Cavanşir Feyziyevin “Türk dövlətləri
birliyi” kitabının təqdimatı keçirilib
Mətbuat Şurasının İdarə Heyətinin
üzvü, millət vəkili Cavanşir Feyziyevin müəllifi
olduğu “Türk
dövlətləri birliyi”
kitabının təqdimat mərasimi keçirilib.
Mərasimdə millət vəkilləri, tanınmış
ziyalılar, Azərbaycan Mətbuat Şurasının rəhbərliyi,
eləcə də KİV nümayəndələri iştirak edib. Təqdimat
mərasiminin iştirakçıları arasında Türkiyənin
sabiq xarici işlər
naziri Hikmət Çətin də olub.
Tədbiri giriş sözü ilə açan
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun
Amaşov kitabın məziyyətlərindən
danışıb. Bildirib ki, millət vəkili Cavanşir
Feyziyevin bu kitabı bir daha türk dövlətləri
birliyinin vacibliyini önə çəkir: “Monoqrafiyanın
vacib cəhətlərindən biri də yeni dünya düzənində
türk toplumunun vahid orqanizm halında fəaliyyət göstərməsi
zərurətinin konkret faktlarla isbatlanmasıdır. Məlumdur ki, zaman-zaman türklərə
münasibət birmənalı
olmayıb və eyni tendensiya yaşadığımız
dövr üçün də aktuallığını
saxlamaqdadır. İslami dəyərlərin
praktik fəaliyyət müstəvisində tətbiqinin
uğurlu modelini ortaya qoymuş türklərin simasında
dinimiz bir çox xüsusisyyətləri ilə
özünü göstərən fanatiklik və
ehkamçılıq kimi yanlış yöndəki təqdimatlardan
müəyyən qədər sığortalanıb, nümunəvi
həyat tərzinin normasına
çevrilib. Bəli, türklərin tarixi
saxtalaşdırılıb, türk milli kimliyi məsələsi
şübhə altına alınıb və digər xoşagəlməzliklər
yaşanıb”. 70 il Sovet
İmperiyasının idarəçiliyi altında olan
türkdilli respublikaların bir-birindən ayrı
düşdüyünü diqqətə çatdıran
Əflatun Amaşov günümüzdə türkdilli
respublikalar arasında münasibətlərin, əlaqələrin
inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki,
müstəqillik illərindən sonra bir qədər də
inkişaf edən bu əlaqələr yeni-yeni qurumların yaranması
zərurətini meydana çıxardı. Nəticə
etibarilə TÜRKSOY, Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurası, TURKPA kimi yeni-yeni qurumlar yaradıldı.
Əflatun Amaşov kitabın müxtəlif dillərə tərcümə
olunması təklifini irəli sürüb. “Onun həm də türk dövlətləri arasında
yayılması vacibdir”.
Millət vəkili Yaqub Mahmudov da əsəri yüksək dəyərləndirib.
Bildirib ki, bu gün bu əsərin çap olunmasını Azərbaycan siyasətşünaslıq
elminin qələbəsi hesab
edilməlidir. Millət vəkili çıxışında dünyada mövcud olan ədalətsizlikdən də söz açıb: “Dünyanın elə
ölkələri var ki,
heç orada demokratiya yoxdur. Amma onu dünyanın hər
yerində ən yüksək demokratiya mövcud olan ölkə kimi təqdim edirlər. Tarix
boyu soyqırımlar türklərə
qarşı törədilib. Əsl soyqırımları xaç yürüşlərindən
başlayıb. Terrorçuluq,
soyqırım Qərbdən Şərqə doğru
başlayıb. Həmin dövlətlər bir
də baxırsan ki, gəlir Ermənistanda
yalançı soyqırım məzarlığının
üzərində əklil qoyurlar.
Yalançı erməni soyqırımı tanıyanlar, tarix boyu soyqırım
törətdiyi xalqlardan üzr
istəmələdirlər”. Türk
dünyasının dirçəlişinin
başladığını deyən Y. Mahmudovun
sözlərinə görə, bu da çox siyasətçi,
ölkə liderlərini təlaşa salıb. “Bu gün türk
dövlətlərinin yenidən dirçəlişi var. Vaxt var
idi deyirdik ki, yox, ermənilər heç nə edə bilməzlər. Amma onların ardındakı qüvvələri
saya salmırdıq. Belə-belə
Qarabağı itirdik”. Yaqub
Mahmudov deyib ki, ortaq türk
dilinin yaradılmasına getməliyik: “ Bu, kitab arzudur.
Amma bu arzunu
gerçəkləşdirmək üçün
çətin yolumuz var.
Türk dünyası olmadan
tarix yoxdur. Odur ki, bu
kitabı alqışlayıram və onun türk dünyasının hamısında çap olunmasını təklif edirəm”.
Millət vəkili Nizami Cəfərov da kitabı yüksək dəyərləndirib.
O bildirib ki, istənilən
kitab qələmə alınanda arzu ilə yazılır. Sabir
Rüstəmxanlı isə
Əli bəy Hüseynzadədən sitat
gətirərək qeyd edib
ki, “biz demirik ki, hamı bir çatıya yığışıb bir yaşasınlar”. Onun
sözlərinə görə, böyük
hədəf olmalıdır. “Heç kim bizi millətçilikdə
qınamasın. Hətta töküntümüzə belə sahib çıxmalıyıq. Avropa
dəyərlərinə yox,
türkçülüyə, türk dəyərlərinə
sahiblənməli, meyllənməliyik”.
Sonda çıxış edən kitabın
müəllifi, millət vəkili Cavanşir
Feyziyev natiqlərə təşəkkürünü
bildirib. “Biz bir şeyə əmin olmalıyıq ki, türk dövlətlərinin
birliyi labüddür.
Əks halda 100-200 ildən sonra
türk dövlətlərindən
danışmaq olmayacaq”. Tədbir çərçivəsində Cavanşir
Feyziyevə Mətbuat Şurası və Dialoq
Avrasiya Platforması ilə birgə təsis
edilən “Həqiqətdə xidmətlərinə görə”
mükafatı ilə təqdim olunub. Sonda Əlibəy Hüseynzadəyə həsr
olunmuş film nümayiş olunub. Film Mətbuat Şurasının dəstəyi
ilə çəkilib.
Süleyman
Olaylar.-
2014.- 19 mart.- S.9.