Diaspor quruculuğulobbiçilik

 

Güclü diasporanın formalaşdırılmasını şərtləndirir

 

Diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün dövlətlərin dəstəyi vacib şərtdir. Baxmayaraq ki, diasporalar dövlət xaricində yaratdıqları təşkilatlarla öz dövlətlərinin maraqlarını müdafiə edirlər, ancaq ən güclü diasporanın geniş fəaliyyəti üçün belə dövlət dəstəyinin olması vacib şərtdir. Etiraf edilməlidir ki, bu işdə Azərbaycan dövləti öz sözünü deyib və hazırda da eyni mövqeni sərgiləməkdədir. Nəzərə alsaq ki, dünya azərbaycanlıların yalnız beşdə biri Azərbaycan Republikasında yaşayır, onda diaspor təşkilatlarına dövlət qayğısının nə qədər vacib olduğunu dərk etmiş olarıq. O da etiraf edilməlidir ki, diaspor təşkilatları da öz növbəsində dövlətin maraqlarını müdafiə etməyə borcludurlar. Hətta xaricdə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi, onların koordinasiyası, milli adət-ənənələrimizin təbliği kimi məsələlər də diasporanın üzərinə bir vəzifə olaraq düşür. Nəzəri baxımdan sadalanan vəzifələrin icrası diaspor təşkilatları üçün elə də çətin məsələ hesab olunmamalıdır. Çünki xarıcdə yaşayan soydaşlarımızın sayı elə onların maddi imkanlarının göstəricisi deməkdir. Deməli, diaspora təşkilatlarımızın maddi vəziyyəti onların geniş fəaliyyətinə imkan yaradır, sadəcə amalın təmiz olması gərəkdir. Məntiqi baxımdan bu qüvvələrin dövlət ətrafında cəmləşdirilməsinə nail olunsa, dünyanın ən güclü diasporu ilə rəqabət aparmaq elə də çətin olmaz. Bunun üçün isə bir sıra ptaktiki tədbirlərin həyata keçirilməsinə ehtiyac var.

Ekspertlərin qənaətincə, diaspor təşkilatların səmərəli fəaliyyəti üçün mənəvi və maddi əsasların olması vacib şərtdir. Demək olar ki, artıq soydaşlarımızın vahid mərkəzdə cəmləşməsi üçün mənəvi əsas var. Dünya azərbaycanlılarının Azərbaycana bağlanması, Azərbaycanla yaşaması üçün mənəvi əsas ola biləcək ideya azərbaycançılıqdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərə inteqrasiyasına nail olmaq deməkdir. Biz dünyaya inteqrasiya ediriksə, təbii ki, bizim mənəvi dəyərlərimiz də ümumbəşəri dəyərlərə inteqrasiya etməlidir. Deməli, insan hansı ölkədə yaşamasından asılı olmayaraq, öz milliliyini, milli mənsubiyyətini qoruyub saxlamağı bacarmalıdır. Məhz ümummilli lider Heydər Əliyev Dünya Aərbaycanlılarının I Qurultayındakı çıxışında bunu tövsiyə edirdi: “İnsanlar - mən azərbaycanlılar haqqında danışıram - gərək yaşadıqları ölkədə o şəraiti mənimsəyərək orada özləri üçün yaxşı mövqe tutsunlar. Ancaq öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”. Qeyd edək ki, sözügedən mənəvi varlığın qorunub saxlanması, eləcə də inkişaf etdirilməsi maddi əsaslar zəminində təmin olunmalıdır. Azərbaycan diasporunun yaranması, birləşməsi üçün mənəvi əsas-azərbaycançılıq ideyası vacib olduğu kimi, bu ideyanın yaşaması, inkişaf etməsi üçün maddi əsas lazımdır. Həmin maddi əsasın idarə olunması üçün isə hansısa qurum tərəfindən nəzarət həyata keçirilməlidir. Məlumat üçün qeyd edək ki, tarix boyu dövlətçiliyi olmayan, amma yaşayaninkişaf edən yəhudi və erməni diasporları üçün belə bir qurum rolunu kilsə və yaxud sinaqoq oynamışdır. Güclü diaspor təşkilatlarının formalaşması məqsədilə yaradılan maddi və mənəvi əsasları diasporanın təşkilatlanması məsələsi tamamlayır. Qeyd edək ki, artıq Azərbaycan diasporunun bütöv halda təşkilatlanmasından ötrü fundamental dəyərlər var ki, onun da əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, güclü diasporun yaradılması istiqamətində dövlət səviyyəsində əsaslı işlər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan və Azərbaycan Prezidenti seçildikdən sonra başlanıb. Prezident xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və güclü diaspora çevrilməsi məsələsini Azərbaycanın xarici siyasətində yeni bir istiqamət kimi dəyərləndirdi. Xarici ölkələrə səfərlərində Azərbaycan diasporu ilə görüşməyi, soydaşlarımızı dinləməyi bir ənənəyə çevirdi. Ümummilli lider bu barədə deyirdi: “Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir-biri ilə daha sıx əlaqələr qurması, öz həmrəyliyini bəyan etməsi və müstəqil Azərbaycan dövləti ilə əlaqələr yaratması tarixin bu mərhələsində çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxır”.

