Mirzə Fətəlinin
yaradıcılığında yenilikçi ideyalar
Mirzə Fətəli Axundzadə ədəbiyyat tariximizdə əsərləri milli qeyrət, xalqın acınacaqlı yaşamından gileylənmək, millətin savadlanması, qabaqcıl Avropa mədəniyyətinə qoşulması üçün yorulmadan çalışmaq kimi bir çox özəlliklərlə zəngin olan yazıçılarımızdandır. Lakin onun yaradıcılığında milli təəssübçülük ön planda durur. Onun istər şeirlərində, istər komediyalarında istərsə də bədii, fəlsəfi nəsr əsərlərində milli təəssübçülük çeşidli məqamlarda verilir.
M.F.Axundzadə
yaradıcılığa şeirlə
başlamışdır. Lakin, onun şeir
yaradıcılığı bir o qədər də zəngin
deyildir. Ədibin ölməz rus şairi A.S.Puşkinə
yazdığı “Puşkinin ölümü haqqında şərq
poeması”nı, “Zəmanədən şikayət”i və
daha bir neçə bu tipli şeirləri istisna etsək yerdə
qalan şeirləri əsasən məktublardan, mədhiyyələrdən ibarətdir. Öz
dövrünün digər yazıçıları kimi
Axundzadənin də yaradıcılığında ziddiyyətlər
yetərincədir. Əgər bu ziddiyyətlər ilk olaraq
başladığı şeir
yaradıcılığını əhatə etsəydi, bunu
onun gənc olması, yaradıcılığa yeni başlaması
ilə bağlamaq olardı. Lakin bu ziddiyyətlər onun
bütün yaradıcılığı boyu hiss olunur. Bir yandan mədhiyyə yazan şairləri tənqid
edən, “o ədəbiyyatı real ədəbiyyat hesab edirəm
ki, orada xalqın real həyatı, dərdləri öz əksini
tapsın”- deyən ədib bir yandan da İstanbulda baş vəzir
Fuad paşaya əlifba ilə bağlı yazdığı
şeirində onu Süleymanın müdrik vəziri Asəflə
müqayisə edirdi. Digər bir mədhiyyəni
isə rus çarının vəliəhdi II Aleksandrın
Tiflisə gəlişinə həsr etmiş, burada vəliəhdi
orta yüzil dünyasının ən nəhəng sərkərdələri
olan Əmir Teymur və I Şah Abbasdan üstün
tutmuşdu. Bundan başqa o, zəmanəsinin
şairlərinin, xüsusən də Q.B.Zakirin kəskin tənqid
etdiyi, öz zülmkarlığı ilə bütün
Qarabağ mahalında məşhur olan Cəfərqulu xana da
bir neçə mədhiyyə yazmış, onunla dostluq
münasibətləri saxlamışdır. Zənnimcə
Axundzadənin Cəfərqulu xanı həcv etməməsini
onun bir çar zabiti olaraq rütbəcə Cəfərqulu
xandan kiçik olmasında, hərbi intizamın buna yol verməməsində
axtarmaq lazımdır.
Axundzadənin məqalələri
ədibin yaradıcılığının ayrılmaz
bölümünü təşkil edir. Bu məqalələri
oxuyunca onun ilk öncə ərəb əlifbasını sadələşdirmək,
daha sonra isə dəyişdirmək uğrunda necə gərgin
dirəniş apardığının şahidi oluruq. Bu məqalələrdən
həm də aydın olur ki, o, bir çar zabiti, bir dövlət
məmuru olmasına baxmayaraq çar idarə sistemindəki
haqsızlığı öz şəxsi həyatında da
hiss edirdi. Bu məqalələrin ən böyük əhəmiyyəti
də burada çar idarə üsulunun tənqididir.
