Bar, diskoteka həyatı məndən uzaq olub”

 

Təyyar Bayramov: “Beton qarışdırmağı, taxta vurmağı da bacarıram”

 

“Bizim Qonaq” layihəsinin budəfəki həmsöhbəti xanəndə, əməkdar artist Təyyar Bayramovdu. Ağdamda doğulan, daha sonra məlum səbəblərə görə Bakıya gələn sənətkar ağrılı-acılı günlərindən, xoş xatirələrindən, ov səyahətlərindən danışır. O deyir ki, uşaq vaxtı mərmi yağışı artıq onlar üçün adi bir hal almışdı. Ailəsinin Mənsum İbrahimovla görüşündən sonra xanəndə olmaq istəyini qətiləşdirən Təyyar Bayramov bizimlə söhbət ərzində fobiyasından da söz açır....Sənətkarın ən böyük fobiyası nədir? Yəqin sizin üçün də maraqlı olacaq...

Mən kəndin bu başında oxuyanda qonşumuz o yandan hay verərdi

 

-Qarabağın Ağdam rayonunda doğulmuşam. Kəndimiz sonradan Ağdam kənd sahəsi adlandı. Ailədə 3 qız, bir oğlan olmuşuq. Bir müddət burda yaşamışıq. Sonra məlum səbəblərə görə oranı tərk etmişik. Yayda valideynlərimizlə müxəlif yerlərə gedib gəzərdik. Şuşaya, Laçına, Kəlbəcərə tez-tez gedərdik. Cıdır düzü, İsa bulağı mənim oylağım olub. O yerlər xatirəmdə izlər buraxıb. İsa bulağının yaxınlığında köhnə xanəndələrdən biri yaşayırdı. Səhv etmirəmsə adı Cəlal idi. Yaşlı insan idi, özü qaval çalıb, özü də oxuyurdu. Arzusunda idi ki, onunla birgə ova gedək, səsinə qulaq asaq...El-obamızın sazlı-sözlü, musiqili bir mühiti var idi. Dəfələrlə mənə sual veirlib ki, nə vaxtdan oxumağa başlamısan. Müğənnilərin hamısı belə suala cavab verərkən deyirlər ki, çox erkən yaşlarda, uşaqlıq illərində sənətə maraqları yaranıb, ifa ediblər. Həqiqətən də belədi. Ağdamda oxumaq qeyri-adi bir şey sayılmırdı. Hətta demək olar ki, hər kəsin özünəməxsus səsi var idi. Mən kəndin bu başında oxuyanda qonşumuz o yandan hay verərdi. Gözəl səsi olana qeyri-adi baxmırdılar...Yeddinci sinifə qədər orda oxumuşam...sonra da Bakıya gəldik.

 

Müharibə nəticəsində atamı da itirmişəm...

 

-Yadda qalan əsas uşaqlıq xatirələri, məktəb illərim, sinif yoldaşlarımdı. Son bir-iki ildə mərmi, güllə yağışı demək olar ki, xatirələrimi də silib apardı. Son olaraq yaddaşımda müharibə qaldı.  Mərmi, güllə yağışına o qədər alışmışdıq ki, bu bizim üçün normal idi. Elə olurdu ki, atılan mərmi 20 metrliyimizə düşürdü. Müharibə davam etdiyi şəraitdə belə qorxmurduq, uşaqlarla həyətə düşüb oynayırdıq.

 

Dovşan vurub quş ovlayardım

 

-Uşaqlarla futbol oynayardıq...Evimizin qabağında çoxlu bağlar var idi. Özüm üçün silah düzəldərək ova gedərdim, dovşan vurub quş ovlayardım. Novruzda isə çərşənbə axşamlarını səbrsizliklə gözləyib torbamızı əlimizə alardıq. Artıq bilirdik ki, kimin qapısına papaq atmalıyıq. Birimiz həkim xalatı geyərdik, birimiz müəllim kimi geyinib-keçinib qonşuların qapısını döyərdik. Amma uşaqlıq xatirələrimin böyük hissəsi o dəhşətli kadrlarla bağlıdı. İnsanın gördüyü son mənzərələr onun xatirəsində qalır. Axır illər ab-hava elə dəyişdi ki, artıq xoş xatirə deyilən anlayış qalmadı... Heç uşaqlığımızı başa vura bildik ki...Müharibə o qədər dəhşətli mənzərələr yaratdı ki, dostlarım, sinif yoldaşlarımın bir neçəsi mərmi atəşi nəticəsində yaralandı, atam şəhid oldu. Ermənilərin torpaqlarımıza ayaq basması çox acınacaqlı mənzərələr yaratdı. İşğal olunan günü biz artıq rayonda yox idik. Oranı tərk etmişdik. Artıq hər şey dözülməz hala çatmışdı, güllə yağışı hər yeri bürümüşdü...

