Füzulinin romantizm,

M.F.Axundzadənin realist davamçısı

 

S.Ə. Şirvani Əli Fəhmi yaradıcılığında

 

Əvvəli ötən saylarımızda

 

Təbrizdə nəşr olunmuş bu divanda müxəmməs, müstəzad, bahariyə və klassik irsin digər növləri daxil edilmişdir. Onu da qeyd edək ki, 10 min beytdən ibarət bu divan Mirzəhəbib Məşədi Sadiq oğlu Şamaxılı tərəfindən nəşr olunmuşdu. Əli Fəhmi yazırdı: “Seyid Əzimin əsərlərinin bu nəşri bir ədəbiyyat həvəskarının arzu və marağının nəticəsi olan faydalı bir meyldən irəli getməmişdir”. Şairin əsərlərinin nəşri say etibarı ilə ikinci nəşri 1895-1896-cı illərdə şairin oğlu Cəfərin müqəddiməsi ilə nəşr olunan mənzum hekayələrdir.

 

Seyid Əzimin əsərlərinin daha bir nəşri 1902-ci ildə “Əvvəlinci şirkət” mətbəsində çap olunan “Qəzəliyyati Seyid Əzim Şirvani” əsəridir. Əli Fəhmi bu nəşri bir sıra nöqsanları olmasına baxmayaraq ona qədərki nəşrlərin ən mükəmməli hesab edirdi. Belə ki, iki cilddə nəşri nəzərdə tutulan bu kitabın yalnız birinci cildi nəşr olunmuş, iknci cildi isə naməlum səbəblərdən nəş olunmamışdır.

Seyid Əzimin əsərlərinin həqiqi nəşri Azərbaycanda bolşevik hakimiyyətinin qurulmasından sonrakı dövrdə mümkün olmuşdur. 1917-ci il Oktyabr çevrilişindən sonra onun şerləri xüsusilə də zəmanəsindən şikayət, dini mövhumatı ifşa edən şerrləri zamanla səsləşdiyindən müxtəlif ədəbiyyat müntəxabatlarına daxil edilmişdir. 1930-cu ildə ilk dəfə olaraq şairin seçilmiş şerləri Azərnəşr tərəfindən çap olundu. Tənqidçi H.

Zeynallınin və şair tədqiqatçı Ə. Müznibin şair haqqında məqalələri də bu nəşrlərə daxil edilmişdir. Əli Fəhmi Seyid Əzim irsinə dərindən bələd olduğu üçün bu nəşrdə də müxtəlif nöqsanların olduğunu, imla, ifadə səhflərinə və ayrı ayrı şer parçalarının təhrif olunduğunu göstərir.

1937-ci ildə Seyid Əzimin şerlərinin nəşri nisbətən daha mükəmməl və şairin daha geniş tannınması yolunda mühüm addım sayıla bilər. Burada şairin şerləri- qəzəlləri, rübailəri, müxəmməsləri, tərkibbəndləri və müxtəlif mövzularla bağlı şerləri daxil edilmişdi. Bu məqaləsində Əli Fəhmi bilavasitə özü məşğul olduğu, ADU-da dərs dediyi tekstologiya (mətnşünaslıq) yəni qəzəllərin elmi izahına münasibəti də çox maraqlıdır. Belə ki, o, bu sahədə H. Araslının və Feyzulla Qasımzadənin gördüyü işləri təqdir etmişdir. Professor F. Qasımzadə Seyid Əzimin əsərlərinin elmi tənqidi mətnini hazırlaması şairin həyat və yaradıcılığını ədəbi irsini öyrənmək sahəsində irəliyə doğru atılmış ən ciddi addımlardan biri olmuşdur.

Seyid Əzimin İran Türkiyə rus və bir sıra Azərbaycan şairlərihaqqında məlumat verən “Təzkirə”si “Tarixi Şirvannamə”si Tiflisdə çıxan “İzvestiya Kafkazskoqo obçestvo- istoriya i arxeoloqii” məcmuəsində rus dilində nəşr olunmuşdur.

S. Ə. Şirvaninin əsərləri “Əkinçi”, “Kəşkül”, “Ziya” qəzetlərində müntəzəm çap olunmuşdur. Əli Fəhmi onun nəşr olunmuş əsərlərinin siyahısını verir.

