Sosializm realizminin reallıqları

 

Anarın “Molla Nəsrəddin-dünən, bu günü

 

Ciddi və səmimi poeziyanın vəhdətindən yaranmış Anar bu gün Azərbaycan  ədəbiyyatının böyük simalarındandır. Onun çoxşaxəli yaradıcılığı böyük bir araşdırmanın mövzusu olduğundanbu mənim imkanım xaricində olduğundan bu yazıdakı söhbətimi başlıca olaraq yazıçının 2011-ci ildə çapdan çıxmış “Molla Nəsrəddin-dünən, bu gün” kitabı əsasında quracağam. Məhz bu kitabında o sovet dönəmi eybəcərliklərini (sosializm realizminin göz yumduğu) daha kəsərli ifşa edə bilmişdir. Bu nöqsanlardan deyə bildiklərini demiş (daha doğrusu nəyi demək mümkündüsə), zamanında deyə bilmədiklərini quruluş çökəndən sonra demişdir.

 

Cəmiyyətin dirçəlməsinə mane olan bu nöqsanlarla baş-başa durduqca o, üzünü XX yüzilin əvvəllərində bundan daha ağır problemlərlə üzləşən “Molla Nəsrəddin”ə  tutur, ondan kömək istəyir:

“Hər şey olmasa da, çox şey bizdən asılıdır, bizim özümüzdən... Amma sən də kölgəni bizim üstümüzdən əskik eləmə, Molla baba, səndən hələ çox şey öyrənməliyik. Büdrəsək qolumuzdan yapış, çəkilsək ürək-dirək ver, mürgü döysək, dümsüklə, oyat bizi... Qoyma haqq sözü gizlədib nahaq söz danışaq, halala haram qataq, vaxtı yataq, tərif içində bataq və nəhayət mənanın daşını ataq, elə qafiyəni qafiyəyə çataq...”

Zamanın çatışmazlıqlarını ifşa etmək baxımından müəllifin “Ürəyim ağrıyır” hekayəsi bütün zamanlar üçün aktual olan bir məsələdən söhbət açır.  Bir kiçik  süjetdə müəllif bir neçə məsələni hədəf götürüb cəmiyyətin paxırını açır, insanların dönüklüyünü  ironiyadan istifadə edərək tənqid atəşinə tutur. “Mudrost çudaka ili Jan Jak Russo adlı bir piroq” hazırlayan “russkoyazıçnik” ailəyə acı-acı gülür.  Hekayənin əsas tənqid hədəfləri öz doğma dillərini bəyənməyən, muğamlarımıza dodaq büzüb zövqsüz əcnəbi musiqisinə pərəstiş edən gənclər və onlara göz yuman valideynlərdir. Durub evə getməyə hazırlaşarkan radioda Zülfünün səsini eşidir. Radionu söndürməyə qoymur və muğamı axıra qədər dinləyir. O, bu ecazkar səsin sehrinə düşüb qulaq asdıqca muğamın nə olduğunu çoxdan yadırğayan qız və onun valideynləri tez-tez qonşu otaqdan boylanıb təəccüblə ona baxırlar.  Muğam bitir, diktorunXosume Baku” elanından sonraindi söndürə bilərsən”-deyir. Hekayə yazıldığı ildə Bakının yüksək dairələrində çoxlu erməni çalışırdı və onlar həqiqətən söz sahibi idilər. Ona görə də bu sözləri söyləmək üçün cəsarət lazım idi, əsil Anar cəsarəti. Bütövlükdə Anar bütün dövrlərdə cəsarətli olub, sözü tam zamanında üzə deməyi bacarıb. Öz xalqını, millətini, onun musiqisini sevməyənlərə Anar nəinki 50 manat, bir qəpiyi belə qıymaz. Ona görə də oğlunun qız tanışının evinə hədiyyə almaqdansa bu pulu bir dilənçiyə verməyi üstün tutur. Özü də əsil müsəlmansayağı, öz kimliyini bildirmədən dərhal ordan çəkilir. Əcnəbi musiqisini muğamdan üstün hesab etdiklərinə görə onun ürəyi ağrıyır.

Hekayədə müəllif daha irəli gedərək sistemin kökünə balta vurur. “Bu milis tayfası ilə açmaq cəncəldir. Bir də görürsən ki, tutdu mənim də yaxamdan gedək uçastaka. Bu bir məxluqdur ki, dinini, məzhəbini bilmək olmaz”. Dövlətin özülü sayılan milis haqqında bu sözləri yazmağa kim cürət edə bilərdi?”

Anarın 20 yaşında yazdığı bu hekayəsində bir qoca müdrikliyi var. Deməli bu zaman o muğamlarımızı, millətimizi sevən əsil vətənpərvər idi. Bu bizə əsas verir deyək ki, o, öz yaşıdlarına nisbətən daha tez müdrikləşmişdi. Artıq 20 yaşında o, öz oğluna elçi gedəcək qədər yaşa dolmuşdu, müdrikləşmişdi. Buna görə bəlkə də onu kiminsə köməyindən istifadə etməkdə qınayırdılar da. Belə hisslər mənə tanışdır, mənim özümütez-tez başımdan yuxarı tullanmaqda suçlayırlar. Bu gün Anarın yalnız yaşı qocalıb, ruhən elə həmin 20 yaş kimidir. Və o, bu gün öz yaşının bu çağında elə bir zirvəyə qalxıb ki, xalqın elə sevimlisinə çevrilib ki, dünya dağılıb, ikinci, üçüncü , dördüncü dünyalar yaranacaq, Azərbaycan xalqının əbədi yaddaşında qalacaq.