M.F.Axundzadənin
yaradıcılığı müxtəlif janrları əhatə
etsə də ona ən böyük uğur qazandıran
ölməz komediyalarıdır. Belə ki, Tifliş şəhərində
təşkil olunan rus teatrları və burada Rus və Qərbi
Avropa dramaturqlarının əsərlərinin tamaşası
Axundovda dərin təəssürat yaradır. Nadir
Məmmədovun qeyd etdiyi kimi ”Mirzə Fətəli doğma
xalqını orta əsr feodal dünyasının bəlalarından,
nadanlığından qurtarmaq, ictimai-siyasi şüurunu
oyatmaq, mədəni xalqlar səviyyəsinə qaldırmaq
üçün teatr və dramaturgiyanın təsirli bir vasitə
olmasını hesab edir”. Və o xalqı
gerilikdən ayırıb, yeniliyə aparmağın ən
yaxşı yolunun dramaturgiyadan keçdiyini anlayır və
komediya janrında ard-arda bir-birindən gözəl 6
sanballı əsər yaradır. 1850-1855-ci illərdə
yazılan bu komediyaların hər birinin mövzusu real həyatdan
götürülmüş və hər birində çağdaş
yaşamla belə səsləşə bilən, bir sıra məsələlər
qaldırımışdır. Dram əsərləri bədii
nəsrin başqa növləri ilə müqayisədə
daha üstündür. Çünki burada oxucu həm
mütailə yolu, həm də əsərə tamaşa etməklə
ikiqat zövq ala bilir. Digər janrlarda qələmə
aldığı əsərlərində olduğu kimi
komediyalarında da Axundzadə təəssübçü
düşüncələri oxucuya anlaşıqlı bir yolla
çatdırmağı bacarır. Doğrudur, onun
komediyalarında digər məsələlər də yetərincədir.
Lakin bütün bunlar haqqında kifayət qədər
yazıldığından amacımız daha çox ədibin
yenilikçi ideyalarının üzərində durmaqdır.
Dramaturqun ilk
komediyası olan “Hekayəti-Molla İbrahimxəlil Kimyagər”
komediyası yazıçının bu növdə yazılan
komediyalarından ilki olduğundan digər yazılacaq olan
komediyaların qurulmasına, fikir
axıcılığının düzülüşünə
öz yönünü vermişdir. Komediyada
Axundzadə nuxuluların timsalında avamlığı,
geriliyi tənqid edir, mədəni inkişafa
qovuşmağın yolunu məhz yenilikçilikdə
görürdü. Sanki o, öz düşündüklərini,
gerçəyə qovuşdurmaq istədiyi ideyalarını,
ülgülərini bu əsərdə Hacı Nurunun
timsalında verməyə çalışır. Şair
Hacı Nuru dəfərlə nuxuluları Molla
İbrahimxəlilə aldanmamağa çağırırsa
da bu fayda vermir. Necə deyərlər “Cam nə qədər
böyük olsa iman yenə öz bildiyini oxur”. Bu əsərdə
dramaturq avamlıqla, geriliklə, dar düşüncəli
olmağı əldə bayraq tutmaqla çox da qabağa getməyin
mümkün olmadığını dönə-dönə
vurğulayır.
“Hekayəti-Müsyö
Jordan həkimi-nəbatat və Dərviş Məstəli
şah caduküni-məşhur” komediyasında da
sadaladığımız ideyalar davam etdirilir. Bu
komediyada müəllif qadınların avamlığına, hətta
kişilərin də onlardan geri qalmamasına ürək
ağrısı, qəlb acısı ilə acıyır.
Şəhərbanu xanımın Dərviş Məstəli
şahın Parisi dağıdacağına inanması,
Şahbazın Avropaya elm dalınca getməsilə
razılaşmaması, yoluna sədd çəkməsi,
Şahbaz bəyin isə “Mənim tay-tuşlarım tamam mərifət
sahibi olub, qulluq edib, xoşbəxt olublar. Mən
qalmışam elə bu qamışlıqda adsız,
sanzıs” deyərək əzmlə mübarizə
aparması, Hatəmxan ağanın “Balam sən hələ
uşaqsan, bu zadlar tamam boşdur. İnsana ağıl
lazımdır. Bir dil artıq bilməklə
ağıl artmaz” və ya “Sən Parijə getmədən də
Müsyo Jordanın söhbətlərinə qulaq asmaqla
oranın əhlinin adət və xəvvasından mütəlle
ola bilərsən” sözləri Axundzadənin nə qədər
yüksək sənətkarlıqla avamlığı,
geriliyi pisləməsini, dövrünün eybəcərliklərini
bacarıqla qabartması aydın sezmək olur.
