“Yazıçı
Allah qədər obyektiv olmalıdır...”
Müsahibimiz tənqidçi Əsəd Cahangirdir.
-Əsəd bəy, necə düşünürsünüz, bütövlükdə ədəbi cərəyan ideologiyaya xidmət etməlidirmi?
-Mən hesab edirəm
ki, təkcə ədəbi cərəyan yox, ədəbiyyat
ümumən, ideologiyaya xidmət etməməlidir... Ədəbiyyatın
öz funksiyası var. Məsələn, elmin funksiyası nədən
ibarətdir? İnsana bilik vermək. Dinin funksiyası nədən
ibarətdir? İnanc, inam aşılamaq. Bəs onda ədəbiyyatın
funksiyası nədən ibarətdir? Bədii zövq vermək,
estetik zövq vermək. Ədəbiyyat ilk növbədə
bu işi yerinə yetirməlidir, oxucunun daxili mənəvi
dünyasını zənginləşdirməlidir, ona zövq
verməlidir, duyğularını oxşamalıdır. Onun
hansı ideologiyaya xidmət edib-etməməsi artıq
sonrakı prosesdir, yazıdan sonrakı prosesdir. Amma tutaq ki,
yazıçının öz qarşısına sırf bir
ideoloji məqsədlər qoyub əsər yazması ədəbiyyatın
ziyanına işləyir. Tarix bunu sübut edib. Məsələn,
tutaq ki, tanınmış alman yazıçısı Herman
Broxun “Vergilinin ölümü” adlı romanı var. O deyir ki,
əsərin sonunda yazıçının işi gerçəkliyi
təsvir etməkdir, amma mən onu tərənnüm etmişəm.
Yəni yazıçı əsərə münasibət
bildirməməlidir, gerçəkliyi təsvir edib
ortalığa qoymalıdır, nəticəni
çıxarmaq isə oxucunun işi olmalıdır. Eləcə
də hansı ideoloji nəticəni çıxarmaq da
artıq oxucunun işidir. Yazıçı Allah qədər
obyektiv olmalıdır. Dünyaya bir gözlə
baxmalıdır, iki gözlə yox. Tərəfgirlik etməməlidir.
Məsələn, Əkrəm Əlyislinin
“Daş yuxular” əsəri ideoloji
əsərdir, hətta milli ideoloji yox, daşnak
ideologiyasını ifadə edən əsərdir. Əsərin
bu dərəcədə narazılıqla
qarşılanması və uğursuzluğunun ən ümdə
səbəbi də bundan ibarətdir. Burda o
yazıçı yox, bir siyasətçi, bir ideoloq,
özü də daşnak ideoloqu kimi çıxış
edir. Hətta yazıçı millli ideologiyanı ifadə
etsə belə, bu yenə də
ədəbiyyatın məncə xeyrinə yox, ziyanına
olardı. Yazıçı hansısa milləti, hansısa
dini, hansısa siyasi partiyanı, hansısa dövləti yox,
insanı, Allahı əks etdirməlidir. Yalnız ümumbəşəri
ədəbiyyat, dindən də, millətdən, dövlətdən
də, ölkədən də, ailədən də
yuxarıda duran ümumbəşəri ədəbiyyat
yaşayıb və yaşayır. Məsələn, Homer nə
üçün 2500 ildir ki yaşayır, sevilir? Homer milliyətcə
yunandır, amma Troyalıların döyüşünü təsvir
edir. Qətiyyən Axillesi Hektordan üstün tutmur. Halbuki
Hektor onun milləti deyil, Axilles onun millətidir. O yeri gələndə
Hektorun da qəhrəmanlığını,
gücünü, gözəlliyini təsvir edir,
Troyalıların da yüksək mədəniyyətini,
gözəl saraylarını tərənnüm və təsvir
edir.
-Tənqidi realizm demokratik hərəkatla sıx bağlıdır. Milli azadlıq hərəkatı başlanandan bu sahədə nəzərəçarpacaq irəliləyiş varmı?
