“Xaricdə yaşayan hər
bir soydaşımız
diaspor məsuliyyəti daşıyır”
Fuad
Hüseynzadə: “DJB-ın yaradılması həm də
onu
göstərir ki, Azərbaycan jurnalistikası beynəlxalq
jurnalistika
ənənələrinə uyğun olaraq inkişaf edir”
Diaspor Jurnalistləri Birliyinin sədri Fuad
Hüseynzadənin “Olaylar”-a müsahibəsi.
- Diaspor Jurnalistləri Birliyinin yaradılması hansı
zərurətdən irəli gəldi?
- Birliyin yaradılması illərin təcrübəsinin
nəticəsidir. Çünki illərdir ki,
biz diaspor mövzusunda müxtəlif səpkili yazılarla
mediada çıxış edirik. Artıq,
diaspor mövzusunda yazan jurnalistlər profilləşib.
Biz tez-tez görüşüb diasporla bağlı fikir
mübadiləsi edir, təcrübəmizi
bölüşür,
müzakirələr aparırdıq. Ötən ilin sonunda, Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü ərəfəsində isə bir
araya gələrək DJB-ni yaratmaq qərarına gəldik.
Bu, Azərbaycanda diaspor mövzusunda yazan
jurnalistləri bir araya gətirəcək təşkilatdır.
Qurumda ölkənin müxtəlif qəzet və
portallarında fəaliyyət göstərən mətbuat
nümayəndələri təmsil olunur. Onu
da deyim ki, DJB-ın yaradılması Azərbaycanda sahəvi
jurnalistikanın inkişaf göstəricidir. Bu da ümumiyyətlə, jurnalistikamızın
inkişafının bir nümunəsidir. Nəzərə
çatdırım ki, beynəlxalq jurnalistikada jurnalistlərin sahəviləşməsi
vacib amil hesab olunur. DJB-ın yaradılması həm
də onu göstərir ki, Azərbaycan jurnalistikası beynəlxalq
jurnalistika ənənələrinə uyğun olaraq
inkişaf edir.
- Əsas
məqsəd və
fəaliyyət istiqamətiniz hansılardır?
- DJB-ın məqsədi ölkə
mediasının diaspor mövzusuna diqqətini artırmaq,
xaricdəki Azərbaycan diaspor təşkilatları ilə əlaqələr
qurmaq, onların fəaliyyətini cəmiyyətə
çatdırmaqdır. Bundan başqa təşkilat
xarici ölkələrin nüfuzlu KİV-lərində
çalışan jurnalistlərlə əlaqələr
qurmaq, bu yolla Azərbaycan həqiqətlərinin
ayrı-ayrı ölkələrin KİV-lərində
yayılmasına nail olmaq istiqamətində də fəaliyyət
göstərəcək. Biz inkişaf etmiş ölkələrin
diaspor jurnalistlərinin təcrübəsini kompleks
şəkildə
araşdırıb və onlardan Azərbaycan şəraitində
istifadə yollarını müəyyənləşdiririk. Çalışacağıq ki, Azərbaycanın
diaspor təşkilatları ilə intensiv media əlaqələri
quraq. Diaspor sahəsində tədris,
maarifçilik sisteminin yaradılması ilə bağlı fəaliyyətlər
nəzərdə tutmuşuq. Bununla yanaşı, diaspor
sahəsinə dair ədəbiyyatların, xüsusi
kitabçaların və s. nəşr materiallarının
hazırlanması, eləcə də dəyirmi masa, forum və
konfransların keçirilməsi də nəzərdə
tutulub.
- Bu
yaxınlarda Xocalı soyqırımının 22-ci il dönümü qeyd olundu. DJB
olaraq siz hansı təbirlər keçirdiniz?
- Biz Xocalı soyqırımının
22-ci ildönümü ərəfəsində silsilə tədbirlər
keçirdik. Belə ki, ilk olaraq DJB tərəfindən
Bakıda “Xocalı soyqırımının dünyada təbliğ
olunmasının yeni formaları” mövzusunda dəyirmi masa
keçirildi. Mötəbər
qonaqların iştirak etdiyi bu tədbirdə maraqlı təkliflər
irəli sürüldü. Yeri gəlmişkən,
biz bu təklifləri aidiyyəti dövlət və
qeyri-hökumət təşkilatlarına, eləcə də
xaricdəki bütün milli diaspor qurumlarına göndərdik.
