Bahara aparan dördüncü

qapıya da çatdıq

 

Baharın gəlişini, günəş işığının bollaşmasını, torpağın oyanmasını hər zaman böyük sevinclə qarşılayan xalqlardan olmuşuq. Hətta milli adət-ənənələrimizin qeyd olunmasına müəyyən qadağalar olduğu dövrlərdə belə bahar bayramı xalq tərəfindən kifayət qədər yüksək şəkildə qeyd olunub.   

Bahar bayramının ən gözəl özünəməxsusluqlarından biri hələ  bir ay əvvəldən hazırlıq işlərinin aparılmasıdır. İlk öncə təmizlik işləri başlayır. Evlər, həyət-bacalar təmizlənir. Növbə ilə su, od, yel nəhayət sonuncu torpaq çərşənbəsi qeyd olunur.  

Ana torpaq ifadəsini boşuna işlətmirik.  Novruz bayramının müqəddəs çərşənbələrinin sonuncusu - Axır çərşənbədir. Fevralın 26-dan başlanan çərşənbə axşamlarını qeyd edə-edə qışın, soyuq günlərin ömrü sona yetir. Artıq baharın astanasında dayanmışıq.

Əgər qoyduğumuz səməni ürəyimiz istədiyi kimi  boy atıbsa, çiçəkləmək ərəfəsində olan ərik ağacından kəsib suya saldığımız dallar çiçək açıbsa, sevincimizin həddi-hüdudu olmaz. Ruhumuza yenilik, təmizlik gətirən, təravətli bahar havasını ciyərlərimizə çəkib , daha bir bahara qovuşduğumuz üçün Tanrıya şükr edər bayramımızı keçirərik.   

Çərşənbələrin el arasında müxtəlif adları var: İlaxır çərşənbə, Axır çərşənbə, Çərşənbə-suri, Yel çərşənbəsi nəhayət, Torpaq çərşənbəsi. Bu adların təbiət ünsürləri ilə bağlı olmasının mənası var. Su, od, yel birləşərək torpağa oyanış gətirir. Beləliklə təbiət oyanır.

İlaxır çərşənbəsi digərlərindən bir qədər fərqlənir. O, ilin ən əziz, müqəddəs günü sayılır.

Çox bölgələrimizdə insanlarımlız bahar bayramının özündən çox məhz bu günü qeyd edirlər.

 

Torpağın həmişə gül bitirsin

 

 İlaxır çərşənbəsinin ən sevilən xüsusiyyətlərindən biri bu gecədə bütün küsülülərin barışmaları ilə bağlı olan inancdır. İnsanlar bu gün təzə paltar geyməli, xoş sözlər danışmalı, pis sözlər, ovqatı korlayan kəlmələr işlətməməlidirlər. İlaxır çərşənbəsində  qapıya qulaq falına gələnlər ilk olaraq hansı sözü eşitsə, ili o cür başa çatacaq. Bu da bir inamdır. Bu inama hörmət edib, bu axşam gözəl sözlər danışmaq da bizim borcumuzdur. 

bütün etdiklərimiz yalandan söz xətrinə deyil, ürəkdən gəlməlidir. Novruza doğru gələn həftələrdə təmizlik edib, həyət-bacamızı, evimizi təmizlədiyimiz kimi Axır çərşənbdə ruhumuzu da təzələmək, qəlbimizdəki mənfi emosiyalardan azad olmaq adəti bizə yadigar qalan gözəl dəyərlərimizdən biridir. Dünyada müxtəlif bayramlar qeyd olunur. Ayinlər həyata keçirilir. Amma müşahidə etdiklərimin, haqqında oxuduqlarımın arasında Novruz qədər mənalısı yoxdur. Axır çərşənbədə tonqal qalanar insanlar bütün ağırlıqlarını o tonqalda yanacağı inancı ilə odun üzərindən tullanarlar. Bizi, beynimizi yönləndirən mənfi müsbət emosiyalar olduğunu düşünürsək, bu inancın insanın sağlamlığna  qədər müsbət təsiri olduğunu görərik.

Hər bir çərşənbə axşamının özünəməxsus süfrəsi var. Axır çərşənbədə açılan bayram süfrələri əvvəlkilərdən xeyli fərqlənir.  Novruz süfrəsinə bol nemətlərin düzülməsi yeni başlayacaq ilin barlı-bərəkətli, firavan olmasının simvoludur. Süfrəyə yeddi cür nemətin qoyulması müqəddəs sayılan 7 rəqəminin uğur gətirəcəyinə işarədir. Azərbaycanın bir sıra bölgələrində, xüsusilə Naxçıvanda, Zəngəzurda İlaxır çərşənbəsi "Yeddi ləvin bayramı" adı ilə tanınır. Bir məsələni xatırladaq ki, islamdan çox əvvəl süfrəyə "Ş" hərfi ilə başlayan yeddi cür nemət düzülərdi: şərbət, şəkər, şam, şərab, şabalıd, şor, şirni s. Sonralar islamın dönəmində şərab yasaq olduğu üçün "Ş" hərfi "S" hərfi ilə əvəz edilib. Ona görə İlaxır çərşənbəsində süfrəyə yeddi nemət verilməlidir: su, süd, səməni, səbzə, sumaq, sarıkök, sünbül s. Əvvəlki çərşənbələrdən fərqli olaraq, səməni məhz bu axşam süfrədə görünməlidir.

Bu günün ən çox sevilən cəhətlərindən biri el arasında bayramlaşma deyilən adətin əsasən bu gündə həyata keçirilməsidir. Xüsusilə, bölgələrimizdə gənc ailələrə, evin ailə qurmuş qızlarına  Axırıncı çərşənbədə pay getməsi vacib hesab olunur. Gözləri qapıda qalar”-ifadəsi nahaqdan yaranmayıb.

Qədim el adətlərinə inanclara görə, axır çərşənbədə uşağa beşik düzəldərlər, gün çıxmamış su üstündən atdanarlar, tonqal yandırar, kəlin buynuzuna qırmızı bağlar, qorxanların başından su töküb qorxunu alarlar, evdən pul verməzlər, qonşuya ələk verməzlər. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırır, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Axır çərşənbə gecəsi tez yatmazlar, evdə qazan asarlar, vəfat etmiş yaxın adamları yada salarlar, vəfat etmiş yaxın adamların adını çəkibfilankəslərin adına qazan asdımdeyib qazana ət, düyü s. tökərlər.Axır çərşənbə günü ertədən lampa yandırarlar.

 İlaxır çərşənbənin sübh tezdəni bulağa gedər, evə su gətirər, əl-üzü axar suda yuyarlar. Bulaqdan mütləq yeddi daş gətirib evdəki nemət dolu qabın içinə atarlar ki, bolluq olsun.

Bütün bunlar Axır çərşənbədə illər boyu qeyd olunan adətlərdir. Onların arasında zamanla insanlar tərəfindən yeni qatılanları, sıradan çıxanları da olur. Amma bayramınköközəlliyi heç bir zaman unudulmur. Unudulmayan xüsusiyyətlərdən biri insanların bir-birinə xoş diləklər diləməsidir. Süfrələriniz hər zaman barlı-bəhərli, günləriniz xoş sevincli keçsin, üzünüz gülsün, arzularınız çin olsun. insanlarımız bu deyimlərin gerçəkləşəcəyinə inanarlar. Biz bu inanclara qoşulur, torpağın hər zaman gül bitirsin deyirik, Azərbaycan! 

 

Aygün

 

Olaylar.- 2014.- 18 mart.- S.9.