Əli bəy
Hüseynzadənin
yaradıcılığında
cərəyan məsələləri
Türk dünyasının böyük ədiblərindən olan Əli bəy Hüseynzadənin yaradıcılığı çoxşaxəli və olduqca maraqlıdır. Bu yazıda məqsədimiz görkəmli şair və publisistin əsərlərində ədəbi metod məsələlərini aydınlaşdırmaqdır. Ona görə də ilk sözümüzü Əli bəy Hüseynzadənin yaradıcılığının şah əsəri olan “Siyasəti-fürsət” əsərindən başladıq. Çünki, bütün yaradıcılığı boyu romantizm ədəbi cərəyanına sadiq qalan ədib məhz bu əsəri ilə romantizmdən yan keçib ədəbiyyatımız üçün tamam yabançı olan bir cərəyana meyl etmişdir. Əsərdə Əli bəy İranın əfsanəvi Pişdadiyan sülaləsinin tarixindən başlayaraq Qacarlara qədərki tarixi ilə bağlı çox dəyərli bilgi verir. Bütün bunlarla tanış olunca onun təkcə bir şair və publisist deyil, görkəmli bir tarixçi olduğunun da şahidi oluruq. Keçən dövrün XX yüzilə qədərki tarixini elə bu dövlət xadimlərinin əli ilə incələyərkən müəllif əsərdə dahilərin mühakiməsini yaradır. Əsər İranın, eləcə də Azərbaycanın tarixini öyrənmək üçün bir qaynaqdır. Sayğıdəyər tənqidçimiz Yaşar Qarayev haqlı olaraq “Siyasəti-fürsət”i Azərbaycan ədəbiyyatında modernist ədəbiyyatın ilk nümunəsi hesab edir. Əsərdə yazıçı modernizmin prinsiplərinə uyğun olaraq hər bir sülalənin, hər bir padşahın rolunu, nöqsanlarını müqayisəli, təhkiyə üsülu ilə nəql edir. Bu hökmdarların zülm etməkdə bir-birini geridə qalmasını qeyd edir.
“Kəyumərs:-Ey Ağa Məhəmməd xan!
Sənə müjdə; Səni qəribən bu
alam və iztirablardan xilas edəcəklər. Şu
əzabı sənin yerinə ayrı-ayrı adamlardan
çəkdirəcəklər!..Sən bir
əsr əvvəl İranda ancaq bir neçə min əfradın gözlərini
çıxartdın. Bugünki varisinin övnəsi ilə bütün
İranın gözlərini çıxartdın. O gözü ki, adı Məclisi
Millidir!..”
Lakin qeyd edək ki,
Əli bəy Hüseynzadə tarixi hadisələrə
tarixi prizmadan deyil, özünün
şəxsi prizmasından yanaşır, tarixdə qəddarlıqda
ad çıxarmış zalım
şahları öz şəxsi istəklərinə
uyğun olaraq
ideallaşdırırdı. Bu barədə
sonrakı sətirlərdə söhbət
açacağıq.
İndisə
Əli bəyin dili haqqında çeşidli fikirlər ətrafında bir neçə kəlmə demək istəyirik.
Əli bəy Hüseynzadə bildiyimiz kimi, digər türkçülük
axımının öncülləri kimi
dilin saflaşdırılması, tənzimlənməsi
uğrunda mübarzə aparırdı.
Hazırda ədəbi toplumda olan başlıca nöqsanlardan biri Əli bəy
Hüseynzadənin ideallaşdırılması məsələsidir
ki, bu da
günümüz üçün
çox aktual və vacib məsələdir. Biz
ideallaşdırma məsələsindən söhbət açmaqla heç də
Əli bəyi danmaq və qəbul etməməyi
vacib hesab etmirik. Sadəcə onun həyat
və fəaliyyətinə sağlam prizmadan baxmağı lazım bilirik.
Məsələn hər şeydən öncə
bir oxucu kimi mənim üçün
Əli bəyin dilini anlamaq
müəyyən qədər çətinlik törədir.
Ərəb dilinə bələd olmağım bu müəyyən sözünü
öncəki cümləyə əlavə etməyimə imkan verir. Yoxsa heç ərəb və
fars dillərindən xəbəri olmayan biri üçün
onun yazdıqlarını anlamaq
çox çətindir. Yazılar başdan-ayağa ərəb-fars tərkibli
sözlər, izafət tərkibləri kimi
çətin anlaşılan sözlərlə doludur.
Baxmayaraq Əli bəy Hüseynzadə də Ziya Göyalp kimi sadə dildə, doğma
türkcədə yaza bilərdi. Məsələn
bir şeir örnəyinə
diqqət yetirək:
Daima feyzü rifah eylər təvəllüd sülhdən,
Hər tərəfdə
bir vifaqə daimi mümkün ikən,
Bir nifaq içrə vətən
layiqmi olsun naləzən,
Bax nə söylər aləmə
qarşı bütün əhli-süxən:
Dövri-islahatdır,
sülhü səlah əyyamıdır!
