Finlandiya-Azərbaycan Dostluq

Cəmiyyətinin uğurlu diaspor fəaliyyəti

 

Ölkəmizi xaricdə layiqincə təmsil edən, üzləşdiyimiz problemləri, Ermənistanın təcavüzkarlıq siyasətini dünya ictimaiyyətinə çatdıran diaspor təşkilatlarından biriFinlandiyada fəaliyyət göstərən Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətidir. Cəmiyyət bu günlərdə 10 illik yubileyini qeyd edib.

Məlumat üçün qeyd edək ki, Təranə Nəzərovanın rəhbərlik etdiyi Finlandiya-Azərbaycan Dostluq Cəmiyyəti 2004-cü  ildə Finlandiyanın paytaxtı Helsinki şəhərində təsis olunub. Fəaliyyət göstərdiyi bu müddət ərzində cəmiyyət Azərbaycan mədəniyyətini və tarixini, xalqımızın adət-ənənələrini Finlandiyada geniş təbliğ edib, ölkəmizin qarşılaşdığı problemləri Finlandiya ictimaiyyətinə çatdırmağa calışıb. Belə ki, cəmiyyət Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması haqda həqiqətləri və ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi Xocalı soyqırımı ilə bağlı gerçəkləri vaxtaşırı yerli ictimaiyyətə çatdırmaq üçün müxtəlif tədbirlər, aksiyalar keçirir, eləcə də Finlandiyanın rəsmi qurumlarına müraciətlər ünvanlayır. Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin əsas məqsədlərindən biri də milli ənənələri möhkəmləndirmək, gənc nəsli vətənpərvər ruhda böyüməsinə yardım etmək, onların arasında ana dilini təbliğ etmək, bu ölkədə yaşayan azərbaycanlıların hüquq və mənafelərini qorumaqdır. Finlandiyanın mədəni həyatına tamamilə inteqrasiya etmiş cəmiyyətinin nəzdində hazırda gənclər təşkilatı, qadınlar klubu və uşaq dərnəyi fəaliyyət göstərir. Cəmiyyət Finlandiyada fəaliyyət göstərən digər xalqların, xüsusilə türkdilli xalqların diaspor təşkilatları ilə də sıx əməkdaşlıq edərək Azərbaycan xalqının tarixi əhəmiyyət kəsb edən bir sıra əlamətdar günlərini məhz onlarla birgə qeyd etməyə üstünlük verir.Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Təranə Nəzərova təşkilatın səmərəli fəaliyyətinə görə Azərbaycanın dövlət qurumları tərəfindən mükafatlandırılıb. Ötən 10 il ərzində cəmiyyət bir sıra uğurlu layihələrə imza atıb, Azərbaycanla bağlı Finlandiyada silsilə tədbirlər keçirib. Belə ki, cəmiyyət bu ölkənin parlamenti qarşısında “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş mitinq təşkil edib. Aksiya iştirakçıları əllərində “Xocalıya ədalət!” yazılmış plakatlar və Türkiyə, Azərbaycan bayraqları tutublar. Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova mitinqdə çıxış edərək Xocalı soyqırımının ermənilərin insanlıq əleyhinə törətdiyi ən dəhşətli cinayət olduğunu bildirib. Daha sonra Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib. Mitinqdə Azərbaycan və Türkiyə diaspor təşkilatlarının üzvləri, azərbaycanlı tələbələr, eləcə də Finlandiya ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir zamanı Xocalı soyqırımı ilə bağlı videomateriallarla birgə imzalanmış petisiya Finlandiya Xarici İşlər Nazirliyinə və Finlandiya Parlamentinə göndərilib.

Cəmiyyət Azərbaycan tarixində əlamətdar olan günləri də müntəzəm olaraq qeyd edir.Finlandiyanın mərkəzi olan Helsinki şəhərində ilk dəfə olaraq məhz Azəri-Fin Dostluq cəmiyyəti tərəfindən Azərbaycan bayrağı dalğalanıb. Cəmiyyət Helsinkidə yerləşən Hilton otelində ulu öndər Heydər Əliyevin  yubileyi və 28 May Respublika Gününə  həsr olunmuş ''Azərbaycan Günü'' adlı təntənəli tədbir təşkil edib. Gecədə Finlandiyanin dövlət və hökumət təmsilçiləri, parlament üzvləri, muəllim və tələbələr iştirak ediblər. Tədbiri açıq elan edən və qonaqları salamlayan Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova ümummilli lider Heydər Əliyevin həyatı, fəaliyyəti barədə və Respublika Günü haqqında iştirakçılara məlumat verib. Daha sonra çıxış üçün söz alan Helsinki Universitetinin tələbəsi Ülkər Ağayeva ulu öndərin əvəzsiz fəaliyyəti nəticəsində Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan, gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. “Azərbaycan Günü”ndə ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş fotosərgi və qısametrajli sənədli film nümayiş olunub. Gecənin sonunda qonaqlar üçün Azərbaycan musiqilərindən konsert proqramı təşkil olunub.

