Azərbaycanın cənub qapısı –

Salyanda arxeoloji tədqiqatlar

 

Salyanda aparılan elmi tədqiqatlara yüksək qiymət verilməsi arxeologiya elminə xüsusi dövlət qayğısının təzahürüdür. 2013-cü il dekabrın 29-da Respublikamızın Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Muğan– Babazanlı (Salyan) küp qəbirlər nekropolunun 2800 illik yubileyi ilə əlaqədar tədbirlər planının hazırlanmasına dair verilən göstərişlər də bu qayğının nəticəsidir.

 

Azərbaycanın cənub-şərq bölgəsinin qədim tarixinin və mədəniyyətinin hərtərəfli şəkildə öyrənilməsində Salyan rayonunda aparılan arxeoloji qazıntıların əhəmiyyəti böyükdür. Nəzərə alsaq ki, Azərbaycanın qədim dövrünə aid mənbə məlumatlarına əsasən əcnəbi ölkə alimlərinin əsərlərində rast gəlinir və bu əsərlərdə onların mənsub olduqları ölkələrin maraqları ön plana çəkilir, onda tarixi hadisələri dəqiqləşdirmək baxımından arxeoloji tədqiqatların əhəmiyyəti daha da artır. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyası ArxeologiyaEtnoqrafiya İnstitutu əməkdaşlarının Salyan rayonunda apardıqları arxeoloji qazıntılar diqqəti cəlb edir. Məlum olduğu kimi Ələt-Masallı magistral yolunun çəkilişi ilə əlaqədar, Babazanlı karxanasında torpaq işləri görülərkən qədim qəbiristanlıq və ona müvafiq yaşayış yeri aşkarlanıb. Salyan arxeoloji ekspedisiyası da məhz bu tapıntılarla əlaqədar Salyan Rayon İcra Hakimiyyətinin başçısı cənab Tahir Kərimovun İnstitutumuza ünvanladığı məktub əsasında yaradılmışdı. Ekspedisiyanın əsas məqsədi isə həmin tapıntıların elmi təyinatını vermək, həmçinin ərazidə yeni arxeoloji tədqiqatlar aparmaq olub.

Salyanda aparılan arxeoloji qazıntıların nəticələri bu bölgənin Azərbaycanda ən qədim əkinçi – maldar tayfalarının məskunlaşdığı mədəniyyət ocaqlarından biri olduğunu sübut edir. Bunun əsas səbəbi isə Kür çayının bu ərazidən keçməsi və insanların ilk məşğuliyyətləri içərisində balıqçılığın xüsusi yer tutmasıdır. Arxeoloji qazıntılar zamanı süni suvarma sistemləri və arxların izlərinin tapılması isə burada qədim əkinçilik mədəniyyətinin yüksək inkişafından xəbər verir.

