Türkiyədə Azərbaycan diasporu çox aktivdir

 

Səfər Karakoyunlu: “Azəbaycan diasporunun fəaliyyətində hansısa problemin olduğunu düşünmürəm”

 

“Təbii ki, daha çox çalışmaq da lazımdır”

 

Türkiyədə uğurlu fəaliyyət göstərən diaspor təşkilatlarından biri də İstanbul Türkiyə-Azərbaycan Dərnəyidir. Fəaliyyəti dövründə iki ölkənin birlik və bərabərliyi istiqamətində bir sıra layihələr həyata keçirən İSTAD yaxın vaxtlar üçün də bir sıra addımlar atmağı düşünür. İSTAD-ın həyata keçirməyi nəzərdə tutduğu layihələr və görəcəyi işlərlə bağlı onun sədri Səfər Karakoyunlu ilə söhbətləşdik. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağli keçirilən tədbirlərdə iştirak etmək üçün Azərbaycana səfər edən Səfər Karakoyunlu “OLAYLAR”-a verdiyi müsahibədə Heydər Əliyevin Türk dünyasının birliyi istiqamətindəki fəaliyyətindən də danışıb.

 

-Səfər bəy, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı bu günlərdə keçirilən tədbirlərdə iştirak etmək üçün Azərbaycana dəvət edilmisiniz. Heydər Əliyevi türk dünyasının birlik və bərabərliyi uğrunda çalışan bir siyasi xadim olaraq necə xarakterizə edərdiniz?

 

-Heydər Əliyev Türk dünyası üçün çox önəmli bir şəxsiyyətdir. O, 1993-cü ildən etibarən Azərbaycanın milli birliyini və inkişafını təmin etdi. Heydər Əliyevin ondan əvvəlki illərdəki fəaliyyəti də hər kəsə məlumdur. Heydər Əliyev hələ Sovetlər dönəmində türklərin yaşadığı hər yerə xeyir vermək, orada müəyyən işlər görmək üçün əlindən gələni əsirgəməyib, onların səsinə səs verib. 1990-ci illərdə bütün Qafqaz ölkələrinə verilən müstəqillik haqqı təssüflər olsun ki, Azərbaycana tanınmadı və xalqın müstəqillik arzusuna tanklardan açılan atəşlə cavab verildi, yüzlərlə insanımız qətlə yetirildi. Bu zaman Heydər Əliyev çox böyük şücaət göstərərək Rusiyaya inanılmaz dərəcədə qarşı çıxdı,  Bununla da türklüyün varlığı, bütünlüyünün onun üçün daha önəmli olduğunu dünyaya göstərmiş oldu. Digər tərəfdən 1993-cu ildə Azərbaycan tam məhv olmaq ərəfəsində Heydər Əliyev öz zəngin idarəçilik təcrübəsi ilə onu bu təhlükədən xilas etdi. Faktiki olaraq həmin dövrdə Azərbaycan daxili gərginlik dövrünü yaşayırdı və bir çox bölgələrdə qarşıdurmalar baş verirdi. O günkü şərtlər daxilində həmin problemi aradan qaldırmağa layiq bir insan vardısa, o da Heydər Əliyev idi. Mərhum Əbülfəz Elçibəy də bunu gözəl bildiyi üçün Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Bununla da Azərbaycan Heydər Əliyevin sayəsində parçalanmaq təhlükəsindən xilas oldu. Bu günkü Azərbaycanın təməlləri əslində həmin günlərdə atıldı. Azərbaycan xalqı milli şüur, ruha sahib, vətənin müstəqilliyi, birliyi üçün lazım gəldikdə gözünü qırpmadan özünü odun ortasına ata biləcək bir xalqdır. Bu da Türk dünyası üçün qürurvericidir. Bir məqamı da qeyd etmək yerinə düşər ki, Azərbaycan Türk dünyası ilə əlaqələrini hər zaman inkişaf etdirir, türkdilli ölkələrin problemlərinin həllində yaxından iştirak edir.

-Bəs günümüzdə Türk dünyası arasında mövcud olan əlaqələri necə dəyərləndirirsiniz və bu əlaqələr sizi qane edirmi?

