Romantik əhval-ruhiyyə bu

gün artıq qeyri-mümkündür...

 

Əvvəli ötən sayımızda

 

Tənqidçi Əsəd Cahangirlə müsahibəni davam etdiririk

 

-Əsəd bəy ədəbi tənqid sahəsində istedadlı gənclər yetişirmi? Onlardan hansının haqqında daha ümidlisiniz?

-Ədəbi tənqid sahəsində istedadlı gəclər dedikdə mən gənc demək də bir qədər belə olmaz artıq məncə, amma hər halda müəyyən cəhətdən seçilən imzalar var, məsələn, Elnarə Akimovadı bilmirəm tanıyırsız ya yox, məndən sonrakı nəslin nümayəndələri içərisində Nərgiz Cabbarlı, Bayram Əvəzoğlu adlı bir istedadlı tənqidçi var idi ki “Azərbaycan” jurnalında çalışırdı. Təəssüf ki o burdakı işini atıb getdi, tənqidçilik sənətini ümumiyyətcə atılb getdi. İndi rayonda fəaliyyət göstərir, ədəbiyyatla ümumiyyətlə məşğul olmur. Və yaxud onu deyəcəkdim ki, köşə yazarları bu gün müəyyən əsərlər haqqında yazılar yazırlar, tutaq ki, öz təəssüratlarını, fikirlərini ifadə edirlər və bunları da hardasa ədəbi tənqidin bir janrı hesab etmək olar. Kulis.az-ın əməkdaşı Ağa Cəfərlinin müxtəlif müəlliflər haqda yazıları, bilmirəm tanışsınız ya yox, məsələn, mənimçün onun yazılarını oxumaq maraqlıdır. Eləcə də kulis.az saytının rəhbəri Qanturalının yazılarını oxumaq mənimçün maraqlıdı, Şərif Ağayarın müəyyən ədəbi tənqidi çalarlı yazılarını oxumaq mənimçün maraqlıdır. Amma lap ən son dövr tənqidçilərinin içərisində hələ onun uğurlarından danışmaq tezdi, amma hər halda adını çəkmək olar, bizim Yazıçılar Birliyi nəzdindəki “Gənc ədiblər” məktəbinin üzvüdü Famil Mədət hansı ki, burda əyləşib. Ilk qələm məşqlərini edir, yəni o tənqidçi kimi formalaşacaq, formalaşmayacaq bu artıq bir az gələcəyin işidir. Həmdəki mən özümüzdən sonrakı nəslin içində bütün bunlarla bərabər, birmənalı sürətdə “Hə” deyib barmağımı üzərinə qoya biləcəyim parlaq bir imza hələki görmürəm. Ümumiyyətlə gənclər tənqidə gəlmək istəmirlər. Onlar daha çox orijinal əsərlərin müəllifi olmaq, şeir yazmaq, roman yazmaq, bədii əsərlər yazmaq, şöhrət qazanmaq istəyirlər, görünür, birinci səbəb budur. Ikinci səbəb də görünür odur ki, tənqidçilik çətin peşədir, Qulu Xəlilovun sözü olmasın. Çünki sən kimisə tənqid edirsənsə deməli bütün cəmiyyətlə sən artıq alternativ mövqedən çıxış etməli olursan. Özünə çoxlu düşmən qazanırsan. Tənqidçilik çox çətin peşədir və mən içərisində ədəbiyyat sevgisi, ədəbiyyat eşqi, oxumaq həvəsi, özünü belə deyim, ədəbiyyata qurban vermək cəsarəti olmayan adamlara ədəbi tənqidə gəlməyə ümumiyyətlə məsləhət görmürəm.

-Qarşıdan AYB-nin qurultayı gəlir. Qurultaydan hansı dəyişikliyi gözləyirsiniz?

