Vətənpərvərlik
hər zaman böyük
məqsədimiz, ali amalımız olmalıdır
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi, region hökuməti yanında millətlərə dair işlər üzrə Məsləhət Şurasının, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqının üzvü Əlihüseyn Şükürov yazır ki, mən Ramin Məmmədovla yenidən görüşdüm, bu dəfə onun Rusiya bölgələrinə çoxsaylı səfərləri zamanı əldə etdiyi təəssüratlarından bəzi məqamları oxucularla bölüşməsini, diaspor icmalarımızın işinə dair düşüncələrini açıqlamasını, həmin ölkənin xüsusilə ucqarlarında həmvətənlərimizin gördukləri dəyərli işlərdən danışmasını xahiş elədim.
-Salam, Ramin müəllim!
-Əlihüseyn
müəllim, mən də Sizi ürəkdən
salamlayır və sizə sağlamlıq, dəyərli fəaliyyətinizdə
böyük nailiyyətlər
arzulayıram. Bizim indiki
görüşümüz Dünya Azərbaycanlılarının Həmrəyliyi
Gününə iki aydan
az qalmış vaxta təsadüf
edir. Bu olduqca yaxşı haldır. Mən
də məmnuniyyətlə, bütün
xalqımızı, xüsusilə də qürbətdə yaşayan, Azərbaycanımız naminə uca amallar uğrunda
çalışan yurddaşlarımızı, diaspora hərəkatının
inkişafında, təbliğində, güclənməsində,
ilhamlanmasında, fəallaşmasında əməyi olan bütün
adamları bu
bayram münasibətilə ürəkdən
təbrik edir, onlara Odlar Yurdunun şanlı
ünvanını daha yüksək zirvələrə
ucaltmaq naminə fəaliyyətlərində
böyük uğurlar
arzulayıram. Sizə deyim ki,
onilliklərlə qonşu Rusiyada yaşayan
ziyalı soydaşlarımızın axtarışında
olmağım, son iyirmi
ilə yaxın vaxt ərzində əlavə
olaraq bu ölkədə
fəaliyyət göstərən diaspor
icmalarımızın işini
araşdırmağım mənim üçün
olduqca maraqlı, fərəhləndirici bir işə çevrilmişdir.
Əlbəttə, bu onunla bağlıdır ki, axtarışlarımı genişləndirdikcə
Rusiyanın bütün bölgələrində
ləyaqətli, bacarıqlı, hər bir
çətin şəraitdə düzgün
seçim etməyi, doğru,
ağlabatan qərar verməyi bacaran həmyerlilərimizə rast
gəlirəm. Belə olan halda isə mənim və hamımızın sevincimizin həddi-hüdudu olmur.
Sovetlər dövründə deyildiyi kimi biz bundan
həvəslənirik, yeni-yeni qələbələrə
doğru irəliləyirik. Bilirsiniz, hörmətli oxucuları
maraqlandıran məsələlərdən danışmaq, uzun illər boyu
topladığım təcrübəni onlarla
bölüşmək mənim üçün
də olduqca maraqlıdır, mən özüm də bundan məmnunluq
duyuram. Onu da deyim ki,
məndən bəzən soruşurlar ki, pis adamlara,
şəxsi mənafeyini hər şeydən üstün
tutan insanlara da rast gəlməmiş olmaram. Əlbəttə, belə şeylər
də az olmur. Elə
ünsürlərə də rast gəlirəm
ki, ağzından zəhər tökülür, heç
bir hərəkətinə, duruşuna-oturuşuna fikir
vermir, başqalarının taleyinə
biganəlik göstərir. Mənsə onlara
ilk növbədə öz
şəxsi davranışımla nümunə olmağa çalışıram, sonra isə təcrübəmdən, bildiklərimdən,
gördüklərimdən, oxuduqlarımdan düzgün
məsləhətlər verirəm. Allahdan arzu
edirəm ki, bu adamlar xata-baladan uzaq olsun, düz
yola qayıtsın, ümumi
problemlərimizin həllində iştirak
etsinlər, ən azından adımıza ləkə gətirən
çirkin əməllərdən uzaq olsalar bu
özü də bir
kömək olardı. İndi də, hesab edirəm ki, həmişə
olduğu kimi mən oxucular üçün maraqlı, ibrətamiz, mənəviyyatımızı
zənginləşdirən nümunələr
