Uğurlu diaspora fəaliyyəti
lobbiçiliyin
formalaşması üçün stimul yaradır
Müasir
dünyada siyasəti müəyyənləşdirən və
ona yön verən əsas faktorlardan biri də adına şərti
olaraq “təzyiq qrupları” deyilən qüvvələrdir. Günümüzdə
ən güclü təzyiq qruplarından
biri də lobbilərdir. İngiliscə “dəhliz” mənasını verən
lobbilər, əsasən, beynəlxalq siyasətdən yararlanaraq öz mövcudluğunu qorumaq
istəyən millətlər tərəfindən qurulur. Ekspert Hikmət Kəngərli
deyir ki, dünyada ən çox üç lobbi məşhurdur
– yəhudi, yunan və erməni lobbiləri.
Hikmət Kəngərlinin sözlərinə
görə, xüsusilə sonuncuların antitürk siyasətinin
ağır nəticələrini bilavasitə dadan Azərbaycan
xalqı lobbiçiliyin nə demək olduğunu yaxşı
anlayır, mənfur qonşularımıza qarşı
mübarizədə eyni silahdan istifadə etməyə can atır:
“Bilindiyi kimi Diasporla İş üzrə Dövlət Komitəsi
də məhz bu zərurətdən yaranıb və diaspora fəaliyyətinin
vahid bir mərkəzdən idarə olunmasını
qarşısına məqsəd qoyub. Etiraf
edək ki, lobbiçiliyin
formalaşması üçün həqiqətən
də belə bir mərkəzə
ehtiyacı vardı. Lakin arzu
olunan məqsədə çatmaq
baxımından diaspora fəaliyyətlərinin
təmərküzləşdirilməsi kifayət deyil. Bununla yanaşı,
Azərbaycan lobbiçiliyinin təbii
şəkildə yaranması və dialektik
inkişafı üçün onun qarşısındakı əngəllər
ortadan qaldırılmalıdır. Bəs
bu əngəllər nələrdir? Hər
şeydən öncə qeyd
olunmalıdır ki, lobbiçiliyimizin
yaranmasının qarşısında duran
əngəllər əslində, Azərbaycanın daxili problemlərindən başqa
bir şey deyil. Bu da
təbiidir. Çünki xarici
diasporanın mənbəyini “Ana yurd” dediyimiz Azərbaycan
torpaqları təşkil edir. Göllər
çaylardan qidalandığı kimi, diasporamız da Ana yurd sayəsində böyüyür, həm kəmiyyət, həm
də keyfiyyət baxımından dəyişir. Odur ki, diasporamızın arzulanan səviyyəyə gətrilməsi, əslində,
Azərbaycanda yürüdülən siyasətlə üzvi surətdə bağlıdır. Zənnimizcə,
lobbiçiliyimizin qarşısında dayanan ən mühüm
problemləri üç qrupa
ayırmaq olar”. Ekspert
hesab edir ki, birinci ideoloji
amildir: “Maddi mənfəət
prinsipinə söykənən digər təzyiq
qruplarından fərqli olaraq, lobbiçilik fəaliyyətinin əsasında
vətənpərvərlik hissləri, patriotizim,
ali mənəvi keyfiyyətlər
dayanır, desək- Amerika kəşf etmərik.
Azərbaycan lobbisini yalnız o kəslər qura bilər
ki, öz həyatlarının
qayəsini, maddi – mənəvi sərvətlərini
vətənin yüksəlişinə həsr etsin,
bu yolda heç nələrini əsirgəməsinlər.
Bu fədakarlıq üçünsə,
ilk növbədə, ideoloji
zəmin olmalıdır. Yəni canın,
malın, mülkün fəda edəcəyi
Azərbaycançılıq prinsipləri aydın olmalı, bu prinsiplər hər gün
cilalanmalı və vətəndaşlara
aşılanmalıdır. Özü də
ilk növbədə, xaricdə yaşayan soydaşlarımızdan daha çox, Azərbaycan
sərhədləri daxilində həyat sürənlərə.
Çünki Ana yurd hansı məfkurəyə sahibdirsə, ondan bəslənən diaspora
da gec-tez o məfkurəyə yiyələnir. Azərbaycan
xalqının milli məfkurəsi isə
yalnız tezislər halında mövcuddur.
Hər bir Azərbaycan vətəndaşı
dövlət bayrağımızın rənglərində əks
olunan milli məfkurənin
türkçülük, müasirlik
və islamçılıq olduğunu bilir. Lakin bu tezislərin nədən
ibarət olduğu çox
az adama məlumdur. Daha doğrusu, müştərək
bir məfkurə kimi heç kimsəyə məlum deyil.