Digər
komediyalarında da çeşidli promlemlər
qaldırılır. “Hacı Qara”da xəsislik,
tüfeyli yaşam tərzi, “Sərgüzəşti vəziri
xani Lənkəran (Sərab)” komediyasında xanlıq idarə
üsulu, “Mürafiyə (Təbriz) vəkillərinin hekayəti”ndə
İran məhkəmə orqanlarındakı rüşvətxorluq,
“Hekayəti Xırs quldurbasan”da çar üsul idarəsi tənqid
hədəfidir. Bütün bu əsərlərin
mövzusu real həyatdan götürülmüşdü.
Çünki zəngin biliyə, geniş əhatə dairəsinə
malik olan dramaturqun yetərli sayda mövzu müxtəlifliyi,
materialı vardı və nəyisə öz təxəyyülündə
uydurmasına ehtiyac yox idi. Sadaladığım
komediyalar haqqında təkcə onu deməyi lazım bilirik
ki, o, komediyalarında hansı fərqli məsələlər
qaldırırsa da bunları birləşdirən bir ümumi
cəhət vardır ki, bu da avamlığın
ifşası, xalqın maariflənməsi, dünyanın
inkişaf etmiş xalqları sırasına daxil etmək
yolunda mübarizədir. Yeri gəlmişkən onu da qeyd edim
ki, Axundzadə “Hacı Qara”nın mövzusunu Avropa ədəbiyyatından
götürsə də əsərdə əsas mənfi obraz
kimi səciyyələndirilən Hacı Qara real şəxsiyyət
olmuşdur. Ağcabədi bazarında parça ticarəti ilə
məşğul olmuş Hacı Qara əslində səxafətli,
xeyirxah insan olmuşdur. Axundzadəyə borc vermədiyindən
o da onu bir xəsis kimi ifşa etmişdir.
Komediyalarda diqqətimi
ən şox cəlb edən cəhət mənfi qəhrəmanların
hamısının hakim təbəqələrin içindən
seçilməsidir. Lakin o, çar idarəsinin məmuru
olduğundan mənfi qəhrəmanları bütün keyfiyyətləri
ilə açıb göstərə bilmir. O,
rüşvətxor və süründürməçi
çar məmurlarını üstüörtülü
şəkildə, eyhamlarla tənqid edir. Çox təəssüf
ki, Axundzadə sağlığlnda bu komediyaların heç
birinə səhnə həyatı verə bilmədi.
Əbdürrəhim bəy Haqverdiyev “Mirzə Fətəlinin
faciəsi” məqalələsində yazırdı:
”1849-ñu ildə canişin Voronsovun əmri ilə Tiflisdə
teatr binası tikilmişdi. Erməni, gürcü və Azərbaycan
dillərində teatr əsərləri yazmaq üçün
canişin 3 komisyon təşkilinə əmr verdi. Erməni,
gürcü komisyonları tezliklə işə
başladılar. Azərbaycan komisyonunda işləmək
üçün Mirzə Fətəlidən başqa bir adam
tapılmadı. Axırda Mirzə Fətəli özü təklikdə
komediyalar yazmağa başladı. Bu da bir faciə”.