 

Ən böyük arzum odur ki, atamın qəbrini ziyarət edim

 

-Ağdama getsəydim ilk olaraq atamın qəbrini ziyarət edərdim. Ola bilər ki, kiminsə doğmalarının qəbri yaşadığı əraziyə yaxındı, gedib onu ziyarət edə bilir. Amma mənim üçün çətindi. Atamın qəbrini ziyarət edə bilməmişəm. Ən böyük arzum odur ki, atamın qəbrini ziyarət edim. Düzdü, hamımız torpaqdan yaranmışıq, torpağa da gedəcəyik. Ağdama getsəm birinci atamın məzarını ziyarət edərdim. Mənə həyat bəxş edən,  böyüdən insan...O həyat olduğu illərdə heç nədən korluq çəkməmişəm. Azərbaycanın bir çox dilbər guşələrini onunla birgə addımbaaddım gəzmişik. Artıq 16 yaşım olanda o şəhid oldu.

 

Bakıya gəldikdə isə bir müddət sonra sex açdım

 

-Bakıya gəldikdə elə də acınacaqlı həyatımız olmayıb. Bakıya 1993-cü ildə gəldim. Ağdam işğal olunduqdan sonra bir müddət Bərdədə qalmalı olduq...Bakıya gəldikdə isə bir müddət sonra sex açdım, layka dərilər hazırlayan sex. İşçilərimiz var idi. O zamanlar buna böyük tələbat var idi. Gəlir gətirən sahə idi...

 

Beton qarışdırmağı, taxta vurmağı da bacarıram

 

-Atam xaraktercə çox sərt insan olub. Davranışında bir sərtlik var idi. Atamdan icazəsiz harasa getməzdim. Sinif yoldaşlarım yığışıb harasa gedərdilər, gəzərdilər. Evin tək oğlu olsam da ərköyün böyüməmişəm. Atam mənə elə tərbiyə verdi ki, sonralar da buna görə çətinlik çəkmədim. Atamın da öz sexi, işçiləri var idi. Bir də görürdün ki, məni işə alışdırmaq üçün işçiləri ilə əlbir edib işə sövq edirdi. Hər işi görməyə alışmışam. Elə iş yoxdur ki, onu bacarmayım. Beton qarışdırmağı, taxta vurmağı da bacarıram...Onun bir sözü hər zaman qulağımda sırğa olub. Deyirdi ki, içki içsən səni, siqaret çəksən özümü öldürəcəyəm. Bu iki şeydən mən uzağam. Atam Azərbaycan kişisinə xas olan xarakterə malik idi. Ola bilməzdi ki, bacım həyətə çıxıb zibil atsın. Buna görə o məni çox pis cəzalandırardı. Verilən bütün tapşırıqları vaxtında edərdim. Bilirdim ki, ağacın dibindəki xəzəli mən yığmalıyam. Həmişə deyərdi ki, kişi işini kişi görər. Bakıya gəldikdə atasız idim, tamamən yad mühitə düşsəm də korlanmamışdım.Yaşıdlarımın bir hissəsi bara, diskotekaya gedirdi. Bar, diskoteka həyatı məndən uzaq olub.

 

Anam da mülayim, fədakar insan olub

 

-Anam da mülayim, fədakar insan olub. Sənətə gəlməyimdə Mənsum İbrahimovun rolu var. Amma məni onun yanına aparan da anam olub. O mənim oxumağımı istəyirdi. Atam rəhmətə gedəndən sonra evin böyüyü kimi əsas yük onun üzərinə düşdü. Ali savadlı qadın idi, mühasib kimi çalışırdı. Müəyyən vaxtdan sonra artıq onun işləməsinə razı olmadım, özüm çalışmağa başladım. Həyatdakı nailiyyətlərimiz, uğurumuz birbaşa onun adına bağlıdı. Allah mənim anama, o cümlədən də bütün analara ömür versin. Sənətə gəlməyimdə anamın rolu əvəzsizdi. Uşaq anamgil öncə məni tar sinifinə qoydular. Tara heç həvəsim yox idi. İndi də bunun peşmançılığını çəkirəm. Heç olmasa tar çalmağı azacıq da olsa bacarardım. Xanəndə üçün bu bir üstünlük olardı. Tar sinfinə getmədim...Müəllimlərim də hər zaman mənim istedadımdan valideynlərimə söz açardılar. Deyərdilər ki, Təyyarın gözəl səsi var.