Diasporanın daha da güclənməsi prosesində təşkilati işlərdən sonra diasporadan lobbiçiliyə doğru inkişaf mərhələsi gəlir ki, artıq bu istiqamətdə də çoxli işlər görünüb. Konkret olaraq Azərbaycan diasporunun təşkilatlanması, azərbaycançılıq ideyası altında müstəqil Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində görülən işlər öz bəhrəsini verib. Ümumilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə əsası qoyulan, 1997-ci ildən başlayaraq həyata keçirilən təşkilatlanma prosesi 2001-ci ildə daha yüksək mərhələyə daxil oldu - noyabrın 9-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı açıldı. Hansı ki, bu qurultayın keçirilməsi həm Azərbaycan dövləti, həm də dünya azərbaycanlıları üçün mühüm əhəmiyyət kəsb edirdi. Sonrakı mərhələlərdə baş tutan qurultayların yüksək həmrəylik və işgüzarlıq şəraitində reallaşması məhz ideya və təşkilatı məsələlərin düzgün seçilməsinin bariz göstəricisidir. Bəs bu proseslər başa çatdıqdan sonra diaspor Azərbaycan dövləti üçün nə etməlidir?

Ekspertlərin fikrincə, hazırda diaspora təşkilatlarının inkişafı üçün çatışmayan prinsipial problem yoxdur. Dövlətin müdafiəsi, siyasi-strateji xətt var. Sadəcə bəzi ambisiyalar kənara qoyulmalı, ayrı-ayrı diaspora təşkilatları siyasiləşməməli, siyasi qurumların sözçüsünə çevrilməməlidir. Diasporanın qurulmasına, fəaliyyətin genişlənməsinə milli məsələ kimi yanaşılmalıdır. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının təbliğat sahəsində fəaliyyətin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması ilə bağlı konkret addımlar atılmalıdır. Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməsi diqqət mərkəzində olmalıdır. İndiyədək əldə olunan təcrübə diaspor təşkilatlarımızın daha yetkin və nəzərəçarpacaq fəaliyyət göstərməsinə imkan verir. Diasporumuzun gördüyü işlər yaşadıqları ölkələrin siyasi həyatına təsir edəcək səviyyəyə yüksəlir. Düzdür, bu gün bir əsirlik tarixi olan erməni lobbisinin qarşısında eyni səviyyəli fəaliyyət sərgiləmək çox çətindir. Dünyanın ayrı-ayrı xristian dairələrində erməni təəssübkeşliyi güclüdürbu təəssübkeşlik də onlara əlavə güc verir, əlavə resurs gətirir. Müxtəlif ölkələrdə mövcud olan KİV-lər, tanınmış ictimai-siyasi xadimlər, ayrı-ayrı parlament nümayəndələri erməni lobbisinin daha çox təsiri altındadır, nəinki Azərbaycan diasporunun onlara hansısa bir təsiri mövcuddur. Azərbaycan isə dövlət olaraq daha çox xarici ölkələrdə öz gücünə fəaliyyət göstərir. Amma eyni zamanda xarici ölkələrdəki diasporu da ciddi resurs kimi dəyərləndirir. Bu, diaspor təşkilatlarımıza işlərinin səmərəli qurulması üçün və dövlətin onların fəaliyyətində maraqlı olması ilə bağlı bir mesajdır. Artıq diaspor təşkilatlarımız da fəaliyyətlərini genişləndirirlər, təşkilatlanırlar, formalaşırlar və öz sözlərini deyə bilirlər. Azərbaycan dövlətinin və cənab Prezidentin apardığı siyasətin nəticəsidir ki, artıq dünya ermənilərin yalançı hay-küyünə inanmır. Erməni yalanı, erməni hiyləsi, ermənilərin yalançı təbliğatları ifşa olunur. Bu siyasətin həyata keçirilməsində diasporamızın da xidməti vardır.

