Mirzə Cəlil və realist nəsrimiz

 

M.F.Axundzadə realist nəsrinin ən layiqli davamçısı olan C.Məmmədquluzadə Azərbaycan ədəbi düşüncəsinin dərin qatlarından süzülüb gələn nəhəng simalarındandır. Onun Azərbaycan, eləcə də yaxın Şərq xalqlarının mədəni inkişaf yolu ilə bağlı olan fəaliyyətini yalnız NizamininFüzulinin böyüklüyü ilə müqayisə etmək mümkün olar.

M.Cəlil yaradıcılığında ölməz “Ölülər” faciəvi komediyası özəl yer tutur. Sözü ilk olaraq “Ölülər”dən salmağımız təsadüfi deyil. Məhz bu əsərində o, real Azərbaycan həyatını daha cəsarətli göstərə bilmişdir.

Bəri başdan qeyd edək ki, “Ölülər” uzun müddət Azərbaycan cəmiyyəti tərəfindən qəbul olunmamışdı. Yazıçını xalqımıza böhtan atmaqda suçlandırmışlar. Lakin bütün bunlar bir gerçək idi. Gerçəklik isə ilk baxışda anlaşılmaz ola bilər, amma sonda qəbul edilir. Necə ki, “Ölülər” qəbul olundu. Bu gün cəmiyyətdə din xadimlərinin ölü diriltmək fırıldağı olmasa da buna bənzər işlər vardır. Bir mollacığın adi bir ərəbin möcüzəsindən-onun Xızır peyğəmbərlə suyun üstündə oturub çörək yeməsi və suda batmamasından-danışması və avam xalqın (bu gün də belə avamlar yetərli qədərdir) ona qulaq asaraq hönkür-hönkür ağlaması, Avropaya uyuşduğumuz, kökləndiyimiz bir zamanda Azərbaycan kəndlərində hamımızın gözü qarşısında 13-14 yaşlı qızların ərə verilməsi elə “Ölülər”dəki hadisələr qədər ifşa olunmalı işlərdir.

Yazıçı əsərdə demək istədiklərini Avropada təhsilini tamamlayıb bu avamlar mühitinə qayıdan İsgəndirin dili ilə ifadə edir. Lakin İsgəndər obrazı bir obraz olaraq zəifdir. O, avamlıqla, geriliklə mübarizədə acizdir. Bu dünyanın qəm-kədərini unutmaq üçün çıxış yolunu içki, şərab içməkdə görür. Əsərin yazıldığı ildə Azərbaycanın bir çox şəhərlərində AvropaRusiyada təhsilini başa vurub qayıdan çoxlu gənclər vardı. İsgəndər geriliyə qarşı mübarizədə bu gənclərin dəstəyini əldə edə bilərdi. Şəhərin din xadimləri və avamları Hacı Həsənin çevrəsində necə sıx birləşmişdilərsə bu təhsil görmüş gənclər də İsgəndərin ətrafında sıx birləşib cəhalətə qarşı bir qoşun yarada bilərdilər. Lakin göründüyü kimi C.Məmmədquluzadə hələ bu zaman bir inqilabçı demokrat səviyyəsinə yüksələ bilməmişdi. Bütövlükdə o, dram yazılarında və hekayələrində hələlik maarifçi demokrat kimi qalmaqda idi. Hər halda fanatizmin geniş yayıldığı bir cəmiyyətdə “Ölülər”i qələmə almaq böyük bir cəsarət idibu əsər M.F.Axundzadənin “Kəmalüddövlə məktubları” kimi cəmiyyətdə bir atom bombası kimi partlamışdı. Yeri gəlmişkən, onu da qeyd edək ki, bu günün özündə belə bir çox oxucular Şeyx Nəsrullahın dilindən səslənən ərəb və fars sözlərini heç bir anlama gəlməyən boş söz yığını hesab edirlər.

Halbuki bu sözlərin hər biri ayrı-ayrılıqda bir anlam ifadə edir və yazıçının ərəb və fars dillərinə dərin bələdliyini bildirir.

Bu gün malını-mülkünü satıb ziyarətə gedənləri, müqəddəs məkanlarda etdikləri tövbənə vətəninə dönən ilk günlərdəcə pozan, ziyaraətə onlara “hacı” demələri üçün gedənləri görüncə hər birimizin ürəyindən ilk olaraq bu sözlər keçir: “Allah səni rəhmət etsin, Mirzə Cəlil”.