-Tənqidi
realizmdə əsələr qələmə alan
yazıçıların əsərləri doğurdan da
inqilabi ideyaların aşılanmasında, milli azadlıq
ideyalarında böyük rol oynayırdı. Məsələn,
N.Nərimanov deyirdi ki, “Sabir öz şeirlərilə İran
ordusuna, İran inqilabına bir ordudan artıq xeyir vermişdir”. Və yaxud da Mirzə
Cəlilin hekayələri, felyetonları, pyesləri, eləcə
də, Üzeyir Hacıbəylinin felyetonları və o
dövrün digər tənqidi realistlərinin
yaradıcılığı. Bizim də dövrdə tənqidi
realizm tutaq ki, o illərdəkilə müqaisədə əməlli
dərəcədə zəifləmişdir. Amma bu o demək
deyildir ki, tənqidi realist əsərlər meydana
çıxmamışdır. Eyvaz Zeynalovun “Tələ”
romanında həm idtisadi, həm siyasi və həm də mənəvi
psixoloji baxımdan çağdaş Azərbaycan cəmiyyətinin
tənqidi özünün kifayət qədər əksini
tapmışdır. Nə barədə bazar iqdisadiyyatına
meyllənmə, mənəvi-əxlaqi kriteriyaların
reqradasiya olunması və yaxud, onun “Qisas” povestində polis
sistemi kəskin tənqid hədəfinə çevrilir. Polis sistemindəki qanunsuzluq, dəyənək
üsulu idarəsi, insan mənəviyyatının polislər
tərəfindən təhqir olunması. Eləcə də
tutaq ki, Kamil Əfsəroğlunun bir sıra hekayələrində,
Aslan Quliyevin hekayələrində mənəviyyat
dünyasının adamı olan insanların acınacaqlı
durumda həyat sürməsi tənqid olunur.
“Yazıçının savaşı” romanında
ziyalıların maddi həyat şəraitinin
yaxşılaşdırılması problemi qoyulur. İndi
dramaturgiyamızda tutaq ki, Əli Əmirlinin “Varlı
qadın” pyesində varlanma ehtirası tənqid olunur.
“Ağqoyunlular və qaraqoyunlular”da milləti siyasi cəhətdən
parçalayan öz mənafeyi nöqteyi-nəzərindən
tənqid olunur. Və yaxud da götürək tutaq ki, poeziya
sahəsində Baba Pünhanın satirik şeirləri, Əvəz
Qurbanlının satirik şerlərində Sabir ənənələri
davam etdirilir. Buna baxmayaraq bugün nə
dramaturqlarımızın, nə nasirlərimizin, nə
şairlərimizin cəmiyyətə tənqidi münasibəti
Sabirin və Mirzə Cəlilin dövründə
oynadığı rolu oynaya bilmir. Sual edə bilərsiniz ki, nə
üçün? Çünki bu günki müasir oxucunun o qədər
informasiya qaynaqları var ki, o
artıq teatrla, ədəbiyyatla Sabir və Mirzə Cəlal
dövründəki qədər uğraşmır. Bu gün internet var, sosial şəbəkələr
var, furbol var, kino var, video var nə bilim odnoklassnik var, facebook
var və sairə və sairə. Və buna görə də ədəbiyyat
indi insanın psixoloji, mənəvi, estetik zövqünü
formalaşdıran başlıca mərkəz statusunu itiribdir.
Ədəbiyyat cəmiyyətin və həyatın bir
küncünə sıxışdırılıb, ədəbiyyat
daha çox sənəd adamları üçün bir
şeydir. Kantın diliylə desək, “Özüylə
şeyə çevrilib”. Amma çox güclü istedad və
həddindən artıq cəsarətli söz lazımdır
ki, o cəmiyyətə təsir gücünə malik olsun
sizin dediyiniz kimi. Məsələn, Əkrəm
Əlyislinin “Daş yuxular” romanı göstərdi ki, ədəbiyyatın
cəmiyyətə təsir gücü var, rezonans doğurmaq
gücü var, amma Əkrəm Əylislinin doğurduğu təsir
neqativ təsir idi, antimilli təsir idi, daşnak ideologiyası
rakursundan olan bir təsir idi. Amma hər halda ədəbiyyatın,
sözün təsir gücünü o əsər göstərdi
və o əsərin mənə elə gəlir ki, yeganə təqdirəlayiq
cəhəti bundan ibarətdir. Yəni ədəbiyyat cəmiyyətə
təsir gücünə malikdir, amma necə təsir və
artıq burada mən Əkrəm Əylislinin tərəfində
deyiləm. Yəni o əsər o dərəcədə
təsir etdi ki, hətta 20 il ərzində ilk dəfə
parlamentdə millət vəkilləri
yığışıb ədəbiyyat məsələsini
müzakirə etdilər, ədəbiyyatla maraqlanmayan
yuxarı dairələr, yəni bu o qədər də balaca məsələ
deyil.
