“Arxangelsklə Azərbaycan
arasında dostluq
münasibətlərini daha da inkişaf etdirmək
lazımdır”
Hüseyn
Əliyev: “Ermənilər mənim deputat seçilməyimi qətiyyən
istəmirdilər”
Dünyanın
müxtəlif ölkələrində yaşayan
soydaşlarımız tədricən həmin ölkələrin
cəmiyyətlərinə inteqrasiya edərək onun
ictimai-siyasi həyatında fəal rol oynayırlar. Bu gün
bir çox ölkələr var ki, həmin ölkələrin
qanunverici və icraedici orqanlarında məhz azərbaycanlılar
təmsil olunur. Bu mənada Rusiya Federasiyası da xüsusi qeyd
edilməlidir. Təkcə paytaxt Moskva deyil, eləcə də
onun digər subyektlərində yaşayan azərbaycanlılar
ictimai-siyasi fəallıqları ilə seçilərək
müəyyən postlara sahib olurlar. Arxangelskdə yaşayan həmyerlimiz,
şəhər Dumasının üzvü,
tanınmış iş adamı Hüseyn Əliyevi də bu
kateqoriyaya aid etmək olar. Onunla söhbətimiz zamanı
Arxangelskdə yaşayan azərbaycanlıların ictimai-siyasi
fəallığı, soydaşlarımızın üzləşdiyi
problemlər, eləcə də Azərbaycanla Arxangelsk
arasında münasibətlərin inkişaf etdirilməsi
istiqamətində nəzərdə tutulan tədbirlər barədə
danışdıq.
-Hüseyn
müəllim, nə vaxtdan Arxangelskdə
yaşayırsınız və əsas fəaliyyətiniz nədən
ibarətdir?
-Artıq 26 ildir ki, Arxangelsk şəhərində
yaşayıram. Mənim əsas fəaliyyətim, məşğuliyyətim
ticarətlə bağlıdır. Arxangelskdə topdan
satış bazarı açmışam, həmçinin
ticarət mərkəzimiz, restoranımız fəaliyyət
göstərir.
-Azərbaycandan
Arxangelskə üz tutmağınızın səbəbi nə
idi?
-1988-89-cu illərdə baş verən proseslər,
Sovet İttifaqının dağılması, ölkənin
idarəçiliyində yaranan problemlər səbəbindən
Arxangelskə üz tutdum. 1993-cü ilə qədər
ümumiyyətlə Azərbaycan bərbad vəziyyətdə
idi. Baxmayaraq ki, Arxangelskə getdim, ancaq müntəzəm
olaraq Azərbaycana gəlirdim. Hətta 1995-ci ildə Yeni Azərbaycan
Partiyasının üzvü oldum. Həmin dövrə qədər
mən Rusiya vətəndaşı deyildim. Ondan əvvəl,
daha dəqiq desək 1993-cü ilin prezident seçkilərində
iştirak etmişəm və seçkilərdə mərhum
prezidentə səs vermişəm. Həmin seçkilərdə
Heydər Əliyev xalqın böyük əksəriyyət səsini
qazandı. O, səs doğurdan da həqiqi səs idi.
Çünki xalq çətin durumda idi və onu bu bəladan
xilas edə biləcək şəxsiyyət qismində məhz
Heydər Əliyevi görürdü.
-Siz
eyni zamanda Arxangelsk şəhər Dumasının üzvüsünüz.
Duma üzvü kimi Arxangelsklə Azərbaycan arasında
münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə
hansı addımlar atmağı
düşünürsünüz. Duma üzvləri və ya
vilayət rəhbərliyinin Azərbaycana səfərinin təşkilini
həyata keçirməyi nəzərdə tutursunuzmu?
-Belə bir fikrimiz var.
