“Peşəkar olmayan kamera qarşısına keçə bilməz”

 

“Görünür, tamaşaçının marağını öyrənə bilmirik”

 

Türk serialları Azərbaycanda böyük maraqla izlənilir. Düzdür, bəzən, hətta bir çox hallarda bu cür seriallar heç bir tərbiyəvi əhəmiyyətə malik olmur. Çünki serialın mövzusu bəsit ailə-məişət problemlərinə həsr edilir. Yəni digər türk seriallarında olduğu kimi yenə də ata obrazını canlandıran aktyor qızı yaşda olan gənc qızla intim həyat yaşayır. Qız bacısının həyat yoldaşına göz dikir, onunla sevgili olur, eşq macərası yaşayır. Və ya qadın qaynı ilə yatağa girir, ərindən xəbərsiz onunla görüşür…Mənəviyyatımızın aşağılanmasında da konkret sujet xətti olmayan, əxlaqsızlığı təbliğ edən bu cür serialların rolu danılmazdı. Lakin bununla belə Türkiyə istehsalı olan hansı serialdan söz düşürsə-düşsün etiraf etməliyik ki, mövzu bəsit, mənasız olsa da aktyor heyəti çox peşəkardı. Son olaraq sadəcə aktyorların öhdələrinə düşən obrazları necə məharətlə canlandırmasına görə izlədiyim “Kaçak” serialının Sərhatı, Erkanın nəinki jestləri, eləcə də mimikaları ilə tamaşaçının qəlbini fəth etdiyini, onu intizarda necə saxladığını gördüm. Düşünürəm ki, Azərbaycan serial bazarında əsas problemlərdən biri də məhz budur. Bizim aktyorların bir qismi mimikaları ilə sözlərini deyə bilmir. “Orxan”ı yaradan İlqar Cahangir, valideyninin istəyi ilə sevmədiyi qızla ailə həyatı quran, həyatında bir başqa xanım olan Kamran obrazının müəllifi Anar Heybətov, Şövqi Hüseynov, Şəbnəm Hüseynova kimi serial aktyorlarını bir tamaşaçı kimi bu cərgəyə daxil etməzdim. Adı sadalanan aktyorların daha çox sevilməsinin bəlkə də başlıca səbəblərindən biri də budu. Onlar da mimikaları ilə sözlərini demək məharətinə sahibdilər. Bu gün serial bazarında müəyyən dirçəliş gözə çarpır. Öncəki illərlə müqayisədə yerli istehsalımız olan serialların sayı artıb. Hər il efir məkanına yeni-yeni seriallar daxil olur. Lakin təəssüflər olsun ki, tamaşaçılar bu serialları öncəki kimi maraqla izləmir. Reytinq, keyfiyyət öncəki illə müqayisədə çox-çox aşağı enib. Əlbətdə, öncə sadaladığımız çatışmazlıqlarla yanaşı qeyri-peşəkar şəxslərin serial bazarına daxil olmasının da keyfiyyətin aşağı düşməsinə təsiri var. Bu bazara müəyyən qədər də olsa pul yatırıldığı üçün işini bacarmayan, rejissorluq haqda ümumiyyətlə heç bir bilgiyə sahib olmayan şəxslər kamera önünə atılır. Əlbətdə bu cür “rejissor”larla işləmək bəzi aktyorlar üçün çətin olduğundan onlar gələn təkliflərdən imtina edir. Peşəkar aktyorların seriallara çəkilməməsinin səbəblərindən biri də qonşu ölkələr, o cümlədən Türkiyədən fərqli olaraq Azərbqaycanda aktyorlara bir o qədər də yüksək məbləğin verilməməsidi. Nəticədə seriallardakı keyfiyyət aşağı enir. Yenicə özünü bu işdə sınayaraq kamera arxasına keçən şəxslər isə tanışlarına, qohum-əqrəbalarına təklif verərək onları kamera önünə dəvət edir.