Tarixi mənbələrə əsasən Azərbaycanda orta əsrlərdə Muğan adlı şəhərin mövcud olduğu bildirilir. Orta əsr ərəb tarixçiləri bağlı-bahatlı bu şəhərin Xəzər dənizi sahilində, iki çay arasında, Ərdəbildən iki günlük məsafədə (Salyan ərazisində - A.M.) yerləşdiyini, gözəlliyini və əhalisinin də qonaqpərvər olduğunu qeyd edirlər. Şəhərin XIII əsrdə monqol yürüşləri, XV əsrdə Teymuri sultanı Əbu Səidlə Ağqoyunlu Uzun Həsən arasında baş verən döyüşlər zamanı dağıdıldığı bildirilir. Arxeoloji qazıntıların nəticələri Muğan adlı şəhərin VII əsrdən sonra yarandığını söyləməyə əsas verir. Antik dövr müəlliflərindən Patroklun (e.ə. IV əsr), Pompeyin sərkərdələrindən olan Mark Terensi Varronun (e.ə. I əsr), Strabonun, Pomponi Melanın (b.e. I əsr), Böyük Plininin, Appianın,  Yuli Solinin (III əsr), IX əsr ərəb tarixçisi Əbdülqamısın, sonrakı dövrlərdə əl-Məsudi, əl-İstəxri, əl-Bəlxi və digərlərinin əsərlərində Salyan bölgəsinin də daxil olduğu Kür ətrafı ərazilər haqqında geniş məlumatlar verilir. Bu məlumatlar Kür çayının bölgənin həyatındakı rolu, onun gəmiçilik üçün yararlı olması, həm də bölgəyə yadelli hüjumları haqqında məlumatlar verir. Belə ki, Kür Salyan ərazisinə çatdıqda sakit axdığından həm balıqçılığın və gəmiçiliyin inkişafına, həm də torpaqların suvarılmasına əlverişli imkan yaradırdı. Salyan bölgəsi Xəzər dənizi vasitəsilə Hindistandan və Mərkəzi Asiyadan gətirilən malların Kür çayı vasitəsilə İberiyaya, oradan isə Qara dəniz vasitəsilə Avropaya daşınmasında tranzit rolu oynayırdı. Dərbənddən - Ərdəbilə, Dərbənddən - Tiflisə, Dərbənddən - Bərdə və Dəbilə doğru istiqamətlənən quru yolları isə Salyanın beynəlxalq tijarətdəki rolunu daha da artırırdı. Əhalinin bu bölgədə məskunlaşması həm də torpağın məhsuldarlığının yüksək olması ilə əlaqədardır. Dahi xalq şairi S.Vurğun «Muğan - Muğan olsa biri üç eylər» - deyərkən məhz havalar əlverişli olarsa, torpağa bir dəfə səpilən toxumdan üç dəfə məhsul götürməyin mümkünlüyünü vurğulayırdı. Bu baxımdan Muğan bölgəsini, Nil sahillərində ildə üç dəfə məhsul verən Misir torpaqları ilə müqayisə etmək olar. Nəzərə alsaq ki, məhz bu xüsusiyyətinə görə Misir dünyada ilk dövlətlərin təşəkkül tapdığı ərazidir, onda bütövlükdə Muğan, o jümlədən, Salyan bölgəsində də insanların daha qədimdən məskunlaşdığını söyləyə bilərik. Paxomovun e.ə. IV əsrə aid etdiyi Makedoniyalı İsgəndərin, eləcə də, parfiya, sasani, ərəb, səljuq, monqol, Atabəy, Şirvanşah, QaraqoyunluAğqoyunlu hökmdarlarının adına kəsilmiş pulların Muğan bölgəsindən tapılması da ərazinin qədim tarixindən xəbər verməklə yanaşı, həm də bölgədə yaşayışın ardıjıl olaraq davam etdiyini, maddi - mədəniyyətdəki varisliliyi göstərən amillərdəndir.

Salyanın qədim tarixindən xəbər verən Muğan mədəniyyəti abidələri Cənubi Qafqazda ilkin tayfa birliklərinin yarandığı dövrlərdə (6000-2700 il bundan əvvəllər) Azərbaycanda gedən sosial-iqtisadi proseslərin dinamik inkişafını, ilkin dövlətçilik qurumlarının yaranmasında Salyanın özünəməxsus rolunu, Muğan tayfalarının qonşu Şirvan, Mil-Qarabağ, Naxçıvan, Urmiya, Ön Asiya və Yaxın Şərq dövlətləri ilə iqtisadi, mədəni əlaqələrini, eləcə də, Xəzər dənizinin cənub-qərb sahili boyunca uzanıb Mazandaran, Ərdəbil istiqamətində Azərbaycanın cənub ərazilərində yüksək mədəniyyətə sahib olan tayfalarla əlaqələrini araşdırıb tədqiq etmək üçün yeganə maddi mənbələr, qaynaqlardır. Muğanın qədim türk mənşəli oturaq, əkinçi, maldar və sənətkar əhalisi bütövlükdə Qafqazın cənubla əlaqələndirilməsində çox əhəmiyyətli mövqe tutub.

Salyan rayonunda arxeoloji tədqiqatlar 2001-ci ildə Nəcəf Müseyiblinin  (Qırxçıraqda),1970-ci ildə isə V.A.Kvaçidzenin rəhbərliyi ilə Xəzər dənizinin suları altında qalmış I Bəndovan, II Bəndovan kimi orta əsr şəhərlərində davam etdirilib. Salyan arxeoloji ekspedisiyasının fəaliyyəti nəticəsində e.ə. VIII-VII əsr­lər­dən başlayaraq son orta əsrlərə qədər bütün mərhələləri, təqribən 2800 illik dövrü əha­tə edən arxeoloji abidələr tədqiqatlara cəlb edilib.

