Novruz bayramının
tarixi və çərşənbələr
Novruz bayramının mənşəyi,
onunla bağlı əsatirlər, miflər
qədimdir. Tədqiqatçılar Novruz
bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə
məşğul olan xalqları
arasında meydana gəldiyini söyləyirlər.
Novruz bayramının ayrı-ayrı tarixi və
əfsanəvi şəxsiyyətlərin (əfsanəvi
İran şahları Kəyumərs (Avestada Qaye Mərdan), Cəmşid
və başqaları) adı ilə bağlamağa
çalışmışlar. İslam dini
Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan
sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini,
bayramlarını təqib etməyə başladı. Əsrlər
boyu dini xadimlər,
müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən
ayırmağa çalışmış, ona
dini, mövhumi libas geyindirməyə cəhd göstərmşlər.
Hətta bəzi din xadimləri belə bir fərziyyəyə uydurmuşlar
ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə
gəldiyi günlə əlaqədardır. Halbuki imam
Əli iyul ayında hakimiyyətə gəlmiş,
Novruz isə yazda bayram edilir. Əslində,
xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç
bir dini ehkamlar ilə bağlı deyildir.
Əksər xalqlar bahar
bayramının əsil mahiyyətindən doğan
bir sıra adət-ənənələri,
oyunları indiyədək saxlamışlar.
Orta əsr müəllifləri Şərq ölkələrində
İslam dini
yayıldıqdan sonra da
Novruz bayramında yaz ənənələrinin,
əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər.
Əbu Reyhan əl-Biruni (XI əsr) Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən
onun yaranması səbəblərindən, bu bayram münasibətilə
xalq arasında yayılmış adət-ənənələrdən
bəhs etmiş, Novruz
bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının
başlanması ilə bağlı əsil dünyəvi bayram olduğunu qeyd etmişdir. Nizamül Mülk (XI əsr)
"Siyasətnamə" əsərində Novruz
bayramından yazın gəlişi ilə əlaqədar
keçirilən kütləvi xalq
bayramı kimi bəhs etmişdir.
Novruzun gəlişi klassik
Şərq, o cümlədən Azərbaycan
poeziyasında geniş yayılmış
"Bahariyyə" adlı lirik şeirlərdə
də təsvir və tərənnüm edilir.
Novruz bayramında çərşənbələr
İnsan, kainat 4 ünsürdən
- su, od, torpaq və küləkdən yaranıb. Hər
il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən
əvvəl qeyd olunur.
Aşıqlarımız da «Ab, atəş, xak, baddan yarandım» deyiblər vücudnamələrində,
yəni su, od, torpaq və yelə bağlıdır insan.
Birinci su çərşənbəsi
adlandırılırdı. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib
çaylara tökülür.
Torpaq yavaş-yavaş
islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin
su gətirərdilər, evin
ətrafına çiləyərdilər, üzlərini
yuyardılar.
İkincisi od çərşənbəsi
adlanır. Ona görə ki,
bahara doğru günəş
yavaş-yavaş torpağı
qızdırır, isindirir, onu yaratmaq üçün
hazırlayır. Od çərşənbəsində
tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir
dənə şam yandırardılar. Xonçalar düzəldilərdi.
Üçüncüsü yel çərşənbəsidir.
Bəzi bölgələrimizdə çox
əziz tutulur. Yəni yel
artıq azacıq oyanmış torpağı, təzəcə
çığmış yaza həsrət
gülləri tərpədir, tumurcuqlanan
ağacları yellədir. Axırıncısı torpaq çərşənbəsidir.
Torpağı ana təbiət –
Allahımız su ilə islatdı,
günəşlə isitdi, onu yaratmağa
hazırladı. Ona görə də ilk yaz əkinini
xışla-kotanla məhz torpaq çərşənbəsi
günündə başlayardılar. Nənələrimiz «Səməni,
saxla məni, ildə göyərdərəm
səni»- deyib buğda
isladardılar.
