Molla Vəli Vidadinin
yaradıcılığında qürbət
mövzusu
XVIII
yüzil Azərbaycan şerinin görkəmli nümayəndələrindən
biri də Molla Vəli Vidadidir. Vidadinin yaşadığı
dövr klassik şerdən daha çox xalq şerinin
inkişaf etdiyi bir dövr olduğu üçün onun
yaradıcılığında xalq şerinin örnəklərinə
daha çox rast gəlinir. Məhz buna görə də onun
dili hətta özündən çox illər sonra
yaşayıb, klassik şerlə yazıb yaratmış
şairlərin dilindən daha sadədir. Şairin
yaşayıb fəaliyyət göstərdiyi dövr həm də
onunla səciyyələnir ki, ədəbiyyatımızda vətən
həsrəti, qürbətdən şikayət daha
çoxdur. Bu da heç şübhəsiz ki, dövrün
hadisələri ilə bağlıdır. Səfəvilər
hakimiyyətinin sonuna yaxın hərcmərclik, ölkənin
ruslar və osmanlılar tərəfindən işğal
olunması, Nadirin ölkəni qılınc gücünə
birləşdirməsi, Nadirə qarşı üsyanlar və
son olaraq xanlıqlar dövründəki anarxiya və xaos əhalinin
bir hissəsini öz doğma yerlərini tərk edib qürbətə,
özəlliklə də nisbətən əmin-amanlığın
hökm sürdüyü Gürcüstana köçməyə
vadar etmişdi. Vidadi də bir müddət qürbətdə
yaşadığından bütün
yaradıcılığı boyu qürbətdən dad
qılmışdır.
Qürbətə həsr etdiyi şerlər
onun yaradıcılığının əsas özəyini
təşkil edir. Bu isə qeyd etdiyimiz kimi onun daha çox
xalq şeri üslubunda yazdığı şerlərində
özünü göstərir. Çünki, qəmi, kədəri
əruz vəznində yazılmış şerlərə
nisbətən xalq şerində, özəlliklə də
bayatılarda daha yaxşı vermək olur.
Həyat
üzərində apardığım müşahidələrdən,
yaşlı insanlarla etdiyim söhbətlərdən belə
bir qənaətə gəlmişəm ki, insan yaşa dolduqca
kövrəlir, ata-anaya daha çox ehtiyac hiss edir, onları
daha tez-tez anmaq istəyir, doğma vətəni
üçün, doğmaları üçün daha
çox darıxır.
Hər məzara düşər olsa güzarın,
Yada düşər ata-ana məzərın.
Vidadi, xəstədək
artar azarın,
Bir gün olar vətən deyib ağlarsan.
Yada
düşər bağçaların, bağların.
Ala
qarlı, boz dumanlı dağların
Qocalırsan,
keçər cavan çağların,
Bir gün olar vətən deyib ağlarsan.
Digər bir şerində isə Vidadi təkcə
şikayətlənmir, sadəcə fəryad qoparır, qan
ağlayır.
Vidadi, xəstəyəm,
günlər sanaram,
Dərd əhliyəm,
qəm hərfini qanaram,
Qəriblikdə
yada düşər yanaram,
Aşna, yoldaş, yar, müsahib, ellər hey.
Vidadinin qəriblik hisslərini başa
düşmək heç də çətin deyildir. Bilindiyi kimi Vidadi ömrünün müəyyən
hissəsini saraylarda yaşamışdır. O, əvvəlcə
Qarabağın Gülüstan məlikliyinin sarayında, daha
sonra isə Kartli-Kaxetiya (Gürcüstan) çarının
sarayında yaşamışdır. Məhz
saray həyatı idi şairi bədbinləşdirən də,
onu “qəm mülkünün sultanı” edən də. Ona görə də şair, onu bədbinlikdə,
ağlayıb sızladığına görə
günahlandıranlara “məni, rəngü-ruyi, cismi, taqəti,
canı, küllü-varı əlindən çıxana
dağ-daş, ulus, oymaq, el-oba öz başına deyil ki,
ağlamasın”.
