Nizaminin yaradıcılığında cərəyanlaşma
Azərbaycan ədəbiyyatının
ən görkəmli simalarından olan N.Gəncəvinin
yaradıcılığının ayrı-ayrı sahələri
yetərli qədər tədqiq olunmuş, amma şairin
yaradıcılığında cərəyənlaşma məsələləri
nisbətən az işlənmişdir.
Nizaminin tarixə baxışı
obyektivdir. Onun əsərləri intibah dövrü tariximizi
öyrənmək üçün çox dəyərli
qaynaq sayıla bilər. Bu ilk olaraq onun əxilik təriqəti
haqqında verdiyi bilgilərdən aydın olur. Nizami əxilik
əqidəsinə malik insanların yaşayacağı ideal
bir cəmiyyətin arzusunda olmuşdur. O, özü də bu təriqətin
fəal üzvlərindən olub, Əxi Fərrux Zəncaninin
müridi idi. Orta əsrlərin feodal dünyasında
böyük nüfuza malik olan əxilər sənətkarları,
şair və alimləri yadellilərin qətl və qarətindən
qoruyar, müharibələrdə ərlərini itirmiş dul
qadınları himayə edirdilər.
Nizami
özündən öncəki tariximizi çox gözəl
bilirdi. Görünür, o, ölkəmizin əfsanələrdən
başlayan tarixinə-Nuxada, Bərdədə və Qafqaz
dağlarında yaşayan Amazon (həməzən-zənən-qadın)
tarixinə bələd idi. “Xosrov və Şirin”də Məhinbanu,
Şirin, “İsgəndərnamə” də Bərdə
hökmdarı Nüşabə və Nüşabənin
İsgəndərlə görüşü (nəzərə
alsaq ki, tarixdə Amazon qadınlarının İsgəndərlə
görüşü haqqında əfsanə mövcuddur)
heç şübhəsiz öz kökünü buradan
götürürdü. Onun bu əfsanələrdən bəhrələndiyi
açıq-aydın görünür.
Tarixdən
bəllidir ki, Makedoniyalı İsgəndər Qafqazda
olmamışdır (bu barədə heç bir tarixi məlumata
rast gəlinmir). Onun Azərbaycana gəlişi və
Nüşabə ilə görüşü və bu
müdrik qadın tərəfindən mənən məğlub
edilməsi şair təxəyyülünün məhsulu idi.
Nüşabənin İsgəndəri tanıyıb ona
toxunmaması, sonradan ruslara mübarizədə ondan istifadə
etməsi bir azərbaycanlı qızının uzaqgörənliyi
idi.
Nizami
real tarixi hadisələri romantikləşdirə, romantik hadisələri
isə asanlıqla real hadisələrlə bacarıqla
bağlaya bilirdi. Məsələn, Makedoniyalı İsgəndərin
Şərqə yürüş etdiyi e.ə IV yüzildə
ruslar tarixdə bir o qədər də gözə
çarpmırdılar. Nizami rusların Bərdəyə
944-cü il yürüşünü asanlıqla bu hadisə
ilə uyğunlaşdırır. Nüşabənin
simasında ideal Azərbaycan qızının görkəmini
yaradır. Avropada Janna Darkı istisna etsək, keçən əsrin
əvvəllərinə qədər dünyada
tanıdılası bircə qadın qəhrəmanları
olmadığı dövrlərdə, qadınlara kölə
nəzəri ilə baxıldığı dövrlərdə
Nizaminin və ondan sonrakı şairlərin bədii əsərlərlərində
ideal qadın obrazlarına çox rast gəlinir.
Bununçün biz böyük Nizamiyə borcluyuq.
Ümumiyyətlə
Nizaminin yaradıcılığının özünəməxsus
cəhətlərindən biri də o idi ki, o qadına romantik
deyil, realist münasibət bəsləyirdi. Ondan əvvəlki
şairlərin (Firdovsi) “qadınla əjdahanın hər ikisi
torpağa gömülsə yaxşıdır, dünya hər
iki napakdan pak olsa yaxşıdır” fikrinə əks olaraq
qadını əsil ideal qəhrəman kimi yaratdı.
