Simvolizmdən
maarifçiliyə,
tənqidi realizmdən
sosializm realizminə
Əbdürəhim bəy Haqverdiyevin
yaradıcılığında ədəbi cərəyanların
yeri
Ə.Haqverdiyev
Azərbaycan ədəbiyyatını bir çox nəsr əsərləri
ilə zənginləşdirmişdir. Özü bəy ailəsindən
olsa da əsərlərinin əsas tənqid hədəflərindən
biri bəy-mülkədar həyatı olmuşdur. Ə.Haqverdiyev pozğun həyat
yaşayan meşşan mülkədar yaşam tərzini
“Dağılan tifaq” əsərinin əsas qəhrəmanlarından
olan Nəcəf bəyin dilindən belə ifadə edir:
“Atalar məsəlidir: Dünya beş gündür, beşi də
qara. Bədbəxt mən o kəslərə deyirəm ki, bu
beş qara günü ləzzət damaq ilə keçirdib
baş gora aparmaya...Mənim aləmimdə, pulun var, xərc elə,
bağışla, ye, iç, ver kefə, eyş-içrətə,
ləzzətə, beş gün qara dünyanın ləzzətini
apar, öləndə də dünyadan bir təmənnan
qalmasın”. Bu bir neçə cümlə ilə mülkədar
dünyasının iç üzünü asanlıqla göstərirdi.
Haqverdiyevin əsərləri ilə
tanışlıqdan aydın olur ki, indi nəinki gənclərin,
hətta həmin dövrü yaşayan insanların belə
ağız büzüb bəyənmədiyi sovet cəmiyyətinin
bir sıra yaxşı özəllikləri varmış.
Bütün bu özəllikləri yazıçı
“Söhbət” hekayəsində yeniliyin köhnəliklə
mübarizəsi fonunda bacarıqla verirdi: “Zəmana çox
adamın burnunu ovub, çox adamlara öz məqamını
göstərib. Ciblərində pulu çox görüb
Allahlıq iddiasına düşənlər indi küçələrdə
tülkü sifətində gəzirlər”.
Ə. Haqverdiyevin əsərlərində
tez-tez toxunduğu məsələlərdən biri də
qadın hüquqsuzluğu idi. Onun qadın qəhrəmanları
Axundzadənin qadın qəhrəmanlarından daha hüquqsuz
idi. Bunu biz “Dağılan tifaq”da Sona xanımın
aşağıdakı monoloqunda görürük. “Pərvərdigara,
məgər övrət tayfasını yaradarkən heyvan
yaradıbsan, insan yaratmayıbsan? Nə vaxta qədər bizim
dilimiz bağlı olacaq?
Tipik obrazlar ustası olan Ə.Haqverdiyev Sona
xanım obrazı ilə cəmiyyətdə ən adi insani
hüquqlardan belə məhrum olan yüz minlərlə
qadının bütövləşmiş obrazını
yaradır. Lakin bir qadın obrazı kimi Sona çox zəifdir.
Çünki, o, öz hüquqsuzluğundan yalnız Allaha
şikayətlənməklə yetinir. C.Cabbarlının
Sevili kimi əsarət pərdəsini öz üzərindən
götürməyə heç bir cəhd göstərmir.
Bütövlükdə Haqverdiyevin burjua cəmiyyəti
haqqında fikirləri müəyyən qədər
ikibaşlıdır. O, bu
toplumun ifşası üçün yetərli qədər əsərlər
yazsa da, “Dağılan tifaq”ın sonunda bir mülkədar ailəsinin
dağılmasına dərin təəssüflənir. Bununla
da ara-sıra realizmdən aralanır. Əlbəttə, bunu
onun bir gənc olması ilə də əlaqələndirmək
olar. Çünki o, hələ dövrünün ziddiyyətlərini
bir o qədər də yaxşı görə bilmirdi. Bu zaman o, bir realistdən
daha çox bir maarifçi idi. Çünki,
mülkədar ailəsinin dağılmasını nəsihət
yolu ilə islah etmək istəyirdi. Amma sonrakı “Bəxtsiz
cavan” da Fərhadın
dili ilə “batsın sizin kimi xunxar cəlladlar” deyərək
mülkədar cəmiyyətinə lənət
yağdırır. Lakin Fərhad da ideal bir surət
deyildi. O, insan hüquqsuzluğuna ancaq etiraz edə,
şikayətlənə bilirdi. “Bir dananın
burnu ağrıyanda neçə həkim çıxır,
ancaq insana qulaq asan yoxdur”. Amma o, “insanların
heyvanlardan daha az hüququ olan bir zamanda” aciz qalıb
özünü öldürür. Bütövlükdə
Haqverdiyev bütün yaradıcılığında
mübariz, döyüşkən bir inqilabçı surəti
yarada bilmədi.
