Diasporumuz lobbi
fəaliyyətinə
hazırdırmı?
Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə
etdikdən sonra əksər sahələr
kimi diaspora sahəsi də
dövlətin diqqət mərkəzinə çevrildi
və Azərbaycan dövləti diaspora
sahəsində bir sıra məqsədyönlü
addımlar atdı. Artıq tam formalaşıb inkişaf
dövrünü
yaşayan Azərbaycan diasporunun
lobbi fəaliyyətinə keçməsinin
zəruriliyi müntəzəm olaraq səslənməkdir.
Bəs görəsən bu gün Azərbaycan diasporu
lobbi fəaliyyəti göstərməyə
hazırdırmı və yaxud bu fəaliyyətə qadirdirmi?
Bununla bağlı ekspertlər tərəfindən
fərqli yanaşmalar ortaya
qoyulur.
Bəziləri Azərbaycan diasporunun lobbi fəaliyyətinə
keçməsinin zamanının yetişdiyini iddia etdiyi halda,
digər bir qism hələlik diasporumuzun buna hazır
olmadığı qənaətindədir.“Diaspor və Lobbi”
Elmi Araşdırmalar Mərkəzinin sədri, analitik Zaur
Əliyev hesab edir ki, Azərbaycan diasporu hazırda lobbi
strategiyasına keçid məsələsinə tam hazır
deyil: “İmkanlar böyükdür, biz bu prosesə
qoşulsaq etnik lobbilər içində tam güc əldə
edə bilərik. Lakin bizim diasporumuz
hələ də öz imkanlarını bu istiqamətdə tam
formalaşdırmayıb. Çünki bu gün dünyanın bir çox ölkəsində
yaşayan soydaşlarımız etnik təşkilatı strukturların
yaradılmasında fəal iştirak etmək,
yaxud geri qayıtmaq arzusu, həmçinin uğurlu
inteqrasiya və etnik təşkilatların fəaliyyətində
fəal iştirakdan boyun
qaçırma kimi üç
müxtəlif həyati mövqe içərisindədir.
Bir qayda olaraq, Avropa və Amerika ictimaiyyətinə tam
adaptasiya olunan azərbaycanlılar
qrupuna aid olma faktı həmin mühitdə etnikliyə
əsaslandırılmış sosial
şəbəkə, yaxud hər hansı
“diaspor” strukturlarının təşkili
üçün şərt deyil. Bu da
bizim hələ diaspor
olub-olmamağımıza dair suallar yaradır və bizimkilər icma, yaxud təşkilatlanmış
diaspor olduqlarına tam
qərar verə bilmirlər. Belə bir halda etnik lobbimizin
yaranması üçün zəruri olan şərtlərə bizim
diaspor tam cavab vermir. Biz
tam olaraq birlik göstərə bilmirik.
Bunun səbəblərini isə diasporun özündə də axtarmaq
olar. Çünki diasporumuzun özünün
strukturu fərqlidir, müxtəlif
dövlətləri təmsil edir və ümumi razılıq çox
zaman çətinliklə alınır”. Zaur Əliyev deyir ki, lobbiçilərin ən böyük
uğurlarından biri tələblərinə
uyğun hədəfi düzgün
müəyyən etmək bacarığının
olmasıdır: “ Onlarla münasibətlərin
qurulmasına önəm verməlidir. Lobbi
mənşə və donor dövlətlərin
strateji maraqlarını müəyyənləşdirməli,
vahid mövqedən çıxış
etməsi üçün işlər
aparmalıdır. Şəxsi münasibətləri milli maraqlar istiqamətinə
yönəltməyi bacarmalıdır. Məsələn, tarixin müxtəlif dövrlərində xaricə
miqrasiya etmiş
soydaşlarımız var ki,
onlar bu gün yaşadıqları dövlətdə
yüksək nüfuza və maddi imkana malik
şəxslərdir. Həmin insanlar
özlərinin ixtisasları, sənət və peşələri,
əməli işləri ilə cəmiyyətin bütün sferalarında təmsil olunurlar. Yəni, sosial-mədəni
həyatda, elm-təhsil ocaqlarında, iqtisadi-siyasi
arenada, hərbi qurumlarda
və digər sahələrdə. Hesab
edirəm ki, biz buna hələ tam
hazır deyilik. Çünki
lobbi prosesinə qoşulmaq
üçün mütləq lobbizm özünü ilk öncə elmi
araşdırmalar, tədqiqatlarla müəyyən
olunmalı, hüquqşünaslar
tərəfindən analiz edilib
politoloqlar tərəfindən istiqamətləndirilməlidir”.
