Diaspor sahəsində

əməkdaşlıq güclənməlidir

 

Samir İmanov: “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başda olmaqla bir qrup diplomatdiaspora rəhbərləri sayəsində artıq böyük işlər görülmüşdür

 

"Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ haqqında məqalələr dərc etdirir və rəsmi səviyyələrdə keçirdiyimiz  görüşlərdə bu məsələni müzakirə edə bilirik”

 

Bu gün dünyanın istənilən ölkəsində Azərbaycan cəmiyyəti, birlik və təşkilatlarına rast gəlmək mümkündür. İstər Avropa, istər Asiya, istər Amerikada onlarla Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Hətta uzaq Avstraliyada da Azərbaycan diasporu fəaliyyət göstərməkdədir. Sevindirici haldır ki, ildən-ilə müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının sayında artım müşahidə edilir və onların əhatə dairəsi genişlənir. Bütün bunlar heç şübhəsiz ki, diaspora sahəsinə göstərilən diqqət və qayğı sayəsində mümkün olur. Məhz Azərbaycan dövlətinin diaspora sahəsinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, son illər bu sahədə ciddi uğurlar əldə edilir. Dünyanın istənilən ölkəsində fəaliyyət göstərən hər bir Azərbaycan diaspor təşkilatı ölkəmizin həqiqətləri, Dağlıq Qarabağ problemi, eləcə də zəngin tarixi-mədəni irsimizin təbliği istiqamətində məqsədyönlü və uğurlu aparır. Belə təşkilatlardan biri də Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətidir. Bu il yaranmasının 10 ili tamam olan “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanovla  söhbətimizdə ötən illər ərzində gördüyü işlər, həyata keçirdiyi layihələrdən danışdıq. Samir İmanov müsahibədə rəhbərlik etdiyi qurumun qarşısında duran vəzifələr, ərəb ölkələrindəki Azərbaycan diasporunun durumu, yerli kütləvi informasiya vasitələri ilə aparılan işlər  barədə də məlumat verib.

-Samir müəllim, uzun illərdir ki, Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanı təbliğ edir, ölkəmizin üzləşdiyi problemləri Birləşmiş Ərəb Əmirlikləri cəmiyyətinə çatdırmağa çalışırsınız. Ötən illər ərzində buna nə dərəcədə nail olmusunuz və cəmiyyət olaraq fəaliyyətinizi necə qiymətləndirirsiniz?

-Öncə onu bildirim ki, yaxından əməkdaşlıq etdiyimiz mətbu orqanların nəşrləri yalnız Birləşmiş Ərəb Əmirliklərində, Islam dunyasında deyil, Avropa ölkələrində də yayılır. Deməli təbliğat daha böyük həcmdə və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması daha geniş formatda həyata keçirilir. Bunlardan əlavə artıq sırf Avropa mətbuatında da Qarabağ problemilə bağlı məqalələrin dərcinə nail olmuşam. Bu istiqamətdə işləri genişləndirmək də planlarımızda vardır. Təbii bu işləri Azərbaycanın aidiyyati dövlət qurumlarının dəstəyi ilə həyata keçirmək mümkün olacaq.

-Sizcə, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı kimi hadisələrin dünyaya çatdırılması istiqamətində konkret hansı addımlar atılmalıdır ki, bu istiqamətdə işlər sürətlənsin və daha uğurlu nəticələr əldə olunsun?

-Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev başda olmaqla bir qrup diplomatdiaspora rəhbərləri sayəsində artıq böyük işlər görülmüşdür. Hazırki mərhələdə aidiyyati nazirliklərimiz və parlamentimiz bu məsələnin hüquqi cəhətdən həll edilməsində böyük işlər görməlidir. Əgər Birləşmiş Millətlər Təşkilatı  Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı 4 qətnaməsi varsa deməli dünya dövlətləri və ictimaiyyəti Azəbaycanın haqlı, ermənilərin isə işğalçı dövlət olmasını etiraf edir. Dövlət rəhbərimiz səmərəli işləməyən nazirlikqurumlarda mütəmadi islahatlar aparır. Əgər problemin həlli bu qədər uzanırsa, deməli bu istiqamətdə də islahatlara ehtiyac vardır. Azərbaycanın müdrik, proqmatiksiyasi cəhətdən böyük təcrübəyə malik dövlət rəhbəri vardır. Əminəm ki, tezliklə Dağlıq Qarabag problemi də Azərbaycanın tam maraqları nəzərə alınmaqla öz ədalətli həllini tapacaqdır. 

-Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyəti olaraq sizin ən uğurlu fəaliyyətlərinizdən biri ərəb mətbuatı, Dubayın qəzet və jurnallarında müntəzəm olaraq Azərbaycan barədə məqalələr dərc etməyinizdir. Bu kimi təbliğat vasitələri ərəb dünyasında Azərbaycan barədə hansı təssüratlar yaradır və qarşıdakı planlar nədən ibarətdir?

- Hər bir dövlətin vətəndaşının (istər rəsmi, istərsə də qeyri-rəsmi) Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, tolerant xalq olması iqtisadi və digər mühüm sahələrdə uğurları və problemləri haqqında düzgün məlumatlı  olmasına çalışmalıyıq. Çünki lazım olduqda öz ədalətli səsini bizim lehimizə versin.

-Hazırda Birləşmiş Ərəb Əmirliklərində təxminən nə qədər azərbaycanlı yaşayır və onların başlıca problemləri nədən ibarətdir?