 

Düşünürdüm ki, silah gəzdirəcəyəm, cinayətkarları öldürəcəyəm

 

-Bu pilləyə qalxacağıma inanmazdım. Heç kəs öncədən hansı pilləyə qalxacağını planlaşdıra bilməz. Allahın, taleyin qismətidi. Əvvəl hüquqşünas, polis olmaq arzusunda idim. Düşünürdüm ki, silah gəzdirəcəyəm, cinayətkarları öldürəcəyəm. Naxçıvan Universitetinin Hüquq fakültəsini bitirdim. Sənətə gələnədək məhkəmədə işləyirdim...Hərbi xidmətə getdikdə müəyyən tədbirlərdə iştirak edirdim. Əsgərlərlə görüşə gələn müğənnilər də deyirdi ki, sənin gözəl səsin var, yaxşı sənətkar ola bilərsən... Sənətə Mənsum İbrahimovla qarşılaşdıqdan sonra gəldim. Anam hər zaman deyirdi ki, get muğamları öyrən, xanəndə ol. Yaxşı səsin var. Amma bu haqda düşünmürdüm. Bir gün gəldim evə, rayondan qayıdırdım. Anam dedi ki, getmişdim Mənsum müəllimin yanına. O Mənsum İbrahimova mənim istedadım haqda danışaraq demişdi ki, səsi var, amma utancaqdı. Anam da bilirdi ki, məndəki bu istedad elə-belə deyil. Əks halda bu cür addım da atmazdı. Mənsum İbrahimov deyib ki, göndər mən onu yoxlayım. Sözün düzü heç inanmırdım ki, məndə alınar. Həmişə düşünürdüm ki, xanəndələr bir belə qəzəlləri necə yadda saxlayır. Mənsum müəllim qulaq asandan sonra dedi ki, sənin səsin əsl xanəndə səsidi. Mənə dedi ki, bəs bu vaxtacan harda idin? Bir də ayıldım ki, Asəf Zeynallı adına musiqi kollecinin 3-cü kursunda oxuyuram. Bu gün tanınmağımda, sevilməyimdə Mənsum İbrahimovun birbaşa rolu var.

-Belə başa düşdüm ki, erkən yaşlarda muğam sənətinə gəlməyi qətiləşdirməmisiniz...

-2003-cü ildə artıq qərara gəldim. Böyük sənətkarın yanında anamın da yalançı çıxmağını istəməzdim. Oxumaq, xanəndə olmaq fikrində olmasam da getdim. Fikirləşdim ki, yəqin mən də oxuyaram... Oxumağa oxuyurdum sadəcə muğamların xırdalıqlarını bilmirdim. İkinci ixtisasımı Asəf Zeynallıda aldım.

-Niyə qətiyyətli deyildiniz?

-Qətiyyətli deyildim...ona görə ki, gözüm qorxurdu. Əvvəllər də mənə təklif olunmuşdu ki, oxuyum. Amma mənə bir az qəribə gəlirdi. Düşünürdüm ki, kimsə gəlib mənə deyəcək ki, filan mahnını oxu. Bunu özümə sığışdırmırdım. Mənsum İbrahimovla tanış oldum, o mənə dedi ki, bu sənət çox şərəfli bir sənətdi. Həqiqətən də şərəfli sənətdi. Bu sənətin daşıyıcısı olmaq hər kəsə nəsib olmur...Müsabiqədən öncə Mənsum İbrahimovun təşəbbüsü ilə Opera və Balet Teatrına dəvət aldım. Sınaq müddətində Leyli və Məcnun operasında İbn Sənan obrazını canlandırdım. Daha sonra televiziyada Birinci Muğam Müsabiqəsinin elanını eşitdim. Yaş həddi öncə 25 idi. Daha sonra yaş həddini 30-a qaldırdılar və mən də sənədlərimi verdim. 8 münsif idi, 80 balla ən yüksək balı mən aldım. Hər zaman mənə sual verəndə ki müsabiqə nə verdi sizə, deyirəm ki, müsabiqə azı məni 15 il önə atdı, tanıtdı. Bizdən fərqli olaraq o zamanlar ustadlarımız üçün belə şərait olmayıb. 3-4 saat həftə ərzində canlı efirdə olub, ustadlarımızın öyüd-nəsihətlərini dinləyərək müəyyən nəticələr çıxardardıq. Əlbəttə, bu müsabiqə bizim üçün həm də bir kurs oldu. Müsabiqədəki ilk çıxışımızla sonrakını müqayisə etdikdə çox fərqlər ortaya çıxır.