1. Divan. Təbriz. 1897

2. F. Köçərli Azərbaycan ədəbiyyatı tarixi materialları ıı cild ı hissə B 1924

3. K. Mirbağırov Seyid Əzim Şirvani: Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı 1959.

4. Qəzəllər. Bakı Azərnəşr 1960.

5. Ə. H. Rəhimov: Seyid Əzim Şirvaninin farsca qəzəlləri haqqında. Azərbaycan SSR EA Xəbərləri, 1961 N XI

6. Şerləri: Azərnəşr 1963.

“S. Ə. Şirvani ədəbiyyat haqqında” məqaləsində görkəmli ədəbiyyatşünas alim Əli Fəhmi S. Ə. Şirvanini təkcə bir şair kimi deyil, eyni zamanda bir ədəbiyyatçı kimi, bir tənqidçi kimi də tədqiq etmişdir. Çünki, S. Ə. Şirvani Füzuli ədəbi məktəbinin davamçısı olmaqla özündən əvvəlki klassik ədəbiyyat ilə yanaşı rus və avropa ədəbiyyatı ilə də ətraflı tanış olmuşdu. Və özündən əvvəlki romantik poeziya məktəbini davam etdirməklə eyni zamanda özü də bir ədəbi məktəbin, romantik-realist bir poeziya məktəbinin yaradıcısıdır. O, rus ədəbiyyatından A. S. Puşkin şərq ədəbiyyatından Nizami, Firdovsi, Fizuli, Sədi, Hafiz və digər şairlərin haqqında qiymətli fikirlər söyləmişdir. Şairin böyük rus şairi Puşkin haqında yazdığı və EA-nın əlyazmaları fondunda saxlanılan təzkirəsi Əli Fəhmi tərəfindən araşdırılıb, tədqiq edilmişdir. Məlum olduğu kimi A. S. Puşkin Rusiya tarixində qanlı çar kimi tanınan I Nikolayın fitfası ilə öldürülmüşüdü. Məqalədən aldığınız məlumata görə Nikolayın yerinə keçən II Aleksandrın fərmanı ilə onun qəbri təmizlənmişdir. Bu kiçik təzkirədə şair Puşkini oxuculara ətraflı tanıda bilir:

Neçə nafe kitab etmişdi ol şirin suxən bərpa,

Məcalislər tapıb zinət o pakın nəsrü-nəzmindən.

S.Ə.Şirvaninin bir ədəbiyyatçı alim olmaq etibarı ilə Füzulinin istər azərbaycanca, istərsə farsca yazdığı demək olar ki, bütün şerlərini öyrənib onların haqqında tədqiqat aparmışdır. Şairin məhz bu cəhəti Əli Fəhmi tərəfindən sözün əsil mənasında alqışlanır. Aşağıda şairin Füzulinin farsca yazdığı bir beytini Əli Fəhminin təfsiri ilə təqdim edirik.

Şere-mən darəd təşəbbeh gər Fizuli ra çe ğəm,

Dər məzaqe-əhm-del manəndə şiro şəkkərəst.

(Əgər mənim şerim Fizulinin şerinə bənzəyirsə nə qəmim vardır, əhli-hal yanında südlə şəkər kimidir və yaxud Arifi Bağdadra Seyyid nəzire qoftei? To Kocavo u koca şərmikon əz əşare xod).

(Ey seyyid Bağdad arifinə, Fizuliyə nəzirə yazmısan?. Sən hara, o hara, öz şeirlərindən bir utan).

Lakin Seyid Əzimin dərindən bələd olduğu, yaradıcılığına dönə-dönə müraciət etdiyi təkcə Nizami deyildir. O, Nizamidən sonrakı özünə qədər bütün şair və alimlərin əsərlərinə vaqif olmuşdu. O, farsca yazdığı divanında Xaqanini dəfələrlə xatırlayır, ona öz ehtiramını bildirir.

Naibi Xaqaniyəm əndər diyare u bəli.

Zərreye Xurşidra başəd be xorşid entesab.

Şerin Əli Fəhmi tərəfindən edilən tərcüməsi belədir:

(Mən Xaqaninin yurdunda onun naibiyəm, çünki, günəş zərrəsinin nisbəti günəşə çatar”. Nizamini isə şair həm farsca, həm də azərbaycanca divanında bir neçə dəfə xatırlayır. Şairin Nizami haqqında, xususilə də onun Gəncədəki qəbrinin bərbad vəziyyətdə olması haqqnda yazdığı şerlər çox məşhur olduğundan biz onların üstündən keçir və Əli Fəhminin şairin fars divanından götürdüyü 2 beyt iqtibqsı və onun sətri tərcüməsini veririk.