Güclü yumor hissinə malik olan Anar hekayə və felyotonlarına elə məzəli, (məzəli olduğu qədər də düşündürücü) adlar seçir ki, ilk sətirlərdən oxucu əsil Anar yumorunu hiss edir. Onun əsərlərində heç bir kitabda rast gəlinməyən çoxlu atalar sözlərinə rast gəlinir. Əlbəttə, jurnalistləri də yaddan çıxarmır, “jurnalistlərin cinsi olmur”-deyir. Bəlkə də aşağıdakı misralar da jurnalistlərə bu münasibətin nəticəsidir:

Yazır, yazır, hey yazırlar,

Axşam səhər arasında.

Mətbuat zəhərlədicə,

Artır qanımda şəkərim.

Anarın indiyə qədər tanış olduğum əsərlərinə əsaslanıb cəsarətlə deyə bilərəm ki, o, sosializm realizminə xidmət etməyib, bu gün dəbdə olan sözlərlə desək, ideologiyanın qulu olmayıb. Həyat hadisələrinin təsvirini realistcəsinə verib. İndi biz gənclər sovet dövrü haqqında ən real, tənqidi yanaşmada məlumatı Anarın əsərlərindən alırıq və bu bizimçün çox vacibdir.

 Hekayələrinin hər birində bir problem qaldıran Anar sovet dövrü eybəcərliklərini bir-bir ifşa edir. Bu dövrün ağrılı problemlərindən biriali məktəblərdə rüşvətin tüğyan etməsi idi. “Dörd çahar” hekayəsin də süjeti məhz bu məsələyə həsr olunub. Hekayədə rüşvət verməklə özlərini qəbul komissiyalarına saldıran –“bir-iki il burda istidə bilə-bilə qalır ki, sonra bütün ömrü boyu kefi hara gəldi gedə bilsin”-deyərək elə bu rüşvətxor müəllimlərin öz dili ilə özlərini ifşa edirdi. Bu rüşvətxorluq savadsızlığa yol açırdı və sovet cəmiyyətini daxildən çürüdən ən böyük bəla idi. Nəticəsi əlli il, yüz il davam edən bir bəla. Çünki, bu günün özündə belə orta məktəblərdə öz fənnini tədris etməkdə çətinlik çəkən müəllimlər varbunlar Anarın vaxtı ilə ilə qaldırdığı həmin bu problemin sonucudur.

 Bir gənc olaraq sovet dövrü haqqında öz öyrəndiklərimə və böyüklərdən eşitdikərimə əsaslanıb belə bir nəticəyə gəlmişəm ki, uzun illər digər xalqlarla müqayisədə elmi potensialımızın zəif olması da məhz bununla bağlı idi. Bütün bunlar sovet cəmiyyətinə inamsızlıqdan irəli gəlirdi. Bu cəmiyyət tezliklə çürüyəcək, bacardıqca sərvət yığmaq lazımdır.  Amma nə yaxşı cəmiyyətdə böyük çətinliklə də olsa mənəviyyatını qoruyub saxlayan Zəki müəllim kimiləri varmış.

 Yaşadığı cəmiyyətdə heç nə Anarın gözündən yayınmır. Sovet cəmiyyətini öz ağuşuna alıb aparan sərxoşluq, minnətlə düzəltmək (mən sənin işini düzəldirəm, sən də mənim işimi düzəlt), bir kibriti belə minnətsiz verməyənlər, insanların vəzifəyə bölgə prinsipinə görə seçilməsi, birinin vəzifəyə seçilərkən əllisinin onun ayağından çəkməsi, iclasların rəsmiyyət xatirinə çağırılması, əslində isə hər şeyin yuxarının əmri ilə həyata keçirilməsi, sovet dövrü nöqsanlarının xarici ölkələrdən məharətlə gizlədilməsi, başqasının yüksəlməsini istəməyib danos yazan, yazdıqları danoslar toplanarsa cild-cild kitablar təşkil edə biləcək insanlar, bir sözlə, nöqsanların çoxlarının görə bilmədiyi, çoxları üçün ideal sayılan sosializm adlı bir cəmiyyətin üzünü açıb göstərirdi. O, öz sözünü Haqverdiyevsayağı maralların dili ilə ifadə edirdi. Belə maralları isə axtarıb tapmaq lazım deyildi,  onlar hər yerdə vardı.