Hər kəsin anlayışındakı türkçülük,
müasirlik və islamçılıq
müxtəlif mənalar ehtiva edir. Maraqlı olan
isə budur ki, əksəriyyətimiz
sözü gedən prinsiplərdən
yalnız birini, onu da subyektiv
düşüncəmizə uyğun olaraq mənimsəyirik. Əslində
bölünməz bir prinsip
kimi cəmiyyətimizdə ən çox qəbul və təbliğ olunan türkçülükdür
ki, bu da
milli məfkurəmizi
müəyyən mənada əks etdirmədiyi kimi, uluslaşma (xalqlaşma) prosesində əngəlləyici rol oynayır. Çünki
bu tendensiya istər-istəməz
ölkəmizdə yaşayan digər
azsaylı etnik tayfaları məyus hala salır və gələcəkdə
onların müxtəlif məfkurələr ətrafında
birləşməsinə zəmin hazırlayır. Nəzərə alsaq ki, xaricə səpələnmiş həmvətənlərimiz
eləcə də ölkəmizdə
imperialist maraqları olan
dövlətlərin ərazilərində yaşayir,
bu cür problemlərin
gələcəkdə necə böyük
fəsadlara yol açacağı və
düşmən dəyirmanına su
tökə biləcəyi ehtimalını
daha da artırır və
bu, ölkə rəsmilərini ciddi düşündürməlidir. 200 ildən
artıq rus əsarətində yaşasaq da, tamamilə assimilyasiya olunmadığımıza görə
dinimizə daha çox
borcluyuq. Çünki
bu faktor bizi imperiyanın say
etibarı ilə ən üstün milləti
olan ruslardan ayırmış,
şüuraltında yaşadığımız dini duyğular bizə fərqli
insanlar olduğumuzu
pıçıldamışlar. Bunun əksinə
olaraq, xristian
Qaqauzların digər müsəlman Türklərdən fərqli
tale ilə üzləşdiyini daha çox asimilyasiyaya məruz qaldığını görürük. Ona
görə ki, qaqauzları ruslardan ayıran yalnız dilləri və bəzi adət ənənələri
idi”. Hikmət Kəngərli deyir ki, İslam
faktoru bu gün də xaricdə yaşayan
yurddaşlarımızı assimmilyasiyadan
qoruya biləcək əsas amillərdəndir. Bu səbəbdən
də həmin amil incəliklərinə
qədər işlənməli və onun
əsasında Azərbaycana məxsus dini konsepsiya hazırlanmalıdır: “Bununla Azərbaycan həm özünün ən böyük
güc potensialını əriyib yox olmaqdan qoruya
bilər, həm də mövcud siyasi rejim vətəndaşların
doğuşdan gələn dindarlıq
duyğularına cavab verdiyindən özünün müqəddəslik imicini (legitimliyini)
artırar. Özümüzə məxsus dini
konsepsiyanın hazırlanması, eyni zamanda soydaşlarımızın mal və can təhlükəsizliyinin
qorunması deməkdir. Çünki
dindarlığın təlabatını yerinə yetirmək
istəyən bəzi soydaşlarımız, əsasən Rusiyada günü
-gündən yayılan vəhabilik, hizbullahçılıq kimi fundamentalist cərəyanların
təsiri altına düşə bilər. Bu
isə ağır nəticələrə gətirib
çıxarar. Əslində Azərbaycanın sərhədləri
daxilində yaşayan vətəndaşlarımız
da bu təhlükəli
aqibətdən sığortalanmış deyillər. Təəssüf
ki, dinin millətin əsas
komponenti olduğunu unudanlar lobbiçilik fəaliyyətlərində
bu önəmli faktora
yer ayırmaq istəmirlər. Görünür, onların bu mövqeyi
dünyanın aparıcı dövlətlərindən fərqli
dinə mənsub olduğumuzdan və bu fərqliliyin tərəflər arasında
müəyyən anlaşılmazliqlara, ünsiyyət
probleminə yol aça
biləcəyi ehtimalından qaynaqlanır. Halbu ki, dünyanın ən
məşhur lobbiləri də fəaliyyət göstərdikləri
dövlətlərlə eyni dini və ya inanc sistemlərini bölüşmürlər.
