Diaspor təşkilatlarımız Azərbaycan
musiqisini dünyada təbliğ
edirlər
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları zaman-zaman mədəniyyətimizin, musiqimizin təbliği istiqamətində də müxtəlif tədbirlər, proqramlar təşkil edir, mövcud olduğu ölkələrdə təşkil olunan festival və musiqi axşamlarında iştirak edir. Bu baxımdan cari il ərzində də diaspor təşkilatlarımız qeyd edilən istiqamətlərdə aktiv olublar. Belə ki, Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti bu ölkənin Helsinqor şəhərində keçirilmiş mədəniyyət festivalında təmsil olunub. İldə bir dəfə təşkil olunan mədəniyyət festivalında Danimarkada yaşayan xalqların və millətlərin nümayəndələri iştirak edir. Hər bir xalqın nümayəndələri öz mədəniyyətini, incəsənətini, milli geyim və mətbəxini festivalda nümayiş etdirir. "Vətən" Cəmiyyətinin nümayəndələri Azərbaycan incəsənətinə aid kitab, broşür, milli geyim nümunələri və Azərbaycan mətbəxinə aid şirniyyatları festival iştirakçilarına təqdim ediblər. "Cirtdan" uşaq yaradıcılıq qurupunun hazırladığı Azərbaycan nağıllarından parçalar və rəqslər qonaqlara xüsusi zövq verib. Festivalın sonunda "Cirtdan" uşaq yaradıcılıq qrupuna festival təşkilatçıları adından hədiyyələr təqdim edilib. Azərbaycan rəqsləri şənliyə xüsusi gözəlik verib. Ümumiyyətlə, mədəniyyət festivalında Azərbaycan guşəsi iştirakçiların xüsusi marağına səbəb olub. Çin Xalq Respublikasının Xunan əyalətinin paytaxtı Çanşa şəhərində tələbələrin beynəlxalq mədəniyyət festivalı keçirilib. Mərkəz Cənub Universitetində təşkil olunan festivalın məqsədi müxtəlif ölkələri təmsil edən tələbələrin mədəni əlaqələrini asanlaşdırmaq və ali təhsilin qloballaşdırılmasını təşviq etmək olub. Çində ali təhsil alan digər millətlərin nümayəndələri ilə yanaşı, azərbaycanlı tələbələr də festivalda iştirak edərək, ölkəmizin zəngin mədəniyyətini nümayiş və təbliğ ediblər. Azərbaycana həsr olunmuş stend tədbir iştirakçılarının böyük marağına səbəb olub. Burada Azərbaycanın mədəniyyəti, təbiəti və reallıqlarını əks edən cəlbedici fotoşəkillər, kitab və jurnallar, musiqi alətləri, milli geyimlər, əl işləri, həmçinin ölkəmizin turizm imkanları nümayiş etdirilib. Tələbələrdən ibarət rəqs qrupu milli rəqslərimizi ifa edib, Azərbaycan mətbəxinin nümunələri nümayiş olunub. Almaniyanın Köln şəhərində isə “Mədəniyyətlərarası musiqi körpüləri: Almaniya–Azərbaycan” adlı konsert proqramı təşkil olunub. Tədbir Köln şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü ilə Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi və Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin təşkilati yardımı ilə təşkil edilib. Almanların Azərbaycanda məskunlaşmasının 195-ci ildönümünə həsr edilən konsert Köln şəhərinin qədim tarixi abidəsi olan Müqəddəs Pantaleon kilsəsində keçirilib. Tədbiri Alman-Azərbaycan Mədəniyyət evinin sədri Altay Rüstəmli giriş sözü ilə açaraq almanların Azərbaycanda məskunlaşması tarixindən danışıb, müasir Azərbaycanda bu tarixin qorunub saxlanmasından, həmçinin Azərbaycandakı inkişafdan da söz açıb. O, öz çıxışında Azərbaycanın ağrılı məqamlarına toxunaraq, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının ermən işğalçılrı tərəfindən zəbt olunması və bir milyon qaçqının vəziyyəti haqqında məlumat verib. Qeyd etmək lazımdır ki, tədbirin afişasında da Müqəddəs Pantaleon kilsəsi və Şuşadakı Gövhərağa məscidinin görüntüləri əks edilib. Daha sonra tədbirdə çıxış edən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer–İsmailova bu konserti alman və Azərbaycan xalqları arasında olan tarixi əlaqələrin davamı kimi dəyərləndirib, iki ölkə arasında mədəni dialoqun önəmli olduğunu vurğulayıb. O, proqrama daxil edilmiş musiqilər haqqında məlumat verərək, əsas diqqəti Azərbaycan bəstəkarlarının əsərlərinə cəlb edib. Samira Patzer–İsmailova Azərbaycan musiqi tarixindən, qədim muğam sənətindən, Azərbaycanda ilk peşəkar bəstəkarlıq məktəbinin yaranmasından və musiqi sahəsində olan nailiyyətlərdən söhbət açıb. Konsertdə Azərbaycanın məşhur orqan ifaçısı, professor Rəna İsmayılova və Müqəddəs Pantaleon kilsəsinin musiqi rəhbəri Martina Mailenderin ifasında səslənən Azərbaycan bəstəkarlarının əsərləri dinləyicilərinin böyük rəğbətini qazanıb. Konsertdə Azərbaycan bəstəkarları ilə yanaşı görkəmli Alman bəstəkarları – İ.S.Bax, F.Hendel, M.R.Volfqanq Rayzinqerin əsərləri də səslənib. Uğurla keçən musiqi axşamı almanlarda Azərbaycan mədəniyyətinə qarşı böyük maraq oyadıb. Konsertdə alman ictimaiyyəti, eləcə də Azərbaycan və türk diasporunun çox sayda nümayəndəsi iştirak edib.