 Lakin zamanın elə eybəcərlikləri vardı ki, onları açıq-aydın göstərmək olmurdu. Ən qorxulu isə ideologiyaya qarşı çıxmaq idi. Anar da cəmiyyətin bəzi eybəcərliklərinə ona həyatı bahasına başa gələ biləcək bəzi eybəcərliklərə göz yummaq məcburiyyətində olurdu. Güclü senzuranın olduğu bir dövrdə bir əsəri buşer, sənət darğalarının” (R.Rza) əlindən alıb çap etdirməyin özü böyük qəhrəmanlıq idi.

Anarın hansı sahədə-hekayə, povest, roman, felyeton-daha çox uğur qazanmasını demək çox çətindir. O, güclü mütailəyə malikdir. Heç bir şübhə yoxdur ki, o, dünya ədəbiyyatına mükəmməl surətdə bələddir. Amma heç kəsi təkrar etmir, heç kəsin ağlına gəlməyənləri yazır.

Həmişə dahi Üzeyir bəyin “Leyli və Məcnun” operasına məhəbbətlə baxırıq.  Və hər dəfə Məcnun rolundaa orta yaşlı  xanəndələri görəndə dərin təəssüf keçirirdik. Axı, bu əsər yeniyetmə gənclərin məhəbbətinfən bəhs edir. Axı, Leyli ilə Məcnun bir-birinə məktəbdə aşiq olmuşdu.  Anar bir felyetonunda bu barədə yazır: “Leyli rolunun gənc ifaçısının sifarişiylə Məcnun rolunun qocaman ifaçısı üçün “Səndən mənə yar olmaz” mahnısını oxutdurduq”.

Anarın felyetonları arasında onun müstəqillik dövründə qələmə aldığı “Nə yemisən?-Turşulu !” daha çox diqqəti çəkir.

 Canbala fikir verdi ki, hamı qışqırır, amma yanında dayanan qoca kişi heç ağzını da açmır”.

 -Canım, gözüm, əmican, bə sən niyə qışqırmırsan?

 Qoca:

 Çox qışqırmışam, çoxlarını istefaya göndərmişəm,-dedi. Amma axırı bir xeyrini görməmişəm. Hər gəlib gedən atasına rəhmət oxutdurur.

 -Yaxşı, gözüm, canım, əmican, axı, bu camaat nə istəyir?

 -Nə istəyəcəklər, deyirlər bəsdir siz yediniz, qoyun indibiz yeyək

 -Bəs o birilər deyir?

 -Onlar da deyir ki, tələsməyin, bu gün biz yeyək sabah da siz yeyərsiz”.

 Bu bir neçə cümlə 90-ci illərin əvvəllərində Bakıdakı mitinqlərin, xaos özbaşınalıqların əsil mahiyyətini açıb göstərir.

 Anar deyir ki, hər saqqal saxlayana ağsaqqal demək olmaz. (Hərçənd indi nəinki  saqqal, heç bığ saxlamayanlara da ağsaqqal deyirlər). Birini vəzifədən çıxardıb yerinə digərini təyin etməklə aşmaz. Cəmiyyətdə layiq olan şəxslər vəzifələrə gəlməyincə işlər düzəlməz. Umumu düşmənlər məhv olmayınca cəmiyyət irəli getməz. Umumi düşmənlər bilirsən kimdir?

 -Ermənilər.

 -Əşşi, ermənilərlə işiniz var, özümüzünkülərə gəlib bəyəm? Acı bir həqiqət olsa da qəbul olunmalıdır. Bəli, bu gün öz içərimizdə ermənidən daha təhlükəli, sapı özümüzdən olan düşmənlər-baltalar vardır. R. Rzaİkiaçılanşerində yazırdı:

 -Üz-üzə bir qoşunla vuruşa hazıram mən,

 Amma qoruyun məni xəlvət tutan itlərdən

 Biz, əlbəttə ata-babalarımızın qurub yaratdığı sovet cəmiyyətindən yüzdə yüz imtina edə bilmərik. Bütün digər sahələrdə olduğu kimi ədəbiyyatımızın da ən yaxşı örnəkləri məhz bu dövrdə yaranmışdı. Amma bu cəmiyyətdə kifayət qədər neqativ hallar vardı ki, bunlardan ən təhlükəlisi  biganəlik idi.Dağ dağa rast gəlməz” hekayəsinin mövzusu da məhz bu məsələyə həsr olunub. Bir ali məktəbdə təhsil alan, 5 il bir partada oturanindibir yerdə işləyən, bir binada yaşayan iki rəfiqə-Xalidə və Validə biganəlikləri üzündən illərdir ki, bir-birini görmürlər. Yeri gəlmişkən onu da qeyd edim ki, Anarın hələ 1976-cı ildə qaldırdığı bu problem bu günvar. Min əziyyətlə araya-ərsəyə gətirdiyim, cəsarətlə tənqid etdiyim, böyük müzakirə doğuracaq deyə ümüd etdiyim bir yazı oxunmadıqda Anarın “İndi hər kəs yalnız özünü oxuyur” sözlərini xatırlayıram və bu dəyərli yazıçımıza can sağlığı diləməkdən başqa əlacım qalmır.

 

(ardı var...)

 

Yeqzar Cəfərli

 

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər” layihəsi çərçivəsində çap olunur.

 

Olaylar.- 2014.- 23 may.- S.12.