Məlumat üçün qeyd edim ki,
elə Azərbaycana səfərimin başlıca məqsədi
də budur. İstəyirəm ki, Arxangelsklə Azərbaycan arasında
müxtəlif sahələrdə əlaqələr bir qədər də inkişaf
etsin. Bu məqsədlə
Bakıda bir sıra görüşlər
keçirdim və niyyətimi müvafiq qurumların diqqətinə
çatdırılmasına çalışdım. Onu da qeyd edim
ki, ümummilli lider Heydər Əliyev də zamanında Rusiya Federasiyasının müxtəlif
subyektləri ilə Azərbaycan arasında əlaqələrin
inkişaf etdirilməsinə
çalışırdı. Biz də ümummilli liderin o müqəddəs missiyasını, uğurlu siyasətini davam
etdirməyi düşünürük.
Məlumat üçün qeyd edim ki,
hələ 1970-ci illərdə ümummilli
lider Heydər Əliyev mütəffiq
respublikaların Rusiyanın müəyyən şəhərləri
ilə əlaqələr qurması təşəbbüsü
ilə çıxış etmişdi. Həmin
təşəbbüs əsasında 1970-75-ci illərdə
Arxangelsk-Azərbaycan əlaqələri yarandı. Azərbaycanın
cənub zonası, Lənkəran-Astara zonası o zaman Arxangelski
meyvə-tərəvəzlə, Bakı və Abşeron
kondsioner və soyuducularla
təmin edirdi. Həmin dostluq
münasibətlərinin davamı olaraq
Bakı-Arxangelsk birbaşa təyyarə reysi açılıb. Bütün
bunları nəzərə alaraq təklif
etdim ki, ümummilli lider Heydər
Əliyev tərəfindən əsası qoyulan
ikitərəfli münasibətləri, əlaqələri bu gün davam
etdirək. Bu məqsədlə Arxangelsk şəhər meri
ilə söhbətlərim olub. Həmçinin
Arxangelsk şəhər Dumasının sədri
ilə məsləhətləşmələrimiz olub və onlar da buna razılıq veriblər.
Bir sözlə Azərbaycanla Arxangelsk arasında təkcə ticari deyil, həmçinin
siyasi-iqtisadi sahələrdə də əlaqələri
genişləndirmək olar. Bütün bunları nəzərə alaraq istəyirəm ki,
yaxın aylarda Arxangelsk-Azərbaycan
qardaşlığı yaransın. Mən Arxangelskdən geri qayitsam da,
50 il sonra belə
adım müsbət mənada çəkiləcək. Çünki orada iz qoymuşam.
-Onda belə demək mümkündür ki, Arxangelskdə Heydər Əliyevə böyük hörmət və ehtiram var?
-Tamamilə doğrudur. Məlumat üçün qeyd edim ki, Heydər Əliyev vəfat edəndə Arxangelskdə böyük bir mərasim təşkil etdim. Həmin mərasimə vilayət rəhbərliyinin ən yüksək səviyyəli rəsmiləri, qubernator, şəhər meri, hüquq-mühafizə orqanlarının rəhbərləri təşrif buyurmuşdu. Tədbir barədə mətbuata dəvət göndərməsək də, vilayətin kütləvi informasiya vasitələri özü mərasimə böyük diqqət göstərdi və tədbirimizi geniş şəkildə işıqlandırdı. Həm şəhər Dumasının sədri, həm də qubernatorun müavini Heydər Əliyev barədə yüksək səviyyədə danışdılar və ümummilli lideri təkcə Sovetlər İttifaqı deyil, eləcə də dünya miqyaslı bir siyasətçi kimi xarakterizə etdilər.
-Bəs bütün bunların qarşılığında Arxangelskdə Heydər Əliyevin adının əbədiləşdirilməsi istiqamətində hansısa addımlar atılıb və ya tədbirlər həyata keçirilibmi?
-Əlbəttə ki, bu istiqamətdə
müəyyən planlarımız var və
bu məqsədlə qubernatorla
danışıqlar aparmaq niyyətindəyəm.
