Füzulinin romantizm,

M.F.Axundzadənin realist davamçısı

 

S. Ə. Şirvani Əli Fəhmi yaradıcılığında

 

Əvvəli ötən sayımızda

 

Əli Fəhminin bütün əsərləri ilk növbədə zəngin məlumatları ilə seçilir. Məlum olur ki, o, hər hansı bir şair haqqında yazmamışdan qabaq onun əsərlərini, fəaliyyət göstərdiyi mühiti, hətta şairin doğulduğu təbii şəraiti belə dərindən öyrənirdi. Bu isə alimin öz işinə böyük məsuliyyəti ilə bağlıdır. O, Mirzə Səttar haqqında demək olar ki, bütün məlumatları toplamış, onun Seyid Əzimin hansı qəzəlini daha çox oxumasını bilirdi. Qocaman tarzən Mansur Mansurovun xatirələrinə istinad edən Əli Fəhmi qeyd edir ki, Mirzə Səttar Seyid Əzimin qəzəllərini ən çox Rast və Humayun üstündə daha gözəl ifa edərdi. Ən çox xoşladığı qəzəl isə aşağıdakı misralarla bitən qəzəli idi.

Olma yarın Seyyida, cövrü cəfasından məlul,

Aşiqə cövrü cəfası dilbərin ehsanıdır.

Məqalədə həmçinin Seyid Əzimin görkəmli sənətkar Humayunla və Sadıqcanla dostluq münasibətlərindən və Mirzə Möhsün Nəvvabın ”Qarabağnamə” əsərindəki şairlə bu iki sənətkar arasndakı dostluq əlaqələri haqqında oxuculara qiymətli məlumatlar verir.

Seyid Əzimin Mahmud ağaya həsr etdiyi “Olsun” rədifli bir mədhiyyəsi vardır. Bu mənzum məktubun 6 beytlik bir parşasında demək olar ki, bütün muğamların musiqi alətlərinin hətta oxuyan quşların belə adları çəkilir.

Səhər səvti humayun ilə bülbül başlasın nəğmə,

Həzəran şur ilə məmluğ bu firurihəsar olsun.

“S. Ə. Şirvani və musiqi” məqaləsi əksər ədəbiyyatçılar və musiqiçilər üçün hələ də qaranlıq qalan məqamları aydınlaşdırır. Bəlkə bu gün çox az adam bilir ki, dahi Azərbaycan şairi H. Cavidin atası şair, xanəndə və mərsiyəxan kimi tanınan Hacı Molla Abdulla Şaxtaxtılının Seyid Əazimlə gözəl dostluq münasibətləri olmuşdur. Şair Hacı Molla Abdullaya həsr etdiyi ”Səndən” rədifli şerində onun avazını Davudun avazına bənzətmişdir.

Əli Fəhminin bu məqaləsində musiqinin hətta heyvanlara belə güclü təsir etdiyindən bəhs edir. Lakin, qeyd etdiyimiz kimi hələ ki, bu məqalələri tədqiq etmək üçün yüksək elmi bacarıq və bir də zaman lazımdır.

Hər hansı bir cəmiyyətin ictimai əsasları özündən əvvəlki cəmiyyətin ictimai əsasları üzərində qurulduğu kimi mədniyyətin, yəni incəsənətin də əsasları özündən əvvəlki mədəni əsasların üzərində qurulur. Bir şair, bir yazıçı da özündən əvvəlki şair və yazışıların əsərlərinidərindən mənimsəməsə o, yüksək ədəbi nümunələr yarada bilməz. Bu mənada Əli Fəhmi də Azərbaycan ədəbiyyatının böyük simaları olan üç böyük simanı- Nəsimini, Fizulini, Şirvani yaradıcılını dərindən bilirdi, əks təqdirdə belə gözəl məqalələr yarana bilməzdi. Füzuli kimi dünya şöhrətli nəhəng bir şair də öz şeirlərində Nizamini, Əbu Nuvası, Ə. Nəvaini dönə-dönə xatırladır, onlardan bəhrələndiyini göstərir.