-Qurultaydan öncə artıq bildiyiniz kimi bir sıra dəyişikliklər həyata keçirilib. Kadr islahatları olub, “Ulduz” jurnalına Qulu Ağsəs təyin edilib, “Ədəbiyyat” qəzetinə Elçin Hüseynbəyli. Bir sıra orqanların daxilində də dəyişikliklər baş verib. Artıq Yazıçılar Birliyində gəncləşmə prosesi gedir. Yəqin ki, bu gəncləşmə prosesi qurultaydan sonra da davam edəcək, layiqli insanlar, savadlı, sağlam ruhlu, intellektual və istedadlı adamlar müəyyən vəzifələrə irəli çəkiləcəklər. Çünki Anar müəllimlə müsahibəmdə mən də bu sualı Anar müəllimə vermişdim. Onun cavabına əsasən deyirəm. Qurultayın məruzələri artıq oxunub qurtarıb. Məsələn, mən özüm dramaturgiya ilə bağlı məruzə etmişəm. Əvvəllər, bilirsiniz ki, məzuzələr bir növ qurultayda oxunurdu. Amma bu qurultayın işi uzadıldı, üç-dörd il bu qurultayın məruzələrinin dinlənilməsinə sərf olundu. Qurultay yalnız sədarətin seçilməsi və başqa bu kimi məqamlarla bağlı olacaq. Əgər Anar müəllim qurultayda öz namizədliyini irəli sürsə təbiidir ki, yazıçılarımızın əksəriyyəti Anar müəllimi dəstəkləyəcək. Şəxsən mənim özüm Anar müəllimə səs verəcəm. Anar müəllim əgər öz namizədliyini irəli sürməsə artıq namizədliyini irəli sürən adamların kimliyindən asılı olacaq o dəyişiklik. Anar müəllim 27 ildir ki, Yazıçılar Birliyinə rəhbərlik edir, o bir növ siyasi müstəvidə Heydər Əliyevin həyata keçirdiyi keçid missiyasını ədəbi müstəvidə həyata keçirdi. Heç kəs Yazıçılar Birliyini bu çətin dövrdə keçid dövründə qoruyub saxlaya bilməz, 2000 yazıçıya rəhbərlik edə bilməzdi. Ondan sonra yəni məhz böyük təcrübəsi olduğu üçün həm də görkəmli bir yazıçı olduğu üçün, xalq arasında böyük nüfuza malik olduğu üçün, yuxarı dairələrdə də sözü eşidildiyi üçün Anar müəllimə mən məmnuniyyətlə səs verərdim və çox arzu edərdim ki, Anar müəllim 27 ildir bu yükü daşıyır, daha 5 il də əgər mümkündüsə bu missiyanı öz üzərinə götürsün. Və bilirsiniz ki, Anar müəllim bundan bir müddət öncə Əskişəhərdə keçirilən toplantıda Türk Dilində Danışan Ölkələrin Yazıçılar Birliyinin də başqanı seçilib. Bu Azərbaycan ədəbiyyatının böyük qələbəsidir ki, 23 türk dilində danışan ölkə arasında məhz Azərbaycan yazıçısı ümumtürk ölkələrinin yazarlar qurumunun başqanı elan olunub. Bu bir növ bəyənmədiyimiz Azərbaycan ədəbiyyatının nüfuzu ilə bağlı olduğu qədər də Anar müəllimin şəxsi nüfuzu ilə də bağlıdır. Və belə insanın, keçmiş postsovet məkanında, türk dünyasında etiraf olunan bir insanın belə bir quruma başqan təyin olunması yazarların xeyrinədir, Yazıçılar Birliyimizin xeyrinədir. Əgər əlbəttə ki, Anar müəllim öz namizədliyini irəli sürməsə, məlum deyil, hələ kimlər öz namizədliyini irəli sürəcəklər. O adamların da içərisindən məsələn mən şəxsən özümə cavabdeh ola bilərəm ki, tutaq ki, mən Çingiz Abdullayevi götürək, necə ildir ki, birlikdə çalışırıq, ümumən dünyasəviyyəli bir yazıçı, Avropa mədəniyyətli bir insandı, mədəni adamdı, hər cür eqoizmdən uzaq, sadə və səmimi adamdır, böyük şöhrətiylə müqayisədə. Və yaxud da Rəşad müəllim gənclərlə çox gözəl işləyir, obyektiv adamdır, zövqlü, savadlı, istedadlı adamdır. Rəhbərlik təcrübəsi var, müasir dünya görüşünə malik adamdı. Əgər Anar müəllim öz namizədliyini irəli sürməyəci təqdirdə Çingiz Abdullayev də, Rəşad Məcid də hər ikisi eyni dərəcədə bu mənəvi varisliyi Anar müəllimdən qəbul edə bilərlər.

-Bu gün ədəbiyyatımızda əsasən hansı ədəbi cərəyanlara daha çox müraciət olunur?