Arkadaşlar, sülh edin, sülh etmənin həngamıdır.
Bu, bir neçə sətir
şeir parçasında kifayət qədər
anlaşılmaz sözlər var, daha aydın desək, ərəb-fars sözləri
var. Düşünürəm, belə şeir nümunələri ərəb və fars dillərinin yüksək şeir
dili olduğunu birbaşa təsqid edir. Bu şeir nümunəsində
türk mənşəli sözlər də
əsasən köməkçi sözlərdir, əsas mənalı
sözlər isə alınma mənşəlidir.
Qeyd etdik ki,
Əli bəy Hüseynzadənin dili çox çətindir. Demək olar ki, bugünkü
gənc nəsil üçün qətiyyən
başa düşülən deyil. Onun şer
və publisist yazılarını oxuyub başa düşmək
üçün xüsusi
bir izahlı sözlük
lazımdır. O, elə bil
ki, bilərəkdən köhnə ərəb
və fars və osmanlı sözlərini
dilimizə qatır və sanki bundan zövq
alırdı. Onunla eyni
dövrdə yaşayıb yaradan Sabir, Mirzə Cəlil, Ə.Haqverdiyev
bu zaman Azərbaycan dilinin sadələşdirilməsi üçün ciddi
işlər gördükləri halda
Əli bəyin dilçilik mübarizəsini
necə məna verək?
Əli bəy tərcümə
etdiyi şerlərində də Azərbaycan
dilinin saflığına qətiyyən fikir vermirdi. Onun “Faust”dan
etdiyi tərcümədən yalnız iki misraya fikir
verək:
Ənzari-şəhabində dədidar olan ey zill,
Ey
zilli tuluat, oluyursan yenə peyda.
Kaş
bu misralar heç tərcümə
olunmayaydı və
biz onu orjinaldan daha asan oxuya
bilərdik. Bizim farsca
yazan şairlərimizdən
Əli bəyin elə bir köklü
fərqi yoxdur. Çünki hər ikisinin
dili heç vəchlə anlaşılmır.
Əli
bəyin siyasi əqidəsi vahid olmadığı kimi, onun yaradıcılığıda
vahid cərəyan ardıcıllığı yoxdur. Onun yaradıcılığının ən yaxşı tədqiqatçısı olan
Ə.Mirəhmədov da
qeyd edirdi ki, “Əli bəyin
əsas metodu romantizm olsa da o, təkcə romantizmə qapılıb
qalmamış, dekadentizm,
impresionizm, simvolizm kimi cərəyanlara da meyl etmişdir”.
Əli
bəyin fikrincə sənət və ədəbiyyat cəmiyyətin
işinə qarışmamalıdı. Sənətdə demokratik gələnəklərin
əleyhinə çıxır,
elmi, maarifi bir dini çərçivəyə
salmağa çalışırdı.
Bununla da o, romantikadan uzaqlaır, simvolizmə və dekadentliyə yaxınlaşırdı.
Əli bəyin
o şerlərdən xoşu
gəlirdi ki, orada islam
birliyi, türk birliyi təbliğ olunsun. Azərbaycan ədəbiyyatında dini mövhumatın qamçılandığı bir
dövrdə (C.Məmmədquluzadə,
“Ölülər”) Əli
bəy əsərlərində
din, şəriət hökmlərini
təbliğ edir, hətta bu zaman
qatı despotları belə tərifləməkdən
çəkinmirdi. O, qaniçən
cəllad Sultan Həmidi
“islamın başı”
sayır, Qacar şahlarından-zamanında türk
dilində oxumağa qadağa qoyulan, hətta türkcə nağıl kitablarını
belə məhv
edən, “məmləkətdə
türk dilinin rişəsini kəsmək
lazımdır”, “farsla
türkün fərqi
ipəklə həsirin
fərqi kimidir”-yazılan Müzəfərədin
şahı və atası Təbrizdə vəliəhd olan zaman quldurlara qoşulub öz məmləkətini geçələr
talayan Məmmədəli
şahı tərifləyirdi.
Əli bəyin əlləri öz xalqının qanına batan , özlərini heç zaman türk adlandırmayan şahları
tərifləməsi onların
dövründə yaşamaları
ilə fəxr etməsi, zülmkar Məmmədəlini hətta
İbrahim Xəlilullaha
bənzətməsi heç
cür başa düşülən deyil.
Əli
bəy Hüseynzadin fəaliyyətinin böyük
bir hissəsi “İttihad və Tərəqqi” ilə bağlıdır. O, haqlı
olaraq hesab edirdi ki, “Bir
millət üçün
hər şeydən əqdəm arzu ediləcək şey qüvvətdir. Zəmanəmizdə millətlərin səlaməti-səadətinə yeganə vasitə budur”. Gözəl və inandırıcıdır.
