Azərbaycan və Türk diasporunun oxşar və fərqlilikləri
Bir millət, iki dövlət olan Azərbaycan və Türk xalqlarının dərin tarixi köklərə, ortaq milli-mədəni və mənəvi dəyərlərə malikdir. Müasir qloballaşma və inteqrasiya şəraitində qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi və inkişafı məqsədilə iki ölkənin diaspor təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi də zəruridir.
Yaxın
tarixə nəzər salsaq görərik ki, zamanın çətin imtahanlarında
möhkəmlənən qardaşlıq telləri XX əsrin əvvəllərində
Azərbaycan və Türkiyə arasında münasibətlərin
məzmununu müəyyənləşdirərək, hər iki xalqın istiqlaliyyətə
qovuşmasında müstəsna
rol oynayıb. XX əsrin
sonlarında dünyada gedən mürəkkəb
siyasi və iqtisadi
proseslər fonunda Azərbaycanın
dövlət müstəqilliyini bərpa etməsindən sonra iki ölkə
arasındakı münasibətlər yeni
məzmun kəsb etməyə başladı. 1991-ci ildə Azərbaycanın
Dövlət Müstəqilliyinin bərpası
haqqında Konstitusiya Aktını
alqışlayan ilk dövlət də məhz
Türkiyə Respublikası oldu. Müstəqilliyin möhkəmləndirilməsi,
respublikanın iqtisadi gücünün
artırılması və beynəlxalq aləmlə siyasi əlaqələrin qurulması üçün etibarlı tərafdaşların
dəstəyinə böyük ehtiyac duyulurdu və Azərbaycan
ən çətin günlərində belə bir dəstəyi Türkiyədən aldı.
Azərbaycanın dövlət müstəqilliyini
bərpa etməsindən sonra iki qardaş ölkə
arasında münasibətlər daha uğurla inkişaf etməyə
başladı. Tarixi yaxınlığa, din və dil birliyinə əsaslanan
əlaqələr eyni zamanda
müasir siyasi və iqtisadi reallıqlar nəzərə
alınmaqla möhkəmlənməkdədir. Azərbaycan
və Türkiyə yalnız etnik, mədəni,
mənəvi deyil, həm də siyasi və iqtisadi
baxımdan etibarlı müttəfiqdirlər. Regionu əhatə edən mühüm layihələrdə bu iki dövlətin birgə
iştirak etməsi, eyni
zamanda, beynəlxalq müstəvidə əlaqələrin
gücləndirilməsi Bakı ilə Ankara
arasında qarşılıqlı etimadın yüksək səviyyədə
olduğunu söyləməyə əsas
verir. Əlbəttə, bu əlaqələr birdən-birə
yaranmayıb. Azərbaycan-Türkiyə münasibətlərinin
bugünkü səviyyəsi hər iki qardaş xalqın tarixi mənafelərini və siyasi
iradəsini ifadə edir.
Qarşılıqlı milli maraqlar, müştərək iqtisadi
layihələrin perspektivləri, bir
sıra sahələrdə birgə fəaliyyət zərurəti
Azərbaycan və Türkiyəni ayrılmaz tarixi
və strateji müttəfiqlərə çevirib. Azərbaycan
xalqının ümummilli lideri
Heydər Əliyevin “Biz bir
millət, iki dövlətik!” və ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın
sevinci sevincimiz, kədəri
kədərimizdir!” kəlamları dövlətlərimiz
arasında münasibətlərin mahiyyətini özündə
əks etdirir.
İki ölkə arasındakı diaspor əlaqələri, onların tarixinə
də nəzər saldıqda oxşar çalarlar özünü
göstərir. Təhlillər sübut edir ki, Azərbaycan diasporunun formalaşması prosesinin
tarixi kifayət qədər dərin
köklərə malikdir. Tarixi
mənbələrə əsasən bu proses VII əsrin sonu - VIII
əsrin əvvəllərindən başlanır. Həmin dövrdə Xilafət ordusunun
Azərbaycana yürüşü ilə əlaqədar
ərəbdilli elm və mədəniyyətin
inkişafı, ticarət əlaqələrinin genişlənməsi,
eyni zamanda, azərbaycanlı
mütəfəkkirlərin Yaxın və Orta
Şərqin şəhərlərinə mühacirəti diasporun təməlini qoydu.
X – XIX əsrlərdə Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində
əslən Azərbaycandan olan yüzlərlə
alim və tələbənin biliklərə
yiyələnməsi, milli təfəkkürümüzün
region xalqlarının intibahında
qabaqcıl mövqeyə çıxması sayəsində
xaricdə məskunlaşması daha
geniş vüsət aldı.