Nədənsə öncəki kimi
Novruz
böyük səbirsizliklə gözlənilmir
Hər il Novruza böyük
həvəs, canfəşanlıqla hazırlaşardıq. Evlərdə
xonça tutular, səməni
göyərdilər, şamlar
yandırılardı. Qız-gəlinlər, ana-bacılar bir yerə yığışaraq şəkərbura,
paxlava, qoğal, badambura və bu kimi sfürə üçün
digər ləziz nemətləri bişirərdi. Uşaqlar
qapılara papaq atar, ev sahibləri isə onlar üçün süfrəsindən papaqlara ən ləziz nemətləri
doldurardılar. Əkinçi məhsul əkəcəyi
torpağın şumuna başlayar,
bağban meyvə ağaclarının quru budaqlarını kəsib atardı. Uşaqlar Novruz gülü, qar
çiçəyi üçün meşələrə,
çöllərə üz
tutardılar. El-obada, hər ailədə Novruz Bayramının gəlməsinə
azı bir ay
qalmış hazırlıq işlərinə
başlayardılar. Qapı-baca təmizlənər, paltar-palaz, qab-qacaq
yuyulardı. Novruzda hər kəs yeni libasda, bahar ab-havasında
görünməyə çalışardı. Subay qızlar qulaq
falına çıxardılar. Çərşənbə
axşamları niyyət tutaraq
qonşuların qapısını pusardılar. Bu zaman eşidilən sözü yozar və bu ilin onun
üçün necə keçəcəyini
təxmin edərdilər. Odur ki, Novruz bayramı
axşamında evlərdə könül
açan, ümid verən
söhbətlər danışılardı. Novruz
bayramında ən çox
yayılmış adətlərdən biri
də qurşaq salmaqdır. Daha çox uşaqlar, cavanlar
qaranlıq düşəndə evbəev gəzib bacadan, pəncərədən qurşaq
sallayıb bayram payı alardı.
Başmaqları
qapıya sarı atardıq. Başmağın ucunun
qapıya doğru olması belə yozulurdu ki, həmin qız
bu il ailə həyatı
quracaq. Ucu evə doğru düşməsi isə el arasında qızın bu
il də evdə qalacağı kimi yozulardı...Beləcə subay
qızlar hər il Novruzu
səbrsizliklə gözləyər, bu il başmaqlarının ucunun
üzü qapıya sarı düşəcəyini
diləyərdilər. Novruz çərşənbələrində
şirnidən dadıb onu
balışın altına qoyardılar ki,
yuxuda gələcək
nişanlılarını görə bilsinlər. Tez ailə həyatı qurmaq
istəyən qızlar üzük
falına da baxardı. İnsanlar
gül-çiçək alıb əzizlərinin məzarlarını
ziyarət edərdilər. Novruz bayramı günündə adamlar
taza paltarlarını geyib
bir-birinin evinə bayram
təbrikinə gedər, hədiyyələr aparardı. Bayramlaşmağa gələnlər üçün süfrəyə Novruz munasibətilə bişirilmiş
şəkərbura, paxlava, qoğal və başqa şirniyyatlar, çərəzlər düzülürdü. Yumurtalar
da al-əlvna rənglərə
boyanardı. Hər kəs öz
yumurtasının salamat qalacağı ümidi ilə özünə rəqib
tapıb yumurta döyüşdürərdi.
Kimiləri yumurta döyüşdürmək
üçün hətta mərcə də
girərdi...Böyüklər də bu bayramda sanki
uşaqlaşardı.
Xoş ovqatı ilə Novruz
hər zaman ailələrə sevinc, ruzi-bərəkət
bəxş edib. Nədənsə son illər Novruzun
yalnız bəzi adət-ənənələri yada düşür.
Artıq bu bayramı demək olar ki, bir
çoxları adi bir
gün kimi
qarşılayır. İnsanlarda Novruz sevinci, əhval-ruhiyyəsi
hiss olunmur. Bəlkə
də güzəranın pisləşməsi buna
təsir edir. Bəlkə də
insanların iş həyatına
alışması...ya başqa
amillər... Böyüklərlə
yanaşı, körpə balalarda da Novruz sevinci,
xoş ovqatı hiss olunmur. Qapılardan uşaqların ayaq səsləri kəsilib. Məhəllələrdə
əvvəlki kimi tonqalların tüstüsü asimana
ucalmır. Öncəki illərdə hər məhəllədə
azı bir tonqal
qalanardı. Amma indi,
təəssüflər olsun ki, iki-üç məhəllədə
bəlkə bir tonqal qalanar ya qalanmaz.
Əvvəlki kimi nə papaq
atan var, nə də ki tonqal qalayan. Qohum-əqərəbalar da yadlaşıb. Bir-birinin
evinə bayramlaşmaq üçün
gedənlər, yığışıb süfrə naz-nemətləri
bişirənlər də yoxdu...
Nigar Məhərrəm
Olaylar.-
2014.- 20-31 mart.- S.13.