Nüşabədən
fərqli olaraq Şirin tarixi şəxsiyyətdir. Tarixdən
oxuyuruq ki, Sasani şahı II Xosrov Pərviz daha öncələr
Bizansla bağlanmış müqaviləni pozaraq 603-cü ildə
Konstantinopola yürüş edir. Bundan istifadə edən
Albaniya əhalisi İran əsarətindən qurtulmaq
üçün üsyan qaldırır. Üsyana Alban katolik
kilsəsinin başçısı, dövrünün
böyük alimi olan Viro başçılıq edirdi. Bəlli
ki, daha güclü olan Sasanilər qalib gəlir. Əhalinin
qarət olunmuş var-dövləti ilə birlikdə Azərbaycanın
iki ən qiymətli incisi - Albaniyanın ən gözəl
qızı Şirin və katalikos Viro da Pərvizin sarayına
aparılır. Kalankatlı Musanın “Albaniya tarixi” əsərində
oxuyuruq ki, hər dəfə şah Vironu qətl etdirmək
istəyəndə Şirin onun qarşısını
alır, Vironu göz bəbəyi kimi qoruyurdu. Viro Xosrovun
ölümündən sonra Albaniyaya qayıtdı,
xalqını xəzərlərin hücumundan qorumaq
üçün səylə çalışdı.
Şairin
yaradıcılığının əsasını ideal
hökmdar obrazı yaratmaq təşkil edir. Nizamiyə qədərki
ədəbiyyatda da ədalətli şah konsepsiyası
mövcud idi. Xüsusilə də Firdovsinin əsərlərində
şah nəslindən olmayan və xüsusi bir ilahi qüvvə
verilməmiş insanların şah ola bilməyəcəkləri
iddia olunurdu. İlk olaraq Nizami bu fikri alt-üst edərək
bildirdi ki, sadə xalqın içərisindən
çıxmış ən adi bir kəndli belə şah ola
bilər. Yetər ki, elmli və ədalətli olsun, xalqın əmlakını
qoruya bilsin.
Bütün
bunları – Nizaminin ədalətli şah yaratmaq istəyi, onun
arzularının genişliyi bir növ romantizmin təzahürü
kimi başa düşülə bilər. Lakin bir çox tənqidçilər
bununla razılaşmayaraq Nizamini klassizmin nümayəndəsi
kimi qələmə verirlər. Mən düşünürəm
ki, Nizami yaradıcılığına istər klassik, istər
realist, istərsə də romantik cərəyan rakursundan
baxmaq olar.
“İsgəndərnamə”dən
öncəki əsərlərində o, ədalətli şah
yaratmağa dəfələrlə cəhd edir. Lakin
bunların heç biri ideal surətlər deyildi. Bu şahlar
ara-sıra qəzəblənər, insanların qətlinə
fərman verərdilər (Bəhram Fitnənin
ölümü haqqında fərman verdiyi kimi). Şairin ədalətli
şah konsepsiyasında bir ziddiyyət vardır. Bütün
yaradıcılığını əhatə edən ziddiyyətlər
“İsgəndərnamə”də daha da qabarır. Bu zaman onun
dünyagörüşündə inqilaba bərabər bir dəyişiklik
yaranır. Həmişə Allahdan ədalət gözləyən,
adil hökmdarlara inanan Nizami bunun mümkün olmayacağı
qənaətinə gəlir və:
Padşaha
nəsihət verən bir insan,
Toxumu şor yerə səpmiş o nadan.
-deyir. Onun uzun illər ümüd bəslədiyi ədalətli
şah ideyası bir nəticə vermədikdə sonda ədalətli,
bərabərhüquqlu, insanların bütün hüquq və
vəzifələrinin qorunduğu bir cəmiyyət yaratmaq
ideyasına gəlir. Belə bir cəmiyyət ki:
Burda bərabərdir
hamının varı,
Bərabər bölərik bütün malları.
Bizdə
artıq deyil heç kimdən heç kəs,
Bizdə ağlayana bir kimsə gülməz.
Nizaminin ideal cəmiyyət haqqındakı arzuları
utopiya idi. O,
bu ideyanı ortaya atmaqla “Utopiya” müəllifini 400 il qabaqlamışdı. Bu
şairin romantik arzuları idi. İcrası
mümkün olmayan arzular idi. Çünki,
Nizami bu cəmiyyəti yaratmağın yolunu bilmirdi. Kiminsə tərəfindən hazır
yaradılmış bir cəmiyyət arzusunda idi.
Nizami əsasən idealist filosof olsa da ara-sıra onun
baxışlarında materialist ideyalara rast gəlinir.
Ağıllı
adamdır dünyada o kəs,
Gözü görməyəni heç qəbul etməz.
