Diasporamız xarici KİV-lərlə necə işləyir?

 

Azərbaycan həqiqətlərinin dünyana çatdırılmasında xaricdə yaşayan diasporamızın müstəsna rolu var.  Dünya arenasında diaspor təşkilatlarının fəaliyyətinin daha dolğun olması üçün onların yaşadıqları ölkələrin media qurumları ilə sıx əlaqəsi önəmli məsələlərdəndir. Qloballaşan mühitdə informasiya müharibəsinə qalib gəlmək lobbiçilik yönəmində ən güclüciddi nəticələr verən bir silahdır. Əksər ekspertlər də belə qənaətdədirlər ki, uğurlu lobbiçilik fəaliyyəti göstərmək üçün diaspor təşkilatlarının fəaliyyət göstərdikləri ölkələrin kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlığı zəruridir.

Ekspert Ramilə Əliyeva deyir ki, bu gün Azərbaycan Respublikasının birbaşa dəstəyi, eləcə də diaspora nümayəndələrinin təşəbbüsü ilə diasporamıza aid müxtəlif media vasitələr yaradılır. Bu media vasitələri əsasən çap mediasına aiddir, çox hallarda Ana dilimiz – Azərbaycan dilində olur:”Qeyd edilən media vasitələr əksər hallarda elə diaspor nümayəndələri arasında yayılır. Diaspora təşkilatları tərəfindən hazırlanan media vasitələrinin fəaliyyət göstərdikləri ölkələrin dilində də çap edilməsi və həmin ölkənin vətəndaşları arasında yayılması çox vacibdir. Bu artıq təməli qoyulan lobbiçilik məsələsinin daha da inkişaf etməsinə ciddi təkan verə bilər”. Ramilə Əliyevanın sözlərinə görə, lobbiçilik işinin daha da səmərəli olması üçün diaspor təşkilatlarının fəaliyyət göstərdikləri ölkənin media qurumlarına inteqrasiya etməsi çox vacibdir: “Azərbaycanlı jurnalistlərin xarici qəzet və jurnallar üçün yazması, xaricdə təhsil alan azərbaycanlı tələbələrin təhsil aldıqları ölkənin media qurumlarında staj müddətinin keçirməsinə nail olması önəmlidir. Adi bir misal gətirək. Qondarma erməni soyqırımı ilə bağlı xəbərlər son dövrlərdə beynəlxalq mediada tez-tez səslənir. Bir çox beynəlxalq çap mediasında bu haqda danışılması və bu növ məqalələrin həmin ölkənin etnik vətəndaşları tərəfindən yazılması, orada olan erməni diasporunun bilavasitə fəaliyyətindən irəli gəlir. Onlar üçün əsas sadəcə “armenian genocidesöz birləşməsinin hallanmasıdır. Yazı qərəzsiz yazılsa da qoy yazılsın, önəmli bu məsələlərin nüfüzlu mediayaya çıxarılmasıdır. Bu erməni diasporunun media ilə münasibətində mövqeyidir. Digər tərəfdən informasiya müharibəsində qalib gəlmək yönəmində dünyanın nüfüzlu media qurumlarına azərbaycanlı jurnalistlərin inteqrasiya olunması müasir dövrümüzdə savadlı diplomatların, iqtisadiyyatçıların yetişdirilməsi qədər lazımlı məsələlərdəndir. Azərbaycan Respublikası tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün bir çox media layihələr həyata keçirilir, internet portallar yaradılır. Diaspora təşkilatlarının məqsədi və fəaliyyəti isə Google, Yandexs. bu kimi axtarış sistemlərində “khojaly genocide” yazılanda bu haqda məlumatların “the guardian”, “BBC”, “CNN”, “Washington Postkimi media vasitələrində yazılmasını tapmanı təmin etməkdir. Misal üçünarmenian genocide” axtarışa versək, daha sonrakhojaly