Ədəbiyyatımızda maarifçi

demokratiyanın təntənəsi

 

Azərbaycanın ictimai-siyasi fikir tarixində əvəzsiz rol oynayan çox görkəmli şəxsiyyətlərdən biri də H.Zərdabidir. Rusiyada yüksək təhsil alan, qabaqcıl RusiyaAvropa mədəniyyətinə bələd olan Zərdabi təhsilini başa vurandan sonra vətəninə dönmüş, həyatının mənasını xalqına xidmətdə görmüşdür. O, ədəbi, ictimai fəaliyyətə tam zamanında başlamışdı. Bu zaman xalqın həyatını gerçək boyalarla əks etdirən, onun maariflənməsi yolunda yorulmadan çalışan M.F.Axundzadə ədəbi aləmdə sanki təklənmişdi. Bu yolda ona dəstək olan, ideyalarını davam etdirən elə Axundzadənin özü kimi əsil millət fədailəri lazım idi. H. Zərdabinin yaradıcılığında o dövrün bir sıra digər yazıçı və ictimai xadimləri kimi bir sıra ziddiyyətlər vardı.

Bu ziddiyyətlər hər şeydən öncə özünü zəhmətkeş kütlələrlə hakim təbəqə arasındakı münasibətlərdə göstərirdi. Bir yandan zəhmətkeşləri varlı təbəqəyə qarşı mübarizəyə səsləyir, bir yandan da bu iki sinif arasında bir münasibətin saxlanılmasını vacib sayır. O, haqlı olaraq bildirirdi ki, yoxsul əhali öz düşmənini digər millətlərin arasında deyil, öz arasında axtarmalıdır. H.Zərdabi yazırdı: “Məlumdur ki, bir heyvan bir ahunu şikar edib özü yeyir və əgər bir qeyri heyvan onun əlindən o ahunu almaq istəsə, onunla ölənəcən dava edər, amma insan qan-tər töküb qazandığını avamlığı cəhətdən öz əli ilə özündən güclülərə verib onların dəxi artıq təvanə olmağına bais olur”!.  Böyük alim və ictimai xadim dinə münasibətində heç də ardıcıl deyildi. O, dini tənqid etsə də ayrı-ayrı dini ayinləri-Məkkə ziyarətini, Qurban bayramını alqışlayırdı. Ayrı-ayrı məqalələrində millətimizin birliyi üçün dini birliyi çox vacib sayırdı. Bəlkə də bunları yazır, amma başqa cür düşünürdü. Hər halda dinə münasibətdə yaşadığı zaman onu ehtiyyatlı olmağa sövq edirdi. Məhz bu ehtiyatlılıq üzündən də dinin elmin qabağına çəkdiyi səddi elə din xadimlərinin əli ilə aradan qaldırmağa çalışırdı.  Zərdabi islamın bir sıra ehkamlarını, qəzavü qədər, cənnət-cəhənnəmi qəti şəkildə rədd edirdi. Belə hesab edirdi ki, insan öz fəaliyyətini öz əməlləri ilə özü təyin edir, qəzavü qədər boş şeydir. Cənnət də, cəhənnəm də bu dünyanın özündədir.  O, islamın məhərrəmlik mərasiminə münasibətində daha artıq cəsarət nümayiş etdirirdi. Bu məsələyə məslək dostu M.F.Axunzadə ilə eyni mövqedən yanaşırdı. Axundzadə bildiyimiz kimi bu məsələyə “beş-on ərəbin beş-on ərəbi öldürməsi məsələsi” kimi baxmış və müsəlmanlara bu faciəyə ağlamaqdansa öz ruzigarlarına ağlamağı məsləhət görmüşdü. Zərdabi təziyədarlığa qarşı çıxmaqla fasiləsiz olaraq təhqib və həcv olunurdu. Bütövlükdə Azərbaycan ziyalıları, demokratları arasında H.Zərdabi qədər təqiblərə məruz qalan, həcv olunan ikinci bir şəxs yoxdur. O, başa düşürdü ki, bu yolda hələ çox işlər görmək lazımdır. “Nə qədər istəyirsənsə dua oxu, donuz öz xoşuna buğda zəmisini buraxan deyil”. Lakin o, ruhdan düşmürdü. Öz xalqının yolunda maarif çırağını yandırmaqda heç nə ona mane ola bilmirdi və bunun müqabilində heç bir təmənna ummurdu. M.F.Axundzadəyə məktubunda yazırdı: “Elə fikirləşməyin ki, xalqın maariflənməsi bir məqalə və ya pyeslə düzələsi şeydir. Xeyr! Burada görüləsi işlər çoxdur. Bu yolda külüng vura biləcək onlarla adamın əməyi və həyatı da bu iş üçün azdır. Bəlkə sizi belə bir şey düşündürür ki, nə üçün başqa birisi deyil, məhz siz, özü də müftə, bir quru “sağ ol” deməyə ümüdünüz olmadan zəhmət çəkəsiniz... Xalqın, həm də geridə qalmış avam xalqın, sənin və mənim qardaşlarımın maariflənməsi işinə özünü həsr edən adamı belə bir fikir yolundan qoymamalıdır. O, mükafatını öz-özünə, işini görə-görə vicdanı qarşısında duyacaqdır”.