Orada Heydər Əliyev adına parkın
salınması, ümummilli liderin büstünün
qoyulması, onun adına küçə
müəyyən edilməsi nəzərdə tutulur.
Təbii ki, bütün
bunlara nail olmaq üçün
Arxangelsklə Azərbaycan arasında dostluq
münasibətlərini daha da inkişaf etdirmək
lazımdır.
-Səhf etmirəmsə sizin ümummilli lider Heydər Əliyevlə də bir neçə dəfə görüşləriniz olub. Həmin görüşlər hansı formada və ya necə baş tutub?
-Müsahibim bu an dərin xəyala dalır və qısa sükutdan sonra
sözünə davam edir).
Ümumiyyətlə, mən gənc yaşlarımdan Heydər
Əliyevin vurğunu olmuşam.
İnstitutu bitirdikdən sonra
Bərdə rayonunda pambıq briqadiri işləmişəm. O zaman Rayon Partiya Komitəsinin birinci katibi Rüstəm Səfərəliyev
idi. Rüstəm Səfərəliyev mərhum
Heydər Əliyevin ağsaqqal kimi hörmət etdiyi,
qiymət verdiyi bir
şəxsiyyət idi. Həmin illərdə
Heydər Əliyev Bərdə rayonuna gələndə
mən ümummilli liderlə əl verib görüşmüşəm. Zona müşavirələri zamanı Heydər
Əliyev bizim hər birimizlə fərdi qaydada görüşür,
maraqlanırdı.
-Siz həm şəhər Dumasının üzvü, həm də orada kifayət qədər tanınmış iş adamısınız. Bütün bu nailiyyətləri Arxangelskdə yaşayan ermənilər necə qarşılayır və sizə qarşı hansısa təxribat xarakterli addımlar atılırmı?
-(Gülür) Əlbəttə ki,
düşmən hər an bizim
üçün düşməndir və
onun hər hansı addımına
qarşı tədbirli olmalısan. Heç şübhəsiz ki, ermənilər mənim Dumanın
deputatı seçilməyimdən kifayət qədər narahat oldular. Çünki seçkilər zamanı Dumaya namizədlər arasında erməni də
vardı. Mənim namizədliyim Rodina
Partiyasından irəli sürüldüyü
halda, həmin erməni Yedinaya
Rossiya Partiyasından namizəd olaraq seçkilərə
qatılmışdı. Nəticələrə əsasən
mən Dumanın deputatı seçilsəm də, həmin
erməni deputat ola
bilmədi. Bu hadisə ermənilərə
böyük təsir etdi.
Çünki ermənilər mənim deputat seçilməyimi qətiyyən istəmirdilər.
Onu da qeyd
edim ki, Arxangelskdəki
ermənilərin daxilində də müəyyən parçalanma müşahidə edilir. Aclıq ailədə böhran
yarada bildiyi kimi ermənilər arasında da
problemlər meydana gətirib. Elə son Duma seçkilərində
də bunun şahidi olduq. Belə ki, Dumaya namizəd olan erməni
Yedinaya Rossiya
Partiyasından seçkilərə qatılsa da,
lakin Arxangelskdə yaşayan
ermənilərin müəyyən bir qismi məhz mənim namizəd olduğum
Rodina Partiyasına səs verdi.
Məlumat üçün qeyd edim ki,
Dumaya namizədlər arasında Rodina Partiyasının siyahısında mənim
adım ilk yerdə idi.
Ümumiyyətlə, Arxangelsk tarixində
heç vaxt şəhər
Dumasında azərbaycanlı deputat
olmayıb.
-Ümumiyyətlə, Arxangelsk şəhər Dumasında erməni, yaxud gürcü deputatı var?
-Xeyr yoxdur. İndiyə qədər də Arxangelsk şəhər Dumasında erməni deputat olmayıb. Ancaq bir nəfər gürcü deputat var.
-Arxangelskdə yaşayan azərbaycanlılar və ermənilər nə qədərdir?