açıqlamalıyam. Orada-Rusiyada bizə
maneçilik etmək istəyən, amma qüdrətli ölkəmizin çox hörmətli rəhbərliyinin
apardığı irimiqyaslı siyasətinin
qarşısında bacarıqsız, aciz olanlar məlumdur. Odur ki,
mən insanları ruhlandıran
hadisələrdən, ayrı-ayrı vətənpərvərlərdən
danışacam, ən ucqarlarda belə azərbaycançılığın
təbliği naminə daim qəzet, kitab yaymaqla məşğul
olmasından qürurla fəxr edənlərdən
nümunələr gətirəcəm. Belə
bir sevindirici amili də qeyd etməliyik
ki, bu gün
istər ölkəmizin mərkəzi qəzetləri, istərsə
də başqa kütləvi informasiya vasitələri qürbətdə yaşayan soydaşlarımıza həsr olunmuş, diaspora
icmalarımızın fəaliyyətinə, perspektivlərinə
dair materiallara kifayət
qədər yer ayırır, bu məsələni daim
diqqət mərkəzində saxlayırlar. Oxuculara
diaspora hərəkatının tarixinin 200 ildən çox
olduğunu açıqlayırlar. Normal hal kimi
qəbul olunur ki, diaspor icmalarımızın işindəki
çatışmazlıqları da yan keçmirlər. Məsələn,
son illərin məqalərində tez-tez həyəcan təbili
çalınır ki, bəzi adamlar ancaq öz
şəxsi mənafeyini təmin etmək üçün
diaspora cəmiyyəti yaradır,
saxtakarlıqla məşğul olur, bununla da bütöv
bir bölgədə milli
mənafelərimizin gerçəkləşməsinə
əngəl törədir, minlərlə
soydaşlarımızın dəyərli istəklərinin
reallaşmasına, onların ümidlərinə zərbə
vururlar. Əlbəttə, belə
ünsürlərin böyük əksəriyyəti
öz çirkin əməllərilə
aradan getməli olublar.
Təəssüflə bildirməliyəm ki,
onlar, o qeyri-normal hərəkət sahibləri ötən
əsrin 90-cı illərində Rusiyadakı qəddarlıq, canilik, yaramazlıq, rəngarəngliyi
ölcüyə sığmayan
fırıldaqçılıq dövründə “silinməz
izlər” qoydular. Bu günə kimi həmin qara əllərin
törətdikləri əməllərin acı nəticələrini
tam aradan qaldırmaq mümkün olmamışdır. 2009-cu ildə
Oryol şəhərində
yaradıcılıq səfərində olduğum
zaman mənə danışdılar ki, elə bir asan yolla varlanmaq
istəyən hiyləgərin törətdiyi əməllərin
ucbatından o şəhərdə bu günə kimi diaspor icması yaratmaq mümkün olmamışdır. Amma fəxr etmək olar ki, hər yerdə olduğu
kimi burda da mütərəqqi düşüncəli
soydaşlarımız var. Onlardan
biri də Nəriman Qəhrəman oğlu İsakovdur. O,
Bakıda Yüngül Sənaye Texnikumunda təhsilini davam
etdirib, arada iki il orduda,
Moskvada raket hissələrində
həqiqi hərbi xidmətdə olub. Təhsilini başa vurduqdan sonra göndərişlə
Oryol şəhərinə gəlib, Tikiş fabrikində növbə ustası kimi əmək
fəaliyyətinə başlayıb, sonra
növbə rəisi, texnoloq vəzifələrində
çalışıb. İctimai işlərdən
də kənarda qalmayıb, xalq
drujinaçıları dəstəsinə rəhbərlik
edib, yəni şəhərdə ictimai asayişin
qorunmasında fəal olub. 1993-cü ildən
sahibkarlıqla məşğul olub. Bədbəxt
hadisə nəticəsində əlil olması ona bu sahədə fəaliyyətini
davam etdirməyə imkan
verməyib. Nəriman müəllim 2000-ci ildən təqaüdçüdür.
Amma ömrü boyu yararlı əməklə məşğul
olan adam kimi o, işsiz
dayana bilməyib, Tərcüməçilər
İttifaqı Oryol Filialında tərcüməci
qismində işə başlamaqla həmyerlilərimizin
müəyyən problemlərinin həllinə nail olub. Nəriman müəllim
deyir ki, şəhərimizdə
rəsmi qeydiyyata alınmış diaspor təşkilatı bu
günə kimi yoxdur.