Nizamini bir şair kimi qəbul edib tərifləyən
M.F.Axundzadə də gözlə görə bilmədiyinə
və əllə toxuna bilmədiyinə
inanmadığını söyləyirdi.
Sosializm realizminin qəti şəkildə rədd etdiyi ədalətli
hökmdarı yaratmaq həqiqətən də mümkün
idimi? Fikrimcə orta əsrlər feodal dünyasında
yox. Bunu ancaq demokratik cəmiyyətdə həyata
keçirmək mümkündür.
Feodalizm cəmiyyətində zülm və
özbaşınalıqlar o qədərdi ki, tək-tək ədalətli
hakimlər belə gözdən yayınır, unudulurdu. Nizami məhz
bunları mədh edir və bununla da hökmdarlarla xalqın
arasındakı dərin uçurumu aradan qaldırmaq istəyirdi.
Zalım hökmdarlara isə “öz əməllərinizin
“mükafatını” elə bu dünyada alacaqsınız”
mesajını verirdi.
Nizami zalım padşahları gah qoca qarının, gah
da quşların dili ilə ifşa edirdi. Beləliklə
öz boynunu məsuliyyətdən kənara çəkirdi.
O, daha artıq cəsarət göstərib ya özü, ya da
bir alimin adı ilə bunu etsəydi, bir maarifçi çərçivəsindən
çıxıb mütərəqqi romantizmə və ya
realizmə qoşula bilərdi. Bu, Nizami
yaradıcılığının məhdud cəhəti idi.
Onun digər bir məhdud cəhəti isə əksər
müsbət qəhrəmanların-şahların
zülmkarlığı onlara ölümqabağı yuxuda
bildirilməsi idi. Və onlar yuxudan oyanan
kimi dönüb bir andaca ədalətli olurdular. Bunun isə geniş xalq kütlələrinə
heç bir xeyri olmurdu.
Böyük şair sözə, sözün qüdrətinə
inanırdı. Yaratmaq istədiyi ədalətli
hökmdarları da məhz sözün qüdrəti ilə dəyişəcəyinə
inanırdı.
Kim ki,
sözə verdi sığal, səhmanı,
Sözlə
bişirdi çiy olan insanı,
“Nuşirəvan və bayquşların söhbəti”ndə
də zalım hökmdarı bu vasitə ilə yolundan
döndərir və o, ədalətli şah olur. Dövrünün
zalım hökmdarlarını “ədalətli” Nuşirəvandan
ibrət götürməyə çağırır.
Bertelsin “Sirlər xəzinəsi”nin
açarı adlandırdığı “Sultan Səncər və
qarı” hekayəsində isə şair daha sərt mövqedə
çıxış edir. Onun fikrincə şah
ölkədə hər işi sahmana salmalı, xalq ondan
güc və qüvvət almalı, xalqın səadəti
üçün keşik çəkməlidir.
Nə hünər göstərmisən taxt başına
gələli?
Alt-üst
etdin, taladın, viran qoydun hər eli.
Dağ
kimi ucalmışdı bir zaman Türk dövləti,
Sən yıxdın o şöhrəti, batıb getdi o
ad-san.
Demək
sən türk deyilsən, yağmaçı bir hindusan,
Qalx, ey dərdli
Nizami bu dünyanı qucaqla
Ürəklər qana döndü, elə sən də
qan ağla.
Deyərək türk dünyasının zəifləməsinə
dərin təəssüf edirdi.
Əsərlərinin böyük hissəsində
şairə, sənətkara, anlamlı sözə qiymət
qoyulmamasından şikayət edir. Zalımların məzlumlara
qan uddurmasına qəlbən acıyır. Məzlumlara
edilən zülmü matəm saxlayıb qara olan göz bəbəyinə
bənzədirdi
Gözlərinin bəbəyi neçin qaradır?
İnsanlıq ölmüşdür, matəm
saxlayır.