Soxən əz asiman ferud aməd,

Soxan əz aləme kəbud aməd.

Gər bode govheri vəraye soxən,

Uferud aşədi becaye soxən.

(Söz göydən yüksək aləmdən enmişdir. Əgər orada sözdən qiymətli bir gövhər, cəvahir olsaydı, sözün əvəzinə o enərdi. Nizami, Xaqani, Füzuli kimi şairlərə Seyid Əzim nə qədər ehtiram bəsləsə də Fars şairlərindən olan Sədidən, Hafizdən özünü üstün tutur. Fars dilində yazdığı və Əli Fəhmi tərəfindən tərcümə olunan şerlərindən birində: “Ey Seyyid təzmin yaratmaqda sən Sədi və Hafiz Şirazidən yüksəksən” .Əli Fəhmi yazırdı ki, “S. Ə. Şirvani Şamaxı mühitində yetişmiş Azərbaycan klassiklərinin, xüsusilə də İzəddin Şirvani, Xaqani, Zülfüqar Şirvani, Bədr Şirvani və Bahar Şirvani kimi şairlərin adını iftixar hissi ilə çəkir və öz müasiri Mirzə Nəsrullah Bahar Şirvanini özünə ustad hesab edir.

Mən özüm kimi zəmanə sərvəriyəm

Əhli zövqün kəminə çakəriyəm

Ustadım Bəhari vəhyi kəlam

Ki onun nəzmidir mülki nizam.

Əli Fəhmi Seyid Əzimin ayrı ayrı şairlər haqqında şerlərini tədqiq etməklə kifayətlənməyib şairin şer və şairlik haqqında dediyi fikirləri haqqında da məlumat vermişdir. İstər fars istərsə də azərbaycan dilində yazdığı divanlarında gözəl məzmunlu şeri vəsf etmişdir. Məqalə müəllifi şairin şeirin gözəlliyi haqqında farsca bir təzkirəsini iqtibas gətirir.

Nə gözəldir oxuyub əşarı,

Zövqi ürfanə xəbərdar olasan.

Hər guruhun görəsən şəri tərin,

Dəhrdə vaqifi əsrar olasan.

Və yaxud fars dilində yazdığı başqa bir şerində “Ey Seyyid, söz incilərindən başqa heç bir şeyi toplayıb saxlama, çünki, nə varsa puç olacaqdır”. B Əli Fəhminin bu monoqrafiyasında həmçinin nitq və sös haqqında, şerdə forma və məzmunun vəhdəti, şer dilinin sadə və lakonik olması haqqında məlumat almaq mümkündür.

S. Ə. Şirvaninin sözü vaxtnda demək bacarığını müəllif çox yüksək qiymətləndirir. Şairi oxuculara sevdirən xususiyyətlərdən biri budur. Əli Fəhmi yazırdı ki, ”Zəmanənin eybəcərliklərini vaxtında ifşa etmək, öz müasirlərini zamanın tələblərinə uyğun şerlər yazmağa səsləyən şair başa düşürdü ki, güldən çiçəkdən, eşq- məhəbbətdən bəhs edən qəzəllərlə zamanın eybəcərliklərini ifşa etmək mümkün deyildir”.

Demə əşar rəsmi şeri unut,

İndi sən bir təriqi digər tut.

Burada şair incə ruhlu qəzəldən daha çox satirik şerlər yazmağa üstünlük verir. Əli Fəhmi qeyd edir ki, Seyid Əzimin böyüklüyü həm də ondadır ki, onun şerlərində Quran ayələrinə, peyğəmbərlərin hədislərinə, əshabələrin dediklərinə, Həzrət Əlinin divani-əmirinə iqtibaslar mövcuddur.

S. Əzim islamın bütün təriqətlərini dərindən bilsə də bunların heç birinə qoşulmamışdır. Oğlu Cəfərə nəsihətində yazırdı:

Mən özüm şiəyəm, budur sifətim,

Leyk əsnafa yox müxalifətim.

