“Türkiyədə Azərbaycan diasporunun tam olaraq

oturuşduğunu söyləmək bir qədər çətindir

 

Samir Adıgözəlli: “Erməni diasporu Türkiyənin digər bölgələrində şəbəkələşmək üçün Vandan bir mərkəz kimi istifadə edirlər”

 

Beynəlxalq Diaspora Mərkəzinin sədr müavini, Dünya Azərbaycanlıları Konqresinin İcra Aparatının rəhbəri Samir Adıgözəllinin “OLAYLAR”-a müsahibəsi

 

-Samir bəy, bu günlərdə Beynəlxalq Diaspora Mərkəzinin təşkilatçılığı ilə Türkiyənin Van və İqdır bölgələrinə səfər təşkil edildi. Səfərin başlıca məqsədi nə idi və səfər zamanı orada yaşayan soydaşlarımızla təmaslarınız oldumu?

-Beynəlxalq Diaspora Mərkəzinin Türkiyə Cümhuriyyətinə sonuncu səfəri Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı idi. Səfər çərçivəsində Van və İqdır bölgələrində soyqırımın 22-ci ildönümünə həsr olunmuş tədbirlər keçirildi. Məlumat üçün qeyd edim ki, biz BDM olaraq 2013-cü ildən etibarən Van bölgəsində fəaliyyətlərə başlamışıq. Çünki Van çox həssas bir bölgədir. Ermənilər Vanı özlərinin paytaxtı elan edirlər. Erməni diasporu Türkiyənin digər bölgələrində şəbəkələşmək üçün Vandan bir mərkəz kimi istifadə edirlər. Keçən ilin sentyabr ayında ermənilər Vandakı Aktamar kilsəsində ayin keçirməyə çalışdılar. Biz də BDM olaraq buna etiraz kimi ASİM-DER-lə birlikdə Van gölünün yaxınlığında etiraz aksiyası təşkil etdik.

Bu dəfə Xocalı soyqırımı ilə bağlı Van vilayətində keçirdiyimiz tədbirlərə böyük diqqət və maraq vardı. İstər şəhər valiliyi, istər digər yerli qurumlar və Vanda yaşayan azərbaycanlılar tərəfindən Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı keçirdiyimiz tədbirə böyük ilgi göstərildi. Tədbirlər proqramına əsasən Vanda ikinci böyük məscid hesab edilən Həzrəti Ömər Camisində Xocalı soyqırımının qurbanlarının xatirəsinə Qurani-Şərif oxundu. Həmin mərasimi birbaşa şəhər müftisi Arvas cənabları həyata keçirdi. Bundan başqa şəhərin mərkəzi küçəsində, insanların sıxlıq təşkil etdiyi ərazidə açıq hava toplantısı keçirdik və sərgi təşkil etdik. Həmin toplantı və sərgi zamanı kifayət qədər azərbaycanlı bizə yaxınlaşdı. Onların üzlərində sanki bir həsrət vardı və demək istəyirdilər ki, bizə də sahib çıxın və bizim də dayaq nöqtəmiz olsun. Çünki indiyə qədər ilk dəfə BDM olaraq biz Azərbaycandan geniş bir nümayəndə heyəti ilə Vana getmişdik. Məlumat üçün qeyd edək ki, Van Türkiyənin terrordan əziyyət çəkdiyi bir vilayətdir. Hazırda da seçkiqabağı vəziyyət olduğu üçün Vanın daxili siyasi həyatı bir qədər gərgindir. Belə bir məqamda Azərbaycandan geniş bir nümayəndə heyətinin Vana getməsi və silsilə tədbirlər təşkil etməsi sözün həqiqi mənasında bir cəsarət tələb edir. Yuxarıda qeyd etdiyim kimi Vanda erməni diasporu çox fəaldır və onlara PKK-nın siyasi qanadı sayılan BDP ciddi dəstək verir. Diyarbəkirdə BDP-dən bələdiyyəyə namizəd olan birisinin başının üzərində erməni dilində şüar yazıb vurması deyilənləri təsdiqləyir. Əslində isə bu Türkiyə və Azərbaycana qarşı çox ciddi bir mesajdır. Erməni diasporu bununla demək istəyir ki, İqdırdan Mersinə qədər söz sahibi olacağıq və bu torpaqlar bizimdir. Ona görə də diaspor təşkilatı olaraq Vanda fəaliyyətə başlamağımız, silsilə görüşlər keçirməyimiz çox vacibdir. Təxminən Vanda 200 minə yaxın azərbaycanlı yaşayır ki, həmin insanlar bir sıxıntı içərisindədirlər. Belə ki, hazırda Vanda bələdiyyə PKK-nın siyasi qanadı olan BDP-nin əlindədir.  Bundan başqa erməni diasporu Vanda geniş və sərbəst şəkildə fəaliyyətə keçib ki, Vanda yaşayan azərbaycanlılar da bundan çox narahatdırlar. Çünki onlar qeyd etdiyim hər iki qüvvə tərəfindən sıxışdırılırlar. Bu gün 100 min iqdırlı Azərbaycan türkü Avropada yaşayır. Yaxud bir neçə min nəfəri İstanbul, Ankara, Antalya, İzmirə köç ediblər. Van vilayətində də azərbaycanlıların sayında azalma var və onlar böyük şəhərlərə köç edirlər. Ona görə də biz Van və İqdır bölgələrinə xüsusi diqqət yetiririk. Hesab edirəm ki, bu təkcə bizim işimiz deyil. Həmin bölgələrdə Azərbaycan mədəniyyəti, ədəbiyyatı, adət-ənənənlərini qoruyub-saxlamaq üçün bir sıra tədbirlər keçirilməli, həmin bölgələrə Azərbaycandan səfərlər artmalı, araşdırmaçı alimlər, tarixçilər Vandakı Azərbaycan kəndlərinə getməli, orada araşdırma aparmalıdırlar. Hazırda Vanda 8 böyük Azərbaycan kəndinin olduğu bildirilir. Düzdür, biz BDM olaraq bu istiqamətdə əlimizdən gələni əsirgəmirik. Ancaq nəzərə almaq lazımdır ki, bu kimi işləri bir-iki günün içərisində görmək qeyri-mümkündür. Bu davamlı bir fəaliyyət olmalıdır.