Hər zaman yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanan aktyor Anar Heybətov da mövcud durumdan gileylənir. O deyir ki, indiki zamanda adi adamlar da aktyor olmaq, seriala çəkilmək istəyir: “Adi adamlar da seriala çəkilmək istəyir. Bu düz deyil. Məktəbdə dərsini oxuya bilməyib, “gedim bir az zümzümə edim”, ya “artistlik edim” demək düz olmaz. Hər yerindən duran bu sənətə can atmamalıdır. Bu pilləyə qalxmaq üçün uzun illər institutda oxuyub, müəllimlərimizdən dərs alıb, təcrübə keçərək teatrda işləmişik. Bu gün öncəki illərlə müqayisədə teatrda artistə qayğı var. Vəziyyət nisbətən düzəlməyə başlayır, seriallar üçün maddi vəsait ayrılır. Amma indi də adi yerindən duran işimizə maneə olmağa çalışır. Sosial şəbəkədə dostluğumda olan şəxslər də mənə artist olmaq istədiklərini deyirlər. Hətta “məni seriala çəkin” deyənlər də olub. Baxıb görürəm ki, bizdə nə öndədirsə camaat bacardı-bacarmadı ona doğru qaçır. Bu yaxşı cəhət deyil. Bu gün onlar seriala çəkilirlər, onları çəkən də var. Pul verməmək üçün rejissorlar daha çox heç bir səriştəsi olmayan, adi yerindən duranlara üstünlük verirlər. Mən rejissorların bu cür şəxslərə rol verməsinin səbəbini anlaya bilmirəm. Onlar bu yolla yalnız Azərbaycan incəsənətinə xəyanət edirlər”.

Qeyri-peşəkar olmayan aktyorlar arasında istedadlıların çox az olduğunu vurğulayan aktyor bir sıra çatışmazlıqları sadalayaraq yerli seriallara baxmayan tamaşaçılara müəyyən mənada haqq qazandırır: “Belələri arasında istedadlılara çox az hallarda təsadüf edilir. Aktyorluq çox incə sənətdir. Peşəkar olmayan birisi rolunu öyrənib kamera önünə keçə bilməz. Rejissoru tam qane etmək üçün aktyorun obraza uyğun görünüşü ilə yanaşı istedadının olması da başlıca amillərdən biridir. Son zamanlar telekanallarda yayımlanan seriallarda tanınmayan simaları tez-tez görə bilərik. Elə səhnələr var ki, burda rol alan aktyorlardan heç biri tanınmış sima deyil. Sonradan bizə məlum olur ki, hər hansı rolu canlandıran şəxs ya rejissorun, ya da ki ona yaxın olan şəxslərdən kiminsə yaxınıdır. Aktyor olmayan şəxslərin film və seriallara çəkilməsi nəticə etibarı ilə keyfiyyətsiz məhsul ortaya çıxarır. Tamaşaçılar “bizdə serial yoxdur” deyəndə buna görə onları qınamaq olmaz. Çünki onları aldatmaq mümkün deyil. Zamanla müxtəlif ölkələrin seriallarını yerli və əcnəbi telekanallarda izləyən tamaşaçı nəyin yaxşı, ya pis olduğunu ayırd edə bilir”.

A.Heybətov peşəkar aktyorların da sayının az olmadığını vurğulayır: “Deməzdim ki, bugünki gündə qeyri-peşəkar aktyorlar üstünlük təşkil edir. Peşəkar aktyorların da sayı az deyil. Biz hər şeyi tamaşaçıların ixtiyarına buraxırıq və onların zövqünə inanırıq. Aktyor gərək ki, rolu yaşayaraq tamaşaçıya çatdıra. Əgər bunu bacarmazsa ondan nəsə gözləmək olmaz. Tamaşaçılar da hər zaman rolunu canlandıra bilməyən aktyorların peşəkarlıq səviyyəsinin olmamasından gileylənərək iradlarını bildirir”.