Gər Əbubəkrlə Ömər Osman,

Zülm ediblərsə həqq edər divan.

Dilini saxla lənət etməkdən,

Qeyri şəxsə şəmadət etməkdən.

Şair, şerdə söyüşün, həcvin əleyhinə idi. Ümumiyyətlə mərsiyə və həcv yazanları, mübaliğələrə yol verənləri tənqid edirdi. Bakı şairlərindən olan Əbdülxaliq Yusifə yazdığı şer bu qəbildəndir.

Nə hünərdir bu söyüş söyləməyi hər kimsə bilir,

Bu kəmalilə deməzlər sənə loğman, Yusif.

Şerə, sənətə qiymət qoyulmamasından uzun-uzadı şikayətlənən şair sonda şerə qiymət verən bir zamanın və insanların gələcəyinə dərin inam bəsləyirdi. Satirik şerlərində, hekayə təmsillərində daha çox realizmə meyl edən Seyid Əzim qəzəllərində romantik xəyalların təsirindən qopup ayrıla bilmirdi. Onun qəzəl yaradıcılığı Sırf Füzuli təsiri altında olsa da onun lirik qəhrəmanı olan aşiq nisbətən nikbindir, gələcəyə ümüdlüdir. Çünki, onun sevdiyi gözəl romantik deyil, təbii bir gözəldir. Monoqrafiyanın sonunda Əli Fəhmi şairin farsca divanında aşağıda göstərilən 2 beytin tərcüməsini verib və bu beyti geniş şərh etmişdir.

“Ey Seyyid, daha söz büsatını yığ, çünki, bu zəmanədə çox az arayıb-axtarmışam bir nəfər də olsun şerə xiridar yoxdur. Mənim yeddi beytim ( yəni yeddi beytdən ibarət qəzəlim) Xosrovun yeddi xəzinəsindən daha qiymətlidir”.

Şərhi:

Xosrov Pərvizin yeddi, bəzi rəvayətlərə görə isə səkkiz xəzinəsi varmış.

1. Gənci-ərus (gəlin xəzinəsi). Bu xəzinəni Xosrov tək özü qazanmışdı.

2. Gənci-badəbərd (Külək gətirən xəzinə). Bu xəzinəni Rum qeysəri öz dövlətini gəmi ilə İtamuaya qaçırarkən dənizdə rast gəlib ələ keçirmişdi.

3. Gənci- qeybeyi-Xosrovi (Xosrovun qumaş xəzinəsi) idi.

4. Əfrasiyab xəzinəsi. Bu dövləti Turan padşahı Əfrasiyab gizlətmişdi. Sonradan Xosrovun əlinə keçmişdi.

5. Gənci süxtə (burada “süxtə” sözü ölçülmüş mənasını bildirir).

6. Gənci xəzra (yaşıl xəzinə). Bunu Xosrov Pərviz Ərəb xalqından əxz etmişdi.

7. Gənci-şadaban (Şadlıq gətirən xəzinə. İskəndər zülqərneyn tərəfindən gizlədilmişdi. Xosrov təsadüfən bir kəndli vasitəsilə bu xəzinəni tapmışdı).

“S. Ə. Şirvaninin lirikası məqaləsində Əli Fəhmi S. Ə. Şirvaninin lirik şerlrindən söhbət açır. Klassik şerin bütün növlərində şerlər yazan S. Əzim lirik şerlərini demək olar ki, əksəriyyətini Füzulinin təsiri ilə qələmə aldığını göstərir. Təsadüfi deyildir ki, onu Fizulidən sonra qəzəl janrının ən gözəl davamçısı sayırlar. Həmişə klassik şairlərin lirik şerlərini oxuyarkən məndə belə bir sual doğur ki, niyə şairlərin əksəriyyəti özünə lirik yaradıcılıq üçün məhz qəzəli seçirlər?. Heç sübhəsiz ki, bu qəzəlin daha şən, daha gözəl səslənməsi, ən əsası ilə musiqiyə asan uyuşmasıdır.

Batin üzümün şahididir vəchi-kəlamını,

Əlminnətü lillahi ki, vəchi-həsənim var.

Sənət aləmini meydan adlandıran şair özünün bu sənət meydanının Fərhadı adlandırır.

 

Yeqzar Cəfərli

 

Ardı var…

 

Olaylar.- 2014.- 17-19 may.- S.11.