Şərəfli ömür yolu
Ağac kökündən su içdiyi kimi, insan da
öz soyundan, milli-mənəvi
zənginliyindən qidalanır, əcdadlarının hünər
və zəfərlərinin nümunəsində formalaşaraq ömür sürür. O kəslər xoşbəxtdirlər
ki, taleyinə yazılmış ömür payını şərəflə
yaşayır, əməlləri və fəaliyyəti ilə
yaddaşlarda qalır, özündən sonra silinməz iz
qoymağı bacarır.
1 aprel 1915-ci ildə (bəzi sənədlərdə
təvəllüd tarixi 1913 göstərilir) Şərur qəzasının
Çomaxtur kəndində görkəmli şəxsiyyət
erməni daşnaqlarına qarşı mübariz, partizan dəstəsinin
cəsur komandiri Tağı Məşədi Mahmud oğlu
İsmayılovun ailəsində anadan olmuş Həsən
Tağı oğlu İsmayılov məhz belə bir
ömür yaşamış, onu tanıyanların qəlbində
özünəməxsus yer tutmuşdur. Sayılıb-seçilən soylardan birinin təmsilçisi
olan Həsən İsmayılov öz dovrünə görə təhsilli, elmi biliklərə sahib gənclərdən
biri idi. O, əsl azərbaycanlıya məxsus milli-mənəvi
keyfiyyətləri ilə həmyaşıdları,
dostları arasında xüsusi hörmət
qazanmışdı. Yaşına uyğun
olmayan nüfuzu sayəsində
nəinki yaşıdları, eləcə də özündən
böyüklər ondan məsləhətlər
alır, dünyagörüşünə, iti fəhminə görə, tövsiyələrinə
əməl edirdilər. Səmimiyyəti,
istiqanlılığı və təvazökarlığı
ilə hamının hörmətini qazanmış Həsən
İsmayılov uşaqlıqdan təhsilə, kitaba,
elmi biliklər öyrənməyə
bağlanmışdı. İlk məktəb
illərindən oxumağa olduqca
böyük maraq
göstərən balaca Həsən, bununla belə, ailədə və ətrafında
özündən kiçikləri də öyrənməyə,
oxumağa həvəsləndirir, vaxt tapan kimi
onlara dərslərində kömək edirdi. Asudə vaxtlarında belə oxumaqdan əl çəkməyən Həsən
İsmayılov, eyni zamanda,
təsərrüfat işlərində valideynlərinə də
yardım edər, yorulmadan
çalışar və ailənin ehtiyaclarının ödənilməsi
üçün bacarığını əsirgəməzdi.
Həsən
İsmayılov təkcə yaxşı oxuması və fəallığı
ilə deyil, eyni zamanda, nümunəvi davranışı ilə
hər kəsdən seçilir,
xüsusilə məktəbdə hamıya örnək
göstərilirdi. Yüksək təlim-tərbiyəsinə
görə müəllimləri də ona
doğma münasibət bəsləyir və
gələcəyinə böyük
ümidlə yanaşırdılar.
1931-ci ildə Yengicə
kənd orta məktəbini yüksək
qiymətlərlə bitirən Həsən İsmayılov
1934-1939-cu illərdə Ağamalıoğlu adına Bakı
Kənd Təsərrüfatı Texnikumunda
meliorator-hidrotexnik ixtisası üzrə təhsil
almışdır. O, geniş
erudisiyası və istedadı sayəsində musiqi
alətlərində, xüsusilə də tarda
mahir ifa etməyi
öyrənmiş, musiqi təhsili də
almışdır. Təhsilini uğurla başa vuran Həsən
İsmayılov Naxçıvan Su Təsərrüfatında
çalışmış, eyni zamanda Ordubad Pedaqoji Məktəbini bitirmişdir.
Daha sonra o, Şərurun Aralıq, Şəhriyar və
bir neçə digər kəndlərində
müəllim işləmiş, insanların maariflənməsi
üçün var gücü ilə
çalışmışdır.
Həmin dövrdə
savadlı kadrlara olan
ehtiyacın ödənilməsi mümkün
deyildi. Odur ki, Həsən İsmayılov kimi
ziyalılar eyni zamanda
bir neçə yerdə işləməyə
məcbur olurdular. Bu səbəbdən
də o, bir müddət
məhkəmə orqanlarında da
çalışmış, arxiv
materiallarında da qeyd
olunduğu kimi, qüsursuz xidmət göstərmişdir.
Həsən
İsmayılov Naxçıvan Firqə Şura
Məktəbini bitirmişdi. O, həmçinin,
xüsusi nişançılar
hazırlayan atıcılıq kursunda fəal
iştirakına və kursu uğurla başa vurduğuna görə, birinci
dərəcəli “Voroşilov”
nişanı ilə təltif olunmuşdur.
