Romantik şairimiz Mikayıl Müşfiq

 

Azərbaycan XX yüzil ədəbiyyatının görkəmli nümayəndəsi, sosializm realizmi prinsiplərinə sonsuz sədaqətli olan M.Müşfiq ədəbiyyat xəzinəmizi bir sıra şer və poemaları ilə zənginləşdirmişdir. Bununla yanaşı təbiətən romantik olan şairin yaradıcılığında yetərli qədər romantik meyllər də vardır.

Lahiyə ilə bağlı apardığım araşdırmalarımdan belə bir nəticəyə gəlmişəm ki, bütövlükdə yazıçı və şairlərin sırf bir ədəbi cərəyana xidmət etməsi mümkün deyil. Çünki, o, mütləq nəyisə öz təxəyyülündə canlandırmalı, fantaziya yaratmalıdır. Əks halda o şair və yazıçı olmaz. Bu anlamdada Müşfiq də sosializm realizmi prinsiplərinə tam uyuşmaqla ara-sıra romantizmə də meyl edirdi. Romantik səpkidə yazdığı “Səhər” poemasında tarixdə Azərbaycan qızının keçdiyi keşməkeşli və eyni zamanda şərəfli, qəhrəmanlıqla dolu həyat yolunu işıqlandırır.

Varaqla keçmişi görərsən əfsus,

Qadın hey ağlamış, hey ağladılmış.

Amma daha dərd çəkməyə dəyməz, daha Azərbaycan qadını azaddır, azadlığa layiqdir. Çünki, onun qəhrəmanlıqlarla dolu bir keçmişi var.

Yetər oynadığın dərd oyunları,

Ey sevimli ana, unut onları.

Fəqət keçmişinə dalıb xatırla,

At minib, yay çəkən Amazonları

Azərbaycan qızlarını dünyanın bütün qızlarından fərqləndirən özəlliklər var. Onların simaları gözəl, ürəkləri təmiz, işgüzardılar. Bu qızları sadaladığım əməllərindən tanımaq olar. Məhz bu özəllikləri ilə onlar Ofelyadan da, Kleopatradan da seçilirlər.

Müşfiqin romantik aləmində qızlarımızın özəllikləri bununla bitmir. O, xəyalında canlandırdığı qızlardan

Qalmasın sözlərin qəlbində gizli,

Mən görmək istəməm çöhrəni sisli.

Ol arslan ürəkli, şəfəq bənizli

Gülərək yurdunu sevindir, ay qız!

Azərbaycan qızları haqqında arzularını Müşfiq “Sındırılan saz” poemasında, Sərinin timsalında davam etdirir. Burada daha bir Azərbaycanlı qızının obrazını yaradır. Aşıq yaradıcılığına sonsuz məhəbbət bəsləyən, “Aşıq olan yerdə elin nə dərdi?” deyən M.Müşfiq öz qəhrəmanını aşıq obrazında yaradır.

Duman öz sevgilisinə:

Ay Sərin, gözümdə, könlümdə sənsən,

Ulusum, oymağım, elim də sənsən.

Duman hər gün sevgilisi Sərinin başına and içir. Sevgilisinin yaşını ilk bahara, boyunu çinara, soyunu axar sulara, açıq yaxasını dan yerinə, yanağını şəfəqə, dodaqlarını gülə, buxağını yasəmənə, yerişini əsən dan yellərinə, zülfünü isə çaldığı sazın tellərinə bənzədir.

Sevgilisinə yazdığı şerlərində bir şikayət nəzərə çarpır. Açıq-aydın görünür ki, şair sevgilisindən ona bəslədiyi münasibətin tam əksini görür. Onun:

Yad əllərdə qalan yetimlər kimi

Başı bəlalıdır, yalnızdır eşqim.

-deməsi heç də təsadüfi deyildi.

Müşfiqin lirik şerlərində bir ziddiyyət hakimdir. Bir yandan şair sevginin qəm gətirməsindən şikayətlənir, bir yandan da sevginin nəşəli olduğunu bildirir. İki sevgilinin birləşməsini ayla günəşin birləşməsinə bənzədirdi.

Sevdaya düşməyən bir həyat heçdir,

İç onu, gör necə sərin atəşdir.

İç onu, iç onu, könlün şad olsun,

Sevgi gözəlliklə ayrılmaz əşdir.

Biri aydır onun, biri günəşdir

Amma fikrimcə bu sevgi qabaqcadan nəticəsiz, bar verməməyə məhkum bir sevgi olmalı idi. Çünki, ayla günəşin birləşməsi onlardan birinin məhv olması ilə nəticələnir.

Müşfiqin yaradıcılığını sevgi şerlərsiz təsəvvür etmək mümkün deyil. Burada aşiq üçün konkret vətən anlayışı yoxdur. Sevgilisinin ayağı hara dəyirsə orası aşiqə vətən kimidir.

Sevgilim, əyninə yaşıl geyinmiş,

Sallanışı sərvi-vətən kimidir.

Bu bənzətmə bir az üzdən olsa da,

Tamaşa görkəmi səmən kimidir.