Povest
janrında qələmə aldığı “Aldanmış Kəvakib”
əsərində isə Axundzadə fanatikliyi,
nadanlığı tənqid etməklə yanaşı,
İrandakı rüşvətxorluğu, özbaışnalığı,
haqsızlığı da ifşa edir. Əsər I Şah
Abbasın saray tarixçisi olan İsgəndər bəy
Münşinin “Tarixi-aləmarayi Abbasi” (dünyanı bəzəyən Abbasın tarixi) əsərinə
əsaslanır. Axundzadə Kor Məhəmməd Xudabəndənin
və onu oğlu I Şah Abbasın dövrünün real
görünüşünü dövlət məmurlarının
öz dili ilə verir. Yeri gəlmişkən
yazıçı haqqında bu yazını hazırlarkan
M.F.Axundzadənin 2005-ci ildə Şərq-Qərb mətbəsi
tərəfindən çap olunmuş üç cildlik
seçilmiş əsərləri ilə tanış oldum. Həmin
əsərlərin I cildində səhv olaraq I Şah
Abbasın anadan olma tarixi 1557, hakimiyyətə gəldiyi isə
30 yaş göstərilir. Halbuki o, hakimiyyətə 1587-ci ildə
gəlmiş, bu zaman isə onun 16 yaşı var idi.
Axundzadənin təəssübçü
ideyaları “Kəmalüdövlə məktubları” əsərində
islam dininə münasibət müstəvisində davam
etdirilir. Filosofun fikrincə islam dini yoxsul təbəqədən
daha çox varlı təbəqənin mənafeyini müdafiə
edir. İslam yaranarkən yer üzündə quldarlıq
artıq öz ömrünü başa vursa da, Ərəbistanın
qonşuluğundakı ölkələrdə qadın hətta
dövlət idarə işlərində belə
iştirak etsə də İslam qadınların
hüquqlarını əllərindən alıb, yüz minlərlə
adamı yenidən qul etdi. Dinin bütün tələblərinə
heç də hamı tərəfindən əməl olunmur.
Məsələn, hansı qadın islamın
çoxarvadlılıq qanununa könüllü tabe olur? Yazıçı dini insanların maariflənməsi
yolunda başlıca əngəl sayırdı. Elm daim dəyişdiyinə,
irəli getdiyinə baxmayaraq din xadimləri öz mənbəyini
dindən götürən elm sahələrinin, məsələn,
fiqh, nücum kimi elmlərin inkişafına əngəl
törədirdilər. O, müsəlman
xalqlarının bədbəxtliyinin, cəhalətinin səbəbini
onun öz dili ilə desək, “kərtənkələ yeyib, dəvə
südü ilə dolanan ərəblərdə”
görürdü. “Ac və çılpaq ərəblər səni
1280 ildir bədbəxt etdilər”-deyirdi.Axundzadə
yazırdı: “Bəşər
övladına səadət və qurtuluş o zaman nəsib nəsib
olacaqdır ki, istər Asiyada, istərsə də Avropada
insanın şüuru tamamilə əbədi həbsdən
xilas olacaq, bütün işlərdə və təfəkkürdə
hədislər deyil, insanın ağlı yeganə dəlil, sənəd
və hakimi mütləq olacaqdır”. “Kainatin
heç bir yaradana ehtiyacı yoxdur”-deyərək Tanrını
inkar edən Axundzadənin istər Allah, istərsə də Məhəmməd
peyğəmbər haqqında düşüncələri
olduqca ziddiyyətlidir. Ümumiyyətlə onun
ideologiyasında islama kökündən balta çalmaq yoxdur.
Bu fikri xalq yazıçısı Anar da müdafiə edir. O
yazır: “Mirzə Fətəlinin hədəfi islam dini deyil,
ümumən Şərq ətaləti və durğunluq idi”.
Baxmayaraq ki, “mən küllü ədyanı puç və əfsanə
hesab edirəm”-demişdi. O, gah islamın ayrı-ayrı
ehkamlarını tənqid edir, gah da Allaha və peyğəmbərə
and içir, “Dünya heç zaman dinsiz və zındıq
adamlardan xali olmamışdır”-deyirdi. Onun ən çox tənqid
etdiyi isə şiələrin məhərrəmlik mərasimində
imamlara yas saxlayıb ağlamaq mərasimi idi. Axundzadə
islam dünyasında böyük əks-səda
doğurmuş, qəlbləri riqqətə gətirən Kərbəla
faciəsinə önəmsiz bir hadisə kimi
yanaşmış və soydaşlarını Kərbalada
“beş-on ərəbin beş-on ərəbi öldürməsi”
hadisəsinə deyil, öz ruzigarlarına ağlamağa
çağırır, təziyə məclislərinin
yerinə xalqa teatr tamaşaları göstərməyi
tövsiyə edirdi. Onun fikrincə hakimiyyətin Ələvilərin
əlindən çıxıb Əməvilərə, daha
sonra isə Abbasilərin əlinə keçməsi də
şiələrin ağlamağının nəticəsi idi.