Növbəti işimiz kimi DJB-ın Ukrayna
üzrə nümayəndəliyinin rəhbəri Qaraş
Tağıyevin Xocalı soyqırımı ilə
bağlı çəkdiyi filmi qeyd etmək olar. Filmin əsas süjet xəttini Moldova Ombudsmanı
Aureliya Qriqoriunun Ermənistan Parlamentində Xocalı
soyqırımı ilə bağlı ədalətli
çağırışı, Xocalı həqiqətlərini
səsləndirməsi və bunun nəticəsində Ermənistanda
üzləşdiyi fəlakətlər, təhlükələr
təşkil edir. Bundan başqa 26 fevral
günü bizim seçdiyimiz 50 nəfər fəallar tərəfindən
elektron məktub aksiyası keçirildi. Bu
aksiya zamanı 800-ə yaxın Avropa parlamentariləri, həmçinin
dünyanın məşhur KİV orqanlarının elektron
ünvanlarına Xocalı soyqırımı ilə
bağlı ingilis dilində hazırlanmış yazılar
göndərildi. Bütün bunlarla
yanaşı, təşkilatın 3 təmsilçisi Almaniyada
Xocalı soyqırımı ilə bağlı keçirilən
aksiyalarda iştirak etdilər. Eyni zamanda
DJB təmsilçilərinin xarici mediada Xocalı həqiqətləri
haqda yazları çap olundu.
- Azərbaycan
mətbuatı diaspor mövzusuna lazımi diqqət
ayırırmı?
- Əvvəlki illərlə
müqayisədə bu gün KİV-də diaspor mövzusuna
xüsusi diqqət göstərilir. Diasporla İş üzrə Dövlət Komitəsi
mütəmadi olaraq diaspor təşkilatlarının
gördüyü işlərlə bağlı xəbərləri
mediada yayır. Eyni zamanda media orqanları
özləri fərdi olaraq diaspor mövzunda materialları dərc
edirlər. Xüsusən son illər Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun elan etdiyi KİV layihələri və fərdi
jurnalist yazıları ilə bağlı müsabiqələrdə
diaspor mövzuna yer verilir. Fondun elan etdiyi
KİV layihələri müsabiqəsində diaspor mövzusu
istiqaməti üzrə qalib olan media orqanları müxtəlif
səpkili yazılar dərc edirlər. Bu
da nəticədə diaspor mövzusunun KİV-də daha
çox işıqlandırılmasına gətirib
çıxarır. Məhz bunun da nəticəsidir
ki, artıq, diaspordan yazan jurnalistlər şəbəkəsi
yaranıb. Amma diaspordan nə qədər
yazılsa da bu, kifayət deyil. Biz bu
mövzuya diqqəti daha da artırmalıyıq. Elə DJB-ı yaratmaqda bir məqsəd də bundan
ibarətdir. Əslində biz diasporumuzu Azərbaycanda
tanıtmaqla yanaşı, onları yaşadıqları
ölkələrdə də tanıtmalıyıq. Çünki xaricdə yaşayan elə azərbaycanlı
alimlər var ki, onların elmi ixtiraları nəticəsində
yeni-yeni zavod və müəssisələr
açılıb. Hətta onların
ixtiraları Avropada, Amerikada qeydiyyatdan keçən patentlərlə
qorunur. Bir çox xarici ölkələr bilməlidir
ki, onların elimi, texnikası, səhiyyəsi və s.
inkişafında azərbaycanlılar da öz töhfəsini
verirlər. Biz bu istiqamətdə hazırda
Almaniyada layihə həyata keçiririk. Gələcəkdə
digər ölkələrdə də bu kimi layihələr həyata
keçirəcəyik. Biz öz
yazılarımızla diasporun məsuliyyətini
artırmalıyıq. Yəni yazılar elə
verilməlidir ki, diaspor öz məsuliyyətini hiss etsin.
Ümumiyyətlə, diasporumuz dövlət,
xalq qarşısında məsuliyyət hiss etməlidir.
Azərbaycanı dünyada tanımaq işində
dayanmadan, mütəmadi olaraq fəaliyyətdə
olmalıdır. Diasporumuz özünü
güclü, müstəqil dövləti olan bir xalqın
nümayəndəsi olaraq göstərməlidir. Bu
gün milli diasporumuzun güdən-günə çiçəklənən
Azərbaycan adlı ölkəsi var. Dünya Azərbaycanlılarının
III qurultayında Prezident İlham Əliyevin dediyi kimi
dünyada yaşayan bütün azərbaycanlılar həmişə
bilsinlər ki, onların arxasında güclü Azərbaycan
dövləti dayanır və onlar hər zaman Azərbaycan
dövlətinə arxalana bilərlər.
- Fəal
diaspor nümayəndələri cəmiyyət tərəfindən
o qədər də tanınmırlar. Sizə elə gəlmirmi
ki, burada medianın da günahı az deyil?
- Qeyd etdiyim kimi bu gün Azərbaycan
mediası diaspor mövzusuna və ya diaspor nümayəndələrinin
mediada işıqlandırılmasında daha çox maraqlıdır.
