“Azərbaycan diasporu Türkiyədə

hər zaman güclü olmalıdır” -

 

Çingiz Bayramov: “Dünyanın hər yerində diasporumuzu daha da gücləndirməliyik”

 

Azərbaycanın təbliği, ölkəmizin tanıdılması, eləcə də gənc Azərbaycan diasporunun formalaşdırılmasında müxtəlif illərdə xarici ölkələrə təhsil almağa göndərilən tələbələrin də müstəsna xidmətləri olub. Bu sırada 90-cı illərin əvvəllərində Türkiyəyə təhsil almağa göndərilən tələbələrin fəaliyyətini xüsusi qeyd etmək yerinə düşər. Təsadüfi deyil ki, həmin dövrdə hətta qardaş ölkədə belə Azərbaycanı tanıtmaq çətin olduğu qədər də məsuliyyətli idi. Həmin illərdə qardaş ölkədə təhsil almağa göndərilən, hazırda isə Türkiyə Universitetləri Məzunları İctimai Birliyinə sədrlik edən Çingiz Bayramov da bu qənaətdədir. “OLAYLAR”-a verdiyi müsahibədə İctimai Birlik sədri xarici ölkələrə təhsil almağa göndərilən gənclərin diaspor həyatındakı rolundan da danışıb.

 

-Çingiz müıəllim, siz də zamanında xarici ölkələrdən birinə, qardaş Türkiyəyə təhsil almağa göndərilən gənclərdən olmusunuz. O illərdə siz həm bir tələbə, həm də Azərbaycanın haqq səsini yayan diaspor fəalı hesab olunurdunuz. Bu fəaliyyət nə dərəcədə çətin və ya asan idi?

-Mən 1991-ci ildə qardaş Türkiyə Cümhuriyyətinə təhsil almağa getmişdim. O zaman, sentyabr-oktyabr aylarında Azərbaycan hələ müstəqilliyini elan etməmişdi. Biz Türkiyəyə getdikdən sonra Azərbaycan parlamenti dövlət müstəqilliyinin bərpası haqqında qərar verdibuna çox sevindik. O zaman biz Türkiyəyə Azərbaycan Respublikasının vətəndaşı kimi yox sovet pasportu ilə, Sovetlər Birliyinin vətəndaşı kimi getmişdik. Qardaş ölkənin sərhəddini keçərkən bizlərə qəribə baxırdılar. Yəni, Azərbaycandan getmişdik, danışığımız türkcə idi, lakin üzərimizdə Sovet pasportu gəzdirirdik. Buna özümüzpis olurduq ki, nə üçün sovetlərin pasportunu daşıyırıq. Ancaq zaman keçdikcə azərbaycanlı deyə bir məhfum yaranırdı. Həmin ərəfədə Bakıda Milli Azadlıq Hərakatı gedir, insanlar küçələrə çıxıb azadlıq, suverenlik haqlarını tələb edirdilər. Digər tərəfdən Azərbaycan əraziləri  Rusiyanın dəstəyi ilə ermənilər tərəfindən təcavüzə məruz qalırdı. Belə bir zamanda Azərbaycanı tanıtmaq təbii ki, çox çətin idi. O dövrdə Türkiyədə azərbaycanlılar tərəfindən qurulmuş məhdud sayda cəmiyyətlər vardı ki, onlardan  biri Ankarada, digəri İstanbulda fəaliyyət göstərirdi. Hətta baş konsulluq, konsulluq, yaxud digər bir diplomatik nümayəndəliyimiz yox idi  Ancaq Milli Azadlıq Hərəkatından kimlərsə gəlirdisə onlarla görüşülür, həmin insanlar Azərbaycanı tanıdırlar. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev kimi şəxsiyyətin olduğunu bilirdik. Belə bir vəziyyətdə Azərbaycanı qardaş ölkədə tanıdacaq insanlar böyük bir məsuliyyət daşıyırdılar. Onlar da təbii ki, bizlər idik. Çünki biz ticarətlə məşğul olmur, bazara getmirdik. Gənc olaraq universitetdə təhsil alırdıq və ilkin olaraq tələbə yoldaşlarımız arasında Azərbaycan barədə təssürat formalaşdırmağa çalışırdıq. Onu da qeyd edim ki, Türkiyədə tələbə yataqxanasında qaldığımız üçün orada da bizim böyük bir çevrəmiz vardı. Bundan da istifadə edərək Azərbaycanı tanıtmaqla məşğul olurduq. Zaman keçdikcə Azərbaycan müstəqilliyini elan etdi. Sonrakı illərdə Xocalıda ermənilər soyqırım həyata keçirdilər. Bütün bu tarixləri tələbə olaraq qeyd edir, baş vermiş hadisələr barədə Türkiyə cəmiyyətinə məlumat çatdırmağa çalışırdıq. Sanki özümüzdə bir məsuliyyət hiss edərək həmin tarixləri yad edir, bir növ Azərbaycanın diplomatik nümayəndəsi kimi fəaliyyət göstərirdik. Tədricən Azərbaycanın təbliği, onun tanıdılması ilə bağlı tədbirlər təşkil edir, matəm günlərində anım tədbirlərinə toplanırdıq. Həmin illərdə telefon rabitəsi də demək olar ki, yox dərəcəsində idi. Günümzdə olduğu kimi mobil telefon, internet əlaqəsi mövcud deyildi, Azərbaycandan qəzet gəlmirdi. İndiki kimi yadımdadır ki, yataqxanada radioya qulaq asarkən Azərbaycan radiosunun dalğasını tapanda nə qədər sevinmişdim. Hətta yoldaşlıq etdiyim bütün tələbələri toplayıb Azərbaycan radiosunu, Azərbaycanın səsini onlara dinlətdim. O zaman bu bizim üçün ən böyük sevinc idi. Belə bir çətin vəziyyətdə Türkiyədə Azərbaycanı tanıtmaq biz tələbələrin üzərinə düşmüşdü.