Ürək ağrısı ilə xalqına üz tutan
böyük maarifçi: “Axır sən də bir hərəkət
elə , bir proqresə ayaq qoy, bir sivilizasiyona talib ol. Nə
vaxtadək qəflət yuxusunda yatacaqsan?”-deyirdi. Axundzadə
daha uzaq gedərək islamın əsas ehkamları sayılan
oruc və namaza qarşı çıxırdı. “Adamın
min cür işi var. Onu heç fürsəti var ki, o, öz
vaxtını oruc və namaz kimi boş işlərə sərf
etsin”.
Gənc bir
araşdırmaçı olaraq mən istismarçı cəmiyyətin
xalqı maarifləndirmə yolu ilə dəyişdirməyin
mümkünlüyünün qəti əleyhinəyəm. Bu
anlamda nə böyük Nizamiyə, nə yeni dövrün
Avropa maarifçilərinə, nə də M.F.Axundzadəyə
haqq qazandırmaq fikrindən uzağam. Düşünürəm
ki, istismarçı cəmiyyətləri yalnız
köklü bir inqilabla devirmək mümkündür. Amma
burada bir ziddiyyət vardır. Çünki xalqı maarifləndirmədən
inqilab da mümkün deyildir. Axundzadə bu cəhəti
çox gözəl görmüş, sonda “qəflət
yuxusundan qalx və zalımın atasının goruna od
vur”-deyirdi.
Axundzadənin
Allaha, İslama, Peyğəmbərə olan münasibətini
dar düşüncəli adlandırmaq düzgün
olmazdı. “Kəmalüddövlə məktubları” ilə
tanış olunca aydınlaşır ki, o, islamın, onun
ehkamları, peyğəmbərin həyatı haqqında kifatət
qədər bilgisi vardır. Lakin onun “Qurani-kərim” və sevimli
peyğəmbərimizin şəxsi həyatı ilə
bağlı bir sıra yanlış fikirləri də
vardır. İslamı elmə mane olan bir din hesab edən
Axundzadə unudur ki, “Beşikdən məzara qədər elm
öyrənin”-deyən əziz peyğəmbərimiz bir
müsəlman cocuğuna yazı-pozu öyrənmək
müqabilində hətta onun şəxsiyyətinə belə
sayğısızlıq edən müşrüklərin
suçundan keçirdi. Daha sonra isə Axundzadə ən
demokratik qaydaların belə yol vermədiyi insanın şəxsi
həyat münasibətlərinə qarışmaqda da hesab
edirəm ki, düzgün yol seçməmişdi. Peyğəmbərimizin
çox qadınlı olmasını tənqid edən bu
ateist-demokrat bilmirdimi ki, bu qadınlarının çoxunun
yaşı 60-ı keçmişdi və belə nikahlardan o,
təəssübçü ərəb qəbilələrini
öz çevrəsində birləşdirmək
üçün istifadə edirdi. Bəlli ki, bütün
bunlar həm də yenicə yaranmış olan İslam dininin
qol-budaq açmasına, genişlənməsinə də zəmin
hazırlamaq amacı ilə edilirdi. Müsəlman
xalqlarının bədbəxtliyinin səbəbini “ac və
çılpaq ərəblər”də görən Axundzadə
əlifbanın hər bir hərfinin bir rəqəm ifadə
edən əbcəd hesabı yaradan ərəbləri tənqid
edərkən unudurdu ki, ərəb ədəbiyyatını
təkcə ərəblər deyil, islamı qəbul edən
bütün xalqlar, o cümlədən türklər də
yaratmışdı.
