Hər hansı bir cəmiyyətə inteqrasiya etməyin ən

əsas yolu dövlət dilinin mənimsənilməsindən keçir

 

Nərgiz Əliyeva: “Azərbaycan həqiqətlərinin həm yaşadığımız cəmiyyətə həm də dünyaya təbliğ etmək hər bir azərbaycanlının borcudur”

 

Bu gün Azərbaycan həqiqətləri, ölkəmizin zəngin mədəni irsinin müxtəlif ölkələrdə təbliğində gənclərimizin də müstəsna xidmətləri var. Məhz bu cür fəal gənclərimizin sayəsində son illər Azərbaycanın xarici ölkələrdə təbliği istiqamətində bir sıra uğurlu addımlar atılıb. Belə gənclərdən biri də Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri, bu qurumun mətbuat xidmətinin rəhbəri. Gürcüstan Azərbaycanlı Gəncləri İttifaqının sədr müavini. Nərgiz Əliyevadır. Onunla söhbətimizdə azərbaycanlı gənclərin Gürcüstan cəmiyyətinə inteqrasiyası, bu istiqamətdə atılan addımlar barədə danışdıq. “OLAYLAR”-a verdiyi müsahibədə Nərgiz Əliyeva AMM-in yaxın vaxtlarda həyata keçirəcəyi layihələr barədə də məlumat verib.

 

-Nərgiz xanım, Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzi nə zamandan fəaliyyət göstərir və mərkəzin əsas məqsəd, vəzifələri nədən ibarətdir?

-Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) əsas fəaliyyətinə 2006-cı ildən başlayıb. Mərkəzin əsas məqsədi soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiya olunması, gənclərin təhsilə marağının artırılması, mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı təbliğ edərək özümüzü yaşadığımız cəmiyyətə daha da yüksək səviyyədə  təqdim etməkdir.

-Hazırda soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyası hansı səviyyədədir və sizi qane edirmi?

-Biz, hələ ki, cəmiyyətə inteqrasiya olma mərhələsindəyik. Təbii ki, bu prosses tam qaneedici deyil. Buna nail olmaq üçün zamana etiyacımız var. Lakin, ötən illərlə müqayisədə bu məqsədə qismən də olsa, çatırıq. Bunun üçün dövlət və cəmiyyət əlindən gələni edir. İstər təhsil, istərsə də digər sahələrdə dövlət tərəfindən çox önəmli və irimiqyaslı layihələr həyata keçirilir. Bu işdə Azərbaycan hökümətinin də dəstəyini görmək olar. Burada yaşayan azərbaycanlılar bu ölkənin tamhüquqlu vətəndaşlarıdır və cəmiyyətə inteqrasiya olunmaq onların da marağındadır. Hesab edirəm ki, onlar da bunun  arzusundadır.

-Bəs Gürcüstanda təhsil alan, burada yaşayan gənclərimiz yaşadığınız ölkənin ictimai-siyasi həyatında nə dərəcədə aktivdirlər?

-Əvvəlcə onu qeyd etmək istəyirəm ki, AMM 10 ilə yaxındır ki, Gürcüstanın ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələrə yardım proqramı həyata keçirir. Bu proqram Tbilisinin akkreditə olunmuş ali təhsil ocaqlarında  dövlət dilində təhsil alan tələbələrimizə aylıq təqaüdlərin təqdim olunmasından ibarətdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, ali təhsil ocaqlarına daxil olan tələbələrimizin sayı ildən ilə artmaqdadır. Əgər 2006-ci ildə onların sayı 20 nəfərdən az idi sə, bu il artıq onların sayı 1000-dən çoxdur.  Bu müsbət dəyişikliyə  səbəb eyni zamanda dövlətimiz tərəfindən həyata keçirilən və Gürcüstanda yaşayan milli azlıqlar üçün nəzərdə tutulan 1+4 hazırlıq kursu proqramıdır. Təbii ki, gürcü dilini yüksək səviyyədə mənimsəyən, ali təhsilli, yüksək elmi pillələrə sahib olan gənclik dövlətin ictimai-siyasi həyatında da fəaldır. Bunu biz aydın şəkildə müşahidə edə bilirik. Artıq bizim gənclər dövlət orqanlarında, nazirliklərdə, parlamentdə, yerli özünüidarəetmə orqanlarında, hüquq müdafiə sistemində və s. kimi orqanlarda təmsil olunurlar. Şübhəsiz ki, işsizlik problemi hələ də mövcuddur. Lakin inanırıq ki, yaxın illlərdə bu problem də qismən həllini tapacaqdır. Bir sözlə gəncliyimiz Gürcüstanda rəqabətqabiliyyətli olmaq üçün artıq ilk addımlarını atır.

-Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi gürcü dili kursları gənclərimizin gürcü cəmiyyətinə inteqrasiyasına nə dərəcədə müsbət təsir göstərir?

- Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə AMM   Gürcüstanda fəaliyyət göstərən bir çox azərbaycandilli məktəblərdə dərslərdən əlavə  gürcü dili öyrətmə kursları təşkil etmişdi. Kurslara 1700-dən çox dinləyici cəlb olunmuşdu. Kursların fəaliyyət göstərdiyi müddətdə ali təhsil ocaqlarına daxil olan tələbələrin 80 faizi  məhz həmin kursların  dinləyiciləridir.Bu isə  kursların nə dərəcədə faydalı və zəruri olduğunun açıq göstəricisidir. Təəsüflər olsun ki, bu layihə artıq dayandırılıb. Lakin, bu cür layihələrə cəmiyyətimizdə ehtiyac var.

-AMM olaraq yaxın vaxtlarda Gürcüstanda soydaşlarımızın bu ölkəyə inteqrasiyası məqsədilə nə kimi layihələr və tədbirlər nəzərdə tutubsunuz?

-Hər hansı bir cəmiyyətə inteqrasiya etməyin ən əsas yolu dövlət dilinin mənimsənilməsindən keçir. Bunun üçün təşkilatımız və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan məktəblərdə dərslərdən kənar gürcü dili kursları  təşkil olunmuşdu. Kursların müsbət nəticəsi bu günədək hiss olunur. Bundan başqa mədəniyyətlərarası dialoqla və folklorumuzun təbliği ilə bağlı bir sıra tədbirlər, layihələr həyata keçirilir ki, o layihələrin vasitəsilə biz qarşılıqlı inteqrasiyaya təkan vermiş oluruq. AMM-in nəzdində çap olunan mətbu orqanlar da bu məqsədə xidmət edərək hər iki ölkənin və xalqın mədəniyyəti, tarixi haqqında oxucuları məlumatlandırır. Bundan başqa, tərəfimizdən bir sıra layihələr nəzərdə tutulur. Bunlar gürcü və Azərbaycan gənclərinin görüşlərinin təşkili, Azərbaycan və gürcü gəncləri arasında körpü yaratmaq məqsədilə iki ölkənin tarixi məkanlarına  ekskursiyaların təşkili və s.dir.

-Azərbaycan həqiqətlərinin Gürcüstanda təbliği ilə bağlı tərəfinizdən nə kimi addımlar atılır?

-Azərbaycan həqiqətlərinin həm yaşadığımız cəmiyyətə həm də dünyaya təbliğ etmək hər bir azərbaycanlının borcudur. Bizim xalqımıza qarşı törədilən cinayətlər və işğal altında olan torpaqlarımız haqqında  tarixi  həqiqətləri bacardığımız qədər dünyaya yaymalıyıq. Biz işğal tariximizə və faciələrimizə həsr olunan günləri hər zaman yad edirik, müxtəlif aksiyalar, tədbirlər, elmi konfranslar keçiririk. Tədbirlərimizə əsasən gənclərimiz, gürcü və Azərbaycan ictimaiyyətinin  nümayəndələri dəvət olunur. Hər il olduğu kimi bu il də tərəfimizdən fevral ayı Gürcüstanda Xocalı ayı elan olundu. Rəhbərlik  etdiyim gənclər şöbəsi   “Xocalıya ədalət” kampaniyasının Gürcüstanda rəsmi iştirakçısı seçildi. Kampaniya çərçivəsində Gürcüstanın bir sıra regionlarında, böyük şəhərlərində və paytaxt Tbilisidə Xocalı qətliamı ilə bağlı aksiyalar, tədbirlər keçirildi. Tədbirdə gürcü gəncləri iştirak edərək bu hadisələrlə yaxından maraqlandılar. Ümumiyyətlə, bu cür  tədbirləri biz il ərzində həyata keçiririk.

-Bir neçə gün əvvəl ermənilərin Tbilisinin mərkəzində “Şuşanın azadlığı ” adı altında konsert keçirmək arzuları ilə bağlı xəbər yayıldı. Bu hadisəyə Gürcüstanda yaşayan azərbaycanlılar necə  reaksiya verdi?

-Bu məsələ hər kəsdən çox Gürcüstanda yaşayan azərbaycanlılar üçün xoşagəlməz hal oldu. Xəbəri eşidən  kimi, biz hərəkətə keçdik. Azərbaycanlıların Mədəniyyət Mərkəzi olaraq 2 gün ərzində müəyyən addımlar atdıq. Ən qısa zamanda ziyalılarımız, QHT nümayəndələri, dövlət məmurları, deputatlar, gənclər AMM-də toplaşdılar   Gürcüstanda yaşayan azərbaycanlılar adından bəyanat qəbul edərək bu konsertin keçirilməsinə etiraz etdilər. Bəyanat dövlət qurumlarına göndərildi və qısa zamanda müsbət cavab aldıq ki, konsertin keçirilməməsi üçün müəyyən addımlar atılıb və buna izin verilməyəcək. Qeyd edim ki, konsertin keçirilməsi üçün nəzərdə tutular zalın rəhbərliyi təşkilatçılar tərəfindən ödənilən icarə haqqını geri qaytardı   onlara konsert keçirmək üçün icazə vermədi. Tbilisinin heç bir mədəniyyət müəssisəsi, zalı və küçəsi onlara tədbirin keçirilməsinə izin vermədi. Ancaq təəsüflər olsun ki, konsert erməni kilsəsinin önündə aztərkiblə baş tutdu.  Bu xoşagəlməz hadisə oldu. Lakin biz səsimizi eşitdirdik və bu işdə hər kəs birlik nümayiş etdirərək konsertin geniş şəkildə keçirilməməsinə  nail olduq. Ümüd edirik ki, bu cür hallar bir daha təkrarlanmayacaq. Bunun üçün biz bundan sonra da əlimizdən gələni edəcəyik.