Ol bir neçə həmdəmi müvafiq

Yəni şuərayi-dövri sabiq

Dövran onları məzəmmət etdi

Hər dövr birini mükərrəm etdi.

S. Ə. Şirvani də özündən əvvəlki klassik irsi dərindən bilmiş, onlara xüsusilə də Füzuliyə dəfələrlə istinad etmişdir. “Seyid Əzim Şirvaninin irsinin öyrənilməsi” məqaləsində də məhz bundan söz açılır. Şairin ədəbi irsinin öyrənilməsi burada burada etiraf etmək lazımdır yalnız Azərbaycanda bolşevik hakimiyyəti dövründə mümkün olmuşdur. Bolşevik reyimindən qabaq Seyid Əzimin irsinin tədqiqindən danışan Əli Fəhmi yazırdı ki, ”Sovet hakimiyyətindən qabaq o, oxucuları liberal ruhani kimi təqdim olunur, onun zamanla səsləşən, maarifçi və dövrünü qamçılayan satirik şeirləri əsla nəzərə alınmırdı”.

Seyid Əzimin yaradıcılına bələd olanlar bilir ki, o çox ziddiyətli bir şairdir. Maraqlı burasıdır ki, onu tənqid edənlər də məhz şairin yaradıcılığının birinci dövrünə istinad etmişlər. Yaradıcılığının ilk illərində o mərsiyələr, qəsidələr və qəzəllər yazsa da, XIX əsr ədəbiyyatının

qabaqcıl və realist qolu olan realizmə qoşuldu. Haqqında söhbət gedən məqalədə Əli Fəhmi, S. Ə. Şirvaninin əsərlərinin nəşri tarixini elə dərindən tədqiq etmişdir ki, bu sahədə özündən sonrakı tədqiqatçılar üçün demək olar ki, qaranlıq heç bir məqam qoymamışdır.

S. Ə. Şirvani irsinin öyrənilməsi yolunda ilk böyük addım Firudin bəy köçərli tərəfindən atılmışdır. O, özünün “Azərbaycan ədəbiyyatı tarixi materialları” və 1903-cü ildə Tiflisdə rus dilində nəşr etdirdiyi “literatura Azerbaydjanski tatar” adlı kitabçasında S. Ə. Şirvaninin əsərləri və həyatı haqqında məlumat vermişdir. Əli Fəhmi həmin əsərlərə istinadən yazır: “Hacı Seyid Əzim Şirvani nəinki yalnız Şirvan vilayətində, bəlkə zamanı Azərbaycan türklərinin (Azərbaycanlıların) Əzəm şüərasından biri olub onun nam və şöhrəti, şəmü rrütbəsi hal-hazırda əbnayi vətənimizin mabeyində kəmalincə istihar olmuyubsa da gələcəkdə olunmasına şübhə yoxdur”. Şair haqqında məlumat verən F. Köçərli onun riyakar ruhaniləri ifşa etməsini, xalqı elm və maarifə çağırışını yüksək qiymətləndirir. Bütün bunlara baxmayaraq Əli Fəhmi Firudin bəy Köçərlinin Seyid Əzimi tədqiqini qənaətbəxş saymamış, bu tədqiqata tənqidi yanaşmışdır. “ F. Köçərlinin şairin yaradıcılndakı qabaqcıl və ya mürtəce ideyaları şərh edərkən bunların ictimai köklərini görə bilməməsini” xüsusi olaraq qeyd edirdi.