-Bəllidir ki, tarixi roman janrı romantizm ədəbi cərəyanının məhsuludur. Tarixi roman janrının bu günkü səviyyəsi necədir?
-Dünya ədəbiyyatında tarixi roman janrının
banisi Volter Skotdur. Bundan
sonra Aleksandr Düma, Anatoli Frans, rus
ədəbiyyatından Tolstoy, Azərbaycan ədəbiyyatından Ordubadi, Əzizə xanım Cəfərzadə, Əlisa Nicat, Fərman
Kərimzadə,
Cəlal
Bərgüşad və digərləri
tarixi romanlar yazıblar. İsa Muğanna, İlyas Əfəndiyev, Elçin Əfəndiyev amma, hər bir halda hətta ən yaxşı tarixi romanlarımız – İsa Muğannanın “Məhşər”idir, İlyas Əfəndiyevin “Geriyə baxma qoca”sıdı, Əzizə Cəfərzadənin “Aləmdə
səsim var mənim”dir, Fərman Kərimzadənin “Qarlı aşırım”ıdı, Elçinin “Mahmud və Məryəm”idir
ki bizim ən yaxşı tarixi romanlarımız hesab olunur. Heç bir
halda, bizim
yazıçılar tarixi koloriti canlandıra
bilmirlər. Məsələn, mən Anatoli Fransın “Tays” romanını oxuyuram,
1899-cu ildə yazılmış romandır, I əsr Roma həyatı əsərdə təsvir
olunur, mən özümü tamamilə
I əsr Romasında
hiss edirəm. Onun həm zahiri, həm də daxili mənəvi-psixoloji koloritini oxucunun qarşısında
canlandıra
bilir, oxucu özünü iqlimdə hiss
edə bilir. Eləcə də digər Avropa yazarlaının əsərlərində.
Amma Azərbaycan müəllifləri
tarixi roman janrının, bu
ən ümdə
özəlliyinə hələ nail ola bilmirlər. Amma son zamanlar tarixi roman janrı özəlliklə zəifləyib məncə. Bilirsiniz, tarixi roman janrı o zaman inkişaf
edir ki, milli
təfəkkürdə oyanış başlan, milli özünüdərk prosesi başlayır, onda
millətin
yazıçısı qarşıya çıxan
bir sıra problemləri
çözmək, onlara cavab vermək
üçün millətin
tarixinə müraciət edir. 60-cı illərdə bilirsiniz ki, sovet
ideologiyasında
ayrılmağın birinci oyanış mərhələsi
idi, 90-cı illərdə ikinci mərhələsi
baş verdi. Amma çox
qəribədir ki, 90-cı illərdə milli oyanışın ən radikal dönəmində demək olar ki
bir dənə ciddi tarixi əsər meydana çıxmadı.
Bunun səbəbi üzərində düşünmək lazımdır. Mənə elə gəlir ki, bunun
səbəbi ondan ibarətdir
ki, 90-cı illərdə artıq KQB-nin
arxivləri, bir sıra
sənədlər açıldı, tarixçilər tariximizi daha çılpaq əks etdirən monoqrafiyalar, məqalələr yazdılar. Və nəticədə görünür ki tarixi roman janrına, ümumilli səviyyədə ehtiyac olmadı. Edilən cəhdlər də, uğursuzluqla nəticələndi, ancaq mənə elə gəlir ki, bizim
ciddi tarixi romanlara ciddi ehtiyacımız var. Bilirsiniz ki, indi bu
saat beyinlərin
yuyulması prosesi gedir, öz tarixini, kökünü unutmamaq prosesi gedir və xüsusilə də gəncliyin tərbiyəsində
öz milli köklərinə bələd olmaq baxımından belə tarixi romanların böyük önəmi ola bilər.
-Sentimentalizm sadəlik, səmimilik və s. kimi ülvi hisslər aşılayır. Amma bu ədəbi cərəyan ədəbiyyatımızda
özünə yer tapa bilmir. Bunu şair və
yazıçılarımızın əhatə məhdudluğu
ilə əlaqələndirsək düzgün olarmı? Bu cərəyanın
Azərbaycan oxucusuna xoş gəlməyən hansı cəhətidir?