Məzlumların ahını duyunca bu dünyanı
qarğıyır, zalımları cəhənnəm odu ilə
qorxudurdu. Onun zatən başqa bir yolu da yox idi. Çünki, cəmiyyətin
dağıdılması yollarını bilmirdi. Nizaminin yaradıcılığı janr etibarı
ilə çoxşaxəli olduğu kimi ədəbi cərəyan
etibarı ilə də çoxşaxəlidir. O, gah təsəvvüfə,
gah maarifçiliyə və romantizmə, bəzən də
dövrünün eybəcərliklərini cəsarətlə
qamçılamaqla, qadınlara münasibəti ilə realizmə
meyl edirdi. O, ardıcıl olaraq nə təsəvvüfə,
nə maarifçiliyə, nə romantikaya, nə də realizmə
qoşulmadı. Ona görə də şairin
hansı ədəbi cərəyana daha çox meyl etməsini
söyləmək çətindir. Bütün
bunlara baxmayaraq o, həyatı boyu apardığı
mübarizəsində yalnız bir demokrat səviyyəsinə
yüksələ bildi. Dünyanın dəyişəcəyinə,
başqa bir romantik dünyanın yaranmasına sarsılmaz inam
bəsləyirdi. Öz xarakterinə
görə nikbin olan şair insanı ona verilən
ömürdən səmərəli istifadə etməyə
çağırır, gəncliyi ötüb keçən
karvana bənzədirdi. O, inanırdı ki, insanlar
haçansa ayılacaq, paxıllıq məhv olacaq,
qaranlıq dünyanı işıqlı dünya əvəz
edəcək.
Sərxoşluq
edən huşyar olacaq bir gün,
İllərlə yatan bəxtim bidar olacaq bir gün.
Ona
görə də bu fani dünyanı unudub nə qədər
ki, sağsan dünya nemətlərindən istifadə et. Burada o. müvəqqəti də
olsa tərk-dünya sufilərdən uzaqlaşır.
Kədərə
dəyməz bu dünya, şən keçin,
Kim deyir bu saray tikilib qəmçin.
Şənlikçün
yaranıb dünya, bunu bil,
O, zillət,
fəlakət ocağı deyil.
Bəzi şerlərində isə şair geniş xalq
kütlələrini zülmkarlara qarşı açıq
mübarizəyə çağırır.
Nə
üçün boynuna min yük alırsan,
Zalımın zülmündən razı qalırsan?
İnsanlardan aciz olmamağı, əsarətə
qarşı mübarizə aparmağı tələb edirdi.
Nizaminin dövründə təriqətlər hələ
bir o qədər də geniş yayılmamışdı. Şair Atabəylərin
yaratdığı əmin-amanlıq şəraitində
yaşayırdı. Ona görə də
özündən sonrakı şairlərə (məsələn,
Füzuliyə) nisbətən ruhən və cismən daha
çox azad idi və daha sərt çıxış edə
bilərdi. Amma təəssüf ki, onun
yaradıcılığında biz bunu görmürük.
Nizami elmə, alimə böyük dəyər verirdi.
Qüvvət
elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
-deyirdi.
Ona görə də sözlə insanların tərbiyələnmədiklərini
görüncə yaradıcılığının müəyyən
bir mərhələsində özünün maarifləndirmə
konsepsiyasını meydana atır. Bu yolla əbəs
olaraq hakim təbəqələri zülm etməkdən
çəkindirmək istəyirdi.
İnsan Nizami üçün müqəddəs idi, ən
uca varlıq idi. Yazdığı bütün əsərlərində
insan hüququnu, ləyaqətini daim ucaltmağa
çalıçır, onları zülmə tabe
olmamağa, mübarizə aparmağa
çalışırdı.
Çarpış
dünya ilə şiri-nər kimi
Yoxsa udar səni bir əjdər kimi.
Çox sevdiyi insanı sufilər kimi nəfsdən
çəkindirirdi. Sadə əmək adamlarına hörmət
bəsləyərdi. Ən zalım
şahları ən sadə adamların dili tərbiyələndirməyə
çalışırdı. Xalqın halına
acıyıraq deyirdi:
Öylə
bir ixtiyar olsaydı məndə,
Qoymazdım bəndəyə möhtac bir bəndə.
Şair yaşadığı zamanın bütün
ictimai-siyasi hadisələrinə qarışır, əsil
realist mövqe nümayiş etdirərək şeri, sənəti
xalqdan ayrı təsəvvür etmirdi. Ona görə
də riyakarlıq yuvası olan saraylardan çəkinər,
sadə xalqın arasında yaşayırdı.
Nizami sufi şairi deyildi. Lakin sufizmə
meyl onun bütün əsərlərində görünməkdədir.