S. Ə. Şirvani irsinin öyrənilməsi yolunda ikinci addımı tarixçi-etnoqrafçı alim Rəşid bəy İsmaylov atmışdır. O, 1905-ci ildə nəşr etdirdiyi “Müxtəsər Qafqaz tarixi” əsərində şairin tərcümeyi halı və yaradıcılığı haqqında məlumat verir və bu yaradıcılığın xalqı qəflət yuxusundan oyatmaq yolunda ən güclü vasitə olduğunu qeyd edir. Məqalədə Seyid Əzim haqqında istər öz dövrünün, istərsə də sonrakı, Sovet dövründə deyilmiş elə bir fikir yoxdur ki, həmin fikir Əli Fəhmi tərəfindən oxuculara çatdırılmasın.

Sovetləşmədən qabaq uşaqlar və gənclər üçün nəşr olunan “ Dəbestan”, “Arı”, “Məktəb” və sair jurnallarda uşaqların və gənclərin ruhuna uyğun şeirləri çap olunmuşdu. “Dəbistan” jurnalında jurnalın təsisçisi və redaktoru Əli İskəndər Cəfərzadə S. Ə. haqqında yazdığı bir məqaləsində yazırdı: “Hacı Seyid Əzimi əsr və zəmanəsinin həmçinin vətəninin ən məşhur ürəfa və şüəralarındandır. Müəllif şairin:

Mövti cismani ilə sanma mənim ölməyimi,

Seyyida, ölmərəm, aləmdə səsim var mənim.

beytini Derjavin və Puşkinin “Pamyatnik” adlı mənzumələri ilə müqayisə edir. Əli Fəhmi “Məktəb” məcmuəsində dərc olunan”, “İdarədən” və “Hacı S. Ə. Şirvaninin tərcümeyi halı” məqalələri haqqında da maraqlı məlumatlar verir və məqalə müəllifindən belə bir iqtibas gətirir:

“Hacı S. Ə. Şirvani haqq sözünü deməkdən çəkinməzdi, millətin qüsurunu daima söyləyib, dəfi üçün çarələr arardı. Amma bunların əvəzində nələr çəkərdi”. Bu məqalələrin və şeirlərin nəsrini Əli Fəhmi adı çəkilən məqaləsində böyük hadisə kimi qeyd etsə də, şairin yaradıcılığının ətraflı tədqiq olunmamasını, şairin bədii söz sənətinə gətirdiyi yeniliklərin görə bilmədiyini təəssüflə qeyd edir. Sovetləşmədən qabaq tərtib olunmuş dərsliklərdə də S. Ə. Şirvaninin ayrı-ayrı şeirlərinndən nümunələr verilmişdir. ”Bəsirətül-Ətfal” adlı dərslikdə onun “İskəndər Zülqərneyedən rəvayət”, “Alim ilə müəlimin söhbəti”, “Səlamət və mədamət” seirləri və bir sıra tərcümələri verilmişdir. Bu təşəbbüsü davam etdirən A. Şaiq “Gülzar” adlı müntəxabatında Şirvaniyə daha çox yer ayırmışdı. Buraya şairin tərcümeyi halı “Nəzmən məktub (H.B.Zərdabiyə)”, “Xan və dehqan”, “Səlamət və mədamət” kimi şeirləri verilmişdir.

S. Ə. Şirvani irsinin ən yaxşı öyrənilməsi işinə XIX əsrin 40-60-cı illərində başlandı. Burada Əli Fəhmi H. Zeynallının, Ə. Müznibin, H. Səmədzadə, F. Qasımzadə, Ə. Seyidov, K. Mirbağırovun əməyindən danışılır. Öz növbəsində Əli Fəhmi adını çəkdiyimiz bu görkəmli alimlərin də S. Əzim haqqında monoqrafiyalarını araşdırmış, onlara münasibət bəsləmiş, ən çox da K. Mirbağırovun monoqrafiyasına tənqidi yanaşmışdır. Azərbaycan inqilaba qədərki və inqilabdan sonrakı dövrlərə bölündüyündən biz “sovet ədəbiyyatı” terminini tez-tezişlətməyə məcburuq. Əli Fəhmi sovetləşmədən sonra S. Əzim haqqında yazılmış məqalə və tədqiqatları üç yerə bölür:

1. Dərsliklər üçün yazılmış materiallar

2.Qəzet məqalələri

3.Şairin kitablarına yazılmış müqəddimələr, jurnal məqalələri və ədəbiyyat tarixində yazılmış oçerklər.