-Azərbaycanlıların Mədəniyyət Mərkəzi  28 May - Respublika Günü ilə bağlı hansı tədbirlər keçirməyi düşünür?

-Bilirsiniz ki, Gürcüstanın müstəgillik günü mayın 26-sı,  Azərbaycanın Respublika Günü isə 28 may tarixindədir. Bu münasibətlə biz çox maraqlı və fayda verəcək bir layihə hazırlamışıq. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi   və Azərbaycanlıların Mədəniyyət Mərkəzi “Azərbaycan, Gürcüstan gəncliyinin gözü ilə” adlı Azərbaycanın şəhərlərinə və paytaxt Bakıya ekskursiya təşkil edəcəyik. Həmçinin “Azərbaycan-Gürcüstan   münasibətlərinin daha da inkişafında gənclərin yeri və rolu”   adlı konfrans və müzakirələr keçiriləcək.  Ekskursiyada əsasən gürcü gənclər iştirak edəcək. Onlar ictimai həyatda fəallıq göstərən gənclər, jurnalistlər, tələbələrdir. Eyni zamanda hər iki dili mənimsəyən, təhsillərində yüksək nəticələr göstərən azərbaycanlı tələbələr, yazarlar, jurnalistlər və digərləri iştirak edə biləcəklər. Bu layihənin əsas məqsədi Gürcüstanda yaşayan gəncləri Azərbaycanla yaxından tanış edərək, tariximizi, mədəniyyətimizi onlara nümayiş etdirməkdir. Bu layihədə iştirak edən gənclər Gürcüstana qayıtdıqda Azərbaycan haqqında təəssüratlarını dostları və tanışlarıı arasında paylaşaraq xalqımızın tarixi, mədəniyyəti, təbiəti haqqında da müsbət rəy  yaradacaqlar. Bundan başqa bu,  gürcü və azərbaycanlı gənclərin kommunikasiyası və əlaqələri üçün də əla fürsətdir.

-Siz həmçinin Gürcüstan Azərbaycanlıları Gənclər İttifaqının sədr müavini və AMM-in Gənclər şöbəsinin rəhbəri vəzifəsində çalışırsınız. Gürcüstanda yaşayan azərbaycanlı gənclərin problemləri və maraq dairəsi nədən ibarətdir?

- Gürcüstanda yaşayan azərbaycanlı gənclər olduqca yüksək potensiala sahibdirlər. Onlar vətənlərinə və xalqlarına bağlı gənclərdilər. Gənclərin ümdə  məqsədi yaxşı təhsil alıb millətinə və vətəninə xidmət etməkdir. Gənclərimizin əsas arzuları təhsillərini xaricdə davam etdirib  ölkəyə mütəxəssis kadr kimi qayıtmaqdır. Bu istiqamətdə DİDK-in  AMM –in  birgə layihəsi həyata keçirilmişdi. 18 nəfər gənc Şimali Kiprin Yaxın Doğu Universitetində təhsil alır, onlar universitetin ən yaxşı nəticələrlə təhsil alan tələbələrindəndir. İstərdik ki, bu cür  layihələr davam etsin, gənclərimiz təhsillərini Avropa ölkələrində alsınlar.

-Gürcüstanda gənclər üçün xüsusi mətbu orqanları mövcuddurmu, ümumiyyətlə jurnalistika peşəsinə maraq nə səviyyədədir?

-Gürcüstanda Azərbaycan dilində nəşr  olunan  bir sıra çap məhsulları mövcuddur. Onlara maraq gündən - günə artmaqdadır. Lakin, gənclər üçün nəzərdə tutulan heç bir jurnal və ya qəzet yoxdur. Gürcüstan və Azərbaycan gəncliyinin həyatını, uğurlarını, problemlərini, həyat tərzini işıqlandıracaq bir çap məhsuluna ehtiyac var. Bununla bağlı bizim də xüsusi layihəmiz hazırdır. Sadəcə maliyyə sıxıntısı üzündən hələ ki, reallaşdırmaqda çətinlik çəkirik. İnanıram ki,yaxın gələcəkdə buna nail olacağıq. Bu cür çap məhsullarının artırılması gənclərdə jurnalistika peşəsinə maraq oyadaraq bu peşəyə sahiblənən gənclərin sayının artmasına gətirib çıxaracaq. Xatırladım ki, Gürcüstanda jurnalistika fakultəsində təhsil alan tələbələrin sayı 5 nəfərdən azdır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına

Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 17-19 may.- S.15.