Məsələni qəlizləşdirən birbu idi ki, çarın 1853-cü il fərmanı ilə kəndlilər bəylərin asılılığından azad olunandan sonra ruhanilərin təsiri altına düşdülər. Onlar dua yazmaq, cadu etmək kimi yalançı işlərlə kəndliləri öz təsirləri altına almışdılar. Bütün bunlardan xilas olmaq üçün isə o, yeganə çıxış yolunu xalqın maariflənməsində görürdü. Lakin o da öz sələfləri kimi unudurdu ki, insanları maarifləndirməklə cəmiyyəti dəyişdirmək mümkünsüzdür. Buna köklü bir inqilab lazımdır. Amma bir məsələ də qəti aydındır ki, maarifsizinqilab olmur. Zərdabinin bu sahədə dünyagörüşü müəyyən qədər dar idiqeyd etdiyimiz kimi, yalnız maarifçiliklə məhdudlaşırdı.

“Əkinçi” qəzeti kəndlilərlə yanaşı fəhlələrin acınacaqlı vəziyyətini, fəhlə hərəkatını geniş şəkildə işıqlandırırdı. O, fəhlə hərəkatına aid bir sıra məqalələr yazsa da bütövlükdə fəhlə hərəkatının liderlərindən birinə çevrilə bilmədi (məsələn, N.Nərimanov kimi). Fəhlə hərəkatına münasibətində o, bir inqilabçı kimi deyil, bir maarifçi demokrat rolunu oynayırdı. 1906-ci ildə Bakı tətillərini alqışlayan ədib yazırdı: Bu axır zamanda biz müsəlmanların qol və qıçlarını bağlayan zəncir paslanıb para-para olub töküldü. Bakının küçələrində “Yaşasın hurriyyət” və qeyrə sədası büləndi-asiman oldu və müsəlmanlar dəstə-dəstə cəm olub ittifaqi hümmət və qeyr cəmiyyətlər bina etdilər və bu dəstələrdə rus-müsəlman uşkolllarının müəllimləri başçılardan olub, yaşasın deyənlərdən oldular”.

Zərdabi Rusiyada təhsil aldığından o, çarizmin üzünü başqalarına nisbətən daha yaxşı görürdü. O, açıq aydın mütləqiyyətin düşməni idi. O, cəmiyyətin qalxımında mütləqiyyətin və təhkimliyin başlıca maneə olduğunu çox gözəl görürdü. (1870- ci ildə Azərbaycanda təhkimçilik hüququ rəsmən ləğv edilsə də kəndli öz pay torpağına hələ uzun müddət sahib ola bilmədiyindən Azərbaycan kəndlərində təhkimçilik münasibətləri hələ çox illər davam etmişdi).

