Diaspor təşkilatlarımızın

koordinasiyası gücləndirilməlidir

 

Şamil Sabiroğlu: “Onların vahid mərkəzdən koordinə edilməsi

məqsədilə müəyyən tədbirlərin həyata keçirilməsinə ehtiyac var”

 

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qarabağ faciəsinin, Xocalı soyqırımının tanıdılması istiqamətində Azərbaycan dövləti, Heydər Əliyev Fondu, Qeyri Hökumət Təşkilatları xeyli iş görüblər. Bununla yanaşı, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının bu sahədəki fəaliyyəti danılmazdır. Bəs, diapora təşkilatlarımızın fəaliyyətinin daha da inkişaf etdirilməsi məqsədilə hansı addımların atılmasına ehtiyac duyulur? Müsahibimiz “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi” medalının mükafatçısı Şamil Sabiroğludur

 

-Şamil müəllim, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində kifayət qədər gördüyü bəllidir. Azərbaycan diasporunun hazırkı fəaliyyətini necə qiymətləndirərdiniz?

- Azərbaycan diaspor hərəkatının formalaşmasında Ümummilli Lider H.Əliyevin xidmətləri misilsizdir. Dövlət, xarici ölkələrdə diasporumuzun formalaşması, güclənməsi, güc mərkəzinə çevrilməsi üçün müxtəlif layihələr həyata keçirir. Bu sahədə bəzi QHT-lərin fəallığı diqqətə çarpır. Elə diaspor hərəkatının geniş vüsət almasına bilavasitə cavabdeh olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi də məhsuldar fəaliyyətini daha da genişləndirməlidir. Mən, son iki ildə 4 dəfə beynəlxalq tədbirlərdə iştirak üçün xarici ölkələrdə səfərdə olmuşam. Güclü diaspor təşkilatlarımız Rusiyada, Ukraynada, Almaniyada, Aropada, xüsusən də, Hollandiyada, qardaş Türkiyədə və ABŞ-da, Kanadada, Latviyada, Litvada, habelə, Orta Asiyada var. Lakin, görüntü ondan ibarətdir ki, onların vahid mərkəzdən koordinə edilməsi sahəsində müəyyən tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Məsələn, 2008-ci ilin mayında “Xocalıya ədalət” Beynəlxalq Kampaniyası yaradıldı. Bu Kampaniyanın yaradılması, bizim təşkilatın məqsəd və məramına çox uyğundur. Qısa müddətdə dünyanın 40-dan çox ölkəsində Xocalı soyqırımının tanınması məqsədilə toplantı, sərgi, brifinq təşkil edildi. Bu Kampaniyaya Heydər Əliyev Fondu tərəfindən dəstək verilməsi, nəticədə məlum soyqırımın bir çox ölkələr tərəfindən tanınmasına şərait yaratdı. Mən, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasına verdikləri dəstəyə görə Dövlət başçısı Cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya və Fondun 1-ci vitse-prezidenti Leyla xanım Əliyevaya rəhbərlik etdiyim təşkilat fəalları adından təşəkkür edirəm. İngiltərədə fəaliyyət göstərən “Avropa-Azərbaycan” Cəmiyyəti, ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Alyansı, Hollandiyada fəaliyyət göstərən “Hollanda Türk - Azərbaycan Kültur Evi”, Ukraynada fəliyyət göstərən “Ukrayna Azərbaycanlıları Konqresi” də Qarabağ faciəsinin, Xocalı soyqırımının tanınması üçün məhsuldar çalışırlar. Qardaş Türkiyədə fəaliyyət göstərən “Türkiye - Azerbaycan Dostluk Dernekleri Federasyonu”, İzmitdə fəaliyyət göstərən “TürkiyeAzerbaycan Dernekleri Federasyonu”, İzmirdə fəaliyyət göstərən “Azerbaycan Kadınları Kültur Merkezi Dernegibu sahədə fəaliyyətlərini gücləndiriblər. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, “Avrasiya Beynəlxalq Əlaqələri Araşdırma İnstitutuictimai birliyinin sədri Qənirə xanım Paşayevanın da gərgin fəaliyyəti göz önündədir. Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Dövlət Gənclər Fondunun yaradılması bu sahədə çalışan ictimai təşkilat və fondların koordinə olunmasında, onların hazırladıqları layihələrin maliyyələşdirilməsində önəmli rol oynadılar. Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyevin bir neçə beynəlxalq toplantıda Ermənistanın nümayəndə heyətini ingilis dilində faktlarla susdurması, 3-cü sektor, habelə, bütövlükdə cəmiyyətimiz üçün böyük uğurdur.