Ekspertin sözlərinə görə, lobbiçiliyin
əsas funksiyası diasporun
qarşısında duran vəzifələrlə
prinsip etibarı ilə üst-üstə
düşür və demək olar ki, kəsişir: “Belə ki, lobbiçiliyin
fəaliyyəti və missiyası diasporunku
kimidir, ictimai vəkili
və müdafiəçisi olduğu
xalq-dövlət haqqında məskunlaşdığı
ölkələrdə müsbət rəy qazanmaqdan
ibarətdir. Öz ölkəsi ilə
müdafiəçisi olduğu xalqın
ölkəsi arasında hərtərəfli normal
əlaqələrin yaradılmasına və mövcud əlaqələrin inkişaf
etdirilərək genişləndirilməsinə
çalışmaq, ölkəsinin torpaqlarına zərbə
vurmadan başqa cür də milli mənafelərini
müdafiə etməkdir. Bunun üçün də
diaspor nümayəndələri
yaşadıqları ölkələrin dövlət və
özünüidarə strukturlarına işə girməyə,
parlament və bələdiyyələrə
seçilməyə çalışmalıdırlar. Bu sadalanan işlər bütün diaspor təşkilatlarımızla
birgə və əlaqəli şəkildə hər yerdə
həyata keçirilməlidir. Bu gün təəssüf ki,
diaspor təşkilatlarımızın lobbiçilik strategiyası yox
dərəcəsindədir. Təşkilatlarımız lobbi işinin qurulması,
təzyiq və maraq qruplarının
formalaşdırılması kimi
anlayışlardan uzaqdadılar”. Diaspor təşkilatlarının
beynəlxalq qurumlar, strateji
institutlar, media və s. təsiredici
mərkəzlərlə əlaqələrinə gəlincə
ekspert hesab edir ki, bu
gün bizim diasporumuz bu istiqamətdə
cəhdlər edir: “Bir
həqiqəti başa düşmək
lazımdır. Avropa və Amerikada Azərbaycan diasporunun
və dövlətimizi təmsil edən lobbi
qruplarının fəaliyyəti tam qənaətbəxş
deyil.
Düzdür bir çox
məsələdə ciddi addımlar atmağa cəhdlər edilir,
lakin sonda güclü erməni lobbisinin
sərhədləri başlanır və biz
burdan oyana addım ata bilmirik. Bir məsələyə
diqqət yetirək, ölkəmiz haqqında yetərincə
informasiyanın olmaması nəticəsində internet xəritələrində gah Azərbaycan ərazisi təhrif edilir, Qarabağ, hələ
bu azmış kimi
Naxçıvan da Ermənistanın tərkib
hissəsi kimi göstərilir, gah da Azərbaycan ərazi
adları tamamilə başqa dildə, başqa adda, bəzən də erməni mənşəli
adlarla qeyd edilir. İnternet məkanında
Azərbaycan haqqında informasiyanın az
olmasında, Google maps-da,
Bing-də Azərbaycan bölgə adlarının səhv getməsində
məsuliyyətin bir hissəsi də diasporumuzun üzərindədir. Ermənilər
dünyanın aparıcı dillərində “Erməni
gerçəklərini” bütün şəbəkəyə
yayırlar. Qarabağ torpağının
hər bir qarışında erməni tarixinin olduğunu qeyd edir, hələ bu azmış kimi Azərbaycanın
tarixi abidələrinin özlərinə
məxsusluğundan ağız dolusu
danışırlar. Biz isə real haqqımızı tanıda bilmirik. Bunun yeganə səbəblərindən
biri də diasporumuza məxsus
saytlarda ciddi
analitikanın və təhlillərin olmaması, tarixi faktların əks olunmaması ilə
yanaşı etiraf edək marağın
olmamasıdır. Diaspor özünəməxsus
saytı ildə bir dəfə bayram ərəfəsində yeniləyirsə
və burada yemək yaxud
hər hansı bir yerdə çəkilən
şəkillər əksini tapırsa, onlardan
daha ciddi nə tələb
etmək olar. Nə yaxşı ki, Heydər Əliyev Fondu
var. Onun nümayəndəlikləri
və fəaliyyəti az-çox bizim ölkənin tanınmasına imkan yaradır. Şükür
ki, “Eurovision”
yarışması bizdə keçirildi.
Dövlətimizin tanınmasına bu
müsabiqənin qalibi olmağımız
böyük şərait yaratdı”. Mərkəz
rəhbəri erməni diasporunun fəaliyyətinə
də toxunub.
