Tarixi romanlar
romantizmin
övladlarıdır
1905-il rus inqilabı bütün Asiyanı əməllicə titrətdi. Çox keçmədən onun əks-sədası xarici kapitala, şah rejiminə qarşı mübarizənin artıq çoxdan bəri düyün nöqtəsinə çevrilən İrana da keçdi. Burada 1905-1911-ci illərdə, öz həcminə görə birinci rus inqilabından sonra ikinci inqilab sayıla biləcək inqilab baş verdi. “Dumanlı Təbriz”in də əsas mövzusu Güney Azərbaycanda Səttarxanın baçılığı ilə baş vermiş həmin inqilabi hərəkatdır. Əsər 1908-ci ilin hadisələri ilə başlayır. Daha əvvəlki hadisələri müəllif “Baği-şah və yaxud Tehran faciəsi”, “Bədbəxt milyonçu” əsərlərində təsvir ediir. Bu əsərlərlə yazıçı sanki oxucuları “Dumanlı Təbriz”i oxumağa hazırlayır.
Sözü,
böyük ədibimiz M.S.Ordubadidən salmağımız
heç də təsadüfi deyil. Çünki, Azərbaycan
ədəbiyyatında tarixi roman janrının əsasını
“Dumanlı Təbriz” romanı ilə o qoymuşdur. Həyatda
deyil, romanda olduğu kimi mənalanan romantizmdə adından da
məlum olduğu kimi mütləq romantik lövhələrdən
istifadə olunur. Əks halda bu tarixi roman deyil, sadəcə
xronika olacaq.
Bəri başdan qeyd
edək ki, “Dumanlı Təbriz” həcmində tarixi əsər
yazmaq yazıçı üçün çox çətindi.
Çünki, bu zaman hələ İran inqilabı
haqqında cild-cild əsərlər
yazılmamışdı. Bu haqda tarixi qaynaqlar yox idi. Lakin
xoşbəxtlikdən Ordubadi bu inqilabın canlı
iştirakçısı olmuşdu. Əsərdə təsvir
olunan personajlar (inqilabın aparıcı simaları olan,
inqilabı maliyyə ilə təmin edən) Nəsrullah
Şeyxov, Baxşəli ağa Şaxtaxtlı, Məhəmmədhüseyn
Hacıyev tarixi şəxsiyyətlər idi və inqilab illərində
Ordubadi bu insanlarla çiyin-çiyinə Culfada “Hümmət”in
yerli təşkilatının köməyi ilə İran
inqilabına kömək edirdi. Məhz bunun nəticəsi idi
ki, hadisələr elə təsvir olunub ki, əsəri
öxuyarkan insan özünü Təbrizin küçələrində
hiss edir. Buna görə müəllif tarix hadisələrə
bir o qədər də müdaxilə etmir. Əsərdə
romantizm meylləri azdır, əsasən real hadisələrə
söykənir.
İran inqilabından
Güney Azərbaycan üçün nicat gözləyən
bütün qüvvələr bu inqilaba kömək edirdilər.
Azərbaycanda və Şimali Qafqazdan maliyyə, C.Məmmədquluzadə
“Molla Nəsrəddin” dərgisinin redaksiyasını Təbrizə
köçürmüşdü. Onun qardaşı Ələkbər
Məmmədquluzadə Səttarxanın ən yaxın köməkçisi
idi. Sabirin şerləri səngərlərdə keşik
çəkən mücahidlərin dilinin əzbəri idi. Abbas
Səhhət yazırdı ki, “Sabir İran inqilabına bir
ordudan artıq xidmət göstərib”. Lakin təəssüf
ki, Sabirin xidmətləri romanda əks olunmayıb, onun səngərlərdə
mücahidlərin dilindən düşməyən şerləri
nümunə kimi verilməyib. C.Məmmədquluzadənin
rarixi xidmətlərindən söhbət
aşılmıır. Yalnız Oafqazlıların bomba
hazırlamaqda inqilabçılara köməyindən cüzi
olsa da məlumat var.