Aktyor Şövqi Hüseynov serial və film aləmində aktyorluq ixtisasını bitirməyən şəxslər arasında istedadlıların da az olmadığını deyir. Ş.Hüseynov bunun normal olduğunu deyir: “Bu gün aktyorluq sənətində təhsili olmayan şəxslər teatrda yoxdur. Amma film və seriallarda bu cür şəxsləri görə bilərik. Ola bilər ki, birinin çox gözəl istedadı və bacarığı var. Amma aktyorluq fakültəsini bitirməyib. Bu zaman niyə də aktyor kimi film və seriallara çəkilməsin? Öncələr də bu ənənə olub. Mən buna pis baxmıram. Aktyorluq sənəti diplom almaqla əldə edilən bir şey deyil. Düzdür, təhsil də önəmlidir. Amma bizim işimiz sırf bununla bağlı ola bilməz. Bacarıq, istedad da olmalıdır. Bəzən diplomu olan, uzun illər aktyor kimi çalışan biri rolunu elə bərbad canlandırır ki, onun aktyor fakültəsini bitirməsinə belə inanmaq olmaz”. Ş.Hüseynov istedadsız aktyorların bu sahəyə gəlməsinin səbəbini izah edir. O deyir ki, belələrinin bu sənətə gəlişinin əsas səbəbi maddiyyat deyil, tanınmaq arzusudu: “Onların gəlir əldə etmək üçün bu yola üz tutduğunu düşünmürəm.Yəqin ki, tanınmaq üçün asan yol tapdıqlarını düşünür. Aktyor olmayan birisi bu sənətə yiyələnmək istəyirsə gərək sənətin incəliklərini öyrənsin. Təəssüflər olsun ki, bu gün aktyor olmaq istəyənlər sənətin çox asan olmasını ortaya qoyublar. Məni ən çox qıcıqlandıran da elə budur. Bəzən aktyorların yaratdıqları obraza tamaşa edəndə düşünürsən ki, bunu mən də edə bilərəm. Bütün bunlar da o səviyyədə film və serialların, tamaşaların, aktyor oyunlarının yaranması ilə əlaqədardı. Tamaşaçı geyinib-keçinmək, bəzənib-düzənməklə “burda nə var ki, mən də aktyor ola bilərəm” deyə düşünürsə deməli aktyorlar yaratdıqları obrazla onlarda belə təəssürat formalaşdırıb. Ona görə tamaşaçını qınaya bilmərik. Onlar elə düşünürlər ki aktyorluq çox sadə və asan bir sənətdir. Bu sənət böyük güc, istedad tələb edən bir sahədi”.

200-dən artıq reklam çarxının müəllifi olan, “Pərvanələrin Rəqsi”, “sonuncu Fəsil” serialının aparıcı rejissoru Rövşən İsaxın da mövzuya münasibətini öyrəndik. İlk olaraq özünün müəllifi olduğu sonuncu serialına münasibət bildirən rejissor “Sonuncu Fəsil”in “Pərvanələrin Rəqsi” qədər izlənilmədiyini deyir. Qısa zaman çərçivəsində çəkilişlərə başladıqlarını deyən rejissor bədii keyfiyyətin onu qane etmədiyini söyləyir: “Çəkdiyim “Sonuncu Fəsil” serialı ilə bağlı səmimi deyə bilərəm ki, çox hazırlıqsız və qısa zaman çərçivəsində çəkilişlərə başladıq deyə bədii keyfiyyət məni qane etmədi. Vaxt azlığından digər serialları da izləyə bilmirəm. Düşünürəm ki, serialın səviyyəsinin aşağı və ya yuxarı olmasını tamaşaçının ümumi marağı İlə müəyyənləşdirmək olar. Ara-sıra gözümə dəyən kadrlara baxıb onu deyə bilərəm ki, texniki baxımdan keyfiyyət qalxıb”.

-Ən azı bəlkə də hansısa serialın bir bölümünü və ya bir neçə dəqiqəsini izləmisiniz. Bu zaman sizdə hansı təəssüratlar yaranıb?

-Baxırsan ki, serialın ilk bölümü çox maraqlıdı. Amma sonradan hadisələr səngiyir. Bu zaman tamaşaçı üçün artıq serialın marağı itir.