Arxeoloji tədqiqatların nəticələri e.ə. VIII - VII əsrlərə aid Muğan mədəniyyətinin mərkəzinin məhz Salyan bölgəsi olduğunu söyləməyə əsas verir. Babazanlıda qədim qəbristanlıqda və ona müvafiq yaşayış yerində aparılan arxeoloji tədqiqatlar bölgənin tarixinə dair daha yeni faktları üzə çıxarmağa imkan yaradır. Daha qədim dövrü əhatə edən Noxudlu kurqanlarında aparılan ilkin mü­şahidələr isə yerin şoran olması ilə əlaqədar kurqanların çökməsi faktını aş­kar­la­mağa imkan verir. Babazanlı yaşayış yerində  küp qəbirlər və onlara aid yaşayış məskənlərinin eyni əra­zidə qeydə alınması Azərbaycan arxeologiyasında mühüm yeniliklərdəndir. Məhz ilk dəfə Salyan qazıntıları əsasında bölgənin antikilk orta əsrlər dövrü əha­lisinin təsərrüfatı, həyat tərzi, məişəti barədə geniş məlumatlar əldə edilib. Qə­bir abidələri əsasında bölgənin qədim və ilk orta əsrlər dövrünün dəfn adətləri öy­rənilib. Tədqiqatlar göstərir ki, Babazanlıda küp hazırlayan sexlər fəaliyyət göstərib. Gilli torpağın, su ehtiyatının və yanacaq materiallarının bolluğu bu sənətin inkişafına şərait yaradıb. Arxeoloji tədqiqatlar Salyanda ilk insan məskənlərinin küp qəbirlərdə dəfnetmə adətindən çox əvvəl, ən azı e.ə. II minilliyin ortalarından yarandığını söyləməyə də əsas verir.

Salyan rayonunda tapılmış küp qəbirlərdən əldə olunmuş maddi-mədəniyyət qalıqlarının müqayisəli təhlili onların Cənub bölgəsindəki qəbirlərdən daha qədim olduğunu söyləməyə əsas verir. Babazanlı küp qəbirləri şimal rayonlarından tapılan eyni tip qəbirlərdən də daha qədimdir.  Böyüklər üçün olan qəbir küplərinin bəzilərinin dibinə yaxın hissədə kiçik deşiklər açılıb. Əksər küplərin baş hissəsi qismən yuxarıya doğru basdırılıb. Küplərin bəzilərinin ağız hissəsi iri küplərin qırıqları, digərləri içə çiy kərpijlə örtülüb.  Nisbətən kök adamların küpə yerləşdirilməsi üçün onun ağız hissəsi xüsusi alətlər vasitəsilə sındırılıb və ölü yerləşdirildikdən sonra həmin hissə yerinə qoyulub. Ağzı çox kiçik olan küplərdə ölünün yerləşdirilməsi üçün küpün dib hissəsi sındırılıb. Bu halda skeletin ayağının küpün ağız hissəsinə doğru olduğu görünür. Küplərin baş tərəfində heyvan (qoç) kəllələri qoyulub. Qəbir küplərinin ağzına yaxın yerdə küpün üstünə qurşaqvari yapışdırılan lent onun möhkəmliyini təmin edir. Qəbir küplərinin bəzilərinin üzərindəki dini inanjlarla bağlı təsvirlər qədim türklərdəki şamançılıq adətini xatırladır və bu şər qüvvələrin qəbirdən uzaqlaşdırılması ilə bağlı ola bilər. Küplərin ağız hissəsinə yaxın yerdə tapılan kömür qalıqları pis ruhları qovmaqs. məqsədilə burada tonqal qalandığını söyləməyə əsas verir.

Yanlarındakı əşyalara əsasən Salyandan tapılmış qəbir küplərini iki dövrə bölmək olar. Qədim qəbir küplərinin yanına lüləli, sonrakıların yanına isə ağzı əyməli qablar qoyulub. Salyan rayonundakı qəbir küplərindən, əsasən, metal silahlar, möhürlər, munjuqlar, asmalar, sırğalar, üzüklər və s. tapılıb.

