaddır. Hər dəfə Bahadır bəy milliyə sözünü ortalığa atanda Salamov özündən çıxır: “Yenə başladı bu zalım oğlu milliyyəni”. Ən sadə rus sözlərini belə düzgün tələffüz edə bilməyən, “qrafinya həzrətləri” əvəzinə, “qrafinkə həzrətləri” deyərək gülüş doğuran bu tipdə dini birlik hissləri yalnız onun əmlakından-mədənlərindən söhbət gedən zaman “baş qaldırır”. Salamov Bahadır bəyin yaranmış qarmaqarışıqdan istifadə edib Rusiyadan muxtariyyət almaq fikirlərinə də tam etinasızdır. “...bunların hamısı badalaqdır. Belə işin içində iş var, belə əsil iş mədənlərdir ey...”-deyərək onu öz fikirlərindən daşındırmağa çalışır.

“1905-ci ildə” əsəri bizə erməni burjuaziyası ilə müsəlman burjuaziyasını müqayisə etmək imkanı verir. Öz parasını ermənilər üçün səxavətlə xərcləyən, Ağamyanın əksinə olaraq Salamovun imkanları daha geniş olsa da o, paralarını millət yolunda xərcləmir. Öz padşahına qul kimi xidmət göstərən, “padşaha güldən ağır bir söz deyənin cəhəngini cırmağa”, “papağını götürüb bir hay deyərsə, beş yüz adamı toplaya, torpaqlarını torba ilə daşıtdırmağa”, qubernatorun köməyi ilə “istədiyi adamı 24 saat müddətində Qafqazdan sürgün etməyə” qadir olsa da bu imkanlardan istifadə etmir. “ Ancaq Türkiyə ilə ədavətləri var, bizə nə”?-deyərək özünü yan çəkir.

“1905-ci ildə” əsərində yazıçı erməni müsəlman davasının müsəlmanlar üçün törətdiyi faciələri verməklə komik səhnələr də verilmişdir. Qubernatorun sifarişi ilə öldürülən bir müsəlmanın cənazəsi üstdə mollanın fatihə verərkən Salamovun təkidi ilə fatiə surəsinə qubernatorun və onun arvadının “Mariya Tumanıfeynə”nin adının əlavə etməsi müəllifin özü demiş “gic müsəlman”ın faciəsi idi.

“1905-ci ildə”nin diqqət çəkən cəhətlərindən biri də odur ki, yazıçı Qarabağın həyatına, adət ənənələrinə dərindən bələddir. İmamverdinin and içərkən tez-tez “o Əlinin qəzəb oğlu Əbülfəzlabbas haqqı” sözünü tez-tez işlədir.

Pyesin yalnız ikinci şəklində səhnəyə gəlib çox da görünməyən, lakin hadisələrin inkişafında həlledici rol oynayan Qubernator Azərbaycan xalqının qəddar düşmənidir. Çar hökuməti başlanacaq inqilabın qarşısını almaq üçün mümkün olan hər vasitədən istifadə edirdi. Hökumət gah fəhlələr arasında təfriqə yaratmaq üçün “Keşiş Qaponun təşkilatı”nı yaradır, gah da Yaponiyaya müharibə elan edirdi. Son çarə kimi 1883-cü ildə ləğv edilən Qafqaz canişinliyi 1905-ci ildə yenidən bərpa olundu. Çar canişin təyin etdiyi Voronsovun qarşısında konkret məsələlər qoymuşdu. O, Cənubi Qafqazda erməni- müsəlman savaşını alovlandırmalı, xalqın diqqətini inqilabdan yayındırmalı idi. Və o, bu işin öhdəsindən bacarıqla gəlirdi. Tabeçiliyində olanları mədəndə “zabastovkaları” dayandırmağa təhrik edir və təbii ki, fəhlə hərakatının gedişini düzgün qiymətləndirir, bu hərəkatı çar idarə üsuluna qarşı mübarizə kimi xarakteriza edir. ”Burada ermənilər ən ixtilalçı millətdirlər. Bunlar aradan çıxarsa o birilərin də qüvvəti sarsılmış olur. Türk və erməni burjuaziyası arasında vuruşdurucu nöqtələr vardır”. “Siz Türkiyədə döyülmüşsünüz, indi əvəzini buradakı müsəlmanlardan almaq istəyirsiniz”. Qubernator iki millət burjuaziyası arasında məharətlə pərdələnir, hər iki millət üçün silah əsirgəmir. Onları bacardıqca vuruşdurmaq istəyir. Müsəlmanları zəif yerini yaxşı bilir, onlara orden və medallar verməklə şirnikləndirir. Bir yandan “Bu ermənilərlə mümkün qədər ehtiyyatlı olmaq lazımdır” - deyən Qubernator bir yandan da ermənilərə “mən razı ola bilmərəm ki, onlar müsəlmanlar Türkiyədəki işlərin hesabını mənim idarə etdiyim bir məmləkətdə xristian bir millətdən, mənim öz dindaşlarımdan çəksinlər”. Ədavət törətmək üçün onun əmri ilə polismeyster hər iki millətdən bir nəfəri öldürür. Hətta izi itirmək üçün hər iki millətin yas məclisinə gedir. Tarix təkrar olunur prizmasından yanaşsaq bu gün də ruslar öz dindaşları olan erməniləri hər sahədə himayə edir.

Bu gün sadəlöhv keçmişimizi bizə bütün cəhətləri ilə xatırladan fundamental bir əsər olan “1905-ci ildə”nin bir qəzet məqaləsində təhlilinin mümkünsüzlüyünü qeyd etməklə yanaşı bu əsərin orta məktəb dərsliyindən çıxarılmasına dərin təəssüf edirəm. Pyeslərinin, hekayələrinin mövzu rənarəngliyi göstərir ki, C.Cabbarlı güclü təxəyyül sahibi idi. O, yalnız xalq üçün yazırdı, xalqın dərdlərini yazırdı. Təkcə teatrda deyil, kinomuzda da yad ünsürlərə qarşı, dilimizin saflığı uğrunda mübarizə aparırdı. Ona görə də hansı mövzuda yazırsa yazsın əsərləri hər dövr üçün aktuallığını itirmir.

C.Cabbarlı təpədən dırnağa qədər türkçü idibu yönümdə kifayət qədər xidmət göstərmişdi. Yalnız vaxtsız ölüm onu 37-ci ilin qanlı pəncəsindən qurtardı. Yoxsa onun güllələnməsi üçün kifayət qədər “əsas” vardı...

 

Yeqzar Cəfərli

 

yeqzar_91@mail.ru

 

Olaylar.- 2014.- 12 mart.- S.12.