Artıq qətiyyətlə demək olar ki, hazırda Azərbaycan dövlətinin dəstəyi ilə diaspora təşkilatlarımız sürətlə inkişaf edirdünya azərbaycanlılarının haqlarını bütün dünyada qoruya biləcək bir qüvvəyə çevrilir. Azərbaycan diasporunun türk diasporu ilə qüvvələri birləşdirəcəyi, erməni lobbisinə layiqli cavab verəcək güclü lobbiyə çevriləcəyi gün uzaqda deyil. Bu, hazırda Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi diaspor siyasətinin əsas prioritetlərindən biridir: “Ermənistan iqtisadi, siyasi baxımdan o qədər də inkişaf etməyib və onun özünün potensialı, əlbəttə, nə Azərbaycanın, nə də Türkiyənin potensialı ilə müqayisə edilə bilməz. Amma onların dünyada mövcud olan dayaqları, müxtəlif ölkələrdə mütəşəkkil şəkildə fəaliyyət göstərən diasporu, əlbəttə, onlara böyük dəstəkdir, eyni zamanda, bizə qarşı istifadə olunan ən güclü alətdir. Türklər, azərbaycanlılar da dünyanın müxtəlif yerlərində yaşayırlar və əlbəttə, onlar birgə fəaliyyət göstərməlidirlər. Bu yollarla biz dünyada öz mövqelərimizi möhkəmləndirməliyik və məqsədimizə çatmalıyıq”. Nəzərə alsaq ki, hazırda dövlətlər diaspora gəaliyyətinə daha çox önəm verirlər, o halda diasporamızın daha da fəallığına ehtiyac yaranır. Təəssüf ki, soydaşlarımız bütün dünya üzrə təşkilatlansalar da ictimai işlərdə fəallığı o qədər də maraqlı deyillər. Buna baxmayaraq, indi dünyanın demək olar ki, bütün ölkələrində azərbaycanlıların təşkilatlanma prosesi sürətlə davam edir. Artıq dünyanın ən ucqar hesab elədiyimiz nöqtələrində də Azərbaycanın diaspora təşkilatları, kültür dərnəkləri var. Deməli, diasporada təşkilatlanma artıb, inkişafa doğru gedirik, ayrı-ayrı təşkilatlar arasında əlaqələr yaranıb. Ümummilli problemlərimizi dünya ictimaiyyətinə çatdırmaqdan ötrü eyni mövqelər sərgilənir. Buna baxmayaraq, diaspor cəmiyyətlərimiz güclü ideolojiinformasiya təbliğatı aparmalıdırlar. Necə ki, erməni lobbisi xarici KİV-lərdəki təsir dairəsindən istifadə edərək noyabrın 12-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ağdam ərazisində vurulan helikopterə görə, məsuliyyəti Azərbaycanın üzərinə yıxmağa çalışır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 15-17 noyabr.- S.3.