“Kənd mirzələrindən xilas olmalıyız” məqaləsində hər addım başı təhqir olunan, alçaldılan, hüquqları pozulan Azərbaycan kəndlisinin acınacaqlı halına acıyır və eyni zamanda kəndlilərin maariflənməsinin vacibliyini qeyd edirdi. Bəylər tərəfindən onların axırıncı tikələrinin əllərindən alındığını, kəndlilərin “qara günə bir zad saxlaya bilməmələri” göstərilirdi. Bütün bunların səbəbi kimi onların öz hüquqlarını bilməməsi kimi izah edən müəllif kəndlilərin maariflənməsini vacib sayır və bu maariflənmədə ədəbiyyat və incəsənətin önəmini xüsusi olaraq qeyd edirdi. O, həmçinin zövqsüz şeri və mahnını tənqid edir, mahnının şerin təsir gücünü yüksək qiymətləndirirdi.  Heç bir təqib, heç bir tənə Zərdabini xalqı maarifləndirmək yolundan döndərə bilmirdi. Bu işdə o, hamıdan öncə gənclərə arxalanırdı: “Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim vətən qardaşlarımız ilə üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşməyib əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər. Amma insaf deyil beş gün ömrün ləzzətindən ötrü milləti-qardaşlarımızı atıb, onları kor və sərgərdan qoyasınız...Qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, avamülnas daşa bassın, siz millət üçün zəhmət çəkərsiniz və bişək gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq”.

Zərdabinin fəaliyyətinin əsasını “Əkinçi” qəzeti təşkil edirdi. Müasir rabitə vasitələrinin olmadığı bir zamanda xalqı maarifləndirmək üçün ən yaxşı vasitə qəzet idi. Həm də qəzetin əldən-ələ gəzməsi və onun kütlələrə oxunması daha asan idi. Ağlasığmaz çətinliklər və gərgin əmək sərf etməklə o, 1875-ci ildə  nəhayət ki, “Əkinçi”nin çapına nail oldu. Bununla da Azərbaycan mətbuatının əsasını qoydu. Qəzetin çətinliyi haqqında yazırdı: “Bəs qəzeti necə çıxardım? Pul yox, yazıçı yoldaş yox, hurufat yox, əmələ yox, bir-iki yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izn almaq da ki, bir böyük bəladır”. Üstəlik də qəzetə abunə tapmaq və qəzeti kəndlərə aparıb savadsız kəndlilərə oxumaq lazım idi.  Zərdabi hər bir işdə gənlərə arxalanır, önların gücünə inanırdı. Gənclər də onu çox sevir, xatirəsini əziz tuturdular. Onlar hörmətli alimi “Əkinçi”nin mövcud olduğu dövrdə fəaliyyət göstən “İmdadiyyə” cəmiyyətinə özlərinin mənəvi rəhbəri seçmişdilər.  Zərdabi cəmiyyətdəki ictimai bəlaların bir kökünü də qadınların hüquqsuzluğunda görürdü. O, İslamın qadınlara olan münasibətinin qəti əleyhinə idi, Azərbaycan ailəsində qadını tamam sərbəst və azad görmək istəyirdi. “Əkinçi” səhifələrində bu mövzuda tez-tez çıxış etdiyi yazılarında müəllif orta əsrlər və yeni dövr qadınının hüquqsuzluğunu tənqid edirdi. Zaman-zaman qadın ölmüş əri ilə birlikdə diri-diri torpağa basdırılır, ölmüş ərini ölü bilib həyatına qəsd edən qadınlar təriflənir, əjdahaya bənzədilir, balaca qızlar isə diriykən torpağa gömülürdülər. Zərdabi qadınların keçdiyi əzablı yolları göstərməklə eyni zamanda qadın azad olunmayınca cəmiyyətin inkişafının qeyri-mümkün olduğunu bildirirdi.

H.Zərdabi öz xalqına sarsılmaz məhəbbətlə bağlanmış əsil vətənpərvər idi. Azərbaycan teatrını yaradanda onun necə gərgin əmək sərf etdiyi, necə sevinib fərəhlənməyi çoxlarına məlumdur. Ədəbi ictimai fəaliyyətində inqilabçı demokrat səviyyəsinə keçə bilmədisə də maarifçi demokratik fəaliyyəti ilə Azərbaycan ədəbiyyatı tarixində M.F.Axundzadədən sonra ikinci ictimai xadim səviyyəsinə yüksəldi. “Əkinçi” qəzeti isə cəmi iki il davam etməsinə baxmayaraq Azərbaycanın demokratik ziyalılarını vahid cəbhədə birləşdirməkdə müstəsna rol oynadı. Onun xalqımızı milli birliyə çağıran ictimai fəaliyyəti və yaradıcılığı bu günçox güncəldir.

 

Yeqzar Cəfərli

 

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər” layihəsi çərçivəsində çap olunur.

 

Olaylar.- 2014.- 22 may.- S.12.