-Qeyri-peşəkar şəxslərin serial çəkməsinin necə, keyfiyyətə təsiri varmı?

-Bir neçəsini tanıyıram ki, hansı ki onlar rejissor deyillər. Adlarını çəkməyəcəyəm. Serial çəkən şəxsin gərək ki, ən azı rejissorluq təhsili olsun. Onlarda da bu yoxdu. Təcrübədə belə fikir var ki, yaxşı rejissor, aktyor olmaq üçün təhsil bir o qədər də önəmli deyil. Amma yaxşı olardı ki, təhsil də olsun. Belə insanlar nadir hallarda istedad sahibi olur, yaxşı iş ortaya qoyurlar. Amma məncə bizdə qeyri-peşəkarların serial çəkməsi daha çox üstünlük təşkil edir.

-Bu da keyfiyyəti aşağı salır...

-Təbii ki, peşəkar, təhsilli birisi ilə müstəqil şəkildə bu işi öyrənən şəxs arasında fərq var. Bunun üçün bir o qədər də baş sındırmaq lazım deyil. Serial konkret tamaşaçı kütləsinə yönələrək onun marağına uyğun çəkilməlidi. Azərbaycan tamaşaçısını ucuz tutmaq olmaz. Tamaşaçılarımız Türkiyə istehsalı olan serialları izləyir, onları bəyənir. Dünyanın bir sıra ölkələrində yayımlanan seriallara Azərbaycan tamaşaçısı böyük maraqla baxır. Bizim çəkdiyimizi tamaşaçı bəyənmirsə deməli problem bizdədi. Tamaşaçını nədəsə günahlandırmamalıyıq. Görünür tamaşaçının marağını öyrənə bilmirik.

-Tamaşaçıların əsas iradlarından biri də aktyorların dil üslubları ilə bağlıdı. Onlar aktyorların çox quru, ədəbi dildə danışdığını deyərək bu səbəbdən yerli serialları izləmədiklərini söyləyirlər”

-Mən öz işimə cavabdeh olaraq deyə bilərəm ki, aktyorlarım süni danışmır. “Pərvanələrin rəqsi”nə qədər kitab, ədəbi cümlələrə üstünlük verilirdi. Çəkdiyimiz serialla biz bu tilsimi sındırdıq. Nisbətən vəziyyət dəyişib. Bəlkə hansısa serialda hələ də ədəbi, kitab cümlələri üstünlük təşkil edir, bəlkə də serialın mövzusu maraqlıdı, amma rejissor onun öhdəsindən gələ bilmir.

 -Maraqlı serial olsa da “Sonuncu Fəsil”in auditoriyası “Pərvanələrin rəsi” qədər deyil. Bunun səbəbi nədir?

-Bizim daimi tamaşaçı auditoriyamız var. Onlar “Pərvanələrin rəqsi” ilə müqayisədə bu serialın daha maraqlı olduğunu söyləyirlər. Amma kütlə baxımından düşünürəm ki, bu serial öncəki kimi çox baxılmır. Bu serialların çoxluğu ilə də əlaqədar ola bilər. Nə olursa-olsun mən həmişə günahı öz tərəfimizdə görürəm. Həqiqətən də haqsız tərəf bizik. Bunu yalançı təvazökarlıqla demirəm. Nədəsə biz səhv edirik. Tamaşaçıda heç vaxt səhv olmur, o həmişə haqlıdı. “Sonuncu fəsil”dən fərqli olaraq “Pərvanələrin rəqsi” serialının təkrar bölümləri də yayımlanırdı. Bunun da auditoriyaya təsiri var.

 -Reytinqdə neçəncisinizi?

-Serial reytinqində birinci, ikinci, gah da üçüncü oluruq. Stabil bir yerdə qalmırıq. Bəzən reytinqdə biz birinci pilləyə qalxırıq. Bu da bəlkə digər serialların auditoriyasının zəifləməsi ilə əlaqədardı.

 

Nigar Məhərrəm

 

Olaylar.- 2014.- 18 mart.- S.12.