-Arxangelskdə 10 minə yaxın azərbaycanlı, 2-3 minə qədər isə erməni yaşayır. Onlardan təxminən 500-ə yaxını Rusiya vətəndaşıdır. Ermənilər diasporun hesabına müəyyən qurumlara təsir göstərir, Ermənistana kömək əli uzadır. Ancaq bizdə bu sahə bir qədər zəifdir. Birlik təmin ediləndə, yumruq möhkəm olanda yaxşı səs çıxır. Yoxsa parçala, böl dağıt, bunlar hamısı dövləti, milləti inkişafdan saxlayan proseslərdir. Bu kimi mənfi halları biz 1988-93-cü illərdə gördük.
-Sizcə 10 min nəfər azərbaycanlıya qarşı Dumada bir nəfərin təmsil olunması aşağı göstərici deyilmi?
-On
min nəfər azərbaycanlının
hamısı Rusiya vətəndaşı
deyil. Təxminən 3 minə yaxın azərbaycanlı
Rusiya vətəndaşıdır. Yerdə
qalanlar isə müntəzəm olaraq Arxangelskə gedib-gələnlər,
müvəqqəti qeydiyyata düşənlərdir.
-Hüseyn müəllim, rəhbərlik etdiyiniz ticarət obyektlərində çalışanların əksəriyyəti yəqin ki, azərbaycanlılardır?
-Əlbəttə. Hətta müəyyən kadrlar lazım olanda Azərbaycandan aparıram. Onları qısa qeydiyyata saldırır, müvafiq işlə təmin edirəm.
-Bəs Arxangelskdə yaşayan azərbaycanlıların üzləşdiyi əsas problemlər hansılardır və soydaşlarımız həmin problemlərin həlli üçün şəhər Dumasının deputatı kimi sizə müraciət edirlərmi?
-Arxangelsk
Rusiyanın şimal bölgəsidir və
orada yaşayan ruslar Moskva, Piter, Krasnodar, Rostov ruslarından seçilirlər və təbiətcə
çox sakit
insandırlar. Onlar heç
bir millətə qarşı problem yaratmaz, onu alçaltmazlar. Əgər
millət özü-özünə problem
yaratmasa heç kim ona problem
yaratmaz. Əgər kimsə cinayət
törədirsə təbii ki,
hüquq-mühafizə orqanları həmin cinayətin
qarşısını almalıdır.
-Arxangelskdə yaşayan azərbaycanlı ailələrin övladlarının Azərbaycan dilini unutmaması üçün bazar günü məktəblərinin təşkili nəzərdə tutulurmu?
-Əlbəttə. Ən ciddi işlərimizdən biri də budur. Bu məqsədlə bir neçə məktəb direktoru ilə görüşmüşük ki, hansısa bir zamanda, bazar günü və ya axşam saatlarında uşaqlar üçün belə bir dərslər təşkil edək. Düzdür, elə uşaqlar var ki, Azərbaycan dilində danışarkən çətinlik çəkirlər. Ancaq bu az bir qism təşkil edir. Həmin uşaqların ailələri ilə söhbətlər edirik ki, evdə övladlarınızla öz dilimizdə danışın.
-Duma üzvü olaraq Azərbaycanın Rusiyadakı səfirliyi və ya konsulluğumuzla münasibətləriniz hansı səviyyədədir?
-Mən yalnız Qüdsi Osmanovu
tanıyırdım. O, Sankt-Peterburqda baş konsul olarkən mən
heç Dumanın üzvü
deyildim. Qüdsi Osmanov Arxangelskdə mənim kimi
bir iş adamının
olması barədə eşitmişdi və
mənimlə maraqlandı. Biz onunla Piterdə görüşdük.
Daha sonra o, Arxangelskə gəldi, orada
qubernatorla görüşdü.
Həmçinin Arxangelskə gələrək orada təşkil olunan forumlarda iştirak edirdi.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2014.- 12 noyabr.- S.3.