genocideaxtarsaq fərqləri görə bilərik. Görəcəyik ki,  qondarma erməni soyqırımı haqqında bir çox müxtəlif portallar yazır. Bu portalların müəyyən hissəsi ermənlərə aid olsa da çox hissəsi digər dövlətlərin media portalları və ya forumlarıdır. Xocalı soyqırımı haqqında isə çox hallarda elə özümüzün yaratdığımız portallarda, media vasitələrində rast gəlirik. Hesab edirəm ki, xaricdə fəaliyyət göstərən Azərbaycan diasporası internet məkanında beynəlxalq fəaliyyət baxımından çıxış etməlidir. Xüsusilə bu baxımdan gənclər fəal olmalıdırlar. Məqsədimiz hər birimiz üçün aydın olmalıdır. Daha bir konkret misal gətirmək istərdim, 2010-cu il, Gürcüstan, Gürcüstanın erməni diasporası parlamentə qondarma erməni soyqırımının tanınması ilə əlaqəli müraciət edir. 2010-cu il 23-24 aprel tarixlərində bütün gürcü media vasitələri qondarma erməni soyqırımı haqqında danışır. Düzdür, Gürcüstan Parlamenti qondarma erməni soyqırımını tanımadı. Amma erməni diasporası Gürcüstan cəmiyyətində, eləcə də bu məsələ ilə əlaqəli bir çox digər dövlətlərin media vasitələrində müzakirələrin aparılmasına nail oldu”. Ramilə Əliyeva qeyd edir ki, dövrümüzdə yaşadığı yerdən, pasportunda vətəndaşlıq qrafasına hansı dövlətin adının yazılmasından asılı olmayaraq hər bir azərbaycanlını hər an düşündürən Qarabağ məsələsidir və bu yöndə hər cür mücadilə, hər növ fəaliyyət bir növ sistemləşdirilməli, bir bağlı zəncir kimi birləşdirilməlidir: “Həqiqət öz yolunu tapan bir məvhumdur, sadəcə zaman lazımdır. Zaman isə Azərbaycanın xeyrinə işləyir. İstədiyimiz nəticələri əldə etmək üçün bizlər – xaricdə yaşayan azərbaycanlılar fəaliyyətimizi daha da artırmalıyıq. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində mədəniyyətimizin, adət-ənənələrimizin, tariximizin tanıdılması vacibdir. Bu sahədə də yenə bizlərin ən nəticəli fəaliyyətimiz media ilə bağlı olmalıdır. Bilirik ki, xaricdə yaşayan azərbaycanlılar, Azərbaycan xalqına aid olan bütün müvafiq tarixləri qeyd edirlər. Belə tədbirlərlə yerli jurnalistlərin dəvət edilməsi mütləqdir. Bu yönəmdə Rusiya diasporasının, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının fəaliyyətini mütləq qeyd etmək lazımdır. Məhz həmin təşkilatın uğurlu fəaliyyəti nəticəsində Rusiyanın aparıcı telekanallarında Azərbaycana aid silsilə verlişlər hazırlandı, bir çox tədbirlər geniş şəkildə nümayiş etdirildi”. Ekspert hesab edir ki, Azərbaycanın tərənnüm etmək üçün uğurlu yollardan biri də məhz xarici jurnalistlər üçün etno layihələrin həyata keçirilməsidir: Onun sözlərinə görə, bir çox xalqların nümayəndələrinin diaspor təşkilatları bu yöndə maraqlı layihələr həyata keçirirlər: “Xaricdə diaspora təşkilatları tərəfindən jurnalistlər üçün etno layihələrin keçirilməsi və bu layihələrin yerli mediada işıqlandırılması Azərbaycan mədəniyyətinin, tarixi-etnoqrafiyasını tanıtmaqla yanaşı Azərbaycan dövlətinin xarici ölkələrdə tanınması üçün əsl təminatdır. Beləliklə bizlər xalqımıza aid olan xüsusiyyətləri təbliğ etməklə yanaşı, Azərbaycanda