Türkmənçay
müqaviləsinin pozulmasından ehtiyatlanan Rusiya, Təbriz
inqilabı qalib gələcəksə Hindistanın əlindən
çıxacağından qorxan İngiltərə öz
qüvvələrini inqilaba qarşı birləşdirdilər.
Bunu başaşa düşən Şimali Azərbaycan
ziyalıları, demokratları da öz qüvvələrini
birləşdirib bu inqilabı daim nəzarətdə
saxlayırdılar. Rusiya, İngiltərə və Amerika
müstəmləkəçiləri gözəl bir surətdə
təsvir olunaraq ifşa olunur.
Sözün həqiqi
mənasında əsil romançı olan M.S.Ordubadi hadisələri
elə canlı gözəl təsvir edir ki, İrana qədəm
qoyduğun ilk dəqiqələrdə burada inqilabı duyur,
hiss edir. Özünü bütün dünyaya mədəni
millət kimi tanıdan rus ordusunun vəhşiliyi, xalqa divan
tutan, keçəcək hər bir adamdan “day na çay” deyən
“sivilizasiyalı” ölkənin əsgərlərinin təsvirini
Ordubadi tipik obrazlarla yaradır. Əsərdə hər bir təbəqənin
inqilaba olan münasibəti verilir. İrana keçib gedən
hər kəs ilk dəqiqələrdəcə bunun şahidi
olurdu. Əqidəsini amalını xalqı saymaqla varlanmaqda
görən tacirlərin inqilaba münasibəti belə idi:
“Vallah mən bu dövlətlərin işinə məəttəl
qalmışam. İşə qarışıb beş-on nəfər
lotu-potunu öz yerində oturtmayırlar. İnqilab bizim nəyimizə
gərəkdir? Məgər biz indiyə qədər azad
deyildikmi? Ticarət dayanıbdır, alış-veriş kəsilibdir”.
Məşədi Kazım ağa bu tacirlərin ümumiləşdirilmiş
obrazıdır. O, “Görək bu inqilab bizə nə verəcək”
deyərək işin sonunu gözləyir. İnqilabdan
qazandıqlarını yetərli bilmir.
İran inqilabı
öz xarakterinə görə xalq inqilabı idi. Burada
xalqın demək olar bütün təbəqələri
iştirak edirdi. Burada müəyyən məqsəd güdən
xanlar da iştirak edirdi. Bütün bu məsələlər
romanda ətraflı əks olunur.
İnqilabın faktiki
rəhbəri Səttarxan olsa əsərin baş qəhrəmanı
Əbülhəsən bəydir. Romandakı bütün hadisələr
onun dilindən söylənilir. Bütün əsər boyu
oxucular Əbülhəsən bəyin kimliyi ilə
maraqlanır. Yalnız romanın sonunda onun kimliyi-əslən
Təbrizdən olub, uzun illər Ramana neft mədənlərində
mexanik işləmiş Nüsrət Hüseynov olduğu
aydınlaşır. Ümumiyyətlə oxucuları intizarda
saxlamaq, onu düşündürmək M.S.Ordubadi
yaradıcılığının özəl xüsusiyyətlərindəndir.
Əsər hissə-hissə yazılaraq çap olunduqca
oxucuların bu surətin kimliyi haqqında marağı daha da
artırdı. Bu haqda yüzlərlə oxucu məktubu alan
Ordubadi öz oxucularını daha çox
düşündürmək, intizarda qoyaraq deyirdi: “Onun kim
olduğunu 4-cü kitabda biləcəksiniz”.
Əbülhəsən
bəy surətini yazıçı tam müsbət ideal bir qəhrəman
kimi təsvir edir. O, gənc olmasına baxmayaraq müdrikdir, hər
bir çətin hadisədən baş
çıxarmağı bacarır. İmkanı olsa da ona rəğbət
bəsləyən qadınların sevgisindən pis istifadə
etmir. Çünki, ictimai quruluşa qarşı
başladığı mübarizənin çətinliyini dərk
edir, bu zahirən sakit görünən dumanlı Təbrizdə
onu hansı təhlükələrin gözlədiyini bilmirdi.
Ona səmimi hisslər bəsləyən Ninanın məhəbbətini
ürəyinin dərin qatlarında münasib bir vaxt gəlincəyə
qədər qoruyub saxlayırdı.