-Tamaşaçı önündə ilk çıxışınızı necə xatırlayırsınız?

-Sentyabrın 1-i birbaşa Asəf Zeynallının 3-cü kursuna daxil olmuşam. Ayın 11-də isə 27 yaşında ilk dəfə səhnəyə çıxdım, Mənsum İbrahimovla birgə. O vaxtı belə bir veriliş vardı, Kamerton. Müsabiqədən sonra 2005-2006-cı ildə Opera və Balet Teatrında Şah İsmayıl rolunu mənə həvalə etdilər. O vaxtdan bu rolu ifa edirəm. “Natəvan” tamaşasında Aşıq, “O olmasın bu olsun”da xanəndə obrazını canlandırdım.

Erkən yaşlarda əməkdar artist adını almağınız ətrafda qısqanclıq yaratdımı?

 -Qısqanclıqlar təbiidi. Dövlətimizdən bizə dəstək var. Artıq bilirik ki, əziyyətlərimizin bəhrəsi olacaq. Bunun üçün gənc xanəndələr daha da həvəslə çalışacaqlar. 2009-cu ildə ümumrespublika Muğam müsabiqəsində də birinciliyə layiq görüldüm. Bu müsabiqə Beynəlxalqa Muğam Müsabiqəsi üçün önəm kəsb edirdi. Daha sonra bir sıra ölkələrin xanəndələrinin də qatıldığı beynəlxalq müsabiqədə iştirak etdim. Bu müsabiqədə qran-priyə layiq görüldüm. Sentyabrın 18-i Milli Musiqi Günündə ölkə rəhbəri mənə əməkdar artist xadimi adını verdi.

-Duet ortaqlarınızdan da söz açaq...

-Duet ortaqlarım Arzu Əliyeva, Bəyimxanım Mirzəyeva, Simarə İmanova, Nəzakət Teymurova, Aygün Bayramova olub. Hazırda Gülyaz Məmmədova ilə duet planlaşdırırıq. Hazırda uyğun bir ifa seçimi edirik...

Bəlkə bəstəkarlar özlərini bu ruhda kökləmirlər, bəlkə qazancları az olur...

-Bəstəkarlarla işləmirik. Çünki xanəndələr üçün milli ruha uyğun heç nə yazılmır. Əlibaba müəllimin mənə təqdim etdiyi “Azərbaycan” adlı mahnını sevə-sevə ifa etdim. Bilmirəm, bəlkə bəstəkarlar özlərini bu ruhda kökləmirlər, bəlkə qazancları az olur. Bir də ki bu tip bəstələrin ərsəyə gəlmısi üçün gərək ki, sənəti dərindən biləsən. Özümün də bir-iki cızma-qaram var. Ancaq hələ onları üzə çıxartmağa ehtiyat edirəm.

-Tələbə yetişdirmək necə, çətin deyil ki?

-Uzun müddət idmanla məşğul olmuşam. Badamdarda trenajor zalım da var idi. Trenajor zalında da müəllim kimi çalışmışam... Həmişə müəllimliyə meylim olub....2005-ci ildə Asəf Zeynallı adına musiqi kollecini bitirdikdən sonra Bakı Humanitar Kollecində dərs demişəm. Artıq iki ildir ki, Milli Konservatoriyanın Muğam kafedrasında öyrəndiklərimi tələbələrimə tədris edirəm. Arif Babayev, Ağaxan Abdullayev, Əlibaba Məmmədov, Mənsum İbrahimovla bir yerdə işləmək mənim üçün şərəfdi. Ümidverici tələbələrimiz var...

-Övladınız da sizin yolun davamçısıdı...Hazırda xanəndə yanına hazırlığa qoymusunuz. Özünüz niyə hazırlaşdırmırsınız?