Amma bu o
demək deyil ki, həmyerlilərimizin
hüquqlarının müdafiəsilə məşğul
olmamalıyıq, yaxud milli
adət və ənənələrimizi qorumamalıyıq. O, öz inadkarlığı ilə
ətrafına fəlları da
toplayır, onlarla birgə milli
bayramlarımızı təşkil edir,
şəhərdə keçirilən tədbirlərə də
qoşulur və lazım gəldikdə
soydaşlarımızın hüquqlarını müdafiə
etməyi də bacarır. Düşunurəm ki, rəsmi təşkilat olmadığı halda bir adamın
başqalarını da ətrafına toplayaraq bu işləri
görməsi az xidmət deyil.
Buna oxşar, amma tamamilə başqa bir diyarda daha
belə bir sevindirici
hadisənin şahidi olmuşam.
Aşağıda bir neçə kəlmə
bu barədə də
danışmağına dəyər. 2007-ci ilin
sentyabr ayında Tümen
vilayətinin müasir və ucqar yaşayış məntəqələrindən
biri olan Uray şəhərinə gəlib
çıxdım. Deyim ki,
Sovetski şəhərində qatardan düşdükdən sonra
bura gəlmək üçün
tayqa meşələrinin arasilə son otuz-qırx ildə çəkilmiş asfalt yollarla avtobusda uzun-uzadı şütüməli olursan. Amma belə uzaq yerə getməyinə dəyir. Çünki orada Azərbaycan
adını yaşadan qiymətli insanlar var. Urayda
ilk görüşüm
Rusiyanın Fəxri yol mühəndisi
Rüstəm Vəli oğlu Eminəliyevlə
oldu. Söhbətimiz zamanı o, bildirdi ki,
bu şəhərdə hələlik rəsmi
diaspor icması yoxdur,
amma burda keçirilən
tədbirlərdən kənarda qalmırıq. Həmyerlilərimiz
Urayda azərbaycançılığı
da təbliğ edir, milli mədəniyyətimizi də
yaşadırlar. Burada hər il “Milli qonaqpərvərlik”,
“Milli mədəniyyət”, “Neftçi günü”, “Sabantuy” və başqa bayramlar təntənəli qeyd
edilir. Həmin bayram tədbirlərində
bizim azərbaycanlılar da
fəal iştirak edirlər. Bədən
tərbiyəsi müəllimi, voleybol
üzrə idman ustalığına namizəd
Kimət Mütəllim oğlu Musayev həyat yoldaşı Şövgiyə
xanımla digər həmyerlilərimiz də cəlb olunmaqla fürsətdən səmərəli
istifadə edirlər. Kütlələr toplaşan, izdihamlı yerdə Azərbaycanda,
onun tərkib hissəsi Qarabağda
baş verən hadisələrdən
söhbət açır, milli adət-ənənələrimizi,
incəsənətimizi, ədəbiyyatımızı, tariximizi, məşhurlarımızı təbliğ
edirlər. Urayda sadə əmək
adamı-sürücü kimi
tanınmış və ədəbiyyatımızın vurğunu, alicənab insan,
təşkilatçılığı da
bacaran Qurban Saday oğlu Məhərrəmov
yaşayır. O, 1991-1994-cü illərdə Azərbaycan
Dövlət Texniki Universitetində təhsil
almış, lakin maddi
vəziyyətinin ağırlığından təhsili
yarımçıq qoyub Yakutiyanın Çerski qəsəbəsinə gedib, qaynaqçı, çilingər, sürücü işləyib. 1996-cı ildə
Uray şəhərinə gəlib.
İndiyə kimi burda
sürücü işləyir. Bu bölgədə istifadəyə verilmiş avtomobil
yollarının tikintisində onun böyük əməyi var.