Əbülhəsən
bəy İrana gəldiyi ilk günlərdən inqilabın rəhbərinə
çevrilir. Onun rəhbərlik etdiyi gizli mərkəz elə
çevik işləyirdi ki, çar konsolu və yerli
hökumət onun üzvlərindən birini belə ələ
keçirə bilmədi. Minlərlə mücahidi çar cəlladlarının
kəndirindən xilas edib Təbrizdən çıxartdı,
sonrakı mübarizələr üçün qoruyub
saxladı. Zatən bu inqilabı elə Qafqazlılar idarə
edirdi. 1905-07-ci illər inqilabı məğlub olandan sonra
çar irticasından qaçıb qurtulan
inqilabçılar Təbrizə axışıb gəlmişdi.
Lakin bizim məqsədimiz ayrı-ayrı surətləri təhlil
etmək deyil, Ordubadi yaradıcılığının metod
məsələləri olduğundan ayrı-ayrı surətlərin
təhlili üzərində dayanmırıq.
Geriliyin həmişə
dərindən kök saldığı İranda inqilab etmək
heç də asan deyildi. “Hərgah torpaq bizimdirsə mən
çox yaxşı tanıyıram, bizdən heç bir
şey çıxmaz. Verək rusa, ingilisə qurtarsın
getsin. Yoxsa belə getsə torpaq da, mülk də saxlamaq
mümkün olmayacaqdır”. İnqilabı dinsizlik, vələdüzinalıq
kimi səciyyə edən, “Allah özü bunların cəzasını
verəcək. Nəyimizə lazımdır məşrutə?
Bir şey ki, Quranda yoxdur nəyimizə lazımdır”-deyən,
rusların hətta itlərinə belə yaltaqlanan bu rəzil,
elə dar düşüncəli, qul xislətli adamlarla inqilab
etmək heç də asan deyildi. Oxucu bütün bunları
oxuyunca Səttarxanın necə böyük insan olduğunu
anlayır. İşin çətinliyi onda idi ki, Səttarxan
başda olmaqla inqilab rəhbərlərinin əksəriyyətinin
siyasi savadı yox idi. Lakin onların heç biri inqilab
işinə xəyanət etmədi. Rusların hər bir hiyləsindən
konsulxanada işləyən Nina vasitəsi ilə xəbər
tutan Əbülhəsən bəy onları xilas edib Təbrizdən
uzaqlaşdırmağa nə qədər cəhd etsə də
razılaşmadılar, “gələcək nəsillər bizi
inqilaba xəyanətdə günahlandırar” deyə Təbrizi
tərk etmədilər və nəticədə dar
ağacından asıldılar.
Ədəbiyyatımızda
bir ədib səviyyəsinə yüksələn Ordubadi hərtərəfli
düşüncəyə malik bir sənətkar idi. Onun əsərdəki
ayrı-ayrı hadisələrə şəxsi münasibəti
maraq doğurur. Belçikalıların maliyyə
fırıldaqlarını, Amerikalıların sahibsiz
uşaqları müxtəlif şərtlərlə “tərbiyələndirib”
Amerikaya aparmalarının əsil mahiyyətini açıb
göstərməsi, ingilislərin dini pərdə altında həyata
keçirdiyi dini fırıldaqlarını ifşa etməsi
Miss Hannanın evində Əbülhəsən bəyin
babiliyin ideoloqları ilə mübahisəsi müəlifin bu
dini ideologiyaya necə dərindən bələd olduğunu
bildirir.
M.S.Ordubadinin
romanları haqqında yetərli qədər yazılıb ən
görkəmli tədqiqatçılar tərəfindən
müsbət fikirlər səslənib. Bizim məqsədimiz
nisbətən kölgədə qalan məsələləri
aydınlaşdırmaqdır. Romanda çox maraqlı bir
epizod var. Azərbaycan valisini qiymətli hədiyyələrlə
ələ alan Əbülhəsən bəy onunla tez-tez
görüşür, onun diqqətini inqilabçılarla
mübarizədən yaydırmağa çalışır.