Amma unutmaq olmaz ki,
bu təşkilat Osmanlı sultanları tərəfindən çökməkdə
olan imperiyanın məhv olmasının qarşısını almaq
üçün XX yüzilin
əvvəllərində yaratmışdılar.
Osmanlılar I dünya savaşına
də bu şüarla qoşulmuşdular.
Əsas məqsəd bütün türkləri vahid Turan dövlətində birləşdirmək idi.
Nuru paşanın Azərbaycanda
ordu yaratması, AXC hökumətini tanımaması,
iyun böhranı da məhz bununla
bağlı idi.
Əli bəy bu qurumun
ən fəal üzvlərindən idi.
Bu məqsədlə o,
1918-ci ilin iyununda kömək məqsədi
ilə Gəncəyə-Nuru
paşanın yanına
göndərilmişdi.
Dəyərli tənqidçimiz
Yaşar Qarayev Əli bəyin bu yöndəki fəaliyyətinə başqa
bir rəng verməyə çalışır:
“Turan deyəndə Əli bəy hər şeydən əvvəl əlbəttə
vahid mənəvi məkan görür və bütün türklər üçün
sabit, monolit, dəyişməz mənəvi
Vətən nəzərdə
tuturdu”. Yaşar Qarayev bu təşkilatın yolunu əsasən maarifçiliklə
bağlayıb məsəlinin
digər tərəfinə
göz yumurdu.
Bizim
ədəbi tənqiddə
artıq çoxdandır
ki, bu bir
gələnək halını
alıb. Bir şair
və yazıçı
müqayisəli araşdırılmır.
O, ya yüzdə yüz təriflənir, ya da yüzdəyüz
tənqid olunur. Bu, düşünürəm ki, ədəbi tənqidə sifariş daxil olandan belədir.
Sovet dövründə Əli bəy xüsusi mülkiyyəti təbliğ
edən bir burjua ideoloqu kimi qəbul olunur, bu gün
isə onun bir çox nöqsanlarına göz yumaraq bir peyğəmbər
səviyyəsinə qaldırılır.
Amma Əli bəy peyğəmbər deyildi.
Onun verdiyi bir çox
proqnozlar özünü
doğrultmurdu.
Əli bəy
keçən yüzilin əvvəllərində
baş vermiş erməni-müsəlman
savaşlarına olduqca düzgün
və obyektiv münasibət bəsləyirdi.
Ermənilər buna sırf milli münaqişə kimi
baxsalar da azərbaycanlılar
buna yuxarıdakıların iki qardaş xalqı
qırdırması fitnəsi kimi
baxırdılar. Əli bəy bunu görür və yazırdı: “Erməni
süxəndanları Əli Ələkbər Sabirin
mənzuməsində nəqarət olub təkrar
edən: “Ey süxəndanan, bu günlər bir hidayət
vəqtidir, ülfəti ünsiyyətə dair
xitabət vəxtidir!” beyti mənidarından
ibrət alıb o yolda
qələm oynatdılarmı? Bir şer və ya məqalə
yazdılarmı?”
Əli bəy sözün gerçək anlamında əsil maarifçi idi. Elə əsil maarifçi olduğu üçün də cəmiyyətin inkişafını inqilablarda deyil, maarifçilikdə görürdü. O, inqilabı “qırmızı qaranlıq” adlandırırdı. O, bütün qüvvəsi ilə inanırdı ki, “islam, türk hər tərıfdə tərəqqi etsə, qüvvət bulsa məmaliki-Osmaniyyə də o aləmin içində bir daha degil, bir behişti-öndər, öndər behişt olur”. Əli bəy deyir ki, “birisi öz dilində deyil, özgə dildə yazırsa deməli öz mədəniyyətinə deyil, özgə mədəniyyətinə xidmət edir”. Buradan belə bir nəticəyə gəlmək mümkündür ki, farsca yazan şairlərimiz türk mədəniyyətinə deyil, fars mədəniyyətinə xidmət etmişlər. Burada zənnimcə o, nisbətən haqlıdır. Çünki, Nizami ölməz “Xəmsə”sini fars dilində deyil, türk dilində yazsaydı nəticəsi daha yaxşı ola bilərdi. Əli bəy Hüseynzadənin çox qiymətli bir irsi vardır. N.Cəfərovun da qeyd etdiyi kimi bu irs kimin xoşuna gəlib gəlməməsindən asılı olmayaraq bizimkidir və biz bu irsi qorumalıyıq. Amma bu irsin tərcümə olunub bugünkü gənc nəslin başa düşəcəyi bir hala gətirmək lazımdır.
Yeqzar Cəfərli
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər” layihəsi çərçivəsində çap olunur.
Olaylar.-
2014.- 13 may.- S.10.