Sovet dövründə şairin həyat və fəaliyyəti haqqında ilk dolğun məlumat 1928-ci ildə nəşr olunmuşdur. Lakin S. Ə. Şirvani yaradıcılığına dərindən bələd olan Əli Fəhmi bu kitabı ətraflı tədqiq edəndən sonra orada şair haqqında yazılanlarlı heç də qənaətbəxş hesab etməmişdir. Əli Fəhmi yazırdı ki, “Bu kitabda Şirvaniyə həsr olunan fəsildə şairin dövrü haqqında verilən məlumat müəyyən dərəcəyə qədər doğru olsa da, qənaətbəxş deyil”. Bu kitabın müəllifləri S.Ə.Şirvani yaradıcılığını onun yaşadığı dövrü ilə bağlaya bilməmiş, onu, damğalamağa çalışmışlar. Lakin, böyük alim, şairin 1930-cu ildə nəşr olunan seçilmiş əsərlərinə H. Zeynallının müqəddiməsini olduqca qənaətbəxş hesab edir. ”O, S. Əzimin yaradıcılığındakı ziddiyyətləri çox ustalıqla göstərmişdir. Məsələn, şairin bir yandan çar idarə üsulunu tənqid etməsini, digər tərəfdən də Şamaxını bərpa edən çar məmurlarını tərifləməsi, bir yandan islamı və peyğəmbərləri

qəbul edib onları vəsf etməsi digər tərəfdən də dini və din xadimlərini tənqid etməsi kimi ziddiyyətləri M. Zeynallı çox gözəl təsfir etmişdir.” Əli Fəhmi də bu məqaləsində ədəbiyyatşünas alimin bu zəhmətini yüksək qiymətləndirmişdir. Bununla yanaşı o “Zeynallının Seyid Əzimi sirf bir sinfin nümayəndəsi kimi göstərməsini, şairin xalqla bağlı olan demokratik cəhətlərini kölgədə buraxmasını” tənqid edir.

Ümumiyyətlə, Əli Fəhmi yuxarıda adlarını çəkdiyimiz ədəbiyyatşünas və tənqidçi alimlərin bir çatışmayan cəhətini göstərir ki, “onların bir çoxu formanı məzmundan, bədiiliyi ideyadan ayırmağa çalışmışlar”. “Şübhəsiz ki, bu, metodoloji səhvdir”-deyir. “İnsan üçün beyin ilə qəlbin hansı birinin daha əhəmiyyətli olduğunu müəyyənləşdirmək mümkün olmadığı kimi sənət əsərində də ideya ilə formanın arasındakı üstünlük fərqini söyləmək çətindir”.

S. Ə. Şirvaninin Azərbaycan oxucularına ilk dəfə olar, tam, nöqsansız şəkildə, şairin ədəbiyyat tarixində mövqeyini F. Qasımzadə göstərmişdir.