XIX əsr
Azərbaycan diasporunun formalaşması
tarixində xüsusi mərhələ oldu. 1813-cü il Gülüstan və 1828-ci il
Türkmənçay müqavilələrinin imzalanmasından
sonra Azərbaycanın Çar
Rusiyasının tərkib hissəsinə çevrilməsi ilə
razılaşmayan yüzlərlə azərbaycanlı xarici ölkələrə miqrasiya etdi. Rusiyanın
Qafqazı hərbi və siyasi cəhətdən
özünə tabe etdirməsi, Azərbaycanın
bu ölkə ilə məcburi
inteqrasiyasına gətirib çıxardı. Bununla
belə, həmin dövrdə azərbaycanlılar arasında
görkəmli dövlət, elm və mədəniyyət
xadimləri, siyasətçilər də yetişdi və Rusiyanın müxtəlif vilayətlərində
məskunlaşdılar. Bu dövrdə azərbaycanlı
ictimai və siyasi
xadimlərin hakimiyyət və dövlət strukturlarında təmsil
olunması Azərbaycan ziyalılarının yeni
nəslinin yetişməsindən xəbər verirdi.
XIX əsrin əvvəllərindən etibarən Rusiya Xarici İşlər
Nazirliyində xeyli azərbaycanlı
çalışırdı. Çar ordusunda xidmət edən yüzlərlə azərbaycanlı
zabit və general Azərbaycan
diasporunun ən görkəmli nümayəndələri
kimi tarixə düşüblər. XX əsrin əvvəllərində azərbaycanlıların
xaricə axını daha geniş
vüsət almağa başladı. Qafqazda Çar
Rusiyasının antiislam və antitürk siyasəti məqsədli şəkildə
regionda azərbaycanlı əhalinin üstün mövqeyinin zəiflədilməsinə
yönəlmiş və 1905-1906-cı illərdə, habelə
1918-ci ildə ermənilərin törətdiyi məqsədli
soyqırım, etnik təmizləmə
siyasəti nəticəsində minlərlə
soydaşımız qətlə yetirilmiş,
tarixi torpaqlarını tərk etməyə
məcbur olmuşdu. Hazırda azərbaycanlıların
təqribi sayı 50 milyon nəfərə
yaxındır. Onların 10 milyon nəfərdən
çoxu Vətəndən kənarda məskunlaşıb.
Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində
daha çox məskunlaşıblar.
Onların sayı Amerika Birləşmiş
Ştatlarında 1 milyona, Argentinada
12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada
isə 27 minə çatır. Amerika qitəsinin
digər ölkələrində də soydaşlarımız
məskunlaşıblar. Burada məskunlaşan
azərbaycanlıların əksəriyyəti müxtəlif vaxtlarda İrandan miqrasiya ediblər. Azərbaycanlıların
1970-ci ildən etibarən Turkiyədən, 1991-ci ildən isə
Azərbaycandan bu qitəyə
axını Azərbaycan diasporunun sosial tərkibinə və fəaliyyətinə
öz təsirini göstərib.
Türk
diasporu da Azərbaycan diasporu kimi eyni yolu
keçib. Türklərin xarici ölkələrə
ilk miqrasiyası eramızdan
əvvəlki dövrlərə
təsadüf etsə
də, Türk diasporunun formalaşma tarixi başlanğıcını
Osmanlı İmperiyası
dövrü və Türkiyə Respublikasının
qurulmasından götürülür.
Öz dövrünün
ən zəngin dövlətlərindən olan
Osmanlı İmperiyasının
təəbələri digər
dövlətlərdə olduğu
kimi xoş güzəran ardınca başqa ölkələrə
mühacirət etməyib..
XV əsrdən sonra Avropa, Asiya
və Afrika qitələrində böyük
ərazilərə malik
olan Osmanlı İmperiyasında türklər
nadir hallarda yaşadıqları
əraziləri tərk
edirdilər. Xarici dövlətlərdə
məskunlaşmış türklər
yalnız müvəqqəti
olaraq (diplomatik fəaliyyət, dövlət
qulluğu, əsgəri
xidmətlə əlaqədar)
vətəndən kənarda
yaşayırdılar. Onların çoxu səlahiyyət və ya xidmət
müddətləri bitdikdən
sonra geri dönmüş, bir qismi isə çalışdıqları dövlətlərdə
əlverişli şəraitə
malik olduqlarından Vətənə qayıtmayıblar.
Bu səbəbdən də tədqiqatçıların
bir çoxu türk diaspor tarixini XV əsrdən götürür. Sonralar Osmanlı
İmperiyası zəifləsə
də türklərin
müəyyən bir qismi məskunlaşdıqları
ərazilərdə icmalar
halında yaşamaqda
davam etmişlər.
