Belçikada çoxsaylı diaspor

təşkilatlarımız fəaliyyət göstərir

 

Ayhan Dəmirçi: “Onların fəaliyyətlərində

nəzərə çarpacaq qədər dəyişkənlik var

 

“Zamanın tələbləri ilə ayaqlaşmaq lazımdır”

 

Ölkəmizi Avropada layiqincə təmsil edən diaspor təşkilatlarından biri də Azərbaycan-Belçika Dostluq Cəmiyyətidir. 10 ildən artıq fəaliyyət göstərən cəmiyyət ötən illər ərzində Azərbaycan həqiqətlərinin Avropa və dünya ictimaiyyətinə çatrdırılması, Xocalı soyqırımının tanıdılması, eləcə də digər bu kimi ümummilli problemlərlə bağlı uğurlu layihələrə, təbdirlərə imza atıb. Cəmiyyət bir müddət öncə Belçikada Dağlıq Qarabağ probıemi ilə bağlı keçirilən daha bir toplantının təşkilatçılarından biri olub.

Sözügedən toplantı, orada müzakirə edilən .məsələlərlə bağlı Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi ilə söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Ayhan Dəmirçi Belçikadakı Azərbaycan diasporunun durumu, qarşıdakı perspektivlər, eləcə də bu sahədə atılması vacib olan addımlar barədə danışıb.

 

-Ayhan bəy, bu günlərdə Belçikada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş toplantı keçirildi. Həmin toplantının nəticələrini necə qiymətləndirirsiniz?

-Bəli, mətbuatdan da izlədiyiniz və sizin də qeyd etdiyiniz  kimi bu günlərdə Belçikanın nüfuzlu universitetlərindən birində  Azərbaycanın Belçika Krallığındakı səfirliyinin, Dünya Azərbaycanlıları Konqresi və Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin  təşkilatçılığı ilə “Qafqazda və bölgədə erməni problemi” adlı konfrans keçrildi. Təvazökarlıqdan kənar da olsa qeyd etmək istəyirəm ki, konfrans olduqca yüksək səviyyədə baş tutdu. Azərbaycanın Belçika Krallığındakı fövqaladə və səlahiyyətli səfiri cənab Fuad İsgəndərov, Azərbaycanın millət vəkili  Qənirə Paşayeva və Türkiyənin Doqquz Eylül Universitetindən xanım Vəfa Qurban, belçikalı araşdırmaçı, Qafqaz üzrə mütəxəsis Mişel İvor olduqca maraqlı çıxışlar etdilər. Konfransa eləcə də Avropanın bir çox ölkələrindən qonaqlar qatılmışdılar. Konfransdan sonra istər orada iştirak edən insanlardan, istərsə də digər şəxslərdən çoxsaylı e maillər aldım. Konfransın ən önəmli tərəflərindən birionun məhz universitetdə keçrilməsi idi. Biz konfransı otellərin birində də təşkil edə bilərdik. Ancaq  universiteti seçdik  sonra bu seçimdə yanılmadığımızın şahidi oldum. Öncədən də düşündüyümüz kimi orada iştirak etməyən  konfransdan sadəcə xəbər tutan çoxsaylı tələbə və müəllimlərdən  e maillər aldıq. Onlar konfransın keçrilməsinin məqsədi barədə sullar ünvanlamışdılar. Beləliklə konfransimizdan təkcə orda iştirak edənlər deyil bir çoxları xəbər tutmuş oldular ki, onların da əksəriyyəti Belçikanın, Avropanın gələcək siyasətini müəyyən edəcək insanlardan ola bilərlər. Bu, sadəcə qısa bir misaldır. Bir sözlə, konfransın nəticələrindən razıyam və gələcəkdə də bu kimi tədbirlər keçirtməyi düşünürük.

-Ümumiyyətlə, bu kimi toplantıların keçirilməsi Qarabağ probleminin Avropaya çatdırılması istiqamətində nə dərəcədə əhəmiyyətlidir?