Bildirib ki, Ermənistan
bir diaspor dövlətdir:
“Bu gün üçün erməni diasporunun
ən ciddi uğuru
onların ABŞ Konqresində möhkəm mövqelər
qazanmaları hesab oluna
bilər. Erməni diasporunun nümayəndələri
seçicilərin –etnik ermənilərin
səslərini həm Nümayəndələr palatası, həm
də ABŞ Senatı üçün
satış obyektinə çevirmışlər. Nümayəndələr palatasında ermənipərəst
konqresmenləri birləşdirən və onların qanunverici və lobbist sferalarda fəaliyyətini nizamlayan
xüsusi fraksiya (“Armenian Sausus”)
yaradılmışdı. Konqresmenlərin və
senatorların Ermənistana, hətta özbaşına öz müstəqilliyini elan
etmiş “Dağlıq Qarabağ
Respublikası”na xüsusi səfərləri
də təşkil olunmuşdu. Erməni diasporunun nümayəndələri bütün bunlara həm
seçicilərin səslərinin “satılması”, həm də
konqresmenliyə və senatorluğa namizədlərin
seçkiqabağı kampaniyalarını səxavətlə
maliyyələşdirmək rolu ilə nail olurlar. Bundan
başqa, Konqres Ermənistan-Azərbaycan
münaqişəsi və Qafqaz regionu haqqında məlumatların əksəriyyətinin
bu və ya digər mənada
erməni diasporu və onun
lobbist qurumları ilə bağlı olan mənbələrdən əldə edir. Erməni diasporunun təbliğat
işində KİV orqanlarının xüsusi
yeri var. Xarici ölkələrdə, əsasən də
Birləşmiş Ştatlarda güclü maliyyə dəstəyinə malik olan erməni KİV-ləri
geniş informasiya
şəbəkəsi qurublar. Qərb
ölkələrində bu gün ingilis və erməni
dillərində çoxlu qəzet və jurnallar nəşr edilir,
TV və radio proqramları
yayımlanır. “Erməni məsələsi”nə həsr olunan yazılara böyük
qonorar verməklə erməni qəzet və
jurnalları qeyri-erməni jurnalistləri onlarla
əməkdaşlığa cəlb etməyə
çalışır və çox zaman buna müvəffəq
olurlar. TV-də tez-tez
erməni filmləri nümayiş etdirilir, radio proqramlarda erməni musiqisi
səsləndirilir. Bu işdə isə
erməni diasporunun rolu
danılmazdır və Ermənistan adlanan
dövlətin heç bir
dəstəyi yoxdur. Bilirsiniz
erməniləri birliyə doğru aparan Ermənistan dövlətinin
varlığı deyil, erməni milli kimliyinin
olmasıdır. Ermənilik ideologiyasıdır. Bu hesab edirəm ki, diasporumuzu ciddi
düşündürməlidir”. Erməni diasporuna
qarşı mübarizədə Azərbaycan-türk diaspor qurumlarının birgə fəaliyyətinə
gəlincə mərkəz rəhbəri bildirib
ki, Azərbaycan və Türkiyə
Respublikalarının vətəndaşlarının birliyindən
söhbət getməldir: “Biz bu məsələdə Mərkəzi
Asiyanın türk dövlətlərini tamam yaddan
çıxartmalıyıq. Bugünkü
günə görə. Sabah bu istiqamətdə nə yenilik
olacaq onu indi demək doğru olmaz. Azərbaycan və türk
diasporlarının fəaliyyəti erməni diasporunun
sərhədlərinin kənarına qədər qüvvətlidir.
Düzdür bir çox tədbirlər, yürüşlər,
birgə aksiyalar, bəyanatlar edilir. Bunun bəzən
müsbət nəticəsini də görürük.
Amma bu tam
hədəfi vurmaq anlamına gəlmir.
İldönümlərin, yaxud milli bayramların birgə keçirilməsi diasporçuluq işinin çox xırda bir hissəsidir.
Böyük işlər dedikdə, ümumtürk lobbisinin
yaradılması, Ümumtürk İnformasiya Mərkəzinin
yaradılması, Türk
diasporlarının əlaqələndirmə mərkəzinin
olması və digər işləri nəzərdə tuturam. Niyə türk
diasporlarının birgə əlaqələndirmə
şurası deyilən bir qurumda
Mərkəzi Asiya, Uyğurustan,
Başqırıstan, Tatarıstan kimi
dövlətlər olmasın? Niyə bizim
birgə lobbi konsepsiyamız olmasın? Budur, əsl iş. Hesab edirəm, biz bu istiqamətdə addımlar atsaq
birgə diaspor fəaliyyətindən tam danışa bilərik”.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2014.- 15-17 mart.- S.15.