-Bir müddət əvvəl Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında Türkdilli ölkələrin diaspor təşkilatlarının birinci forumu keçirildi və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası adlı qurum təsis edildi. Arzu edərdik ki, digər türkdilli respublikalar da bu prosesə qoşulsun. İnanırıq ki, tezliklə onlar da həmin qurumda təmsil olunacaqlar. Bu prosesdə ən ciddi addımlar Azərbaycan və Türkiyə tərəfindən atılıb. Dili, dini, adət-ənənələri bir olan türk millətinin birlikdə fəaliyyət göstərməsi və gələcəyə yönəlik addımlar atması çox önəmlidir. Bu işlərdə Azərbaycan və Türkiyənin fəaliyyəti örnək təşkil etməkdədir. Bu gün 300 milyonluq bir Türk dünyası var, ancaq Türk Birliyi yoxdur. Necə olur ki, Avropa Birliyi və ya digər birliklər, təşkilatlar yaradılır, lakin Türk Birliyi olmur? Biz türk insanı olaraq bunu çox arzu edirik və bir an öncə belə bir birliyin reallaşmasını istəyirik. Bizim gücümüzün, ədalətimizin nə olduğunu bu yolla bütün dünya daha yaxşı anlaya bilər ki, türklər hər zaman yaşadıqları coğrafiyada sülh və əminamanlıq yaradıblar. Bu mənada Türkiyə, Azərbaycan və digər türkdilli ölkələrin də Türk Dünyası üçün varlıqları, fəaliyyətləri çox önəmlidir.

-Azərbaycan diasporunun Türkiyədəki fəaliyyətini necə qiymətləndirirsiniz? Bir çox insanlar Türkiyəyə səfərdən sonra belə fikir söyləyirlər ki, bu ölkədə Azərbaycan diasporunun durumu arzuedilən səviyyədə deyil.

-Türkiyədə Azərbaycan diasporu çox aktivdir. Azərbaycan və Türkiyənin hədəfləri, məqsədləri eynidir. Həmçinin həm Azərbaycan, həm də Türkiyəyə problem yaradan, bu iki dövlətin inkişafını istəməyən ölkə də eynidir. Qarşımızda yalnız bir dövlət var ki, bu dövlət də hər zaman Azərbaycan və Türkiyənin torpaqlarına qarşı təcavüzkar siyasəti həyata keçirib, bu gün də həmin siyasət davam edir. Ulu öndər Mustafa Kamal Atatürkün dediyi kimi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Bu anlamda Türkiyə türkləri Azərbaycanın milli məsələlərinə, problemlərinə heç bir zaman diqqətsiz olmayıb, bu mümkün də deyil. Azərbaycanda ən xırda bir problem olan zaman biz Türkiyədə dərhal ona münasibət bildiririk. Çünki bizlər Türkiyədə Azərbaycanın milli-mənəvi dəyərlərini yaşadırıq. Ona görə də Türkiyədəki Azəbaycan diasporunun fəaliyyətində hansısa problemin olduğunu düşünmürəm. Təbii ki, daha çox çalışmaq da lazımdır. Çünki qarşımızda olan düşmən əslində çox güclü olmasa da, onun arxasında dayanan dövlətlərin dəstəyi ilə güclü görünür. Reallıqda isə onların heç bir şəkildə Azərbaycan və Türkiyənin qarşısında dura biləcək gücü yoxdur. Bunu bilmək lazımdır. Ancaq bizim də hər zaman diqqətli olmağımız lazımdır. Atalar yaxşı deyib. Su yatar, ancaq düşmən yatmaz. Düşmən hər zaman, 20-30 ildən bir türk millətinə zərər verir. Bunu Azərbaycan və Türkiyəyə qarşı həyata keçirilən soyqırımlardan bilirik. Tarixin müxtəlif dövrlərində ermənilər Azərbaycan və Türkiyəyə qarşı beş dəfə soyqırım həyata keçiriblər. Ən yaxın zamanlarda isə Qarabağda, Xocalıda bu cür dəhşətlər baş verib. Düşmən gözümüzün içinə baxaraq yalan söyləyir və bütün dünyaya bu yalanı qəbul etdirməyə çalışır.  Bu gün də Azərbayvan torpaqlarının 20 faizə yaxını erməni işğalı altındadır. Ermənilər yaxın keçmişdə Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçiriblər. Təssüflər olsun ki, bu işğal və soyqırım qarşısında insan haqlarının müdafiəçiləri səslərini çıxarmırlar. Sanki onların gözü kor, qulağı kar və vicdanı yoxdur. Ancaq bilmək lazımdır ki, məzlumların ahı yerdə qalmır. Qarabağ mütləq geri alınacaqdır. İnşallah o günlər uzaqda deyil.  Bütün dünya bilməlidir ki, bizim düşmənə veriləcək bir qarış belə torpağımız yoxdur.  Necə ki, Türkiyənin Qars, Ardahan və İqdır bölgəsi 40 ilə yaxın işğal altında olsa da nəticədə işğaldan azad edildi, eləcə də Qarabağ tezliklə erməni işğalçılarından azad olunacaq. Ona görə də hesab edirəm ki, diaspor təşkilatları, Azərbaycan və Türkiyənin birlik və bərabərliyi daha yüksək səviyyədə olmalıdır. Bu arada bir məqama da diqqət yetirmək istəyirəm ki, Qarabağın işğalına son qoyulmayana qədər Türkiyə-Ermənistan sərhədlərini açmağa heç kimin gücü çatmayacaq. Çünki Türk xalqı buna qətiyyən icazə verməz.

-İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin yaxın zamanlarda həyata keçirməyi nəzərdə tutduğu layihələr, tədbirlər nədən ibarətdir?

-İstanbul Türkiyə-Azərbaycan Dərnəyi çox qısa zaman ərzində fəaliyyət göstərməsinə baxmayaraq uğurlu işlər həyata keçirib. Dərnək olaraq Azərbaycanın və Türkiyənin adət-ənənələrini, milli günlərini qeyd edirik. Həmçinin Azərbaycanın yaxın tarixdə başına gətirilən hadisələri, 31 mart-Azərbaycanlıların Soyqırım Günü, 20 Yanvar, Xocalı kimi hadisələri qeyd edirik. Eyni zamanda ermənilərin qondarma soyqırım iddialarının yalan, böhtan olduğunu bütün dünyaya çatdırmağa çalışırıq. Bu gün ermənilər iddia edirlər ki, türklər 1915-ci ildə 1,5 milyon ermənini qətlə yetiriblər. Həmin tarixə qısa nəzər salsaq görərik ki, 1915-ci ildə Türkiyənin əhalisi 13 milyon, Ermənistan əhalisi isə 1 milyona yaxın idi. Belə olan halda türklər 1,5 milyon ermənini necə qətlə yetirə bilərlər. Ən primitiv hesabla ermənilərin yalanı üzə çıxmış olur. Reallıq ondan ibarətdir ki, həmin illərdə Osmanlı ərazisində yaşayan  ermənilər ingilislər və rusların dəstəyi ilə  Osmanlı dövləti əleyhinə fəaliyyət aparır, Şərqi Anadolu, İstanbul, ümumiyyətlə Türkiyənin müxtəlif yerlərində terror təşkilatları yaradaraq türkləri qətlə yetirirlər. Bu durumdan bezən Osmanlı dövləti isə erməniləri təcrid edərək onları Suriyaya köçürür. Araşdırmalardan məlum olur ki, Suriyaya köçürülən ermənilərdən vəfat edən belə olmayıb. Tarixdə də belə bir fakt yoxdur. Ancaq ermənilər tarixi faktları üzə çıxarmaqdan qorxur, bundan qaçırlar. Halbuki ermənilər Şərqi Anadoluda daşı daş üzərində qoymayıblar. 1900-cu illərin əvvəllərindən həmin ərazilər Rusiyanın işğalı altında idi. Ruslar Mondoros sazişi ilə Şərqi Anadolunu tərk edərkən oradakı ermənilərə “Böyük Ermənistan” ideyasını gerçəkləşdirməyi tövsiyyə etdilər. Ermənilər qısa zaman ərzində Şərqi Anadoluda yüz minlərlə türk insanını qətlə yetirdilır. Onu da qeyd edim ki, türklər əvvəlcədən planlı şəkildə tərksilah edilmişdilər. Ermənilərin əlində isə rusların verdiyi çoxlu silahlar vardı. Hazırda Şərqi Anadoluda onlarla toplu məzarlıq var ki, həmin insanlar məhz ermənilər tərəfindən qətlə yetirilib. Əgər biz doğurdan da ermənilərə qarşı soyqırım həyata keçirmişiksə, o halda Anadolunun hər hansı bir yerində bir toplu məzarlıq göstərsinlər. Deyə bilməzlər. Çünki belə bir hadisə baş verməyib. Doğrudur, bəzi insanlar xəstəlikdən, yaşlılıqdan dolayı yollarda vəfat edə bilər. Biz də insan olaraq bundan təssüflənirik və humanizm prinsiplərindən çıxış edirik. Ancaq reallıq, əsl həqiqət ondan ibarətdir ki, o dövrdə ermənilər Osmanlını arxadan vurmasaydılar heç bir şəkildə təcridə məruz qalmazdılar. Bunu bilmək lazımdır.

-Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevin Praqa sammitində Türkiyəni müdafiə xarakterli çıxışını necə dəyərləndirirsiniz?

-Praqa sammitində çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəni qondarma soyqırımla günahlandıran Sərkisyana “Türkiyə burada yoxdur, ancaq mən varam” deyə cavab verməsi “Bir millət, iki dövlət” kəlməsinin sözdə deyil, əməldə öz təsdiqini tapdığının göstəricisidir. Bununla əlaqədar olaraq cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Türkiyə və Azərbaycanın qardaşlığı əsrlərə dayanır və bu qardaşlıq sonsuza qədər daha da güclənərək davam edəcək.

 

 Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 14 may.- S.15.