-Düşünürəm ki, bu səpkili  konfranslar dediyiniz problemin  istədiyimiz ünvanlara çatdırılması  üçün çox yaxşı bir vasitədir.  Dünya dəyişir, indi artıq başqa bir dövr, başqa bir zamandır. Tələblər də fərqlidir. Əgər bir neçə illər öncə mübarizəni  başqa yollarla aparmalı idiksə,  indi artıq bu kimi qaydalardan istifadə etməliyik. Zamanla ayaqlaşmasaq kimsə bizi dinləməyəcək.

-Demək olarmı ki, artıq Azərbaycanın problemləri Avropanın küçə və meydanlarından parlamentlərə, konfrans zallarına daşınır?

-Şəxsən mən bunu çox istərdim. Çox istəyirəm ki, biz küçə və meydanlardan parlament binalarına, konfrans salonlarına yığışa bilək. Ancaq bu o demək deyil ki, mitinqlər, küçə və meydanlarda təşkil edilən aksiyalar gərəksizdir. Əsla belə demək istəmirəm. Sadəcə hər birini öz yerində etmək lazımdır. Lazım olanda meydanlarda, lazım olanda isə konfrans zallarında özümüzü göstərməliyik.

-Rəhbərlik etdiyiniz Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin 2014-cü il üçün fəaliyyət istiqamətləri, proqramı müəyyən edilibmicari ildə hansı tədbirlər, layihələr həyata keçiriləcək?

-Planlarımız, arzularımız çoxdur. Sadəcə bəzən bütün istəklərimizi həyata keçirə bilmirik  ki, bunun da müəyyən səbəbləri var.  Mənim burda kimdənsə, yaxud kimlərdənsə şikayət etmək kimi bir düşüncəm yoxdur. Yalnız onu qeyd etmək istəyirəm ki, istək və   planlarla imkanlar üst-üstə düşməyəndə bəzi işlərdə çətinliklərimiz olur. Məsələn, çox istərdim ki, milli bayramımız olan Novruzu burda yüksək səviyyədə təşkil edək və yerli insanları da bununla bağlı məlumatlandıraq. Bunlar olduqca vacib məsələlərdir. Həm ölkə xaricində yaşayan insanlarımızın bir araya gəlməsi baxmından, həm də yerli insanlara özümüzü bir qədər fərqli bucaqdan təqdim etmək üçün. Ancaq bu o demək deyil  ki, bizlər sakit oturmalı və heç bir planlar hazırlamalı deyilik. İndi açıqlama vermək istəməsəm də onu qeyd etmək istəyirəm ki, bu il üçün olduqca zəngin planlarımız var. Zamanı gəlincə bunlar barədə sizləri məlumatlandıracam.

-Hazırda Avropada, xüsusilə, Belçikada Azərbaycan diasporunun durumunu necə qiymətləndirirsiniz?

-Bilirsiniz ki, Azərbaycan özü gənc bir dövlətdir və təbii ki, bunu diasporumuza  da şamil etmək lazımdır.  Düzdür, bizlər Türkiyənin İğdır vilayətindən olan Azərbaycan kökənli insanlar uzun zamandır Avropada yaşayır və Azərbaycan üçün bir şeylər etməyə çalışmışıq. Ancaq yuxarıda da qeyd etdiyim kimi, indi başqa bir zamandır və bizlər də fəaliyyətimizi buna uyğun qurmalıyıq.  Xaricdə yaşayan insanlarımızın aktiv olması üçün bizlər də əlimizdən gələni edirik. Hazırda istər Belçika, istərsə də Avropanın başqa ölkələrində çoxsaylı diaspor təşkilatlarımız fəaliyyət göstərirlər və fəaliyyətlərində də  nəzərə çarpacaq qədər dəyişkənlik var.  İnaniram ki, gələcək illərdə digər təşkilatlarımız da təcrübələnəcək və bu təcrübələrini ölkəmizin xeyrinə istifadə edəcəklər.

-Ümumiyyətlə, Azərbaycan diasporu daxilində son illər hansı müsbət və ya mənfi hallar müşahidə edilir?