-Zaman-zaman bildirilir ki, Türkiyə, xüsusilə onun bölgələrində Azərbaycan olaraq daha sıx işləməliyik. Sizin təssüratlarınız da bu fikri təsdiqləyirmi? Ümumiyyətlə, Azərbaycanın problemləri Türkiyənin vilayətlərində yaşayan insanlara nə dərəcədə məlumdur?

-İstanbul və ya Ankaradakı lüks otellərdə tədbir keçirmək daha asandlr desəm bəlkə də məni qınayarlar. Təbii ki, Istanbulda da tədbir keçirmək lazındır. Çünki İstanbul dünyanın əsas mərkəzlərindən biridiroradan da dünyaya mesaj verilməlidir. Anadolu türkü Azərbaycanın problemlərini, acılarını bilirbu acılara şərikdir  Ona görə də orada belə tədbirlər keçirmək asandır. Ancaq digər bölgələr, xüsusilə Vanda bizim hərəkətlənməyimiz, həmin ərazidə Azərbaycanın təbliğatını həyata keçirmək daha məqsədəuyğundur. Düzdür müəyyən ölkələr var ki, orada diasporumuz inkişaf edib, bu sahədə bir sıra işlər görülüb. Ancaq qardaş Türkiyədə Azərbaycan diasporunun tam olaraq oturuşduğunu söyləmək bir qədər çətindir. Bu gün İqdırda yaşayan azərbaycanlıların vəziyyəti o qədər də yaxşı deyil. Orada olan azərbaycanlıların Azərbaycan dövlətindən umacaqları var. Buradakı erməni lobbisinin fəaliyyətini əngəlləmək, soydaşlarımızın qol-qanadının açılması, Azərbaycanla əlaqələrinin genişləndirilməsi üçün bir sıra layihələr həyata keçirmək lazımdır. Bununla bağlı Beynəlxalq Diaspora Mərkəzi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məktub hazırlayıb. Məktubda Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələrin bir neçəsinin məhz İqdırda reallaşdırılması xahiş olunur. Çünki İqdırdakı Azərbaycan insanı bizim dövlətimizdən bir dəstək gözləyir. Onlar İqdırda mədəniyyət mərkəzi və ya məktəb tikilməsini arzulayır. Yaxud Azərbaycanın milli adət-ənənələrini yaşadacaq layihə həyata keçirilməsini istəyirlər. Həmin insanlar milli adət-ənənələrimizin unudulmasını istəmirlər. Müəyyən səfərlərin baş tutması, Naxçıvan Muxtar Respublikası ilə İqdırın sərhəd təşkil etməsi, yaxud Naxçıvan teatrının İqdıra gedib orada tamaşa göstərməsi ilə bitmir. Bir məqamı da qeyd edim ki, İran tərəfi İqdırda ciddi şəkildə dini diaspor fəaliyyətini həyata keçirir. Hesab edirəm ki, Qafqaz Müsəlmanları İdarəsi də bu haqda fikirləşməlidir. İqdırdakı din adamları Azərbaycana dəvət edilməlidir. Nəyə görə onlar Məşhədi, Qumu ziyarət etsinlər, ancaq Bakıya gəlib Mirmövsüm Ağanı ziyarət etməsinlər.  Oina görə də İqdırda hərtərəfli işləmək lazımdır. Məhz işləməməyimizin səbəbidir ki, 5 il bundan əvvəl İqdırda bələdiyyə PKK-nın siyasi qanadı olan BDP-nin əlinə keçdi. Bu da nəticədə ötən beş ildə İqdırda ciddi problemlərin meydana çıxmasına səbəb olub. Türkiyə dövlətinin Ermənistan sərhədlərinin açılmamasında göstərdiyi prinsipallıqda İqdırda yaşayan azərbaycanlıların da əməyi az deyil. Ona görə də həmin insanların haqqlarını verməliyik, onlara dəstək nümayiş etdirməliyik. Azərbaycan dövləti bu kimi məsələlərə həssas yanaşmalıdır. Dövlət səviyyəsində çox vacib, təxirasalınmaz tədbirlər həyata keçirilməlidir.