Şairin saraya getməsi tarixi dəqiq bəlli
deyildir. Lakin onun Vaqif tərəfindən
saraya dəvət olunmasını və Vaqifin saraya 1959-cu ildə
gəlməsini nəzərə alsaq bu tarixi 60-cı illərin
əvvəllərinə aid etmək olar. İlk əvvəl
Ölüncə
çıxmanam ta Gülüstandan
- və ya
Xan buyuran
qulluqlarda qaim ol,
Gör düşmənə nə həqarət eylərsən.
-deyən şair bir müddət sonra bu
yaltaqlıq və riyakarlıq yuvasına uyuşa bilməyib
oranı tərk edir. Anlayır ki, bir insan üçün,
bir şair üçün ən yaxşısı doğma eli, obasıdır. Saraya, var- dövlətə
nifrət edən şair ona xanın qılığına
girib ondan “xələtdən, puldan” almasını məsləhət
görən Vaqifə kəskin etiraz edirdi:
Çox
bulanma bu dünyanın qanına,
Vəfa
yoxdur sultanına, xanına,
Danasını
bir gün qoymaz yanına,
Bizim inək
kimi təpər, ağlarsan.
Digər bir şerində isə o, ətrafındakılara
Allaha sığınmağı, xanlardan, sultanlardan uzaq
olmağı məsləhət görürdü.
Daim
haqdır Vidadinin deməyi,
Doğruların
hərgiz itməz əməyi
Hər
kimin ki, mövla olur köməyi
Nə
işi var sultan ilə, xan ilə.
Vidadi öz qələmini həm klassik, həm
də xalq şeri janrında sınamışdır.
Yaradıcılığının az
olmasına baxmayaraq o, nə yaradıbsa yüksək sənətkarlıqla
yaradıb. Hər iki vəzndə (heca və əruz)
yazdığı şerlərinin əsas mövzusu vətən
həsrəti, yurd nisgili, doğmalırından ayrı
düşmüş bir qəribin ah-naləsi, zəhmətə
bağlılıq, insanları xeyirxahlığa, səmimiyyətə,
hakimləri ədalətə səsləməkdən və
eyni zamanda zəmanəyə qarşı üsyandan ibarətdir.
Lakin, keçmiş marksistlərdən öyrəndiyim
bir fikri (indi ədəbiyyatda onlardan sitat gətirrmək dəbdə
olmasa da) çox xoşlayıram. İnsanın
insanı istismar etdiyi bir cəmiyyətdə hakimlər istəsələr
belə ədalətli ola bilməzlər. Bu, ona bənzəyir ki, coşqun, lilli bir dağ
çayı təmiz suyu da öz ağuşuna alıb
aparır. Buna görə də Vidadinin ədalətli
hakim istəkləri zamanında utopiyadan başqa bir şey
deyildi.
Vidadinin yaradıcılığında
istər öz dövrü üçün, istərsə bu
günümüz üçün aktual olan əsərlər
var. Onun “Müsibətnamə” tarixi mənzuməsində vətən
naminə bir-birlərinə kömək etmək əvəzinə
hakimiyyəti bir-birinin əlindən almağa cəhd edən,
bu yolda hətta bir-birinə qəsd etməkdən belə
çəkinməyən satqınları ifşa edir. Bu əsər xanlıqlar dövrünün real mənzərəsini
vermək və bu gün bizə, bizimçün çox
vacib olan milli birlik hissi aşılamaq baxımından qiymətlidir.
Belədir
dövran işi, hər gündə bir al eyləmiş,
Aqili nadan
ilə pəjmürdə əhval eyləmiş
Üz
verib namərdə, hərdəm mərdi pamal eyləmiş
Ei Vidadi,
gəl ki, bu heyrət məni lal eyləmiş,
Gör nələr
qıldı fələk Müştaq tək insanə, bax.
Tərkdünyalıq Vidadinin bütün
yaradıcılığına hakim kəsilsə də klassik
vəzndə yazdığı şerlərinə nisbətən
lirik şerlərində şair nisbətən nikbindir, həyata
xoş baxışlıdır. Sevgilisinin
vüsalına xoş ümüdlər bəsləyir. Onun lirik şerlərinin qəhrəmanı olan
aşiq gecə-gündüz sevgilisinin vüsalının həsrətini
çəkir. Ona öz şirin
canını belə qurban verməyə hazırdır. Sevgilisinin cəmalını cənnət
gülünə, dişlərini gövhərə bənzədir.