-Fəaliyyət varsa orada müsbət və mənfi halların olması qaçılmazdır. Əsas odur ki, fəaliyyətdə olasan. Mənfilərimizi çalışıram ki, öz aramızdakı söhbətlərdə dostların diqqətinə çatdırım.  Müsbət hallardan biri kimi onu qeyd etmək istəyirəm ki, artıq, sizin  qeyd etiyiniz kimi, kofrans salonlarına, parlament binalarına daşınmağa başlamışıq. Şəxsən rəhbərlik etdiyim təşkilatla, bəzən digər dostların dəstəyi ilə, Avropa Parlamentinin binasında tədbirlər, konfranslar keçirmişik. Sevindirici hallardan biriodur ki, artıq nüfuzlu siyasi dairələrdə sözümüzü deməyə çalışır və bunu edə bilirik.

-Belçikada fəaliyyət göstərən digər ölkələrin, xüsusilə türk diasporu ilə əməkdaşlığınız hansı səviyyədədir?

-Belçikada təbii ki, digər xalqların çoxsaylı təşkilatları var. Eyni zamanda burada istər Türkiyə türklərinin, istərsə də digər Türk kökənli insanların təşkilatları var. Onların əksəriyəti ilə olduqca yüksək səviyyədə münasibətlərimiz var. Bizlər onların tədbirlərinə qatılır və onları da öz tədbirlərimizə dəvət edirik. Elə sözünü etdiyimiz son konfransa çoxsaylı diaspor təşkilatlarından nümayəndələr qatılmışdılar. Bəzən isə bir neçə təşkilat yığışaraq bir yerdə tədbirlər keçiririk.

-Belçikadakı Azərbaycan diaspor təşkilatları arasında birlik və bərabərlik, həmrəylik varmı?

-Təbii ki, buradakı təşkilatlarımızın əksəriyyəti ilə  əlaqələrimiz  var. Bəzi məqamlarda fikirlərimiz üst-üstə düşməyə  bilər ki, bu da təbiidir. Ancaq bu o anlama gəlməməlidir ki, bizlərin müsaibəti gərgindir. Məqsəd eyni olandan sonra gərginlikdən söhbət gedə bilməz.

-Sizcə, diasporumuzun daha yaxşı uğurlara imza atması, nailiyyətlər qazanması üçün daha nələri etmək lazımdır?

-Sadəcə zamanın  tələbləri ilə ayaqlaşmaq lazımdır. Gələcəklə də bağlı planlarımızın olması vacibdir.  Yaşadığımız ölkənin, Avropanın gündəlik siyasi həyatını diqqətlə izləməliyik. Təbii ki, bu sırada ümumi düşmənlərimizin  ölkələrində baş verənləri  unutmaq olmaz. Ümumiyyətlə,   dünyada baş verən siyasi proseslər diqqətlə izlənməlidir. Bundan başqa,  hər birimiz yaşadığımız ökənin siyasi  həyatında aktiv olmalı, seçkilər öncəsi proseslərdə, seçkilərdə aktiv iştirak etməliyik.

-Belçikadakı diaspor təşkilatlarının bu ölkənin nüfuzlu mətbuat orqanları ilə əməkdaşlığı hansı səviyyədədir və keçirilən tədbirlər Belçika mətbuatında dərc olunurmu?

-Mən hər kəsin adından danışa bilmərəm. Öz  təşkilatımız adından onu deyə bilərəm ki, ünsiyyətdə olduğumuz mətbuat orqanları varzaman-zaman tədbirlərimiz barədə irili-xırdalı məlumatlar veriblər. Hansı xəbərimizin yerli mətbuat orqanlarında çap olunacağını isə bizlər deyil, onlar müəyyən edirlər. Bir qədər də açıq desəm, onlar bizim deyil, öz maraq dairələrində olanları mətbuata verirlər ki, sizin bir mətbuat işçisi kimi bunun nə demək olduğunu bildiyinizi düşünürəm.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 Olaylar.- 2014.- 19 mart.- S.10.