Avropaya türklərin geniş miqyaslı miqrasiyası isə 1950-ci illərdən
başlayır. Bu tarixdən etibarən Avropa kütləvi şəkildə türk mühacirlərini qəbul
etmişdi. Ailəvi
köç edən
ilk türk mühacirlər
əməksevərlikləri sayəsində qısa zaman ərzində özlərinə iş tapırdılar. Onlar özləri ilə
Avropaya türk ənənələrini, musiqisini
gətirmiş, Vətənlə
sıx əlaqələrin
olmasına baxmayaraq, Avropa mühitinə uyğunlaşa bilmişlər. Avropanın sosial-iqtisadi həyatının
ayrılmaz hissəsi olan böyük türk icması milli ənənələrə
riayət edən etnik diasporlardan hesab edilir. Onların əməksevərliyi və
işgüzarlığı Avropa dövlətlərinin
Türkiyə ilə əmək müqavilələri
imzalamasına səbəb
olmuşdu. İlk belə
müqavilə 1961-ci ildə
Almaniya ilə bağlanır. 1964-cü ildə Avstriya, Belçika, Niderland,
1965-ci ildə Fransa ilə də müvafiq sənədlər
imzalanır. Türk diasporunun
Avropada ictimai-siyasi fəaliyyəti 1970-ci illərdən
başlayır. 1970-80-ci
illərdə Almaniyada
məqsədyönlü fəaliyyət
nəticəsində Avropada
türk təşkilatlarının
sayı 156-ya çatır.
Həmin
dövrədək yalnız
Avropada 70 türk diaspor təşkilatı fəaliyyət göstərirdi
ki, onların da demək olar
ki, hamısı Almaniyada təşəkkül
tapmışdı. Türkiyə Xarici İşlər Nazirliyinin 1999-cu ildə yaydığı məlumata
görə, xarici ölkələrdə türklərin
sayı 4 milyondan çoxdur. Onlar dünyanın 70-dən çox ölkəsində
məskunlaşıblar. Türklərin sayca daha çox olduqları ölkələr
isə Almaniya (2,5 milyon), ABŞ (450 min), Niderland
(285 min), Fransa (275 min), Avstriya
(150 min), Belçika (85 min), Danimarka (36 min), Böyük
Britaniya (80 min), Norveç
(10 min), İsveç (36 min), İsveçrə (80 min), Avstraliya
(60 min), Səudiyyə Ərəbistanı
(130 min), Liviya (6 min), Küveyt
(3500), İsrail (20 min), Cənub-Şərqi
Asiya (55 min), Kanada (35
min), İtaliya (15 min), Finlandiya
(2 min), İspaniya (850-1000), İordaniyadır (1600). Hazırda Almaniyada
3 milyona yaxın türk yaşayır.
Bu ölkənin böyük şəhərlərində
kompakt halda məskunlaşan türklər
müxtəlif sahələrdə
çalışır, ictimai-siyasi
fəallıq göstərir.
Bütün sosial təbəqələrdə
təmsil olunan türklər Almaniyanın
sosial-iqtisadi inkişafında
önəmli rol oynamaqdadırlar. Avstraliyaya türklərin
mühacirət tarixi
XX əsrin əvvəllərindən
başlayır. 1911-ci ilin statistik məlumatına əsasən
həmin dövrdə
qitədə cəmi
332 nəfər türk
yaşayırdı. 1954-cü
ildə isə bu rəqəm 1036 nəfərə çatmışdı.
Avstraliya
türklərinin əksər
hissəsini Kiprdən
olanlar təşkil edirdi. 1960-ci ildən
başlanan kütləvi
türk mühacirəti
ilə əlaqədar
Türkiyə və Avstraliya arasında “Avstraliyada türklərin mövqeyi və fəaliyyəti haqqında
Türkiyə Cümruhiyyəti
hökuməti və Avstraliya Millətlər Topluluğu hökuməti
arasında razılaşma”
adlı əmək müqaviləsi imzalanır.
Bu sənəd türk mühacirlərinin
Avstraliyaya maneəsiz köçməsinə hüquqi
şərait yaradırdı.
Nəticədə Avstraliyada türklərin
sayı 1971-ci ildə
8 minə çatır.
1880-ci ildən etibarən Kanadaya köçməyə başlayan
türklər yalnız
1950-ci ildə diaspor halında təşkilatlanmağa
başlayırlar. 2003-cü
ilin məlumatına görə hazırda bu ölkədə türklərin sayı 13 minə yaxındır.
Amerikaya türklərin ilk gəlişi
XVI-XVII əsrlərə təsadüf
etsə də, bu prosesin kütləvi
hal alması 1860-ci illərdən etibarən başlayır. Zəifləməkdə olan Osmanlı İmperatorluğunda müharibə
və yoxsulluqdan əziyyət çəkən
vətəndaşların bir
çoxu ABŞ-a da üz tutur. Rəsmi sənədlərdə 1860-1921-ci illər arasında Amerikaya 1 milyon 200 min nəfərin mühacirət
etdiyi bildirilir. Bunların
200 min nəfəri türk
və müsəlman,
qalanları isə xristian xalqların nümayəndələri olub.
Mühacirlər bu ölkəyə
əsasən vaxtilə
Osmanlı dövlətinin
əraziləri olub Suriya, İordaniya və Şimali İraqdan gəlirdilər.
ABŞ Mühacirlər İdarəsinin məlumatına
görə 1900-1920-ci illər
arasında Türkiyədən
bu ölkəyə
391.435 nəfər daxil
olub.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2014.- 14 mart.- S.10.