Böyük ədibin yaradıcılığının başlıca bölümü onun 1906-cı ildə böyük zəhmətlər hesabına çap etdirdiyiMolla Nəsrəddin” jurnalı ilə bağlıdır. Onun özünün qeyd etdiyi kimi bu dərginin yaradılmasını həyat özü zəruri etmişdi. O, “1905-ci ildən sonrakı nəfəs genliyindən” dərhal istifadə etdi. M.F.Axundov realist məktəbinin davamçısı olmaqla özübir ədəbi məktəb yaratmışdır. Bu məktəb “Molla Nəsrəddin” məktəbi adlanır. O dövrün xalq həyatından yazan bütün yazıçı və şairləri bu məktəbi keçmişdi. M.Cəlilin özübu jurnalın ədəbi mühitində püxtələşdi.

C.Məmmədquluzadə Azərbaycan ədəbiyyatında satirik publisistikanın yaradıcısı sayılır. Onun “Azərbaycan” məqaləsi publisistikanın şah əsəridir. Biz bu məqaləni dərin təhlil etmək fikrindən uzağıq. Məqsədimiz ədibin yaradıcılığında ədəbi cərəyanların vəhdətini təhlil etməkdir. Təkcə onu bildirməyi lazım bilirik ki, məqaləni oxuyan hər bir kəs Mirzə Cəlinin neçə böyük azərbaycanlı olduğunu dərhal anlayır. Onun üçün Azərbaycan adlı bir vətən bütöv bir Azərbaycan idi. O, kəsbkarlıq məqsədi ilə Quzey Azərbaycana gələn fəhlələrə öz yerlərinə qayıdandan sonra Rusiya fəhlələri kimi birləşməyi tövsiyə edirdi. Güney Azərbaycanın heç bir hadisəsinə biganə qalmırdı. 1905-1911-ci illər Məşrutə hərəkatı zamanı M.Cəlilin “Molla Nəsrəddin”in redaksiyasını bir müddət Təbrizə köçürməsini hamı bilir. Müəllif İrandakı hadisələri nəzərdə tutaraq da yazırdı: “Bu gün Kərbala meydanı Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa onların qeydinə qalmalıdır”.

1917-ci ildə milli burjuaziyademokratik ziyalılar arasında gələcəkdə qurulacaq dövlətin hansı dövlət tipində olması haqqında geniş fikir mübadiləsi aparılırdı. O, bu məqsədlə 1917-ci ildə milli demokratiyanın nizamnaməsi sayılan “Cümhuriyyət” məqaləsini yazdı. Məqalədə müəllif Müsəlman Milli Şurasına respublika yolunu seçməyi təklif edirdi. O, yazırdı: “Cümhuriyyət, yəni latınca “Respublika” elə bir hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın öz idarəsində və ixtiyarındadır”.

İstər bədii, istərsə də publisistik yazılarında o, millətini əxlaqlı olmağa çağırır, böyük dövlətlərin müstəmləkə işğallarına qarşı çıxır, insanlara sevgi aşılayırdı, zülmə nifrət edirdi. Öz millətini sonsuz məhəbbətlə sevirdi.

Yalandan “Canım millətimə fəda olsun” deyənlərə cavab verərək yazırdı: “Biz deyirik ki, belə milləti biz canu-dildən istəyə bilmərik. Bəlkə içində bir-iki yaxşı tapıla”. Bu yalançı millət fədailərinin əksinə olaraq o, millətə sevgisini boşboğazlıqla deyil, əməli işində subut etdi. Və canını da bu millətin yolunda fəda etdi.

Bu millətin müəllimi olmaq üçün dünyaya gələn” (Anar) bu əsil millət cəfakeşi bu milləti tərbiyələndirmək üçün, cəhalətdən xilas etmək üçün yorulmadan çalışırdı. Bu yolda heç bir təmənna ummurdu. Millətin çətin tərbiyə olunduğunu görüncə “Müsəlmana ağıl fikirləşmək üçün verilməyib, məşğulat üçün verilib” yazırdı. Millətini sevdiyi qədər də onun dilini sevirdi. C.Məmmədquluzadə milli varlığımız üçün dili ən vacib amil sayırdı: “Millətin malını, dövlətini əlindən alsan ölüb itməz, amma dilini əlindən alsan fövt olarondan bir nişanə qalmaz”.