Bunu layiq görüldüyü çoxsaylı Fəxri
fərmanlar və başqa təltiflər
bir daha təsdiq edir. Tanıyanlar ona XVI əsrdə
Cənubi Azərbaycanda yaşamış məşhur
aşığın adı ilə-Qurbani deyə hörmətlə
müraciət edirlər. Bu da təsadüfi deyil, Qurban müəllim aşıq sənətini
ürəkdən sevir, öyrənir və
təbliğ edir. O, azacıq boş vaxtı olanda şeir yazmaqla məşğul
olur. Və yuxarıda qeyd olunmuş tədbirlərdə,
el şənliklərində aşıq
yaradıcılığından ağız dolusu
söhbət açır. Özünün
belə şair təbiətli
olduğundandır ki, onun
qızı, Tümen Dövlət Universitetinin tələbəsi Aysel
qəzetlərlə yaxından əməkdaşlıq edir, oxunaqlı məqalələr, oçerklər
yazıb dərc etdirir. İndi
sizə Kirov şəhərindəki mənzərədən
danışım. 2003-cü ildən başlayaraq
mən bu şəhərə dəfələrlə
getməli olmuşam. Hər dəfə də
burdakı gənc fəal Elnur Hüseynovun köməyilə yeni-yeni
qabaqcıl adamlarla alimlərlə
görüşmüşəm. Amma bir məqamı da gizlətmək
istəmirəm-burda rəsmi diaspor
icması da var, onun sədri də öz
yerindədir. Lakin bu
günə kimi bu cəmiyyətin
nə işlə məşğul olduğunu
aşkar edə bilməmişəm. Xoşbəxtlikdən Allah məni
Kirovda həmin 2003-cü ildə Kirovda 23 yaşlı, möhkəm məsləkli,
əqidəsindən dönməyən vətənpərvər
Elnur Hüseynovla
rastlaşdırdı. Mən onun sayəsində
müəyyən etdim ki,
burda Kirov Dövlət
Universitetinin Xarici Dillər
fakültəsinin və Moskva
Dövlət Hüquq Akademiyasının
məzunu, hüquq elmləri namizədi, Treteysk məhkəməsinin sədri Tahir Əli oğlu Məmmədov
uzun illərdir elmi,
işində səriştəliliyi, əzmkarlığı,
aydın məqsədi və alicənablığı, nəzakətliliyi
ilə Azərbaycan adını ucaltmaqdan
yorulmur, usanmır. Daha
sonra Elnur məni dəvət
elədi Kirov Şəhər Dİİ-nə.
Dedi burda Əli İnətulla
oğlu İzzətov xidmət edir. O, nümunəvi milis
işçisidir, adı dillərdə gəzir.
İndi Əli müəllim həmin idarədə
qərərgah rəisinin müavini polis mayorudur. Sonrakı illərdə
etdiyim səfərlərim zamanı gördüm ki,
qabaqcıl adamlar Elnurun
ətrafında birləşir, ona bu işində dəstək olurlar.
Elnursa məni
2009-cu ildə dünyasını dəyişmiş kənd təsərrüfatı
elmləri namizədi Vaqif Abas
oğlu Qurbanovun ailəsi
ilə görüşdürdü.
Qayğıkeş ailə üzvləri mərhum ailə
başçısının həyat yoluna
dair səliqəylə saxlanan
sənədləri təqdim etdilər, onun
haqqında öz xatirələrini də
bölüşdülər. Əlbəttə, gətirdiyim
nümunələr hamısı kitablarımda öz
əksini tapmışlar. Elnur Hüseynov 2010-cu ildən Moskva Hüquq
Akademiyasında Təhsil almaqla
yanaşı Kirov şəhərinə
Bakıdan Azərbaycan həqiqətlərinə dair yeni-yeni nəşrlər
gətirir, onların burda
yayılmasına başqa
soydaşlarımızı da səfərbər
edir, bununçün
bölgədə keçirdikləri tədbirləri daha əlverişli şərait kimi istifadə edir. Hazırda E.Hüseynov Kirovda fəaliyyət göstərən
RAGT-nın yerli bölməsinin sədri
30 yaşlı Qafur Cəlilovla əl-ələ
verib bu işləri xeyli genişləndirmək məqsədilə
yaxın vilayətlərdəki diaspor
icmalarımızla da sıx əlaqələr
yaratmışdır. Bu real faktları oxuculara
açıqladıqca Həzrət Əlinin bir
kəlamı yadıma düşür:
”Danışanın özünə yox,
sözünə daha çox
diqqət et”. Dəyərli əməllərilə
seçilən, adlarını çəkdiyim bu adamların sözlərinin doğru
olduğunu əməllərində görürük. Daha bir problemi xatırlatmaq