-Azərbaycanda sentimentalizmin banisi Divanbəyoğlu
sayılır. Onun “Can yanğısı”
romanı XIX yüzilin axırı, XX yüzilin əvvəllərində
başlayıb. Sonra Cəfər
Cabbarlının bir sıra hekayələri, məsələn,
“Aslan və Fərhad” hekayəsidi və yaxud da bir sıra
pyesləri, məs, “Solğun çiçəklər” pyesi
sentimentalizmin nümunələri sayılır. Amma bütövlükdə götürəndə
Azərbaycanda sentimentalizm romantizm, realizmlə müqaisədə
zəif ədəbi cərəyan kimi özünü göstərir,
sizə deyim ki, bu dünya ədəbiyyatında da o qədər
güclü cərəyan olmayıb. Sentimentalizm
maarifçiliyin bir qolu kimi XVIII yüzilin axırlarında
Avropada meydana çıxıb, sonra rus ədəbiyyatında
özünü göstərmişdir. Tutaq
ki, rus ədəbiyyatında sentimentalizmə nümunə
olaraq Karamzinin “Zavallı Liza” povestini göstərirlər və
yaxud da, ingilis ədəbiyyatında Sternin “Səyahətnamə”
əsərini göstərirlər və ya Azərbaycan ədəbiyyatında
dediyimiz kimi Divanbəyoğlunun əsərlərini,
fransız ədəbiyyatında Jan Jak Russonun bir sıra
romanlarını sentimentalizmə bariz nümunə olaraq
göstərirlər. Sentimentalizm
özünü lazimi səviyyədə göstərə
bilməməsinin bir sıra sosial və psixoloji səbəblərini
deyə bilərəm. Görünür,
bu ondan irəli gəlir ki, dünya sərtdir,
amansızdır, Tomas Hopsun diliylə desək, “tarix, cəmiyyət
canavar qanunlarıyla idarə olunur”. Onu
gözyaşalrı ilə güdmək olmaz, sentimalizm isə
göz yaşları, ürək zərifliyi, həssaslıq,
incəlikdən ibarətdir və bir növ sentimental insan,
sentimental yazıçı canavarlar içərisinə girmiş
quzu kimi hiss edə bilər özünü. Ümumilikdə bu cərəyan canavarlar içərisinə
girmiş quzunu xatırladır, dünya güclüləri
sevir, sentimentalizm isə gözəlliyi, incəliyi, göz
yaşları yəni, bunlara əsaslanır, özəlliklə
də bizim indiki dövrdə kapitalizmə keçid dövrümüzdə
vəhşi kapitalist, canavar qanunları işə
düşdü. Sentimental bir əsər
yazmaq həddən artıq belə gülməli görünə
bilər, çətin ki, hər hansı bir sentimentalist
yazıçı müasir oxucunun zövqünü təmin
edə bilsin. Məs, müasir dövrdə daha çox
kriminal, pornoqrafiya, amansızlıq təbliğ edən
şeylər, boyavik filmlər daha çox sevilir, xüsusən
də son 20 ildəki gənclik bax bu Hollivudun amansızlıq
təbliğ edən, parta-part filmlərinin təsiri
altında daha çox olur. Sanki burada sentimental
olmaq gerizəkalılıq kimi anlaşılır, biraz
gülməli görünür. Hamı
sentimental olmaqdan, hisslərini biruzə verməkdən ehtiyat
edir. İndiki gənclər bir-birilərinə
hətta “sevirəm” sözünü deməyə belə
ehtiyat edirlər. Müasir dünyanın
mentallığı bir az başqa
cürdü, amma təbiidir ki, insan göz yaşlarına
qayıtmalıdır, insan olmağın da elə əsas səbəblərindən
biri ürəkdir, göz yaşlarıdır, daxili zəriflikdir,
mən tənqid edib demirəm ki sentimentalizm olmamalıdır.
Sentimentalizm duyğularla bağlıdır,
duyğusuz insansa cansız robot kimi bir şeydir, bir zombidir, bir
manqurtdur. Bu çox təhlükəli bir
meyldir. Ona görə də təbiidir ki
bizim ədəbiyyatda sentimentalizm ayrıca bir cərəyan
kimi mövcud olmasa belə müəyyən əsərlərdə,
müəyyən sentimental çalarların olması ehtiyac
duyulur.
(ardı var...)
Yeqzar Cəfərli
Azərbaycanın
Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə həyata keçirdiyi “Azərbaycan ədəbiyyatında
müasir yaradıcılıq cərəyanlarının izlənməsi
və təhlilinə dair təşəbbüslər” layihəsi
çərçivəsində çap olunur.
Olaylar.- 2014.- 7 may.- S.10.