Bu söhbətlər əsnasında vali Hacı Səməd
xan Şücaüddövlə ona Azərbaycanı mərkəzdən
ayırıb müstəqil idarə etmək planlarından
danışır və bu barədə məşrutəçilərin
dəstəyini istəyir. Bu dövrün tarixini araşdırdıqca
bəlli olur ki, bu zaman bunun üçün həqiqətən
də şərait vardı. Əgər bu işdə valiyə
dəstək verilsəydi şübhə etmirəm ki, bu məsələnin
həlli mümkün olardı. Lakin bolşevik ideologiyası
ilə silahlanan Əbülhəsən bəy təbii olaraq
bununla razılaşa bilməzdi. Çünki, bolşeviklərin
əsas məqsədi sinfi mübarizə idi və milli birlik
onları qətiyyən maraqlandırmırdı. M.S.Ordubadi də
yaşadığı sosializm dövrünün əsas
ideoloqlarından biri idi və təbii ki, bu məsələdə
öz ideologiyası fonunda çıxış etməli idi.
Bəlkə də müəllif ideologiyanın hücumuna məruz
qalacağından çəkinmişdi. Çünki,
sosializm realizmində əsas ideologiya idi, böyük sənətkarlıq
isə arxa plana keçirilirdi. Onsuz da “Dumanlı Təbriz”
sosializm realizmi prinsiplərini pozduğu üçün
tez-tez tənqidə məruz qalırdı. Fikrimcə, əsərdə
Şimali Azərbaycandan Səttarxan hərəkatına tam dəstək
göstərilməsini ətraflı təsvir etmək sovet
hökumət dairələrinə xoş gəlməyə
bilərdi.
M.S.Ordubadi türklərin
mücahidlərə köməyini də düzgün
işıqlandıra bilməmiş, XIX əsrin sonlarında meydana
gəlib dünya türklərini bir bayraq altında birləşdirməyi
qarşısına məqsəd qoyan “İttihad və tərəqqi”-nin
fəaliyyətinə bolşeviksayağı “panislamizm”,
“pantürkizm” çərçivəsində
baxmışdı. Onun fikrincə, bu ideyanı Osmanlı
sultanları ölməkdə olan imperiyanı yenidən
dirçəltmək üçün meydana atmışlar.
Avropa dövlətlərinə qarşı çevrilmiş
bu ideologiya sonralar osmanlıların öz əleyhinə
çevrilmişdi. Çünki, ingilislər Misiri, Hindi, Bəhreyni
və İranı məhz “panislamizm” şüarı ilə ələ
keçirmişlər.
“Dumanlı Təbriz”i dedektiv roman kimi də qəbul etmək
olar. Əsərdə ayrı-ayurı cinayətkar dəstələrdən,
şəxsi terrordan və casusluqdan gedən söhbətlər
bunu deməyə əsas verir. “Dumanlı” sözü isə əslundə
məcazi məna daşıyır. Zahirən sakit
görünən Təbriz əslində
qaynayıb-daşır. Burada baş dolandırmaq
üçün mütləq iranlı olmaq lazım idi. Ona
görə də əcnəbilər asanlıqla
falçıların, qaraçıların və
başqalarının toruna düşürdülər. Əsər
çox maraqlı sonluqla bitir. Rusiyadakı 1917-ci il
inqilabının xəbəri İrana çatır. Bununla da
duman Təbriz səmasından çəkilir.
“Dumanlı Təbriz”də yazıçı əsasən
tarixi faktlara söykənmiş, romantik təxəyyüldən
nisbətən az istifadə etmişdir. Lakin o, ayrı-ayrı
tarixi hadisələrə cəsarətli müdaxilələr
etməklə sosializm realizmi prinsiplərini pozmuş və
buna görə də dəfələrlə tənqid
olunmuşdu.
M.S.Ordubadinin uşaqlıq və gənclik illəri
ağır məhrumiyyətlərlə keçmişdi. Ona
görə də o, inqilaba böyük önəm verir,
inqilabın məzlum xalqlara səadət bəxş edəcəyinə
sarsılmaz bir inam bəsləyirdi. O, bu inqilab uğrunda kifayət
qədər çarpışmışdı. Bu mövzuda əsər
yazmağın da öz çətinlikləri vardı.