yerinə düşər. Belə ki, nəinki
icma rəhbəri, eləcə də hər
bir fəal savadlı, gündəlik baş verən hadisələrdən məlumatlı
olmalıdı. Təəssüf ki, bu məsələ də həmişə
arzuladığımız kimi olmur. Onların sayı çox
olmasa da, amma elə diaspor rəhbərlərinə
rast gəlirik ki,
onların nə Azərbaycan tarixindən, nə də mədəniyyətimizdən
iki cümlə deməyə bilik ehtiyatı var. Bu acınacaqlı vəziyyətdir. Gizli deyil ki,
zəmanəmizdə bütün dünyada informasiya
müharibəsi gedir. Biz
də hər birimiz dərin zəkalı,
savadlı olmağa daim
çalışmalıyıq, məmləkətimizi,
şanlı tarixi olan
xalqımızı layiqincə təbliğ etməyi
bacarmalıyıq. Unutmamalıyıq ki, Ümummilli liderimiz, rəhmətlik Heydər Əliyev Dünya Azərbaycanlılarına dair bütün tədbirlərdə
özü şəxsən iştirak və çıxış edirdi, diaspora sahəsini daim diqqət mərkəzində
saxlayırdı, bu işə hər
cürə qayğı göstərirdi. Onun
layiqli davamçısı, Azərbaycan
Respublikasının prezidenti çox hörmətli İlham
Əliyev cənabları da bu vacib sahəni bir an belə
qayğıdan, diqqətdən kənarda qoymur.
Özü şəxsən qurultaylarda, başqa tədbirlərdə
çıxış edir. Mən
2004-cü ildə Moskvada ÜAK-ın II
qurultayında, 2006-cı ildə Bakıda Dünya
Azərbaycanlılarının II qurultayında onun geniş nitq söyləməsinin şahidi
olmuşam. Bu
çıxışlar hər birimiz üçün vacib sənəddir,
əlimizdə proqramdır. Son on il ərzində ölkə
rəhbərliyinin diqqət və qayğısı olaraq azərbaycançılığın təbliği
məqsədilə Moskvada da
haqqımızda külli miqdarda
kitablar buraxılmışdır. Bunlar hamısı olduqca dəyərli,
arxiv sənədləri, yəni doğru, obyektiv məlumatlarla
təchiz olunmuş nəşrlərdi. Bu kitabları hər birimiz
həm oxumalı, yaxşı öyrənməli, eləcə
də yayılmasında iştirak etməliyik.
Desəm
ki, hər bir peşəni, fəaliyyəti
sevən adam lazımdır, millət üçün, məmləkət naminə
araya-ərsəyə bir iş
gətirib ondan zövq
alan insanlar
lazımdır yenilik kəşf etmiş olmaram.
İnanın, bu gün
diaspora hərəkatında bizə ən
yüksək biliyə və
intellektə malik mütəxəssislər
lazımdır.
Bir məsələni də qeyd
etməyi lazımlı hesab edirəm.
Müxtəlif şəhərlərdə, xüsusən də
Moskvada Fəxri xiyabanlarda
bir çox görkəmli
şəxsiyyətlərimizin məzarları var.
Yeri gəlmişkən, mən bunların
əksəriyyətinin yerini müəyyən
və ziyarət eləmişəm, sözüm
bunda deyil. Bildirmək
istəyirəm ki, həmin məzarların
ziyarət olunması özü
diasporaların apardığı vətənpərvərlik işinin bir qoludur.
Götürək
Yaroslavl şəhərini, burda Fəxri xiyabanda kimya elmləri doktoru, professor, Beynəlxalq Tarix,
Elm və Fəlsəfə
Akademiyasının (Paris) ekstraordinar
üzvü Yusif Süleyman oğlu Musabəyov
(1910-1970) dəfn edilmişdir. Əvvəla
bu şəhərdəki diaspor
icmasının rəhbərliyinin təşkilatçılığı
ilə soydaşlarımız
hər il mərhum alimin
məzarını ziyarət edirlər. Daha
sonra isə Yusif
müəllimin bir vaxt
elmi və pedaqoji fəaliyyət
göstərdiyi Yaroslavl Dövlət Texniki Universitetinin Elmi Şurasıyla Yaroslavl
Azərbaycan Milli Muxtriyyatı şəhər
Soveti qarşısında vəsadət
qaldırmışlar. Bundan sonra Y.Musabəyovun gərgin elmi fəaliyyəti, öz
kəşflərilə elmi zənginləşdirməsi
əsas götürülərək həmin elm
ocağının onun vaxtilə işlədiyi
“B” korpusunun fasadında alimin
Xatirə lövhəsi quraşdırılmışdır.