Keçən ilin fevral ayında isə Azərbaycanın İsveçdə, Norveçdə və Finlandiyadakı səfiri Rafael İbrahimov Finlandiyanın Şimal bölgəsinin Lapland vilayətinin paytaxtı Rovaniemi şəhərindəki Lapland Universitetində “Azərbaycan bu gün” (“Azerbaijan Today”) mövzusunda mühazirə ilə çıxış edib. Belə bir görüşün təşkil olunmasında Finlandiya-Azərbaycan Dostluq Cəmiyyəti də fəalıq göstərib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Mauri Yla-Kotola 1979-cu ildə təsis edilmiş və 5,5 min tələbəsi olan təhsil ocağının tarixində Azərbaycan səfirinin mühazirəsinin ilk dəfə dinlənilməsini xüsusi vurğulayıb. Bir saat davam edən mühazirədə səfir Rsafael İbrahimov 1992-ci il fevralın 26-da erməni terrorçularının keçmiş Sovet İttifaqının 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərində azərbaycanlı dinc sakinlərə qarşı soyqırımı həyata keçirdikləri barədə ətraflı məlumat verib, faciənin ildönümü ilə bağlı silsilə tədbirlərin təşkil olunduğunu vurğulayıb. Diplomat Pakistan, Kolumbiya, Meksika parlamentlərinin, İslam Əməkdaşlıq Təşkilatının, ABŞ-ın bəzi ştatlarının bu faciəni soyqırımı kimi tanıdıqlarını bildirib.

Rafael İbrahimov xüsusilə qeyd edib ki, bu faciəni törətmiş erməni terrorçularının irimiqyaslı hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi zəbt edilib. Səfir, həmçinin etnik ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə köçürülməsinin, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Məruzədə Azərbaycanın tarixindən, zəngin mədəni irsindən, hazırkı sürətli iqtisadi inkişafından da geniş söhbət açılıb.  Həm Azərbaycanda, həm də yaxın və uzaq xarici dövlətlərdə 90 illik yubileyi böyük təntənə ilə keçirilən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra ölkəmizin vətəndaş müharibəsindən qurtulması, məhz ulu öndər tərəfindən aparılan islahatlar nəticəsində respublikamızın iqtisadiyyatının bərpa olunması və inkişaf etdiyi xüsusi vurğulanıb. Səfir eyni zamanda, son illərdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tarazlaşdırılmış, müdrik daxilixarici siyasət nəticəsində əldə edilmiş iqtisadi nailiyyətlər, dinamik inkişaf əsasında daimi sosial bazanın yaradılması haqqında da məlumat verib. Mühazirədən sonra Rafael İbrahimov iştirakçıların çoxsaylı suallarına cavab verib.  Tədbirdə universitetin rektoru, professor-müəllim heyəti, Qərbi və Şərqi Avropadan, Birləşmiş Ştatlardan olan tələbələr, politoloqlar, tarixçilər, şərqşünaslar və yerli KİV-lərin nümayəndələri olmaqla, ümumilikdə 60-dək adam iştirak edib. Həmçinin səfir Rafael İbrahimov universitetin kitabxanasına Azərbaycana dair ingilis dilində çapdan çıxmış kitablar toplusunu təqdim eib. Həmin topluda İsveç tarixşünası və şərqşünası Svante Kornelin “Azərbaycan müstəqillikdən sonra” (Azerbaijan since independence) kitabı da yer alıb. Tədbirin təşkilində Finlandiyada fəaliyyət göstərən Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti diaspor təşkilatının sədri Təranə Nəzərova fəal iştirak edib.

Finlandiyada fəaliyyət göstərən Finlandiya-Azərbaycan “Dostluq” Cəmiyyətinin sədri Təranə Nəzərovanın təşkilatçılığı ilə  ölkənin nüfuzlu Turku Universitetində Azərbaycana həsr olunmuş tədbir də keçirilib. Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri Rafael İbrahimov Turku Universitetində “Azərbaycan bu günmövzusunda mühazirə oxuyub. Tədbiri açan universitetin rektoru, professor Keyo Virtonen bu təhsil ocağında Azərbaycan səfirinin mühazirəsinin ilk dəfə təşkil olunmasından məmnunluğunu bildirib. Səfir Rafael İbrahimov mühazirəsində Azərbaycanın tarixindən, zəngin mədəni irsindən, sürətli iqtisadi inkişafından söz açıb. Diplomat Ermənistanın Azərbaycana hərbi təcavüzü və onun ağır nəticələri, 1992-ci il fevralın 26-da erməni silahlı birləşmələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı həyata keçirmələri, eləcə də münaqişənin həlli istiqamətində aparılan sülh danışıqları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra aparılan islahatlar nəticəsində ölkəmizin inkişaf və tərəqqi yoluna çıxması xüsusi vurğulanıb. Böyük Britaniyada yayımlanan “The Times” qəzetində 1982-ci, 1983-cü və 1984-cü illərdə dərc olunmuş məqalələr əsasında “soyuq müharibə” zamanı britaniyalı politoloqlar tərəfindən Sovet İttifaqının rəhbərləri arasında məhz Heydər Əliyevin ən güclü, peşəkar siyasi xadim olduğu diqqətə çatdırılıb. Diplomat Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə uğurla həyata keçirilən balanslaşdırılmış, uzaqgörən daxilixarici siyasət nəticəsində əldə olunmuş nailiyyətlərdən ətraflı söhbət açıb. Mühazirədən sonra səfir iştirakçıların suallarını cavablandırıb. Daha sonra Rafael İbrahimov Azərbaycana dair ingilis dilində dərc olunmuş kitablar toplusunu universitetin kitabxanasına təqdim edib. Həmin topluda İsveç tarixşünası və şərqşünası Svante Kornelin “Azərbaycan müstəqillikdən bəri” (Azerbaijan since independence) və kanadalı hərbi jurnalist Skot Teylorun “Barışmaz fərqlər” (Unreconciled differences) kitabları yer alıb. Mühazirədə universitetin professor-müəllim heyəti, Qərbi və Şərqi Avropadan, Birləşmiş Ştatlardan, Cənubi Amerikadan olan tələbələr, politoloqlar, tarixşünaslar, şərqşünaslar və yerli KİV-lərin nümayəndələri iştirak ediblər.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 14 mart.- S.15.