Amma bu, nəinki, bizim çəkdiyimiz
problemlərə səbəb olmur, əksinə
onların bir araya gəlib
təşkilatlanması işini və lobbiçilik fəaliyyətini
asanlaşdırır. Çünki demokratik rejimlərdə seçicilərin eyni mövqedə və təşkilatda birləşməsinin
özü belə tək başına bir silahdır. Elə lobbilər
də ən çox bu
silahdan istifadə edirlər. Üstəlik,
dünyanın dinlərarası dialoqa ehtiyac duyduğu indiki məqamda ifratçılıqdan uzaq, fundamentalist meyillərdən
arınmış, müasir mədəniyyıtlə
ayaqlaşan, plüralist
mahiyyətli dindarlıq bizə əlavə
üstünlüklər qazandıra bilər”. Hikmət
Kəngərlinin sözlərinə görə, ikinci yerdə iqtisadi – psixoloji amil durur. Ekspert hesab edir ki,
lobbiçilik fəaliyyətinin birbaşa vətənpərvərlik məfkurəsilə
bağlı olmasına baxmayaraq, onun da əsasında maddi mənfəət amili
xüsusi yer tutur: “Maddi baza
bu fəaliyyətin yalnız vasitəsi deyil, həm də məqsədlərindən biridir. Təsadüfi deyil
ki, dünyadakı bütün
lobbilər öz siyasi
fəaliyyətlərilə iqtisadi
maraqlarını birləşdirirlər. Bu,
xüsusilə də məfkurəsi tam
formalaşmamış qruplar üçün əsas impulsverici
qüvvə rolunu oynayır. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan xalqı da
uluslaşmanın əsas göstəricisi sayılan vahid milli məfkurəni mənimsəyən
toplumdur. Deməli, xaricdə yaşayan soydaşlarımızın iqtisadi maraqlarının Ana
Yurdla bağlanması bu
boşluğu doldura
biləcək əsas vasitələrdən ola
bilər. Belə olan təqdirdə,
Azərbaycanın uğrayacağı fəlakətin də,
qazanacağı uğurun da
nəticələrini öz iqtisadi həyatında hiss
edəcəyini düşünən soydaşımız istər
– istəməz lobbiçilik fəaliyyətinə
qoşulmaq məcburiyyətində qalar. Bunu özünün təkcə vətəndaşlıq
borcu yox, həm də
həyat uğrunda mübarizə məsələsi
olduğunu dərk edər”. Hikmət Kəngərli onu da vurğulayır ki, diasporanin iqtisadi
maraqlarının Ana Yurda
bağlanması üçün, ilk növbədə, Azərbaycan
iqtisadiyyatının inkişafını əngəlləyən
korrupsiya, rüşvətxorluq kimi ictimai bəlalar ortadan qaldırılmalıdır: “Diasporanın
formalaşmasının qarşısını alan əsas faktorlardan biri də əslində ölkə daxilindəki
iqtisadi çətinliklə
bağlıdır. Dünyanın bir çox yerlərində aparılan sosioloji araşdırmalara görə,
kasıblıq həddində yaşayan vətəndaşlarda
mövcud vəziyyəti dəyişdirə
biləcəklərinə inam orta təbəqəyə nisbətən daha az olur.
Bu isə
vətəndaşın ictimai – siyasi proseslərdə iştirakına mənfi
təəsir göstərir. Çünki
belə vətəndaşların psixologiyasına “vəziyyəti
dəyişdirə bilmədikdən sonra
göstərilən səylərə də dəyməz”
düşüncəsi hakim olur. Bu cür düşünən və
artıq ictimai – siyasi
tədbirlərə laqeydlik vərdişlərinə
yiyələnən vətəndaşlardan ölkəni tərk
etdikdən sonra diaspora
fəaliyyətinə qatilmağını gözləmək təbii ki, sadəlöhvlükdür.
Ən təhlükəsi isə odur ki, kasıb həyat tərzi
sürən insanlarda
aşağılıq kompleksi daha tez yaranır. Öz ölkəsinin iqtisadi
cəhətdən geri qalmasının obyektiv səbəblərini araşdirmaq
istəməyən vətəndaş daha
asan höküm
çıxarmaq metoduna baş
vurur, məlum problemi
mənsub olduğu
millətin bir xüsusiyyəti kimi dərk edir, nəhayət,
başqa millətlərə rəğbət
hissi ilə yanaşır. Daha
sonra isə “səadət axtarişı” üçün yollandığı xarici ölkədə assimilyasiya
olunmaq təhlükəsilə üz – üzə qalır. Bu
gün ictimai, siyasi, iqtisadi və s. çətinliklər üzündən başqalaşan yurddaşlarımızın sabah lobbiyə çevriləcəyi az inandırıcı görünür”.
Ardı növbəti sayımızda
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 18 mart.- S.15.