Çiyinlərinə tökülmüş siyəh
tellər, qara qaş-gözü adamın imanını əlindən
alır. Tər cəmallı, xoş bədənli,
xəttü-xallı sevgilisinin başına pərvanə kimi
dolanır. Çünki, onun bu dünyada
ös sevgilisindən başqa güvənc yeri yoxdur. Amma bu sevgi şerlərində də də bəzən
qürbətdən şikayət var. Şerlərində təsvir
etdiyi aşiq qəribdir. Qərib yerdə
ölən aşiq öz sevgilisini çağırır,
ondan imdad diləyir, ondan başqa heç kimim yoxdur deyir.
Vidadi gözəlin hüsnünü Quran ayələri
ilə müqayisə edir. Və bu kitabı kim oxumayıbsa “Nə bilir ki, hədis nədir,
ayə nə” - deyir.
Qürbət nisgili onun Vaqiflə
deyişməsində daha təsirli verilir. Ədəbiyyatımızın gözəl bədii
örnəklərindən sayıla bilən, “Ağlarsan”
adlanan bu deyişmədə Vidadi öz yaradıcılıq ənənəsinə-bədbinliyə
sadiq qalır. Onu, bu dünyanın dərd-sərini
unudub ömrünü xoş keçirməyə
çağıran Vaqif hələ irəlidə onu hansı
faciələrin gözləməsindən əsla xəbərdar
deyildi. Amma Vidadi artıq bu faciələri
şəxsi həyatənda yaşamışdı. Ona görə də nikbin Vaqifə nisbətən
Vidadi bədbin idi. Bu zaman o, artıq həyatın
hər cür eybəcərliklərinin şəxsən
şahidi olmuş, dünyanın vəfasızlığının
dadını şəxsi həyatında
görmüşdü. Lakin
göründüyü kimi Vidadinin bu dünyanın var-dövlətindən
əl üzüb, xanlardan vəfa ummamaq
çağırışlarına Vaqif qulaq belə asmır,
həyata baxışında özünü haqlı
sayırdı. Vidadinin “yadlarla adamın
ömrü çürüyür, yad ellərdə insana tənə
etdikdə bu söslər ürəyə ox kimi batır.
Qürbətdə birini şad görəndə
qəmlənirsən, doğma eli-obanı gələndən
gedəndən soruşursan” kimi nəsihətləri hələ
ki, Vaqifə yaddır. O, Vaqifi günah içlərdən
çəkindirərək deyirdi:
Səni hər
kim görsə haqq dərgahında,
Qatar
qabağına qovar, ağlarsan.
Vaqif isə qeyd etdiyimiz kimi həyatın
gərdişini vecinə almır, bu dünyanın əzabını
belə toy-bayram adlandırırdı. ömrünü xoş keçirməyə
çalışırdı:
“Ağlarsan” özlüyündə hər
birinin özünü haqlı sayan iki müxtəlif təriqətin
deyişməsidir. Və onların hər biri
əqidələrinə sadiq qalırlar. Burada
hər iki şairin daxili və xarici aləmi
açılır. İki əks təriqətə
mənsub olsalar da bu onların dostluğuna heç bir xələl
gətirmir. Deyişməni oxuduqca
anlaşılır ki, Vidadi dövrünün savadlı şəxslərindən
olub və ən azı mükəmməl dini təhsil
almışdır. Deyişmə eyni
zamanda öz dövrünün dini ictimai siyasi mənzərəsini
vermək baxımından da qiymətlidir. Burada
şair dövrünün haqsızlıqlarını, hərc-mərcliklərini
ustalıqla verir. Vaqifi ehtiyatlı
olmağa çağırır, sözü harda gəldi
danışmamağı məsləhət görür.
Bu
sözləri ləzgi içrə buyurma,
Səni
qalmıqlara satar, ağlarsan.
Vidadinin bir yüzillik ömründə
yaratdıqları kiçik bir kitabçadan ibarət olsa da
onun dərin məzmunlu, XVIII yüzil xalq həyatını əks
etdirən şerləri şairə Azərbaycan ədəbiyyatında
xüsusi bir mövqe qazandırmışdır.
Yeqzar Cəfərli
yeqzar_91@mail.ru
Olaylar.-
2014.- 13 mart.- S.12.