-O zaman Azərbaycanın təbliği yalnız paytaxt Ankaraİstanbulla məhdudlaşırdı?

-Xeyir. O dövrdə azərbaycanlı tələbələr Türkiyənin beş şəhərində-Ankara, İstanbul, İzmir, Bursa və Ədirnədə təhsil alırdı. Həmin şəhərlərdə Azərbaycan artıq bizim tələbələr vasitəsilə tanınırdı. Düzdür, tələbələrin aktiv təşkilatı olmasa da, özləri bir araya gəlib bayram tədbiri, yaxud anım mərasimi keçirirdilər. Bununla da gənclərimiz Azərbaycanı qardaş Türkiyəyə, Türk xalqına tanıdırdılar. Onlar heç bir yerdən maddi vəsait əldə etmədən, təqaüdləri hesabına həmin tədbirləri təşkil edir, fəaliyyət göstərirdilər.

-Bəs bu gün xaricdə təhsil alan azərbaycanlı tələbələr bu işin öhdəsindən necə gəlirlər?

-Günümüzdə çox şükürlər olsun ki, Azərbaycan dövləti artıq müstəqildir. 20 ildən artıq bir zaman müddətində dövlətimiz iqtisadi cəhətdən kifayət qədər güclənib, ölkəmiz dinamik şəkildə inkişaf edir. Xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları ilə bağlı müvafiq dövlət qurumu, Diasporla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Eyni zamanda qardaş Türkiyə Cümhuriyyəti başda olmaqla bütün ölkələrdə Azərbaycanın fövqəladə və səlahiyyətli səfirlikləri, digər diplomatik nümayəndəlikləri var. Eyni zamanda bir çox ölkələrdə yaşayan azərbaycanlılar, Azərbaycana bağlı olan insanlar diaspor təşkilatları, dərnək və cəmiyyətlər təsis edibllər. Bu gün internet vasitəsilə onlarla rahat şəkildə əlaqə yaradılır, gördükləri işlərlə bağlı məlumat əldə edilir. O dövrlə indiki vəziyyət arasında çox böyük bir müqayisə var. Bu gün Azərbaycan iqtisadi cəhətdən nəinki Cənubi Qafqaz regionuna daxil olan ölkələri üstələyib, eyni zamanda Avropanın inkişaf etmiş dövlətləri ilə eyni sıradadır. Hətta deyərdim ki, iqtisadi cəhətdən bəzi Avropa ölkələrindən də irəlidədir. Bu gün yerli mətbuatdan əldə etdiyim məlumat da belə deməyə əsas verir. Belə ki, Avropa məkanından Azərbaycana gələn insanlar “ASAN” xidmətin Avropanın bəzi ölkələrində də tətbiq edilməsini arzulayır, məqsədəuyğun hesab edirlər. Bu gün Azərbaycanda istər dövlət idarəçiliyi, istərsə də digər sahələrlə bağlı nümunələr var ki, müasir, inkişaf etmiş ölkələr belə həmin təcrübələri bizdən öyrənməyə maraqlı görünürlər.