Bakı inqilabi fəhlə hərəkatını tarixini dərindən
öyrənmək, yüzlərlə arxiv sənədləri
ilə tanış olmaq lazım idi. Ordubadi bütün bu çətinliklərin öhdəsindən
bacarıqla gəldi. Və fəhlə hərəkatını
dərindən işıqlandıran “Gizli Bakı”,
“Döyüşən şəhər” kimi əsərlər
yaratdı. Lakin yüksək sənətkarlıqla
yazılmış bu əsərlərin mövzusu indi dəbdən
düşdüyündən və müasir oxucunun
zövqünü oxşamadığından onların üzərində
əhatəli dayanmırıq.
Tarixi romanlar yazmaq
yazıçıdan böyük məsuliyyət tələb
edir. Tarixi hadisələri təhrif etmək, onu oxucu
qınağına və tarixin mühakiməsinə məruz
qoyar. Ordubadi bütün əsərlərində bu prinsipə
əməl edib. Onu da deməliyəm ki, “Qılınc və qələm”i
yazmaq “Dumanlı Təbriz”ə nisbətən ikiqat çətin
idi. Əsər qələmə alınarkən nə Rüstəm
Əliyevin Nizami haqqında möhtəşəm tədqiqatları,
nə də Ziya Bünyadovun Nizami dövrünü ətraflı
işıqlandıran “Azərbaycan Atabəylər dövləti”
əsəri qələmə alınmamışdı. Burada
Nizaminin əsas surətlərdən biri kimi təqdim
olunması yazıçının məsuliyyətini ikiqat
artırırdı. Çünki, burada Nizami
yaradıcılığına dərindən bələd
olmaq, Nizamini real həyatda olduğu kimi humanist bir şair kimi
canlandırmaq tələb olunurdu. Əks halda böyük
şairin nüfuzuna xələl gələrdi.
Lakin
yazıçı daha irəli gedə bildi. Nə Atabəylərin
saray münaqişələrini, nə Nizaminin həyat fəaliyyətini
işıqlandırmaqla kifayətlənməmədi daha
çox diqqəti dövrün ictimai siyasi hadisələrinə
verdi. Yadelli zülmünə, feodal zülmünə, dini
zülmə qarşı mübarizə, üsyanlar, onları
doğuran hadisələr xırda saray münaqişələrinə
qədər təsvir olunub.
Ərəb xəlifələri
xalqımızın milli mübarizə əzmini qırmaq
üçün Azərbaycanın az qala hər kəndində
bir təriqət yaradır, gözəl qız və gəlinlər
cariyə sifəti ilə Bağdad saraylarına sürülürdü.
Əsərdəki hadisələrin bir çoxu romantik təxəyyülün
məhsulu olsa da onları oxumaq oxucuya zövq verir.
Qızıl Arslanın Bağdadı alması münasibəti
ilə təşkil olunan top və çövkan oyununda azərbaycanlı
sərkərdə Fəxrəddinin qalib gəlməsi və xəlifənin
bunun müqabilində “məndən hansı mükafatı istəyirsən”
sualına Fəxrəddin zorla Bağdad saraylarına
sürülmüş qızların geri
qaytarılmasını xahiş edir. Bu qızların öz vətənlərinə
dönərkən yol boyu yaxınları tərəfindən
qarşılanmaları səhnəsini oxuyarkan insan həm
kövrəlir, həm də qurur hissi keçirir. Fəxrəddin
azərbaycanlıdır və onunçün şərəf
və namus hər cür mükafatdan, vəzifədən
üstündür.
Cahan Pəhləvan Həmədana
köçüb böyük Atabəy olandan sonra
qardaşı Qızıl Arslanı Azərbaycan hökumətinə
təyin edir. Əsərdə müdrik bir insan kimi təqdim
olunan Qızıl Arslan Azərbaycanda yaşadığı
üçün onların qəhrəman psixologiyasına
yaxşı bələdir. Bu xalqın şerə, şairə
olan böyük hörmətini bilir. Ona görə də
qardaşının yanında azərbaycanlıları
müdafiə edir. Qətibə xatun Azərbaycan hökumətindən
Əbu Bəkri götürüb yerinə oğlu Qütluq
İnancı təyin etməyə inad etsə də
Qızıl Arslan bunu etmir. Çünki, o, azərbaycanlıların
ərəbləri sevmədiyini və bu təyinatın
üsyanlara səbəb olacağını bilirdi.