Haqverdiyev dram əsərlərində ailə
məişət məsələlərini önə çəkir,
bir ailənin timsalında cəmiyyəti tərbiyələndirməyə
çalışırdı. Yəni,
yazıçının düşüncəsinə görə
cəmiyyəti dəyişdirməyin yolu ailədən
keçirdi. Öz mövzusunu xalq
yaradıcılığından götürən “Pəri
cadu”da da yazıçı eyni məqsədi güdür.
Bu əsərin realizm və ya simvolizm cərəyanında
yazılması tənqidçilər tərəfindən
mübahisəlidir. Əsərdə
bütün zamanlar üçün güncəl olan bir məsələ
qaldırılır. İnsanın
yaşam tərzi onun əməllərindən
asılıdır. İnsan
gördüyü hər bir işin cavabını elə bu
dünyada alır. Haqverdiyev özünəməxsus
özəlliyi olan hər bir əsəri yazarkən qabaqcadan
güddüyü məqsəd prinsipinə bu əsərdə
də əməl edir.
Lakin qeyd etdik ki, onun bütün qadın
qəhrəmanları zəifdir. Pəri
xanım bivəfa kişilərdən xilas olmaq, cəmiyyətdəki
qadın hüquqsuzluğuna qarşı mübarizə aparmaq
üçün bütün qadınları öz çevrəsinə
yığmaq əvəzinə iblisdən, yeddi əcinnədən
və Şamamadan kömək umur. “Pəri
cadu”nun yazıldığı 1901-ci ilə qədər
artıq Azərbaycan tarixində bir neçə qadın
üsyanı baş vermişdi (məsələn, Güney Azərbaycanda
Zeynəb paşanın üsyanı) və Haqverdiyevin bu
üsyanlardan xəbərsiz olduğunu demək sadəlövlük
olardı.
N.Nərimanovun “Nadir şah” tarixi faciəsindən sonra
ikinci tarixi faciə olan “Ağa Məhəmməd şah Qacar”
faciəsi bütün tarixi bədii əsərlərin
içərisində tarixin ən az təhrif
olunduğu əsərdir. O, Qacarın həyat və
hökmranlıq fəaliyyətini tam realistcəsinə ifadə
edib. Axtalanması, bu zaman keçirdiyi iztirablar, qaniçən,
zalım olması, insanların gözlərini
çıxarmasını tənqid etməklə Qacarı həm
də savaş dövrünün qanunlarını bilən,
ölkəsini birləşdirən, bu yolda hər şeyə
hazır olan bir görkəmli sərkərdə obrazı kimi
yaradır. Əsərdə Haqverdiyevin oxuculara
göstərə bildiyi qənaət Azərbaycanın
parçalanması və bu parçalanmanın acı
sonucları idi.
Ə.Haqverdiyevin hekayə
yaradıcılığı çox zəngindir. Yazıçı əksər hekayələrində
ironiyadan istifadə edir. Əsasən
fırıldaqçı seyidlərin ifşasına həsr
olunan “Seyidlər ocağı”nda yazıçı yazır:
“Əgər İran olmasa idi bilmirəm, bu yazıq camaat haraya
gedərdi!”