Burada başqa şairlərin yaradıcılığında çox az rast gəldiyimiz bir məqamla qarşılaşırıq. Aşiq sevgilisi üçün ağlayır-sızlayır, amma onun səsi məşuqə yetişmir. Aşiq isə nə qədər ağlayıb-sızıldasa da, şikayətlənsə də onu şirin yuxusundan oyatmağa qıymır, sadəcə umu-küsü etməklə kifayətlənir.

Çəkdiyim nalədən neçin oyanmaz,

Şirin röyasına qurban olduğum.

Müşfiq bir sevgi şairi olduğu qədər də bir təbiət şairi idi. Bu günün özündə belə dillər əzbəri olan yağışa, küləyə bənzərsiz şerlər qoşurdu. Onun romantik xəyalları daim göylərdə pərvaz edirdi. Müşfiq üçün dünya bir uçan aləm idi. O, nəşəli gözlərini daim bu uçan aləmə dikirdi. Həyatı isə bəyaz yallı at kimi kişnəyən dalğaya bənzədirdi.

Müşfiq təkcə şerlərində romantik deyildi ,onun üzü, sözü, gözü-bütün həyatı başdan ayağa romantika idi.

Qaşlardan qaşlara süz, romantikam!

Könül sularında üz, romantikam.

Ulduzlar sənindir, güllər sənindir,

Çırpınsın şövqünlə söz, romantikam,

Ey mənim könlümə göz romantikam,

Bu zəngin varlığı bəzəsin burax

Mənim öz xəyalım, öz romantikam.

Müşfiq xalqı aldadanları, sultanları, şahları zəhərli ilana bənzədir, onlara “nifrət olsun” deyirdi. Bu xoşbəxt həyat üçün hələ çox çarpışmalıyıq deyirdi

Müşfiqin romantikasında yeni dünya köhnə dünya ilə çarpışır. Köhnə dünya hələ də güclüdür, o, təslim olmaq istəmir.

Fəqət köhnə həyat lövhələrindən,

Sürgün bir aləmin səhnələrindən.

Hələ səhərlərdə nişanələr var.

Ürək bulandıran əfsanələr var.

Şair yaşadığı dünyanın söz deyənlərini yarışa çağıraraq deyirdi:

Bir nəğmə çalın ki, heyrətdə qalsın,

Bütün dövrlərin müğənniləri.

Müşfiq zəhmətkeş şair idi. Onun qəhrəmanlarının əksəriyyəti əmək adamları idi. “Pambıq çörəyimiz, neft suyumuzdur” - deyən şair tozanaqdan, traktordan, pedtexnikumdan yazır, sosializm quruculuğunu dönmədən vəsf edirdi. İnsanların tükənməz varı saydığı əməyi öz eşqi, öz səadəti sayır, əmək sərf olunan yeri isə cənnət sayır.

Mikayıl Müşfiq də digər sovet şairləri kimi ermənilərin müsəlmanları qırmasını sadəcə bir erməni-müsəlman savaşı kimi baxmış, onun dərin əsil mahiyyətinə dalmamış bunu hakim sinfin yoxsulların diqqətini inqilabi mübarizədən yayındırmaq üçün bir yol hesab etmişdi.

Xalqımızın tarixi keçmişinə nəzər salan şair zaman-zamab millətimizin başına gətirilən müsibətlərdən qəzəblənirdi.

Hər cahangir qabağına vurub qatdı xalqımızı

Zaman-zaman quduz çarlar qırıb çatdı xalqımızı,

Musavatla daşnaq gəldi alıb satdı xalqımızı,

Həpsi qırıq kaman kimu sızıldatdı xalqımızı.

Müşfiq sosializm quruculuğuna, sovet rəhbərliyinə fanatikcəsinə bir inam bəsləyirdi. XX yüzil şairləri içərisində ictimai quruluşa onun qədər sədaqətli olan ikinci bir şairə rast gəlmək çətin olar.

Yaşıllıqlar qucağında nəfəs alan

Çöllərə bax,

Bizə həyat, bizə şadlıq bəxş eyləyən

Rəhbərə bax.

O, bu işdə hətta S.Rüstəmi belə kölgədə buraxmışdı. S.Rüstəmə yazdığı bir şerində quruluşu vəsf etməkdə yarışa çağırırdı.

Quruluş şairi olmaq lazım,

Aləmə vəlvələ salmaq lazım.

Şairin yaradıcılığı ilə tanışlıqdan aydın olur ki, o, ictimai quruluşun bütün işlərinə qarışır, belə demək mümkünsə canfəşanlıq edirdi. Onun bu cəhəti yuxarı dairələrin xoşuna gəlməyə bilərdi. Şura ilə nəfəs alan şair gecələr yamaclara işıq saçan ay işığını şuraların ellərdəki kölgəsinə bənzədirdi. Müşfiq sıçrayışla irəli getmək istəyirdi bu gediş onu təmin etmirdi.

Mənim könlüm deyir ki,

Hələ bunlar nədir ki,

Böyük günlər, şanlı günlər, şən günlər,

Yoluna düşən günlər hələ qarşımızdadır.