Rusiya Federasiyasının Perm şəhərində keçiriləcək "Diagilev Festivalında" Beynəlxalq müsabiqələr laureatı, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspirantı, Ümumrusiya Azərbaycan Konqresinin incəsənət və mədəniyyət üzrə müşaviri Riad Məmmədov və Beynəlxalq müsabiqələr laureatı, Perm şəhərinin Dövlət Opera və Balet Teatrının dirijoru, "Musicaaeterna" orkestrinin solisti Georgiy Mansurov "Re:||Love" müəllif layihəsini təqdim ediblər. Qeyd edək ki, bu layihə son müasir texnologiyaların sintezi üzərində yaranıb və ən məşhur musiqi üslublarını- caz , pop-caz , beat box, dubstep, caz-muğamı əhatə edir. "Re:||Love" layihəsi iki musiqiçinin yeddi illik birgə səyi nəticəsində ərsəyə gəlib. Bu layihə ilk dəfə Moskvada Natali Barbyenin "Dom na Patriarşix" musiqi klubunda təqdim edilib. Daha sonra isə layihə 25 fevral 2014-cü ildə keçirilən V.Martınov adına "Musiqi qayığı layihəsi" XIII festivalında nümayiş etdirilib. 2014-cü ilin payızında Riad Məmmədov və Georgiy Mansurovun "Re:||Love" layihəsi ilə Bakıda çıxışları nəzərdə tutulub
Heydər Əliyev Fondunun dəstəyi və Ümumrusiya Azərbaycan Konqresinin təşkilatçılığı ilə həyata keçirilən “Rusiya-Azərbaycan: tarixi dialoq” beynəlxalq layihəsi çərçivəsində ilk kitab işıq üzü görüb. “Azərbaycanda etnomədəni müxtəliflik” adlanan əsər, ölkəmizdəki etnik fərqliliklərin, multikulturalizmin birgə ahənginə həsr edilib.Kitabda, Azərbaycanda mövcud olan milli azlıqların yayılma coğrafiyası, mədəni dəyərləri oxucuya təqdim edilir. Azərbaycanda əsrlərlə yaşı olan tolerantlıq, milli-dini dözümlülük, bütün dünyaya nümunə kimi göstərilib. Müəllif, Qubadakı Qırmızı qəsəbədə yaşayan Dağ yəhudiləri icmasını hər bir xalqa dövlət səviyyəsində göstərilən qayğının nümunəsi kimi təqdim edir.Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində keçirilən təqdimat mərasimində çıxış edənlər antismetizmin tüğyan etdiyi tarixi dövrlərdə belə, Dağ yəhudilərinin Azərbaycanda əmin-amanlıqda, Azərbaycan xalqı ilə çiyin-çiyinə yaşayıb və inkişaf etdiyini bildiriblər. “Azərbaycanda etnomədəni müxtəliflik” kitabının müəllifi, “STMEGİ” fondunun rəhbəri, fəlsəfə elmləri namizədi German Zaxaryayev Azərbaycanın etnomədəni müxtəliflikləri ilə bağlı araşdırmalarını davam etdirəcəyini söyləyib: “İstərdik ki, bu kitabı oxuyanlar, xüsusilə də Rusiya ictimaiyyəti Azərbaycanı daha yaxından tanısın. Azərbaycanda çoxlu sayda azsaylı millətlər var. Onlar əsrlər boyu dinc şəkildə, əmin-amanlıqda yaşayıblar. Bu etnik azlıqlar həm də öz mədəniyyətlərini, adət ənənələrini qoruyub saxlaya biliblər. Bunun üçün onlar ilk növbədə Azərbaycan xalqının tolerantlığına və Azərbaycan dövlətinin qayğısına borcludurlar. Bu kitabda da, ölkədəki etnik azlıqların, xüsusilə də dağ yəhudiləri icmasının həyat tərzini təsvir etməyə çalışmışıq. Azərbaycanın milli-etnik dəyərlərini araşdırmaqda davam edəcəyik”.