Salyan arxeoloji ekspedisiyasının Qırxçıraq yaşayış yerində apardığı ar­xeo­loji tədqiqatlar isə ərazinin əsası Qazan xan tərəfindən qoyulmuş Mah­mudabad şəhərinin qalıqları olduğunu bir daha təsdiqləyib. Şəhərin yüksək sürətli inkişafında ticarət karvan yollarının qovşağında yerləşməsinin mühüm əhəmiyyət kəsb etdiyi qənaətinə gəlinib. Çıxdaşlara və dulus kürələrinin izlərinə əsasən, Qırxçıraqdan əldə edilən arxeoloji materialların yerli şəraitdə istehsal olunduğu bildirilib. Maddi mədəniyyətdəki varislilik, həm də bölgə əhalisinin yekcins olduğu fikrini təsdiqləyib.

Salyanın yerləşdiyi təbii–coğrafi şərait hələ XVIII əsrdə Azərbaycanın işğalına xüsusi əhəmiyyət verən rus çarı I Pyotrun diqqətini cəlb etmişdi. Hətta  I Pyotr Kür çayının mənsəbinə yaxın yerdə, indiki Salyan ərazisində rus qoşunlarının yerləşdirilməsi üçün qala tikilməsi və Peterburqa bərabər bir şəhərin salınması haqqında göstəriş də vermişdi. Buradan belə qənaətə gəlmək olur ki, Peterburq Rusiyanın şimala açılan pəncərəsi olduğu kimi, Salyan da Azərbaycanın cənubuna açılan qapısıdır.

I Pyotr Kürün mənsəbində şəhər saldıra bilmədi. 1723-cü il Peterburq müqaviləsinə əsasən ruslara tabe edilən Salyanda işğalçılara qarşı mübarizə başlandı və bu hərəkata Salyan sultanı Hüseynin qızı Fatma xanım rəhbərlik etdi. 1724-cü ildəki İstanbul müqaviləsinə əsasən də Salyan Rusiyanın tabeçiliyində qaldı. Bu dövrdə Salyanda bir neçə səhmdar cəmiyyət yaradıldı.

1736-cı ildə Nadir şah imperiyasının yarandığı dövrdə Salyan onun tərkibində olsa da, 1747-ci ildə Nadir şahın ölümündən sonra Salyanda da müstəqil xanlıq yarandı və onu əvvəlcə Səfərəli xan, daha sonra isə İbrahim xan Rübdarlı idarə edirdi. Salyan xanlığı 1756-cı ildə Quba xanlığından asılılığı qəbul etdi. 1796-cı ildə Salyan V.Zubovun rəhbərlik etdiyi rus qoşunları tərəfindən işğal olunduqdan sonra Kürün sol sahilində qala tikilməsi ideyası yenidən dirçəldi. Bu qalanın II Yekaterinanın şərəfinə Yekaterinapol adlandırılması təklif olundu. Lakin II Yekaterinanın ölümü ilə bu plan da yarımçıq qaldı.

1799-cu ildə Salyan əvvəlcə qubalı Şeyxəli xanın, sonra isə şamaxılı Mustafa xanın tabeçiliyinə keçdi. Mustafa xanın dövründə Salyan hakimi Şeyx Əli şəhəri əvvəlki yerindən dörd ağac (kilometr) məsafədə olan indiki yerə köçürdü. Şamaxıda olan daxili çəkişmələr zamanı Şirvan əhalisinin bir qismiSalyana köçdü. 1806-cı ildə Salyan ruslar tərəfindən yenidən işğal olundu və 1828-ci il Türkmənçay müqaviləsi ilə onun işğalı  rəsmiləşdi.

Azərbaycanın Dövlət Müstəqilliyinin əldə edilməsi ilə Salyanda da yeni bir inkişaf dövrü başlandı. Son bir neçə il ərzində Respublika Prezidenti cənab İlham Əliyevin göstərişləri və Heydər Əliyev Fondunun yaxından köməkliyi ilə aparılan quruculuq işləri nəticəsində Salyan Azərbaycanın Cənub bölgəsində etibarlı istinadgaha, iqtisadi və mədəni baxımdan inkişaf etmiş dilbər guşəyə çevrilib.

 

Arif Məmmədov,

AMEA ArxeologiyaEtnoqrafiya

İnstitutunun şöbə  müdiri,

Salyan arxeoloji ekspedisiyasının rəisi,

tarix üzrə elmlər doktoru, professor

 

Olaylar.- 2014.- 13 may.- S.13.