İbrahim Əhrarinin
diasporun inkişafında xidmətləri
Tarixin müxtəlif
dövrlərində rejimin təqib və
təzyiqlərindən xilas olmaq üçün Avropa ölkələrinə üz
tutan cənublu soydaşlarımız da bu gün
Azərbaycan diasporunu təmsil etməkdədir.
Müxtəlif xarici ölkələrdə
elmi və mədəni fəaliyyətlərlə
məşğul olan həmin cənublu
soydaşlarımız paralel olaraq yaşadıqları ölkələrdə
Azərbaycanın təbliği, onun haqq səsinin dünya
ictimaiyyətinə çatdırılması prosesində də
yaxından iştirak edirlər. Belə
şəxslərdən biri də İbrahim Əhraridir.
İbrahim Əhrari 1938-ci ildə Cənubi Azərbaycanın
Urmiya şəhərində anadan olub. O, 1956-cı ildə Təbrizdə rəssamlıq
məktəbinə daxil olur.
Lakin o dövrdə İranda
yaranmış siyasi vəziyyət və
valideynlərinin təkidi ilə İbrahim
Əhrari rəssamlıq sənətindən uzaqlaşır.
1966-cı ildə İbrahim Əhrari Almaniyaya mühacirət edir
və burada Berlin
İncəsənət Ali Məktəbinin
rəssamlıq, qrafika-dizayn fakultəsini bitirir. İbrahim Əhrari
1975-ci ildən etibarən Almaniya Rəssamlar
Təşkilatının işcisi kimi fəaliyyət göstərməyə
başlayır. İbrahim Əhrari
1973-1975-ci illərdə Tehran Universiteti incəsənət fakültəsinin
və Tətbiqi İncəsənət Ali
Məktəbinin dosenti olur.
O, 1975-ci ildə Tehran Hote İnstitutunda Almaniya-İran Mədəniyyət Əlaqələri
çərçivəsində şərgilərin təşkilatçısı
kimi fəaliyyət göstərir. İbrahim Əhrari 1975-ci ildə Berlin Azad Universitetində
İncəsənət Tarixi üzrə təhsil
alır. 1976-2003-cu illərdə isə cənublu
soydaşımız Berlin Təsviri
İncəsənət üzrə Sənətkarlar Cəmiyyətinin
çap atelyesində ofort
atelyesinin rəhbəri olaraq
çalışır.
Almaniyada yaşadığı müddətdə
İbrahim Əhrari müntəzəm olaraq Azərbaycanın təbliği məqsədilə
müxtəlif mədəni tədbirlərin keçirilməsinə
təşəbbüs göstərir və həmin tədbirlərə
təşkilatçılıq edir.
1988-ci ildə İbrahim Əhrari Almaniyada Azərbaycan mədəniyyətinə həsr
olunmuş silsilə tədbirlər keçirir. 2008-ci ildə isə Azərbaycan
Dövlət Təsviri İncəsənət Akademiyasinın
fəxri doktoru adına layiq
görülür. İbrahim
Əhrari rəssam olmaqla yanaşı, həmçinin
müxtəlif illərdə Azərbaycan Alman
Mədəniyyətinin İnkişafı Cəmiyyətinin,
Alman- Azərbaycan Mədəniyyəti
Dostları Cəmiyyətinin sədri, Berlin-Bakı
Qalereyasının (MMM) qaleristi kimi də fəaliyyət göstərir. Həmyerlimiz 2007-ci ildən etibarən Berlin-Bakı
Qalereyasının (MMM) icraçı direktoru
olaraq Azərbaycan və alman
sənətkarlarının Berlində və Bakıda sərgilərinin
təşkili işləri ilə məşğul olur. İbrahim Əhrari
indiyə qədər İran,
Əfqanıstan, Azərbaycan, Hindistan, Almaniya, Moskva, Fransa, Hollandiya, İspaniya, Belçika, Polşa, İngiltərə, Şimali İrlandiya, Braziliya, Argentina və Meksikada
çoxsaylı sərgiləri keçirib.
İbrahim Əhrari “Mən hər zaman varam”, “Xocalı
ağırlığı” (rəsm, kətan üzərində
yağlı boya və akril),
“Mərd və Namərdin nağılı” (illustrasiya),
“Əmin-amanlıq sorağında” (oyma, sulu murəkkəb), Dr.h.c.
İbrahim Əhrari (litoqrafiya)
və s. əsərlərin müəllifidir.
Ümumiyyətlə, Azərbaycan diasporunun
inkişafı, xalqımızın zəngin tarixi-mədəni
irsinin təbliği, mədəniyyətimizin
tanıdılması istiqamətində İbrahim
Əhrarinin müstəsna xidmətləri olub.
Məhz bütün
bunların nəticəsidir ki, 2011-ci il, iyulun 4-də Azərbaycan
Respublikası Prezidenti İlham
Əliyevin müvafiq
sərəncamı ilə mədəniyyət və incəsənət
sahəsindəki nailiyyətlərinə görə İbrahim Əhrari “Əməkdar incəsənət
xadimi” fəxri adına layiq
görülür.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2014.- 18 mart.- S.10.