M.F.Axundzadənin islama qarşı yarımçıq qalmış mübarizəsini M.Cəlil davam etdirdi. O, dinə qarşı mübarizədə ardıcıl və prinsipial idi. Lakin onun mübarizə hədəfi heç zaman Allah və peyğəmbər olmamışdır. Belə olsaydı, 30-cu illərin əvvəllərində “Molla Nəsrəddin”, “Allahsız” adı ilə təqdim olunanda qəzetin redaktorluğundan istefa verməzdi. O, Peyğəmbərin dilindən saxta hədislər qurub yalan danışan, islamı özlərinin gəlir mənbəyinə çevirən din xadimlərini müctəhid səviyyəsində ifşa edirdi. İslamın qadın hüquqsusluğu məsələsinə gəldikdə isə ədib qadını ilk dəfə insan hesab edib ona yüksək hörmət və qayğı tələb edən islam dini ilə sonralar qadını hüquqsuz vəziyyətə salan təriqətləri eyniləşdirir. Çünki, qadını kölə vəziyyətinə din deyil, ayrı-ayrı təriqətlərə mənsub olan din xadimləri salmışdı. İslam peyğəmbərinin qadına olan münasibətini hamımız bilirik.

C.Məmmədquluzadə cəmiyyətin bütün ziddiyyətlərinin kökünü cəhalətdə görürona qarşı amansız mübarizə aparırdı. Yenidən İsgəndər obrazına qayıdıb qeyd edək ki, o, özünün din xadimlərinə və onların toruna düşən avamlara demək istədiyi ən kəskin sözlərini “Ölülər”də İsgəndərin monoloqunda verir: “Baxın, baxın, yaxşı baxın. Sizin tarix kitabınızda bu, qanla yazılmış bir səhifədir. Sizdən sonra gələnlər bu kitabı vərəqləyib bir səhifəni görəndə bir ağızdan deyəcəklər: Tfu sizin üzünüzə”. Bu gün bir çox cəhətlərdən başqa millətlərdən geri qalmağımızı görüncə və bu nəsillərin xalqın maariflənməsinə yol vermədiyini, qadınlara zülm etdiklərinə, Sabirin ciyərlərinin vərəmlədiyini, Mirzə Cəlil kimi dahini həcv etdiklərini bildikcə hər birimiz üzümüzü həmin avamlara tutub deyirik: “Tfu sizin üzünüzə”.

Realist demokratik nəsrə başçılıq edən M.Cəlil “Ölülər” kimi cahanşümül, habelə digər nəsr əsərləri yazsa da ədəbiyyatımızda daha çox kiçik hekayələr müəllifi və publisist-jurnalist kimi tanınmışdır. O, az sözlə daha çox fikir ifadə etməyin əsil ustasıdır. Nəhəng süjeti konkretləşdirib kiçik hekayə halına gətirməyi bacarırdı. Hər hekayəsində bir problem qaldırırdı. “Poçt qutusunda avamlıq, “Usta Zeynalda avamlıq və eyni zamanda möminlik, “Pirverdinin xoruzunda iki arvadlıq və onun doğurduğu fəsadlar, “Qurbanəli bəy”də yaltaqlıq, riyakarlıq və sair ifşa olunur. Ədibin yaradıcılığı ilə tanışlıqdan aydın olur ki, o, bütün əsərlərinin mövzusunu canlı xalq həyatından götürmüşdür. Burada təxəyyül uydurmalarına rast gəlinmir.

Mirzə Cəlili ən çox nəhəng rus klassiki L.N.Tolstoyla müqayisə edirlər. Amma ədalət naminə deməliyəm ki, onun öz xalqı üçün gördüyü işləri nə Tolstoy rus xalqı üçün, nə də Şekspir ingilis xalqı üçün görə bilməmişdir. Bu anlamda (umumiyyətlə bütün mənalarda, o, bu dahilərdən daha çox dahidir.

Mirzə Cəlil sovet hakimiyyətini alqışladı. Çünki, sosializm ideyaları onun insanları azad görmək arzusu ilə üst-üstə düşürdü. Məhz sovet hökuməti “Ata, məni anamdan ayırma” deyən Nazlıların ah-naləsinə son qoydu. C.Məmmədquluzadə arzusuna çatmışdı. Lakin bu ilk illərdə belə idi. 30-cu illərin əvvəllərində bu ideologiyaMolla Nəsrəddin”i ciddi çərçivəyə salmaq, jurnalın istiqamətini allahsızlıq təbliğatına yönəldəndə o, baş redaktor vəzifəsindən istefa verdi. Gərgin stres şəraitində cəmi bir il yaşaya bildi. Sovet dövlətinə lazımsız bir adam kimi unuduldu. Amma xalq onu unutmadı. Yer kürəsi dağılıb yeni bir həyat yaranıncaya qədər o, unudulmayacaq. Və təkcə Bakıda, Naxçıvanda, Cəlilabadda deyil, Azərbaycanın hər bir kəndində ona heykəllər ucaldılacaq.

 

Yeqzar Cəfərli

 

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər” layihəsi çərçivəsində çap olunur.

 

Olaylar.- 2014.- 27 may.- S.13.