Ümumiyyətlə sufizmin mövcud olduğu
bütün dövrlərdə təsadüf şairlər
tapılar ki, sufiliyə qoşulmasın və ya heç olmasa
ona meyl etməsin. O, Allaha, peyğəmbərə
qarşı çıxmasa da dinin özüllərindən
sayılan namaza, cənnət-cəhənnəmə
qarşı çıxır, xalqı dərdlərini unudub
meyxanaya gəlməyi tövsiyə edirdi. Bu
zaman o, sufilərlə birləşirdi.
Nizaminin
eşqə münasibəti sufi şairlərin
eşqə münasibətindən fərqlənirdi. Onun məhəbbət şerlərinin çoxu
xoş sonluqla bitir. Onun aşiqlərinin
qarşısında şahlar belə aciz görünür ( Fərhadla Xosrovun qarşılaşması). Bu aşiqlər üçün hansı dinə,
hansı təriqətə, hansə millətə mənsub
olmalarının heç bir önəmi yoxdur. Aşiqanə qəzəllərində aşiq-məşuqdan
daha çox insanlığa sevgi tərənnüm olunur.
Böyük şair yaratdığı ölməz əsərləri
ilə dünya şöhrəti qazansa da
yaradıcılığı bir sıra nöqsanlardan da xali
deyildir. İlk öncə qeyd edək ki, Nizami farsca yazıb
yaratmışdır. Doğma ana dilində
bircə kəlmə belə yazmamışdı. Bu barədə yetərli qədər
yazılmış və böyük şairə
çeşidli yollarla bəraət qazanmağa
çalışmışlar. Yalnız
“Leyli və Məcnun”da buna Şirvanşah I Axsitan tərəfindən
məcbur edildiyini yazır. Türk olan Səlcuq
və Atabəylərin onu farsca yazmağa məcbur etmələri
inandırıcı görünmür. İranı bir
andaca fəth edən Səlcuqlar niyə doğma dillərini
bir andaca fars dilinə dəyişdilər?
Əgər Nizamidən qabaqkı fars
şairləri Xəyyam, Firdövsi Azərbaycan dilində bircə
şer belə yazsaydılar biz, “şair öz qələmini
fars dilində sınamaq istəmişdir” - deyə Nizamiyə
haqq qazandıra bilərdik. Farsca yazması
Nizaminin ən böyük səhvi idi və fikrimcə buna
heç vəchlə haqq qazandırıla bilməz.
Nizami fars şairi Firdovsi kimi farsların türklər
üzərində qələbəsindən yazır. (Bəhramın hiylə işlədib türklərə
qələbə çalmasından söhbət gedir). Bu zaman o, hətta tarixi təhrif edir. Türklərin şanlı tarixinə nəzər
salsaq bunun gerçək deyil, bir uydurma olduğu
anlaşılar. Bu isə onun
yaradıcılığının növbəti səhv cəhəti
idi.
Nizami saraylarda yaşamamasını qeyd etsə də
(bununla hətta fəxr etsə də) bütün əsərlərini
şahların sifarişi ilə qələmə
almışdır. Və bu əsərlərin müqabilində
ona böyük məbləğdə pulun, hədiyyələrin
verilməməsinə inanmaq sadəlöhvlük olardı.
Bu, Nizaminin yoxsul həyat tərzi keçirməsi
fikrini kölgədə buraxır.
Nizami, dövrünün eybəcərliklərinə şəxsən müdaxilə etmək üçün özündə bilavasitə cəsarət tapa bilmirdi. Ancaq keçmişdən yazmaqla dövrünü tərbiyələndirir və bu zaman o, məharətlə özünü sığortalayırdı. Halbuki o, Nuşirəvandan deyil, yetərli qədər zülmkarlar olan Cahan Pəhləvan, Qızıl Arslan və III Toğrul haqqında da yaza bilərdi. Və bunu etsəydi o, M.F.Axunzadə kimi bir tənqidçi realist səviyyəsinə yüksələ bilərdi.
Nizami “İqbalnamə”də Qum şəhərində anadan olmasını səhvən yazmaqla bu gün onu fars şairi adlandıranlara şans vermişdir. Lakin yaradıcılığının bir sıra məhdud cəhətlərinə baxmayaraq Nizaminin bütün yaradıcılığının əsasını köhnəliklə yenilik arasında mübarizə təşkil edirdi. Və o, öz mübarizəsində bu gün dünya ədəbiyyatında elə bir yüksəklikdə durur ki, min illər keçsə də bu səviyyəni bir də heç bir şair fəth edə bilməyəcək.
Yeqzar Cəfərli
Olaylar.- 2014.- 3-5 may.- S.11.