Əli Fəhminin elmi rəhləri olmuş hörmətli alim 1938-ci ildə S. Əzimin yaradıcılığını araşdırmağa başlamışdır. F. Qasımzadə 1960-62-ci illərdə ədəbiyyat dərsliyində Seyid Əzim Şirvani adlı ayrıca bir fəsil vermişdi. O, Seyid Əzim haqqında araşdırmalarını sonralar da davam etdirmiş, 1944-cü ildə nəşr etdirdiyi “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” adlı dərsliyində şair haqqında daha əvvəl yazdıqlarını bir az da təkmilləşdirmiş, bu dəfə şairin aşiqanə və lirik qəzəllərini daha ətraflı tədqiq etmiş, Seyid Əzimi Fizuli ədəbi məktəbinin ən layiqli davamçısı hesab etmişdir. Sonuncu dərsliyin böyük əhəmiyyəti bunda idi ki, burada F.Qasımzadə şairin pedoqoji fəalliyyətini də genişəks etdirmişdir. 1950-ci ildə F. Qasımzadə həmin dövrə qədər Seyid Əzimin çap olunmuş divanlarını yeni nəşrlə, “Azərnəşr” xətti ilə çap etdirmişdir. Bundan başqa F. Qasımzadə 1956-cı ildə nəşr etdirdiyi “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” əsərində S. Ə. Şirvaniyə ayrıca bir fəsil həsr etmişdi ki, bu da şairin yaradıcılığını daha dərindən öyrənməyə imkan verir.

Əli Fəhmi S. Ə. Şirvanidən bəhs edən müəlliflər içərisində akademik M.Arifi də xüsusi olaraq qeyd edir. O, adını çəkdiyimiz bu əsərində öz müasirləri olan daha bir neçə alimin Seyid Əzim haqqında oçerk, məqalə və monoqrafiyaları tənqidi-surətdə gözdən keçirmişdir. Lakin məqsədimiz bu məqaləni tədqiq etmək yox, sadəcə onun haqqında məlumat vermək olduğundan bu işi gələcək tədqiqatçıların öhdəsinə buraxırıq. Əli Fəhmi S.Əzim haqqında yazdığı bu monoqrafiyanın son yekunu olaraq bildirirdi ki, “Bir çox başqa klassiklərlə yanaşı S. Ə. Şirvani irsini öyrənmək sayəsində yuxarıda nəzərdən keçirdiyimiz kimi müəyyən əhəmiyyəti olan işlər görülmüşdür. Lakin həmin tədqiqi əsər və məqalələrdə Şirvaninin sənətkarlıq məsələləri kimi mühüm bir cəhət öz əksini tapmamışdır”. Lakin Əli Fəhmi Seyid Əzim haqqında yazdığı bu məqaləsində özünün sonrakı monoqrafiya və məqalələrində, indiyədək Seyid Əzim haqqında yazılmış monoqrafiyalarda bu və ya digər müəlliflər tərəfindən buraxılan səhvləri özünün dissertasiyasında ətraflı ifadə edəcəyini bildirmişdi. Çox təəssüf ki, biz alimin “S. Ə. Şirvaninin həyat və yaradıcılığı” mövzusunda yazdığı namizədlik disertasiyasının mətnin əldə edə bilmədik. Görünür bu disertasiya da onun digər əsərləri kimi alimin Kamo küçəsindəki mənzilində saxlanılmış, onun ölümündən sonra itmişdir.

S. Ə. Şirvani irsini ətraflı tədqiq edən Əli Fəhmi şairin əsərlərinin nəşri ilə də maraqlanmış və bu əsərlərin hətta çap olunma tarixlərini və hətta məkanlarını göstərmişdir. Alimin tədqiqatlarından məlum olur ki, şairin əsərləri hələ öz sağlığında müxtəlif mətbuat orqanlarında nəşr olunmuşdur. Lakin ilk olataq şairin əsərləri küll halında 1891-1892-ci illərdə H. Z. Tağıyevin vəsaiti ilə nəşr olunmuşdur. Bu nəşri əldə edib oxuyub ətraflı tədqiq edəndən sonra nəşrin nöqsanlarını göstərən Əli Fəhmi göstərir ki, ”bu nəşrdə şairin yalnız zamanla səsdləşməyən şerləri çap olunmuş nəşrə maarifçilik ruhunda yazılmış şerlərin isə heç biri bu nəşrə daxil edilməmişdir”.

 

Ardı var

 

Yeqzar Cəfərli

 

Olaylar.- 2014.- 16 may.- S.10.