İsrailin Neşer şəhərində "Azərbaycan - tolerantlıq məkanı" adlı fotosərgi keçirilib. Sərgi Heydər Əliyev Fondu və Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə, “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən təşkil olunub. Ölkənin şimalında, Hayfa şəhəri yaxınlığında yerləşən Neşerdə Azərbaycan mənşəli cəmi 150 nəfər var. Azİz rəhbərliyi məqsədli şəkildə bu fotosərgi üçün digər yerlərdən gəlmiş yəhudi icmalarının sayca çox olduğu şəhərləri seçir. Təşkilatın nəzdində fəqliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman hesab edir ki, Azərbaycandan gedənlər üçün buradakı tolerantlıq haqqında danışmağa ehtiyac yoxdur. “Biz bu həqiqətləri əsasən bilməyənlərin diqqətinə çatdırmaq niyyətindəyik. Son illərin müşahidəsi göstərir ki, bir çoxları məhz bizim təşkil etdiyimiz elmi, mədəni tədbirlərdən sonra Azərbaycanı kəşf edir. Neşerdəki sərgi də maraqla qarşılanıb. Ziyarətçilər Azərbaycanda əsrlərdən bəri mövcud olan məscid, kilsə və sinaqoq rəsmlərinə maraqla baxıblar.Fotosərginin açılışında İsrailin Miqrasiya naziri, Azərbaycandan getmiş Emin Çaykovskiy, Neşerdən olan millət vəkili Qeorqiy Qerşkoviç və digəriləri çıxış ediblər. Daha sonra iştirakçılara “Azərbaycan – israilli jurnalistlərin gözü ilə” sənədlii filmi nümayiş etdirilib və tədbir, qazfqazlı musiqiçilərin ifasında kiçik konsert proqramı ilə yekunlaşıb. Rusiya Federasiyasının Ulyanovsk şəhərində yaşayan Azərbaycan icmasının azyaşlı nümayəndələri arasında isə şer müsabiqəsi keçirilib. Ümumrusiya Azərbaycan Konqresinin yerli şöbəsinin dəstəyi ilə 78 saylı orta məktəbdə baş tutan və “Azərbaycan dilində şeirlər ürəkləri fəth edir” adlı ədəbi-bədii tədbir Azərbaycanın böyük şairi, alimi və mütəfəkkiri İmaməddin Nəsiminin 645 illiyinə həsr edilib. Onu da qeyd edək ki, tədbirin keçirildiyi bina 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunaraq Azərbaycanın tarixi və mədəniyyətini əks etdirən muzey-məktəb kimi fəaliyyətə başlayıb. Burada hər bazar günü azərbaycanlı uşaqlar üçün dərslər keçilir. Məktəbin Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəlliməsi Gülnarə Mustafayeva deyib ki, balacalar məşğələlərə və müsabiqələrə böyük həvəs göstərir. Məktəbdə Azərbaycan dili, tarixi, ədəbiyyatı tədris olunur, milli ənənələrimiz, mədəniyyətimiz haqqında məlumat verilir. Məktəbdə keçirilən şeir müsabiqəsində isə şagirdlər böyük məmnuniyyətlə ana dilində şeirlər səsləndirərək iştirakçıların alqışlarını qazandılar. Sonra isə iştirakçılara hədiyyələr təqdim olunub. Qeyd edək ki, 30 min azərbaycanlının yaşadığı Ulyanovskda ”Bahar” Azərbaycan rəqs ansamblı, “Bir dəfə Qafqazda” şən və hazırcavablar komandası, “Neftçi ÜAK” futbol komandası da fəaliyyət göstərir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2014.- 31 may-2 iyun.- S.15.