-Oğlum Kənanın 8 yaşı var. Gözəl xanəndədi, müəllim yanına qoymuşam, hazırlaşır. Özüm hazırlaşdırmıram. Çünki mühit onun yaşına uyğun olmalıdır ki, çətinlik çəkməsin. Mənim tələbələrim arasında isə oğlumdan yaşca böyükləri var, ona uyğun mühit deyil. Bir müddətdən sonra onu gözəl sənətkarımız Mənsum İbrahimova həvalə edəcəyəm. Özü də səsini bəyənir...Mənsum müəllim hər işə peşəkarcasına yanaşır. Əgər o uşaqdan nəsə gözləmək mümkün deyilsə o yenə də fikrini gizlətmir. Kimə nə diaqnoz qoyursa elə də olur. Deyir ki, bunun yaxşı səsi var, amma oxuyan olmayacaq, elə də olur.

-Qarşıda hansı səfərlər var? (Bu arada xanəndənin fobiyasını da öyrənmiş olduq)

-Səfərlər hələ ki yoxdu. Daha çox dövlət tədbirlərinə görə səfərə gedirəm. Məsələn, ötən il ərzində 9 dəfə səfərə getmişəm. Şəxsi işə görə səfərə getmirəm. Azərbaycanda 3 nəfər təyyarədən qorxursa onlardan biri də mənəm...Belə çıxır ki, yüksəklikdən qorxuram

-Yüksəklikdən qorxduğunuzu dediniz. Sənətdə necə, yüksəklikdən qorxursunuzmu?

-Sənətdə yüksəklikdən qorxmuram. Tələbələrimə də deyirəm ki, sizin müəlliminiz qorxaq deyil. Bu sənət qorxaqlığı sevmir. Qorxaqlıq da ki, tənbəllikdən, insanın özünə arxayın olmamasından irəli gəlir.

-Yeni disklər üzərində işləyirsiniz...

-İlk diskim Qarabağ adlanır. Albomda Qarabağımızın ən gözəl gəzməli-görməli yerlərinin, abidələrinin fotoları əksini tapıb. Üçüncü diskim artıq hazırdı, dördüncü və beşinci albom üzərində işləyirəm. Hazır olan son albomda mahnı, təsniflər, üzərində işlədiyim növbəti diskdə isə klassik muğamlar yer alıb...

Diskləriniz xarici ölkələrdə də satılırmı?

-Xeyr, sadəcə olaraq tədbirlərdə əcnəbilərə hədiyyə edirik.

Konsert verməyi planlaşdırırsınızmı?

-Konsertlə bağlı planlarımız olsa da hələ ki, bu işi həyata keçirməyi düşünmürük. Konsert verirlər, amma görürsən ki xərclərin çox çıxır. Müəyyən adamlar üçün dəvətnamələr paylamaq, sponsor tapmaq lazımdı. Konsert verənlərdən də maraqlananda, maddi cəhətdən ziyana düşdüklərini görürəm. Qazancımız bir o qədər çox deyil ki, konsert verək...Onsuz da hər günümüz konsertlərdə keçir, tədbirlər, Opera və Balet Teatrında oluruq. Hər hansı məkanda konsert vermək üçün təşkilatçı olarsa canla, başla razılıq verərəm. Mənə görə konsert vermək, canlı ifa çətin bir iş deyil. Məndən asılı olan hər bir şeyi edə bilərəm.

Müsahibimizlə söhbəti yekunlaşdırdıqdan sonra Təyyar, diktafonu söndürdünüz, sizə bir əhvalat danışım dedi. Fürsətdən istifadə edib diktafonu ondan xəbərsiz yenidən yandırdıq:...Bu da belə...Nənəmgil ağlayıb yasdan çıxanda yolda əl eləyib bir “Moskviç”ə “saxla-saxla” səsləyərək onu saxlayıb. Deyib ki, bizi kəndə apara bilərsən? Moskviç də onların neçə nəfər olduqlarını soruşub. Nənəm də, mənəm, Suğradı, Qarateldi, Gəlin Zöhrədi, Qız Zöhrə, Şənlidi...,deyib. Səkkiz nəfərin adını çəkir, amma sayını demir... "Xala, gözlə, o zaman gedim "lapet"i bağlayım, gəlirəm". İndi mən də oz işimin arxasıycan gedim...

 

Nigar Məhərrəm

 

Olaylar.- 2014.- 14 mart.- S.13.