Axundzadə elə bir
dinə etiqad etmək istəyirdi ki, “onun vasitəsilə insan
bu dünyada azad və xoşbəxt ola bilsin”. O, bütpərəstlik
dövrünün qadınlarını islam dövrü
qadınlarından daha azad, daha xoşbəxt hesab edirdi. Lakin, yazıçı bütpərəstlərin
qadınlara vəhşi münasibətini (intim münasibətlər,
yəni qadınlara təkcə bir həzz mənbəyi kimi
baxmaq nəzərdə tutulur) görə bilməmiş, ya da
sadəcə görmək istəməmişdir. Hər
halda Axundzadə qadın azadlığı uğrunda
ardıcıl dirəniş aparırdı və Şərq,
islam aləmində qadın azadlığı uğrundakı
mübarizəsinə o, Babilərdən daha erkən
başlamışdı.
O, haqlı olaraq belə
fikirləşirdi ki, yenicə yaranmış hər hansı
bir ideologiyanın üzərinə dərhal qılıncla
çıxmaq düzgün deyildir, bu ideologiyanı doğuran
səbəbləri aradan qaldımaq lazımdır.
“Yanlış fikirlərin qarşısını
almağın yeganə yolu məntiqə uyğun dəlillərdir”-deyirdi. O, Babiliyə həsr etdiyi bir məqaləsində
İranda Babiliyin geniş yayılmasının səbəbini
burada insanların avamlığında, mariflənməməsində,
onların maddi durumunun dözülməzliyində,
“yaxşını pisdən ayırmaq qabiliyyətinin zəif
olmasında” görürdü. Axundzadə yaxşı insan,
pis insan məsələsini deyil, kamil insan, nadan insan məsələsini
qoyurdu. Ədibin fikrincə insan maarifləndikcə kamilləşir,
pis işlər görməkdən uzaqlaşır. Bu cəhəti
onu hurufilərlə yaxınlaşdırır. Bu məqaləsində
o, həmçinin qadın azadlığını,
uşaqları tərbiyələndirərkən zor işlədilməməsi
kimi məqamları xüsusi olaraq təqdir edir.
“Kəmalüddövlə
məktubları”nı oxuyarkən ilk sətirlərdən
insanın üzünü həyacan bürüyür və
bu əsəri yazmaqla müəllifin yaşadığı
dövr üçün necə cəsarətli olduğu
aydınlaşır. M.F.Axundzadə və ondan sonrakı M.Ə.Sabirə
qədər milli şüurumuzun oyanmasında “Kəmalüddövlə
məktubları” qədər xidmət göstərən
ikinci bir əsər yoxdur. Təsadüfi deyildir ki, bu əsəri
“Azərbaycan maarifçiliyin manifesti” adlandırırlar.
Vaxtı ilə Radişevin “Peterburqdan Moskvaya səyahət” əsəri
Rusiyada necə tufan qoparmışdısa, bu əsər də
yüksək ruhani dairələrində eyni həyəcan
doğurmuşdu.
M.F.Axundzadənin
yaradıcılığında bu gün xalqımız
üçün heç də məqbul olmayan fikirlər
vardır. “Bəhərsurət türklər arasında dəxi
bu zamana qədər mütəqədimdən şair
olmayıbdır”. Onun min beş yüz ilin ağır
sınaqlarından şanlı bir yol keçən türk
şerini qiymətləndirməməsi dərin təəssüf
doğurur. O, dünya ədəbiyyatının bəzəyi
olan Füzulini şair hesab etmir, onu qəliz yazmaqda
suçlandırır, M.P.Vaqifi və Q.B.Zakiri ondan
üstün tuturdu. Halbuki, istər bu şairlərin, istərsə
də Axundzadənin öz yaradılığıda çətin
anlaşılan, bu günki gənc nəslin başa
düşməyə zorluq çəkdiyi kifayət qədər
qəliz sözlər vardır. “Kəmalüddövlə məktubları”
isə ərəb-fars sözləri ilə, izafət tərkibləri
ilə zəngindir. O, bəşər mədəniyyətinə
Ərəb dili kimi dil, əruz vəzni kimi sanballı bir vəzn
bəxş edən ərəbləri tənqid edir, zərdüştləri
onlardan üstün hesab edirdi. Əgər ərəbləri tənqid
edərkən islamdan öncəki dövrə-cahiliyyə
dövrünə istinad etsəydi onu başa düşmək
olardı. Çünki cahiliyyə dövrünün hadisələri,
gələnəkləri haqqında bizim hər birimiz yetərincə
bilgiyə malikik. Bütün bu ziddiyyətlərə
baxmayaraq hər halda M.F.Axundzadə qalibdir, qaliblər isə
mühakimə olunmur.