Burada diqqəti
çəkən bir məqam Azərbaycan ailəsində böyük
övladların hüquqi məsələsidir. Qızıl
Arslan, qeyd etdik ki, məlum məsələlərə görə
Azərbaycan taxtına Atabəyin ərəb qızından
oln böyük oğlu Qutluq İnancı deyil, azərbaycanlı
qızı Gözəldən olan oğlu Əbubəkri təyin
edir. Bu özlüyündə düzgün addım olsa da
islam aləmində ciddi qorunan böyük oğulun haqqı
pozulur. Buna görə də Qızıl Arslana qarşı
saray müxalifəti yaranır və az sonra elə bu
müxalifət tərəfindən də qətl olunur.
Romanda Qızıl
Arslanın Bağdad xəlifəsini cəzalandırmaq
üçün İraqa yürüş etməsi, Kazimeyn
döyüşündə xəlifəni məğlub etməsi,
islam dünyası başçısının Qızıl
Arslanı qarşılaması, Azərbaycan qoşununun ən
yaxşı qəsrlərdə yerləşdirilməsi hər
bir azərbaycanlının iftixar hissidir. Nizaminin xahişi ilə
Azərbaycanın bütün şəhərlərindən
“Bacımız oğlu Əbubəkri müdafiə edək”
şüarı ilə cəbhəyə yollanması oxuculara
inanılmaz anlar yaşadır.
Ordubdi romantik təxəyyüldən
istifadə etsə də tarixi gerçəkliyə xələl
gətirmir. Nizmiyə “Leyli və Məcnun”u farsca sifariş
verən Şirvanşah I Axsitan əslərdən bəri Azərbaycanın
şimalını iki hissəyə bölən,
farslaşmış ərəb olan bir sülalənin
nümayəndəsi kimi təqdim olunur. Onlar ölkəmizdə
yaşayıb Azərbaycan dövlətini idarə etsələr
də Azərbaycan dilini bəyənmir, xalqımıza həqarətlə
baxır.
Bütün
bunları yazıçı ustalıqla göstərə
bilir. Yazıçı romantizm cərəyanının
özəlliklərini bacarıqla romanlarına tətbiq edərək
əsərlərini oxuculara sevdirməyi bacarır.
Qılınc və Qələm
Azərbaycan tarixinin maraqlı olduğu qədər də
keşməkeşli olan bir dövrünü əhatə edir.
Əsərdə Nizaminin gəncliyi haqqında məlumat
alırıq. Nizami gənc olsa da müdrikdir. O, Gəncə əmirin
saraya köçmək təklifini də, Qətibə xatunun
məhəbbətini də rədd edir, sadə bir kəndli
qızını ondan üstün tutur. Umumiyyətlə,
yazıçı Nizamini olduğu kimi verə bilibmi?
Düşünürəm ki, verə bilib. Ən əsası
qılıncla qələmin vəhdətini yarada bilib. Tarixin
bütün dövrlərində xalqımız düşmənlərə
zəkanın və gücün təntənəsi ilə
qalib gəlib. Bu, bu gün də belədir. Elmi
potensialımız və güclü ordumuzla tarixi
torpaqlarımızı geri qaytara bilərik
Akademik M.A.Dadaşzadə
yazırdı: “M.S.Ordubadinin tarixi romanları olduqca müasir və
aktualdır. Azadlığı qazanmış və onu
müdafiə etməyi bacaran xoşbəxt və qəhrəman
xalqın yazıçılarındandır”.
Biz gələcəkdə
də tarixi romanlar haqqında söhbətimizi davam etdirəcək
və davam etdirdikcə də hissə oxuculara təqdim edəcəyik.
Yeqzar Cəfərli
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər” layihəsi çərçivəsində çap olunur.
Olaylar.- 2014.- 8 may.- S.10.