Eramızdan
əvvəl beşinci əsrdə
yaşamış, “Tarixin atası” kimi tanınan Herodot demişdir ki, “Hətta
ağılsızlar arasında belə müharibə istəyən
olmamalıdır. Çünki dinclik olanda atalar övladlarının çiynində
aparılaraq dəfn edilirlər, müharibə olduqda isə atalar
övladlarını dəfn etməli olurlar”. Bu sözlər son iki
əsrdəki müharibələrin dağıdıcı
qüvvəsinin zərbələri müqabilində olduqca sönük görünür. Çünki
genişmiqyaslı müharibələrdə insanlar
həlak olmuş doğmalarını nəinki
dəfn edə, hətta sonradan onların
qəbrini belə tapa bilmirlər.
Həsən
İsmayılov 25 mart 1939-cu il tarixində hərbi xidmətə
çağırılır. Taleyin
amansız gərdişi onu doğma el-obasından ayırır. Daha sonra o,
SSRİ ilə Finlandiya arasındakı
müharibəyə cəlb olunur.
Həsən
İsmayılov qısa olsa da, zəngin həyat yolu keçib, uzun insan ömrünə sığmayacaq qədər
işlər körməyə nail olub. Onun həyatının
mülki həyatda keçən hissəsinə
dair xatirələr, dildən-dilə
keçən məlumatlar kifayət qədərdir. Hərbi
xidmət və müharibə dövrünə aid həyat yolunu isə
yalnız arxiv sənədlərinə
müraciət etməklə öyrənmək mümkündür. Keçmiş
SSRİ-nin arxivlərindəki məlumatlara
əsasən, Həsən
İsmayılov SSRİ-Finlandiya müharibəsində xüsusi qəhrəmanlıq və
şücaət göstərmiş, şəxsi fədakarlığı
ilə digərlərindən fərqlənmişdir.
Lakin amansız əcəl Həsən İsmayılovun ömür yolunun
yarımçıq qalmasına səbəb olmuş,
özü, doğmaları, xalqı və
canından artıq sevdiyi Azərbaycanın
inkişafı üçün sonsuz arzularla döyünən
ürəyi əbədi olaraq susmuşdur.
2 mart
1940-cı il tarixində gənc döyüşçü Həsən
İsmayılov qəhrəmancasına həlak olmuşdur.
Əslində,
Azərbaycana bir o qədər
də aidiyyatı olmayan bu
müharibə Həsən İsmayılov kimi
bir ziyalının, böyük
bir nəslin davamçısının ömrünü yarımçıq qoymaqla bərabər, eyni zamanda ailəsi, doğmaları da daxil olmaqla,
onu tanıyanların qəlbinə dərin yara vurmuşdur.
Xüsusilə də atası, anası, qardaş
və bacıları, həyat yoldaşı və qızı
onun yoxluğu ilə
barışmamış, Həsən İsmayılovun nə zamansa sağ-salamat geri dönəcəyinə inanmışlar. Ancaq vaxt keçdikcə doğmaları bunu bir qismət payı,
alın yazısı kimi qəbul etmiş, Həsən İsmayılovun qəhrəmanlığı,
qorxmazlığı və qısa ömür
payında göstərdiyi yaddaqalan və
səmərəli fəaliyyəti ilə təskinlik
tapmışlar. Bu gün də Həsən
İsmayılovun doğmaları – nəslinin
davamçıları, nəvələri, nəticələri,
eləcə də həmyerliləri və onun
haqqında məlumatı olan hər kəs
şərəfli ömür
yaşamış bu insanın
adını dərin hörmətlə yad
edir, xatirəsinə ehtiram
göstərirlər.
Ölümündən
sonra haqqında heç
bir məlumat almaq mümkün olmasa da, şübhə yoxdur ki, Həsən İsmayılovun qəhrəman
döyüşçü ruhu bu gün
də doğulub boya-başa
çatdığı Çomaxtur kəndində,
ulu Naxçıvanda və bir sözlə, doğma
Azərbaycanda dolaşır.
Çünki uşaqlıqdan sözündən
dönməyən, haqq bildiyi
yolda geri çəkilməyən,
xeyirxahlığı həyat amalı kimi
qəbul edən Həsən İsmayılov baş
vermə səbəbindən asılı olmayaraq,
bütün döyüşlərdə öz şərəfi, Azərbaycanın
adı və millətin qüruru naminə döyüşmüş,
canı bahasına da olsa
belə, soyundan gələn igidliyini və qəhrəmanlığını
sona qədər qoruyub
saxlamışdır.
Bilman
Olaylar.-
2014.- 3-5 may.- S.13.