Çünki bu gün Azərbaycan həqiqətlərinin
dünyada təbliği işi prioritetdir. Bu
işi də əsas həyata keçirən qüvvə
diasporumuzdur. Məhz buna görə də
media diasporla işləməyə, onun fəaliyyətindən
yazmağa maraqlıdır. Amma bəzən
biz praktikada bəzi diaspor nümayəndələrinin mediaya
yaxınlıq etmək istəklərinin
olmadığının şahid oluruq. Hətta
belə diaspor nümayəndələri ölkəyə gələrkən
belə, mediaya çıxmağa maraqlı olmurlar.
- Azərbaycan
həqiqətlərinin xarici həmkarlarınıza
çatdırılması üçün birlik olaraq nələri
düşünürsünüz?
- Biz əcnəbi həmkarlarımızla
birbaşa və ya DJB-ın xaricdəki özək sədrlərinin
vasitəsilə əlaqələr yaradırıq. Onlarda Azərbaycan həqiqətlərinə maraq
olsun deyə qarşılıqlı informasiya mübadiləsi
etməyi düşünürük. Məsələn,
biz hər hansı ölkənin həqiqətlərini öz
mediamızda yayacağıq. Onlar da bizim həqiqətlərimizi
öz mediasında dərc edəcəklər. Belə olanda əcnəbilər də görər
ki, biz onların da hər hansı probleminə biganə
deyilik. Həmçinin DJB nəzdində
Diaspor Media Mərkəzi yaratmaq fikrimiz var. Bu mərkəz
vasitəsilə davamlı olaraq xaricdəki azərbaycanlı
və əcnəbi həmkarlarımızı Azərbaycan həqiqətləri
ilə bağlı məlumatlarla təmin edəcəyik.
Eləcə də onların, ümumiyyətlə,
diasporumuzun məlumatlarını Azərbaycan mediasında
yayacağıq.
- Diaspor nümayəndələri
tərəfindən birliyin yaradılması necə
qarşılanır?
- Əlbəttə ki, DJB-ın
yaradılması diaspor təşkilatı sədrləri tərəfindən
çox müsbət qarşılanır. Biz çalışırıq ki, diasporla birgə əməkdaşlıq
çərçivəsində fəaliyyət göstərək.
Bu fəaliyyətlə diasporumuzun işinə
media dəstəyi vermiş oluruq. Eyni
zamanda onlarla birgə Azərbaycan həqiqətlərini xaricdə
yaymaq işinə qoşulmuş oluruq. Bütün
hallarda məqsəd və qayəmiz Azərbaycanın səsinin
xaricdə daha çox eşidilməsidir. Azərbaycan
naminə kim çalışırsa, biz
onunlayıq və ya buyursun, biz onunla işləməyə həmişə
hazırıq.
- Diasporun
fəaliyyəti dövlətlərarası əlaqələrin
ümumi dinamikasına necə müsbət təsir göstərə
bilər?
- Diasporun dövlətlərarası münasibətlərin
inkişafında özünəməxsus rolu var. Əgər
diaspor öz tarixini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini layiqincə tanıdırsa,
yaşadığı ölkənin istər yerli, istər rəsmi
dairələrinin diqqətini çəkmiş olur. Bunun üçün diaspor yaşadığı
ölkənin ictimai-siyasi proseslərində fəallıq
göstərməlidir. Eyni zamanda inteqrasiya
sürətini artırmalıdır. Öz
tədbirlərinə yaşadığı ölkənin daha
çox siyasi və akademik elitasını cəlb etməlidir.
Belə olduqda diaspor yaşadığı
ölkənin marağını qazanar. Xaricdə daimi
yaşayan, işləyən, təhsil alan
hər bir azərbaycanlı bu kimi münasibətlərin
inkişafında əhəmiyyətli rol oynayır. Bu münasibətləri inkişaf etdirmək
üçün o demək deyil ki, hər hansı diaspor təşkilatını
təmsil edəsən. Azərbaycandan kənarda
yaşayan hər bir soydaşımız diaspor məsuliyyəti
daşıyır.
-
Perspektiv planlarınızı da bilmək istərdik.
- Bizim əsas fəaliyyətimiz xaricdə Azərbaycan
həqiqətlərinin təbliğatını aparmağa
fokuslanıb. Çalışırıq ki,
faciələrimizi özümüzün yox,
başqalarının dili ilə dünya ictimaiyyətinə
çatdıraq. Belə olduqda təbliğat
daha böyük effekt vermiş olar. Biz Azərbaycan
həqiqətlərinin təbliğində hədəflərə
çatmaq üçün fərqli layihələr həyata
keçirəcəyik. Öz təbliğati
işimizdə yeni formalara üstünlük verəcəyik.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2014.- 13 mart.- S.10.