-Sizcə, Azərbaycan diasporu Ermənistan diasporu ilə rəqabətə davam gətirəcək səviyyəyə yüksəlibmi?

-Nəzərə almaq lazımdır ki, erməni diasporu bir əsrdən artıq müddətdi ki, fəaliyyət göstərir. Azərbaycan diasporu isə yeni yaranıb. Xatırlayıram ki, Ümummilli lider H.Əliyev xarici ölkələrə səfərlər zamanı adamlarına, beynəlxalq təşkilatların rəhbərlərinə xəritədə Azərbaycanı göstərir, Ermənistanın işğalçı dövlət olduğunu sübut etmək üçün bütün imkanlardan maksimum istifadə edirdi. Ümummilli lider bu işə xaricdə yaşayan soydaşlarımızın da cəlb olunmasına çalışırdı. Məhz bu səbəbdən xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasına üstünlük verirdi. Azərbaycan diasporunun yaradılması, formalaşması, Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi, qeyd-şərtsiz O böyük insanın adıyla bağlıdır. Mən, qardaş Türkiyəyə səfərdən yenicə qayıtmışam. Orda Azərbaycan həqiqətlərinin tanıdılması üçün fəaliyyət göstərən təşkilatlar var, həmin təşkilatlarda xeli sayda fəal insanlar təmsil olunur. Onların fəaliyyətlərinin tənzim olunmasına ciddi ehtiyac duyulur. Onların fəaliyyətlərinin koordinə edilməsi vacib məsələdir. Əsasən, Azərbaycan əsilli Türkiyə vətəndaşı olan bəzi QHT rəhbərləri arasında koordinasiya məsələsinə diqqət yetirilməlidir. Daha dəqiq onların arasında isti münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə zəruri və məqsədyönlü addımlar atılmalıdır. Təkcə Türkiyədə deyil, eləcə də digər ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatların vahid mərkəzdən idarə olunması daha effektli nəticələrə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, dövlət başçısı bu sahənin inkişafı üçün lazımi dəstəyi göstərir. Diaspora təşkilatlarının fəaliyytətinin gücləndirilməsi dövlət rəhbərliyinin diqqət mərkəzindədir. Odur ki, diaspor təşkilatlarının fəaliyyətlərinin gücləndirilməsi üçün ciddi dövlət dəstəyinə ehtiyac var. Artıq dispor təşkilatlarının vahid mərkəzdən idarə olunması ilə bağlı beynəlxalq təcrübə mövcuddur. Məhz bizimdiaspor təşkilatlarımızın inkişaf etmiş diaspor təşkilatları səviyyəsinə yüksəlməsi üçün bu təcrübədən yararlanmaq vacib şərtdir.

-Qarşıdan 2015-ilin 24 apreli gəlir. Erməni daşnakları qondarma soyqırımın tanınması üçün beynəlxalq layihələrə start veriblər. Sizcə, erməni yalanlarının ifşası məqsədilə diaspor təşkilatlarımız hansı addımları atmalıdır?

- Həqiqətən də gələn il Türkiyəni böyük sınaqlar gözləyir. Qondarma soyqırımın 100 illiyilə əlaqədar dünyanın bütün erməniləri, erməni lobbisi və onların tərəfdaşları Türkiyənin 1915-ci il hadisələrinə görə təzminat ödəməsini tələb edəcəklər. Heç şübhəsiz ki, qardaş ölkənin rəhbərləri yəqin ki, buna görə cavab tədbirləri görəcəklər. Bu məqamda, ən başlıca məsələ Xocalı soyqırımının Türkiyə Böyük Millət Məclisi tərəfindən tanınmasına nail olmaqdır. Çünki, Xocalı soyqırımı insanlığa qarşı beynəlxalq cinayətdir. Bu soyqırıma görə ona şərait yaradanlarla törədənlər eyni məsuliyyəti daşıyırlar. Əgər, dünya birliyi istəsəydi, erməni terrorçularının törətdikləri misilsiz vəhşilikləri tanıyardı. Lakin indiyə qədər bu addım atılmayıb. Belə halda erməni yalanlarının ifşasına nail olmaq üçün diaspor təşkilatlarımızın üzərinə ciddi vəzifələr düşür.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 7 noyabr.- S.3.