Və ya: “Şad günlərimizdə İran bizə
mütrüblər, hoqqabazlar, kəndirbazlar, meymunoynadanlar,
ayıoynadanlar göndərir. Dini
ehtiyaclarımızın dəfi üçün mahir vaizlər,
risaləçilər, mərsiyəxanlar, seyidlər və dərvişlər
göndərir. Qısası, Allah abad eləsin
və bəd nəzərlərdən mühafizə etsin,
yaxşı vilayətdir”.
Haqverdiyev digər əsərlərində də
İrandakı acınacaqlı vəziyyəti - bir parça
çörək üçün doğma el-obasını tərk
edib Quzey Azərbaycana gələn soydaşlarımızın
halını təsvir edərək onların halına qəlbən
acıyır, onları bu hala salan şahı belə tənqid
etməkdən çəkinmirdi: “İranlı
qardaşlarımıza vəsiyyətimiz: Məhəmmədəli
şahın əsrində İran torpağında
yaşamağı özlərinə rəva görməsinlər
və Məhəmmədəli şahı özlərindən
uzaq etməyi “üzaleyi-nəcasət” dərəcəsində
bilsinlər. Çünki, bir hava ki, üfunətləndi,
orada nəfəs çəkib zindəganlıq eləmək
dəxi mümkün deyil”.
Bundan başqa yazıçı Osmanlıdakı
soydaşlarımızın halına biganə qalmır,
ara-sıra zülmü hətta sultan səviyyəsində
ifşa etməkdən çəkinmirdi: “And olsun sultan Məcidül-Həmid
qazinin hurriyyətpərəstliyinə” deyərək
sultanı açıq-aydın təhqir edirdi. Ən
asası bu idi ki, yazıçı bu tənqidi tam
zamanında, heç nədən çəkinmədən
edirdi. Onsuz da “Molla Nəsrəddin”çiləri
hər dəqiqə təqib, təhqir, ölüm gözləyirdi.
Ə.Haqverdiyevin əsas tənqid hədəfləri
çar üsul idarəsi və avamlıq idi. Hər iki tənqid hədəfləri onun hekayələrində
daha gözəl əks olunub. O, ifşa etmək
üçün özünə hədəflər seçir
və onları “Marallarım” adlandırırdı. Bu hekayələrin qəhrəmanlarının
çoxu gerçək həyatdan
götürülmüşdü. Sual olunur: Məyər
bu gün Azərbaycan kəndində Qasım əmilər yoxdurmu
(hərçənd, əksər tənqidçilər
Qasım əmini tip hesab etmirlər)? Mirzə Səfərlər,
“Haqq Mövcud”lar, Şeyx Şabalar
yoxdurmu? Nə idi Şeyx Şabanı bu cür
yaşam tərzi keçirməyə vadar edən? Hər
şeydən öncə yaşadığı zaman! O,
başqa bir zamanda bir başqa cür də tərbiyələnə
bilərdi. Doğrudanmı o, öz həyatını
yaşayırdı? Həqiqətənmi
bu, Quranda yazılan kimidir? “Sizin
başınıza o işlər gəlir ki, onlar qabaqcadan sizin
alnınıza yazılıb”. Elə isə
birisinin qismətinə yaxşı, digərinkinə pis
yazılıbsa, onda pis yaxşı olmağa can atmaqla
Allahın əmrini pozmuş olur ki. Milyonların
gücünə belə sındırılması
mümkün olmayan ləyaqət sahibləri az
olsa da bu gün də var.
Öz bəd əməllərini
şeytanın boynuna yükləyən (Allah sənə lənət
etsin, kor şeytan!) insanlar bu günkü həyatımızda
bəs deyincə var. Hər bir yas məclisində belələrini
görmək olur. Müqəddəs məkanlarda
tövbə edib gələndən sonra belə tövbəsini
pozanlar yetərli qədərdir.
Yazıçının dram əsərlərindən
danışarkən qeyd etdik ki, o, əsərlərinin
çoxunun mövzusunu şifahi xalq
yaradıcılığından götürüb. “Seyidlər ocağı”da bu qəbildəndir. Yazıçı avam xalqın belə asanlıqla
fırıldaqçı seyidlərin toruna düşməsinə
acı-acı gülür. Onun satirası
ilk oxunuşda gülüş doğurur, sonradan insanı dərindən
düşünməyə, acı-acı ağlamağa vadar
edir.