M.F.Axundzadə
yenilikçi olmuş, bütün həyatı,
yaradıcılığı boyu geriliyə, avamlığa
qarşı çıxmışdır. O,
bütün varlığı ilə öz xalqının yeni
ruhda tərbiyə almasını, mövhumatdan uzaq olması
üçün çalışmışdır. Ədib
çox gözəl bilirdi ki, bütün bunlar olmadan
dünyanın aparıcı, inkişaf etmiş xalqları
sırasına daxil olmaq, mədəni inkişafda iştirak
etmək, bütün yenilikləri xalqın ruhuna
köçürmək mümkün deyildir. Yaratdığı
əsərlərin təşəbbüsçü ruhda
olması onun nə qədər millətinin qeydinə
qaldığını sübut edir və bu yolda nə qədər
məhrumiyyətlər çəksə də öz yolundan, əqidəsindən
dönmürdü. Çünki, əsil məslək cəfakeşi
idi. Və bu yolda o, tək deyildi. Tarixin
hansı dövrünə nəzər salsaq bütün həyatını
xalqının maariflənməsinə həsr edən, lakin
xalqı tərəfindən meyiti basdırılmayan Axundzadələri,
mövhumatçılar tərəfindən ələ
salınıb ciyərləri vərəmlənən Sabirləri,
bu gün xalqımız üçün mənəviyyat
və şəxsiyyət simvolu olan, lakin haqsız tənqidlərə
məruz qalan Anarlara rast gəlmək olar. Belə insanların
qiymətini zaman verir. Çünki, “zaman ən böyük
hakimdir”. H.B.Zərdabi M.F.Axundzadəyə məktubunda
yazırdı: “Elə fikirləşməyin ki, xalqın
maariflənməsi bir məqalə, ya pyeslə düzələsi
şeydir. Xeyr, burda görüləsi işlər çoxdur.
Bu yolda külüng vura biləcək onlarla adamın əməyi
və həyatı da bu iş üçün azdır. Bəlkə Sizi belə bir
şey düşündürür ki, nə üçün
başqa birisi deyil, məhz siz, özü də müftə,
bir quru “çox sağ ol” eşitməyə belə
ümidimiz olmadan bu barədə zəhmət çəkəsiniz...
Xalqın, həm də geridə qalmış avam xalqın, sənin
və mənim qardaşımın maariflənməsi işinə
özünü həsr edən adamı belə bir fikir yoldan
qoymamalıdır. O, mükafatını öz-özünə,
işini görə-görə vicdanı qarşısında
duyacaqdır”. Zaman bu böyük maarifçinin necə
haqlı olduğunu bu gün göstərir.
Axundzadə istər
yaratdığı əsərlər, istərsə də
ictimai fəaliyyəti ilə öz adını tarixə əbədi
yazmışdır. Təsadüfi deyildir ki, XIX
yüzil ədəbiyyatımızdan
danışdığımız zaman Axundov gözlərimiz
önündə ən böyük sima kimi canlanır. Əsərlərində
ziddiyyətlər doğuran bir sıra məqamlara baxmayaraq
yazıçının ideyaları təkcə öz
dövrü üçün deyil, bu günümüz
üçün də çox güncəldir.
Yeqzar Cəfərli
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər” layihəsi çərçivəsində çap olunur.
Olaylar.-
2014.- 2 may.- S.12.