-Bəs qarşıdan gələn bələdiyyə seçkiləri İqdır və Vanda yaşayan azərbycanlılar üçün nələr vəd edir?

-Vanda apardığımız müşahidələrimiz ondan ibarətdir ki, bu vilayətdə hakim Ədalət və İnkişaf Partiyasının namizədi güclənir. Bu vilayətdə milliyətçi kəsimin gücü isə çox aşağıdır. Ona görə də Vandakı milliyətçi kəsimin BDP-dən qurtulmaq üçün AKP-nin namizədinə dəstək verəcəyi şübhə doğurmur. Çünki bələdiyyə seçkilərində Vanda AKP-nin namizədinin qalib gəlməsi hər kəs üçün müsbət nəticələrə gətirib çıxara bilər. İqdırda isə bələdiyyə sədrliyinə namizəd Gündüz Günəşiin qalib gələcəyinə inanırıq. Çünki beş il bundan əvvələ nisbətən bu dəfə İqdırda Azərbaycan türklərinin səsi parçalanmır. Məlum olduğu kimi beş il bundan əvvəlk keçirilən bələdiyyə seçkilərində Azərbaycan türklərinin səsi parçalandı. Belə ki, Azəri türklərindən biri AKP-dən, digəri isə MHP-dən bələdiyyəyə namizəd oldu. Seçkidə səslərin parçalanması isə bu mübarizədən BDP-nin qalib ayrılmasına gətirib çıxardı. Bu dəfə isə mənzərə tamam fərqlidir və İqdırda BDP-nin səsləri parçalanır. Bu baxımdan Gündüz Günəşin namizədliyini uğurlu hesab etmək olar. Onu da qeyd edim ki, Gündüz Günəş İqdırda böyük nüfuza malikdir.  Biz də Beynəlxalq Diaspora Mərkəzi olaraq İqdıra səfərimiz çərçivəsində onun seçki qərargahını ziyarət etdik, onunla şəxsən tanış olduq. Gündüz Günəş xalqın dərdini kifayətqədər bilən, onun içərisində olan birisi olduğu üçün bu şəxsin seçkilərdə nailiyyət qazanacağına inanıram. Bir məqamı da xüsusi qeyd edim ki, İqdırda artıq partiya məsələsi yoxdur. Çünki AKP və CHP-yə rəğbəti olan, eyni zamanda həmin partiyaların İqdırdakı Azərbaycan türklərindən olan üzvləri seçkidə Gündüz Günəşə səs verəcəklər. Artıq burada ideoloji-siyasi maraq yox, milli məsələ ön plandadır. İqdır BDP-dən qurtulmalıdır. İqdır bu dəfə qurtulmasa seçkilərdə BDP- uduzulsa bu bölgədə həm Azərbaycan, həm Türkiyə üçün böyük problemlər yaşanacaq.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 12 mart.- S.15.