Ə.Haqverdiyevə ədəbiyyatımızda
geniş şöhrət qazandıran bir özəllik də
odur ki, onun əsərlərinin çoxu bu günümüz
üçün də aktualdır. Bu
gün də xalqımızın əziyyətlə
qazandığı axırıncı tikəsini önəmsiz
yerlərə nəzir verməsinin hamımız şahidi
oluruq.
Yazının XX yüzilin
başlarında baş vermiş erməni-müsəlman
qırğını münasibəti
çağdaşları olan yazıçıların
münasibətindən heç də fərqlənmirdi. O, bu
qırğın sonucunda Şuşada baş vermiş hadisələri
“şeytanın toyu”na bənzədirdi.
Sovet dövründə bəyənilən, bu gün isə tənqid
edilən bu münasibət faciənin “hakim təbəqələr
tərəfindən
iki qardaş xalqı qırğına vermək
üçün törədildiyini bildirməkdən ibarət
idi”. Amma bu barədə düşündükdə
belə bir sual yaranır. Münaqişə
nəticəsində həyat şəraitləri səfalət
dərəcəsinə enən, dünyanın
çeşidli ölkələrinə səpələnən
ən sadə yoxsul ermənilərə qondarma torpaq problemini
qaldırıb Azərbaycanla münaqişəyə girmək
lazım idimi?
Haqverdiyev o yazıçılardan idi ki,
öz yaradıcılığına həddindən artıq
tənqidi yanaşır, çağdaş tənqidi dillə
desək öz yazdıqlarını cırıb yenidən
yazmağı bacarırdı. Yaratdığı
hər bir obrazı bütün incəliklərinə qədər
təsvir edirdi. Onun geyimini, sifət cizgilərini
təsvir edərək başqa “Molla Nəsrəddin”çilər
kimi yaratdığı hər bir tipin portretini
cızırdı.
Başqa “Molla Nəsrəddin”çilər
kimi onun da əsas tənqid hədəfi cəmiyyətin əsas
eybəcərliklərini ifşa etmək, sadə əmək
adamlarını tərənnüm etmək, hakim siniflərə
qarşı barışmaz mübarizə aparmaq idi. Bunları nəzərə
alaraq da
yazıçının
yaradıcıllığını 3 dövrə bölmək
olar:
I dövrdə
(1907-ci ilə qədər) yazıçı əsərlərini
əsasən simvoliz və maarifçilik cərəyanlarında
yazır, realizmə meyl edirdi.
II dövr (1907-1920 –ci illə ədib əsasən
tənqidi realizm ədəbi cərəyanında əsərlər
yazırdı.
III dövr sovet quruculuğu
dövrüdür ki, Haqverdiyev də Mirzə Cəlil, N.Nərimanov
kimi sovet hakimiyyətini alqışlayır və bu
dövrün prinsiplərinə uyğun əsərlər
yazır. Lakin nədənsə o, sovet
adamını tərənnüm edən bir əsər belə
yazmadı.
Haqverdiyev bütün həyatını
xalqının, millətinin maariflənməsinə sərf
etdi. Xalqımız da ona həmişə
sayğı duyur, əsərlərini bu gün də sevə-sevə
oxuyur. O, realizm
bayrağını öz ustadı M.F.Axundzadədən
alıb onu digər məslək yoldaşları birlikdə
zirvələrə-sosializm realizmi səviyyəsinə
qaldırdı. Mirzə Cəlillə, Sabirlə yanaşı
dilimizin saflığı uğrunda yorulmadan mübarizə
apardı.
Yeqzar Cəfərli
Azərbaycanın
Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə həyata keçirdiyi “Azərbaycan ədəbiyyatında
müasir yaradıcılıq cərəyanlarının izlənməsi
və təhlilinə dair təşəbbüslər” layihəsi
çərçivəsində çap olunur.
Olaylar.- 2014.- 21
may.- S.10.