-Birləşmiş Ərəb Əmirliklərində minə yaxın həmvətənlərimiz yaşayır. Problemlərə gəlincəisə  müxtəlifdir. Hesab edirem ki, şərt problemlərin sayında deyil, onların necə çevik və müsbət həll edilməsindədir. Tam məsuliyyətlə bildirirəm ki, son 20 il ərzində Birləşmiş Ərəb Əmirliklərində problemiya nəyəsə ehtiyacı olub Cəmiyyətimizə müraciət edən hər bir insana təmənnasız yardım edilib.

-Bəs rəhbərlik etdiyiniz "Azərbaycan" Cəmiyyətinin 2014-cü il üçün fəaliyyət proqramı nədən ibarətdir və cari il ərzində hansı tədbirlər keçirməyi qarşınıza məqsəd qoymusunuz?

-Ümumiyyətlə cəmiyyətimizin fəaliyyəti Azərbaycan ictimaiyyətinə məlumdur. Bildiyiniz kimi Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) “Azərbaycan” Cəmiyyəti 2004-cu ildən fəaliyyət göstərir. Cəmiyyətimiz Dubay şəhərində təsis edilmişdir. “Azərbaycan” Cəmiyyəti Birləşmiş Ərəb Əmirliklərində Dağlıq Qarabağ problemi haqqında ictimaiyyətə və dövlət orqanlarına məlumat verən yeganə qurumdur. İl ərzində dəfələrlə dövlət kitabxanalarına Dağlıq Qarabağ problemi ilə bağlı ərəb və ingilis dillərində kitablar, jurnallar təqdim etmişik. Eyni zamanda hər bir nazirlikya komitəni ayrı-ayrı ziyarət edir, həmin dövlət qurumlarının rəhbərlərini bu haqda ətraflı məlumatlandırırıq. Gələcək fəaliyyətimizə gəlincə isə, öncəki illərdən məlum olan işlərimizin daha keyfiyyətli səviyyədə davam etdirilməsi qarşımıza qoyduğumuz əsas hədəflərdən biridir. Cəmiyyətimizin cari il ərzində keçirəcəyi tədbirlərə gəlincə isə, bu Azərbaycanda baş verəcək proseslərdən asılıdır.

-Bildiyimiz qədər bu il həm də rəhbərlik etdiyiniz “Azərbaycan” Cəmiyyətin yaranmasının 10 ili tamam olur. Cəmiyyətinizin 10 illik fəaliyyətini necə qiymətləndirirsiniz və bu 10 ildə qarşınıza qoyduğunuz məqsədlərə nail ola bilmisinizmi?

-Hesab edirəm ki, 10 illik fəaliyyətimiz qənaətbəxşdir. Əvvəla ona görə ki, Birləşmiş Ərəb Əmirliklərinin ərəb və ingilis dilli mətbuatında mütəmadi olaraq Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ haqqında məqalələr dərc etdirir və rəsmi səviyyələrdə keçirdiyimiz  görüşlərdə bu məsələni müzakirə edə bilirik. Cəmiyyətimiz bu problem haqqında Birləşmiş Ərəb Əmirliklərinin yerli ictimaiyyətini maarifləndirən yeganə qurumdur. Digər bir səbəb ondan ibarətdir ki, Birləşmiş Ərəb Əmirliklərində keçirilən və sahəsindən asılı olmayaraq bütün dövlət tədbirlərinə Cəmiyyət rəhbərliyi rəsmi qonaq qismində dəvət edilir.

-Bəs, yubiley tədbiri keçirmək gündəlikdədirmi?

-Səmimi deyim ki, yubileyin hansı səviyyədə qeyd ediləcəyi haqqında hələlik düşünməmişik. Ancaq tam əminliklə deyə bilərəm ki, yerli kütləvi informasiya vasitələri bu haqda ərəb əmirlikləri ictimaiyyətinə ətraflı məlumat verəcək.

-Etiraf etmək lazımdır ki, müsəlman aləmində, ərəb dünyasında diasporamız o qədər də güclü deyil. Sizcə, İslam dünyasında diaspora fəaliyyətini bir qədər də aktivləşdirməyə ehtiyac varmı?

-Hesab edirəm ki, hər bir ölkədə, (fərqi yoxdur böyük dövlət və ya kiçik dövlət olsun) diaspora fəaliyyətimiz güclü olmalı və həmin ölkələrdə böyuk nüfuza malik olan həmvətənlərimiz yetişməlidir. Hazırda onu deyə bilərəm ki, diaspor qurumlarımız bir çox hallarda rəsmi təmsilçiliklərimizin obyektivya subyektiv səbəblərdən edə bilmədikləri, və ya sona çatdıra bilmədikləri işləri tamamlayırlar.

-“Azərbaycan” Cəmiyyəti olaraq Birləşmiş Ərəb Əmirliklərindəki digər ölkələrin diaspor təşkilatları ilə əməkdaşlığınız hansı səviyyədədir?

-İlk növbədə onu qeyd etməliyəm ki, bu sahədə əməkdaşlıq güclü olmalıdır. Hesab edirəm ki, yalnız Türk diasporu ilə deyil, eyni zamanda Birləşmiş Ərəb Əmirliklərində yaşayan və cəmiyyətdə böyük nüfuza malik olan digər xalqların diaspor nümayəndələri ilə də normal əməkdaşlıq qurulmalı və inkişaf etdirilməlidir. Bu yaxınlarda belə əlaqələrim sayəsində Azərbaycana qarşı baş verə biləcək böyük bir təxribatın qarşısı alındı.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 16 may.- S.15.