-Bəs bu gün Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz?

-Azərbaycan diaspor fəaliyyətinə zaman baxımından yeni başlasa da, qısa müddət ərzində əldə edilən nailiyyətlər bir çox ölkələrə nümunə ola bilər. Hesab edirəm ki, diaspora fəaliyyətimiz qardaş Türkiyə Cümhuriyyəti ilə birgə davam edəcək. Çünki möhtərəm prezidentimiz İlham Əliyev də Bakıda keçirilən mühüm bir toplantıda bildirdi ki, “Bir millətin bir diasporu olar”. Ona görə də biz Türkiyə türkləri və dünyada yaşayan digər türklərlə bir millət olduğumuz üçün bir diasporumuz olmalıdır. Şükürlər olsun ki, bu gün diaspor təşkilatları birlikdə fəaliyyət göstərirlər. Onların dostları, düşmənləri və strateji hədəfləri eynidir.

-Bəzən Türkiyədə diaspor fəaliyyətinə daha ciddi diqqət yetirilməli olduğu bildirilir. Siz bu fikirlərlə razısnızmı?

-Bəlkə də Türkiyədə diaspor sahəsində güclü şəkildə fəaliyyət göstərmək lazım deyil. Ancaq yenə də bu sahəni diqqətdə saxlamaq lazımdır. Çünki Türkiyə də ermənilərin məskunlaşdığı, rahat yaşadığı ölkələrdən biridir. Bu gün heç bir erməni deyə bilməz ki, Türkiyə qədər onlara cənnət olacaq ikinci bir ölkə var. Türkiyədə ermənilər istər siyasi, istər iqtisadi, istərsə də digər sahələrdə rahat bir şəkildə fəaliyyət göstərirlər. Hətta onlar qardaş ölkədəki seçki prosesində də iştirak edirlər. Bir faktı təssüf hissi ilə qeyd etmək istəyirəm. Bir neçə ay əvvəl Türkiyədə keçirilən bələdiyyə seçkilərində Milliyətçi Hərəkat Partiyasından iki erməni bələdiyyəyə namizəd verilmişdi. Düzdür onlardan biri, erməni qızı deyirdi ki, mən Atatürkün cocuğuyam. Əgər ermənilərdən birisi belə bir fikir söyləyirsə, o halda bütün dünya bilməlidir ki, türklər heç zaman ermənilərə qarşı soyqırım törətməyiblər. Əgər belə bir hadisə baş versəydi bu gün ermənilər bu vür ifadə işlətməzdilər. Ancaq təssüflər olsun ki, onlar bir çox hallarda Türkiyədə yaşamaqlarına baxmayaraq  türk millətinə qarşı separatçı əməllərə yol verirlər. Ona görə də hesb edirəm ki, Azərbaycan diasporu Türkiyədə hər zaman güclü olmalıdır. Hər zaman türk qardaşlarımızın diqqətinə çatdırmalıyıq ki, ermənilər türk torpaqları üzərində qondarma Ermənistan dövləti qurublar. Eyni zamanda günümüzdə Azərbaycan torpaqlarının 20 faizi həmin qondarma dövlət tərəfindən işğala məruz qalıb. Ona görə də ermənilər sülh deyə bir şey düşünmürlər. Əgər Türkiyədə yaşayan ermənilər bunu düşünsəydilər Ermənistan dövlətinə müraciət edərdilər ki, Azərbaycanın işğal edilmiş ərazilərindən geri çəkilsin. Həmçinin dünyaya bəyan etməlidirlər ki, biz türklərdən düşmən deyilik.Ancaq təssüflər olsun ki, biz bu cür yanaşmanı görmürük. Ona görə də hesab edirəm ki, dünyanın hər yerində, o cümlədən qardaş Türkiyədə diasporumuzu daha da gücləndirməliyik.

 

 Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 23 may.- S.15.