Heydər Əliyev və Azərbaycan diasporası

 

Dövlət diaspor təşkilatlarının akademik fəaliyyət istiqaməti götürməsi,

lobbiçiliyin qurulması məsələlərinə xüsusi diqqət ayırır

 

Azərbaycan diasporunun tarixən keçdiyi yol uzun bir zaman məsafəsində tarixi araşdırmalar zamanı aydın və dolğun görünür. Baş verən inteqrasiya prosesləri dünyanın müxtəlif regionlarında yaşayan həmvətənlərimizin daha sıx şəkildə birləşməsini zərurətə çevirir. İndi azərbaycanlıların ideya - siyasi birliyi yalnız ölkəmizin milli maraqlarından irəli gələn məsələ deyil, həm də müasir dünyada gedən ictimai - siyasi proseslərin tələbi ilə ortaya çıxan zərurətdir. Xarici ölkələrdə yaşayan azərbaycanlıların sürətlə təşkilatlanması prosesi müşahidə edilir. Azərbaycan dövlətinin bu proseslərə dəstəyi var. Dövlətlə diaspor təşkilatlarının tandemli işi sayəsində fəaliyyətdə koordinasiya iş planı formalaşıb.

Təşkilatlanmış Azərbaycan cəmiyyətlərinin fəaliyyət göstərdikləri ölkələrin ictimai - siyasi həyatında fəal iştirakının təmin olunması diaspor quruculuğu işinin ən mühüm məsələlərindəndir. Bu məqsədlə ötən dövrdə soydaşlarımızın yaşadıqları ölkələrdə keçirilən seçkilərə təsiretmə mexanizmlərinin hazırlanmasına nail olmaq üçün müəyyən işlər görülüb və uğurlu nəticələr qazanılıb. Diasporamız əldə etdiyi uğurları Ulu öndər Heydər Əliyevə borcludur. Heydər Əliyev ölkənin ictimai-siyasi həyatının bütün sahələrində sürətli inkişafa aparan köklü islahatlara yol açdı. Azərbaycan qısa vaxt ərzində iqtisadi göstəricilərinə, intellektual potensialına görə SSRİ miqyasında ön sırada yer tutdu. Dahi Öndər Heydər Əliyevin ardıcıl surətdə apardığı islahatlar yalnız iqtisadi sahəni əhatə etmirdi. Bu köklü dəyişikliklər elm və təhsildə, mədəniyyətdə də böyük sıçrayışlarla nəticələndi. Azərbaycanda elmin inkişafının stimullaşdırılması istiqamətində bir çox mühüm addımlar atıldı. Respublikada azad fikirli ziyalıların təqibinə birdəfəlik son qoyuldu. Təsadüfi deyil ki, məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1969-cu ildən Sovet İttifaqı dağılana kimi Azərbaycanda bir nəfər də olsun dissident qeydə alınmayıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısın da duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi, digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Ümummilli lider bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, onları yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı. Beləliklə, Azərbaycan diasporu yeni bir inkişaf yoluna qədəm qoydu. Bu yolun əsası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirildi və davamlı olaraq həyata keçirilir. Böyük şəxsiyyət Heydər Əliyevin uzaqgörən müdrik siyasəti dünya ölkələrində Azərbaycanın tanımasına böyük yollar açmış oldu. Dünyanın hər bir nöqtəsində formalaşmış Azərbaycan diasporu məhz Heydər Əliyevin diaspora quruculuğu siyasətinin məntiqidir. Ümummilli Lider Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd oldu. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan verdi. Ulu öndərin ideyaları özündən sonrakı mərhələlərdə də davam etdirilməsi diaspora quruculuğuna töhfələrini verir. Bu gün Azərbaycan diasporu ABŞ, Fransa, Misir, Avstraliya, Gürcüstan, Moldova, Avstriya, İslandiya, Niderland, Almaniya, İspaniya, Norveç, Belarus, İsveç, Özbəkistan, Belçika, İsrail, Polşa, Birləşmiş Ərəb Əmirliyi, İsveçrə, Qazaxıstan, İtaliya kimi onlarla dövlətlərdə fəaliyyət göstərir.

 

Prezident İlham Əliyev və Azərbaycan diasporu

 

Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra diaspora quruculuğu sahəsində nailiyyətlərimizin davamı gəldi. İndi dünya azərbaycanlıları arasında təşkilatlanma özünün ən yüksək səviyyəsindədir. Əldə edilən nəticələr də dövlətimiz tərəfindən lazımi şəkildə qiymətləndirilir. Diasporun əsas prinsipi milli-mənəvi dəyərlərimizin qurunması, təbliği və digər məsələlərdən ibarətdir. Diaspor təşkilatlarımız eyni zamanda güclü Azərbaycan lobbisinin formalaşması istiqamətində fəaliyyət göstərir. Bu istiqamətdə də müxtəlif xarici ölkə kütləvi informasiya vasitələri, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin ictimai qurumları, qeyri-hökumət  və siyasi təşkilatlar, dövlət orqanları ilə əməkdaşlıq qurulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xarici siyasətdə mütəşəkkil diaspor quruculuğuna, soydaşlarımızın milli-mənəvi birliyinin təmin olunmasına mühüm diqqət yetirir. Dövlət başçısının bu sahədə həyata keçirdiyi siyasət yaxın gələcəkdə Azərbaycan diasporunun daha da möhkəmlənərək, ən ağrılı yerimiz olan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində yaxından iştirak edəcəyindən xəbər verir. Diaspor quruculuğu ümummilli iş olduğundan, hər birimizin öz imkanları daxilində bu prosesə yardım göstərməyi vacibdir. Azərbaycançılıq ideyasının harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımızın şüurunda özünə möhkəm yer tutması üçün əlimizdən gələni etməliyik. Xalqımızın taleyüklü məsələləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında bu amilin çox mühüm rol oynayacağına əminik. Azərbaycan diasporasının formalaşması, azərbaycançılıq ideyalarının və həmrəyliyin inkişaf etdirilməsində Heydər Əliyev fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın da çox böyük xidmətləri var. Bu yöndə Mehriban xanımın gördüyü işlər təqdirəlayiqdir və bu ölkədə diasproumuzun fəaliyyətinin güclənməsinə təkan verir.   Hazırda beynəlxalq birliyə qətiyyətlə inteqrasiya edən Azərbaycanda dinamik inkişaf sürətlə davam edir. Bu amil xarici ölkələrdə yaşayan azərbaycanlıları daha da fəal olmağa sövq edərək, diaspora quruculuğu işinə yeni məzmun verir. Məhz bu baxımdan, görülən işlərin azərbaycançılıq ideologiyasının inkişafına, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz arasında birliyin möhkəmlənməsinə öz töhfəsini verəcəyi şübhəsizdir.  Bu gün özlərinin milli varlıq və mənsubiyyət hisslərini daxilən dərk edən soydaşlarımız getdikcə bir-birilərinə daha çox yaxınlaşırlar və onlara dayaq duran Azərbaycan dövlətini hər an özlərinə etibarlı arxa sayırlar. Buna görə də, bütün dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikası ilə böyük fərəh və milli qürur hissləri keçirirlər. Azərbaycan diasporası bu gün demək olar ki, dövlətimizin xarici siyasətinin ana qolnu təşkil edir. Milli maraqlarımızın dəstəklənməsində və qorunmasında diasporanın əhəmiyyəti böyükdür. Bu yöndə Prezident İlham Əliyevin Azərbaycanın digər ölkələrdəki səfirlikləri və diplomatik nümayəndəlikləri qarşısında qoyduğu vəzifələr təqdir edilir. Prezidentin tövsiyyəsilə diplomatik nümayəndəlik və səfirliklərlə diasporanın koordinasiyalı işi qurulub. “Biz istəyirik ki, siz yaşadığınız ölkələrdə güclənəsiniz, daha möhkəm mövqeyə sahib olasınız. Siyasi aləmdə, biznesdə, bu ölkələrin mədəni həyatında sizin möhkəm mövqeyiniz Azərbaycanın adının daha da yüksəlməsi deməkdir. Ölkəmiz haqqında həqiqətlər daha dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır. Əlbəttə, hər bir ölkənin səfirliyi vardır və bu səfirlik ölkənin maraqlarını təmsil edir. Amma diaspor üzvləri də Azərbaycanın elçiləridir. Sizin fəaliyyətinizdən çox şey asılıdır. Siz Azərbaycana dəstəksiniz, Azərbaycanın da hökuməti və dövləti sizə dəstəkdir” - deyə Prezident İlham Əliyev diaspor üzvləri qarşısında etdiyi nitqində bildirmişdi. Bütün bunlar bir daha göstərir ki, dövlətimizin diasporaya verdiyi yüksək önəm Azərbaycanın dünyada daha yaxşı tanıdılmasında mühüm əhəmiyyət kəsb edir. Dövlətin davamlı və ardıcıl dəstəyi Azərbaycan diasporunun təbliğat imkanlarını daha da genişləndirir, diaspor təşkilatlarının zəngin informasiya bazası ilə təmin olunmasına dəyərli töhfələr verir. Artıq Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində yeni mərhələ keçib. Təşkilatlanma mərhələsini arxada qoymuş diasporumuz daha yüksək, akademik  fəaliyyət dönəminə qədəm qoyub. Azərbaycan həqiqətlərinin təbliğində müasir informasiya texnologiyalarının tətbiqi, xaricdəki azərbaycanlıların inteqrasiyasının sürətləndirilməsi, digər xalqların diasporları ilə əməkdaşlığın inkişaf etdirilməsi, türk dünyasının birliyi ideyalarının yayılması və həyata keçirilməsi, lobbi quruculuğu yönündə vacib addımlar atılır. Azərbaycan Respublikasının Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının III qurultayındakı çıxışında xarici ölkələrdə yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığının yüksəldilməsi, Azərbaycan diaspîrunun iqtisadi və maliyyə gücünün artırılması kimi bir sıra tövsiyələr verib. Dövlət diaspor təşkilatlarının akademik fəaliyyət istiqaməti götürməsi, lobbiçiliyin qurulması məsələlərinə xüsusi diqqət ayırır. Bu isə hər kəsi sevindirir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 14 noyabr.- S.3.