turizmin inkişafına da bir növ töhfə verə bilərik. Hər bir halda Azərbaycançiliq yolunda atılan hər bir addımın media tərəfindən işıqlandırılması təminatçısına hər birimiz çevrilməliyik. Xaricdə yaşayan hər bir azərbaycanlı, Azərbaycanın PR meneceri, tərənnümçüsü olduğunu anlamalı və bu məsələyə tam ciddiliklə yanaşmalıdır. Artıq dəfələrlə diaspor təşkilatlarının fəaliyyət göstərdikləri ölkələrin mediasında fəallıqlarının gərəkliyi haqqında danışdıq. Bütün bu tələblərdən dolayı, dünyada yaşayan azərbaycanlıların vahid bir informasiya mərkəzinin formalaşdırılması gözəl və yararlı bir nailiyyət olardı. “Vahid İnformasiya Mərkəzi” altında birləşən xaricdə olan bütün media qurumlarımız bir-birinə dəstək olar, media inkişaf sahəsində yeniliklər eldə etməkdə ciddi addımlar ata bilərdilər. Danılmaz faktdır ki, gün diaspor nümayəndələrimizin media ilə ünsiyyətləri baxımından mükəmməlləşdirilməsi lazımdır. Hər bir diaspor nümayəndəliyimiz fəaliyyətdə olduğu ölkədə müasir tələblərə cavab verə biləcək media vasitələr yaratmağa can atmalıdırlar. Bununla yanaşı fərdi olaraq özlərində media ilə əlaqələrin yaradılması xüsusiyyətini inkişaf etdirməli, media ilə ünsiyyətlərin qurulması baxımından müvafiq treninqlərdə iştirak etməlidirlər. Onların adını dəfələrlə hallandırmaq istəməzdim, amma sadə bir misal üçün yenə Gürcüstan kontekstini göstərmək istərdim. Gürcüstanda yaşayan erməni diasporasının erməni dilli 2 regional televiziyası, erməni və rus dilli bir neçə güclü, özünü maliyyələşdirən çap media vasitəsi var. Gürcüstanda yaşayan azərbaycanlıların isə televiziya baxımından regional televiziyalardan birində həftədə bir dəfə 10 dəqiqəlik verliş və Azərbaycan Respublikasının dəstəyi ilə çap edilən qəzetlərdən başqa media qurumları yoxdur. Düşünürəm ki, Gürcüstanda sayca ən çoxsaylı etnik azlıq statusunu daşıyan azərbaycanlılar özünü maliyyələşdirə biləcək bir media quruma mütləq malik olmalıdırlar və bu sahədə Gürcüstanda fəaliyyət göstərən təşkilatlarımız fəal işləməlidirlər. Avropa ölkələrində olan diaspor təşkilatlarımız isə bu gün Azərbaycanımızı, dünyada yaşayan azərbaycanlıların məsələlərinin Avropa ölkələri mediasında işıqlandırılmasının bir nov zəmanətinə çevrilməlidirlər. Avropanın hər hansı bir şəhərində yaşayan adi bir həyat tərzi sürən azərbaycanlı mediada Azərbaycan həqiqətinin ən güclü, ən obyektiv, en yaxşı nümayişçisinə çevrilə bilər. Belə ki, Avropa və ümumiyyətlə beynəlxalq nüfuzlu media insan taleleri üzərində qurulan xəbər hekayələrinə üstünlük verir. Son 5-6 ildə hansısa bir qlobal məsələyə adi vətəndaş prizmasından baxılması nüfüzlü media qurumlarının əsas seçimidir. Bütün bünlardan irəli gələrək düşünürəm ki, “Vahid İnformasiya Mərkəzi” yaradılması və bütün bu sadalanan, eləcə də sadalanmayan məsələlərin kordinasiya edilməsi, şəbəkələşdirilməsi hazırki dövrümüzün qaçılmaz tələblərindəndir”.

 

 Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər” layihəsi çərçivəsində çap olunur

 

Olaylar.- 2014.- 6 may.- S.15.