Bildirməyim yerinə düşər ki,
Yaroslavlda Əbədi məşəl var, yenə də diaspora rəhbərliyinin
təşəbbüsü ilə həmyerlilərimiz hər il yanvarın 20-də bura toplaşaraq 1990-cı il
qanlı yanvar şəhidlərinin əziz
xatirəsini yad edirlər. Sonra
bu barədə yerli qəzetlərdə
yazılar dərc etdirilir. Bir neçə
il öncə Kurqan
şəhərinə səfərim zamanı burdakı məşhur
Ortopediya və Travmatologiya
Klinikasının əsasını qoymuş,
böyük həmyerlimiz, mərhum akademik Qavril İlizarovun məzarını şəhərdəki
diaspor fəallarilə birgə ziyarət etdik.
Ümummilli liderimiz, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin 2001-ci il noyarın 9-10-da Bakıda keçirilmiş
Dünya Azərbaycanlılarının I
Qurultayında və “Gülüstan”
sarayındakı rəsmi qəbulda söylədiyi geniş nitqlərindən fraqmentlər gətirməyi
olduqca vacib bilirəm: “Azərbaycançılıq-birliyimizin
əsasıdır”, “...Hər bir
ölkədə Azərbaycan icmasında azərbaycanlılar
həmrəy olsunlar, bir-birinə dayaq olsunlar, bir-birinə
yardım etsinlər, bir-birinin dərdinə
yansınlar və bizim milli
adət-ənənələrimizi, milli dəyərlərimizi
birlikdə gözləsinlər, milli
bayramlarımızı qeyd etsinlər.
Təkcə müstəqillik bayramını, Novruz
bayramını deyil, bütün
başqa bayramları da
qeyd etsinlər. Azərbaycan dilini yeni nəslə, uşaqlara çatdırmaq üçün
müəyyən tədris imkanları yaratsınlar. Biz bu barədə kömək edəcəyik ki, bizdən sonra gələn
nəsillər, sizin övladlarınız,
bizim övladlarımız azərbaycançılığı
daha da yüksəklərə
qaldırsınlar, Azərbaycan dilini,
milli-mənəvi dəyərlərimizi daim
yaşatsınlar...”
“Təbiidir ki, demokratik ölkədə
ayrı-ayrı adamların müxtəlif siyasi
dünyagörüşləri, dünyabaxışları var. Bu, təbiidir və buna heç kəsin
etirazı ola bilməz. Ancaq
ümummilli məsələlərin həllində,
Azərbaycanın milli mənafelərinin
qorunmasında Azərbaycanın bütün
vətəndaşları həmrəy
olmalıdır, bir olmalıdır, bir-biri ilə toqquşmamalıdır. Mən bunu eyni zamanda
sizə arzu edirəm. Hər bir Azərbaycan icmasında mehriban
əhval-ruhiyyə olsun... Qürbətdə
yaşayan insanlar gərək
bir-birinə daha da çox dayaq olsunlar, bir-birinə daha da çox əl tutsunlar”.
Bu qızıl sözlərin tələblərinin
yerinə yetirilməsində hər birimizin
qarşısında böyük vəzifələr
durur. Həmin tələbləri layiqincə
yerinə yetirsək diaspora
icmalarımızın fəaliyyətində problemlər həllini
tapmış olar. Gəlin işimizi
daha da genişləndirək,
əl-ələ verək, yumruq kimi birləşək, bir
nöqtəyə vuraq, bütün
inciklikləri aradan qaldıraq,
kin-küdurəti qırağa qoyaq. Bir sözlə vətənpərvərlik yekdil məqsədimiz, ali
amalımız olmalıdır. Axı hamımızın bir Vətəni var, o da sevimli
Anamız- Azərbaycanımızdır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2014.- 12 noyabr.- S.3.