Elə onun vəsf etdiyi rəhbərin göstərişi ilə də az sonra həbs olunub edam edildi. Həyatının qaynar çağında niyə həyatın vəfasızlığından, tez-tez ölümdən danışırdı. Bəlkə də fanatikcəsinə bağlandığı ideologiyanın iç üzünü görmüşdü.

Müşfiq köhnəliyin qəti əleyhinə idi. Onun yaradıcılığının mühüm hissəsini yeniliyin köhnəliklə mübarizəsi təşkil edir. O, keçmişi durmadan tənqid edirdi. Amma heç vaxt xalqın keçniş mədəniyyətinə toxunmurdu. Bir başqası toxunanda o, qəzəblənir, coşurdu. “Oxu, tar” şerində öz üsyankar səsini qaldırır. İnsan acı vaxtlarını ancaq tarla unuda bilir. Şair divardan asılan, çoxdan çalınmayan tarın pas atmış simlərini tutqun bir ürəyə bənzədir, və: “Ey mehriban sevdiyim gurlayacaq, yoxsa yox?”-deyərək tarın həsrətini çəkirdi. Sazı təhqir edənlərə isə daha kəsgin cavab veirdi.

Mənim saz dediyim o deyil fəqət,

O təhqir olunmuş bir mədəniyyət.

Keçən əsrin 20-30-cu illərində köhnəliklə mübarizə şüarı altında sovet hakimiyyətindən qabaq yazıb-yaradan bir sıra görkəmli şairlərimiz müxtəlif bəhanələrlə inkar olunurdu. Müşfiq Füzulini inkar etməklə guya şerə yenilik gətirmələri ilə özlərini öyənlərə qarşı çıxaraq yazırdı:

Yazalım, özümüzü öyməyəlim

Füzuliyə dəyməyəlim.

Müşfiq şerlərində sovet quruluşunda şikayətlənməsə də həyatından tez-tez şikayətlənir, həyatın sonunun ölüm olduğunu bilincə bədbinləşirdi. “Şerimizin sübh çağı” sonsuz məhəbbətlə sevdiyi insanlardan, onların xoşbəxt gələcəyindən ayrılmaq istəmirdi.

Hər kəs bilir həyatın sonu ölümdür,

Ah, bu qəmli dəyişmə yaman zülmdür.

Şerim! Bu gülünc oyun bəllidir yarın,

Bizi də bəklər.

Sən də ol mənim kimi, fəqət məzarın,

Olsun ürəklər.

Bu misraları yazarkən Müşfiq nə düşünürdü? Nə idi şairi bu dünyadan əl çəkməyə vadar edən? Quruluşa xidmətinin əvəzinin tam əksini görəndə o, bu quruluşdan küsür, həyatla vidalaşmaq istəyirdi. Belə başa düşmək olur ki, artıq 30-cu illərin ortalarında şair quruluşun iç üzünü görüb duymuşdu. Az sonra başlanacaq repressiyanın onun özünü də ağuşuna alacağı ürəyinə dammışdı. Ona görə də ölümlə olum arasında tərəddüd edirdi.

Quruluş xatirinə şair keçmişi ilə bağlı çox şeylərdən imtina etmişdi. Allahından, peyğəmbərindən üz döndərmişdi. Onlara bəslədiyi məhəbbətini də rəhbərə vermişdi. İndi bu rəhbərlərin Müşfiqin bütün varlığı ilə bağlandığı quruluşa xəyanətini görəndə şair “Bu dünyadan necə əl çəkmək” haqqında düşünməyə məcbur idi.

Bəzən də şairin romantik xəyalları gecələr əngin fəzalara uçur, dünyanın, kainatın yaranması haqqında düşüncələrə dalırdı.

“Gecə düşüncəsi” şerində yazırdı:

Bizlərdən əvvəl nə yer, nə nə göy, nə həyat olmuş,

Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş.

Burada Müşfiq ya sosializmdən öncəki həyatı həyat sanmır, ya daha da irəli gedərək bütövlükdə bəşəriyyətdən qabaq təbiətin mövcud olmadığını bildirir.

Müşfiqin əsərlərinin böyük əksəriyyəti yüksək sənətkarlıqla yazılmış şerlərdir. Amma ara-sıra qafiyə xatirənə düzülmüz zəif şerlər parçalarına də ras gəlinir. Şair özü də öz yaradıcılığına tənqidi yanaşır, oxucuların zövqünü oxşayan şerlər yazmağa çalışırdı.

Qələm coşdu, sözüm qaldı ürəkdə,

Odur ki, şerimin dəyəri yoxdur.

Oxuyan gülərək söyləyəcək də,

“Müşfiqdə şairlik əsəri yoxdur.

O, qısa ömründə ədəbiyyatımızda silinməz izlər buraxdı. Onun xalqın həyatını işıqlandıran şirin, ürəyə yatımlı şerləri hansı zamanın gəlişindən asılı olmayaraq həmişə seviləcək.

 

 Yeqzar Cəfərli

 

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər” layihəsi çərçivəsində çap olunur.

 

Olaylar.-   2014.- 14 may.- S.12.