-Müraciət olunur realizmə ən çox, poeziyada da müəyyən romantik meyllər var ki, onlara da müraciət olunur. Modernizm və posmodernizm də mənə elə gəlir ki, artıq aparıcı cərəyanlara çevrilməkdədirlər.

-Sizcə, bu gün nəsr, yoxsa poeziya daha çox inkişaf edir?

-Poeziya daha çox inkişaf edib, amma nəsr artıq onu üstələməkdədir. Çünki zamanın özü bunu tələb edir. Yəni poeziya getdikcə geriləyən, nəsr isə getdikcə gəlişən bir meyl ifadə edir.

-Hüseyn Cavidin “Ana” dramından sonra ədəbiyyatımızda bu mövzuda ikinci belə qüvvətli əsərə rast gəlinmir. Daha doğrusu ayrı-ayrı kiçik ədəbi nümunələrə rast gəlinir, amma orta və iri həcmli əsərlər yazılmır. Yoxsa şair və yazıçılarımız bu mövzunu unudublar?

- “Ana” mövzusunda Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin pyesindən sonra Cəfər Cabbarlının “Ana” şeiri, Mikayıl Müşfiqin “Ana” şeiri, Əli Kərimin “Qaytar ana borcunu” şeirini, Tofiq Bayramın “Vağzalı çalınır, anam ağlayır” şeiri və s. bir sıra klassik şeir nümunələri yaranıb. Məsələn, mənə elə gəlir ki, Cəfər Cabbarlının “Ana” şeiri nəinki Azərbaycanda, eləcə də dünya ədəbiyyatında “Ana” mövzusunun qüdrətini nümayiş etdirən ən möhtəşəm əsərdir. Bu şeirin qarşısına dünya poeziyasında ikinci bir şeir çıxartmaq olmaz. Ana Tanrıya bərabər tutulur orda. Və ya lirizminə görə Mikayıl Müşfiqin şeri, səmimiliyinə görə Əli Kərimin şerlərini göstərmək olar. Romanlar yaranıb son vaxtlar “Ana” mövzusu ilə bağlı. Cəmil Əlibəyovun “Mənim analı dünyam” romanında olduqca gözəl bir ana obrazı var. Zəhra xanımdı adı səhv etmirəmsə, 70-ci illərdə yazılmış bir əsərdir. Və yaxud da Əzizə Cəfərzadənin bir sıra əsərlərində olduqca belə mehriban, qayğıkeş ana və qadın obrazları var. “Anamın nağılları” silsiləsindən olan hekayələrdə və ya onun bir sıra roman və povestlərində çoxsaylı ana obrazları yaradılıb. Amma bəlkə də mən indi ola bilsin xatırlamıram bir az ekspront oldu bu sualınız. Mən elə gəlir ki, bu mövzu sizinlə razıyam ki, Hüseyn Cavidin “Ana” dramında olduğu qədər möhtəşəm sürətdə öz əksini tapmayıb. Nə üçün? Sual oluna bilər. Çünki Hüseyn Cavid romantik bir yazıçı idi, şair idi. Və o haqqında bəhs etdiyi obrazları, mövzuları, romantik bir möhtəşəmliyə uyğun şəkildə verirdi. Ona görə də o təkcə anadan yox, məhəbbətdən də yaza bilər, müharibədən də yaza bilər. H. Cavidin özəlliyi onda idi ki o nədən yazırdısa yazsın, yazdığı əsəri, obrazları möhtəşəmləşdirməyi bacarırdı. Anadan yazanda da o Səlma ananı o qədər möhtəşəm verib ki, bir daha belə bir ana obrazı yaratmaq üçün bəlkə də yenidən romantik bir şair yetişməlidi. Romantik əhval-ruhiyyə isə bu gün artıq qeyri-mümkündür. Ona görə də belə bir obrazın yaranacağı bu gün çətindir. Zamanın özü artıq bu gün tamam başqa şeylər istəyir. Yəni demirəm zamanın istəkləri yaxşıdır, amma bir şeyi də başa düşürəm ki, zamanın istəyi ilə ayaqlaşmaq lazımdır.

 

(ardı var...)

 

Yeqzar Cəfərli

 

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər” layihəsi çərçivəsində çap olunur.

 

 Olaylar.- 2014.- 9-12 may.- S.10.