Azad sahibkarlığın və
liberal iqtisadiyyatın təşviqi
Azərbaycan XX əsrdə
tarixində ikinci dəfə dövlət
müstəqilliyini əldə etdikdən sonra
ölkədə siyasi inkişafla
yanaşı, milli iqtisadiyyatın
formalaşdırılması, azad
sahibkarlıq mühitinin yaradılması
və bununla
da Azərbaycanın iqtisadi
inkişafını təmin etmək prioritet
vəzifələrdən birinə çevrilmişdi. Lakin həmin illərdə Azərbaycana rəhbərlik
edən iqtidarların dövlətçilik və ölkəni
idarəçilik bacarıqlarının olmaması nəinki iqtisadi inkişafa zəmin
yaradır, əksinə ölkənin vəziyyətini daha da
ağırlaşdırır, əhalini ciddi
sosial problemlər qarşısında qoyurdu.
Müstəqilliyin
ilk illərində ölkədə vəziyyətin getdikcə
pisləşməsi, bütün sahələrdə
müşahidə edilən durğunluq Azərbaycanda sosial
partlayışı qaçılmaz edirdi. Elə bu səbəbdən idi ki,
1993-cü ilin əvvəllərindən Azərbaycan demək
olar ki, tamamilə idarəolunmaz vəziyyətə
düşmüşdü. Respublikanı bürüyən
xaos, anarxiya, ciddi sosial problemlər xalqı yeni lider
axtarışına çıxarmışdı. Əslində
isə xalq öz liderini artıq müəyyən etmişdi və
cəmiyyət həmin vaxt Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin sədri vəzifəsini
icra edən Heydər Əliyevin müstəqil Azərbaycan
Respublikasına rəhbərlik etməsini istəyirdi. Beləliklə, xalqın təkidli
tələbi ilə 1993-cü ilin iyununda Heydər Əliyev
Bakıya gələrək ölkədə
yaranmış çətin bir
vəziyyətdə yenidən öz çiyinlərini
ağır bir yükün altına verdi. Zəngin idarəçilik
təcrübəsi və zamanında doğru-düzgün qərarlar
qəbul etmək bacarığı olan Heydər Əliyev
qısa müddət ərzində
Azərbaycanda mövcud olan hərc-mərcliyə son qoydu,
ölkədə siyasi sabitliyi bərqərar etdi. Siyasi
sabitliyin bərpasından sonrakı mərhələdə isə
ölkənin iqtisadi sahədə inkişafına nail olmaq
başlıca vəzifə olaraq qarşıda
dayanırdı. Bunun üçünsə bir sıra vacib
addımların atılması qaçılmaz idi. Azərbaycanın
iqtisadi inkişafını təmin etməyin bir yolunun da
ölkədə sahibkarlıq mühitinin yaradılmasından
keçdiyini bilən ümummilli lider Heydər Əliyev bu
baxımdan milli və azad sahibkar təbəqəsinin
yaradılmasını vacib hesab edirdi. Təsadüfi deyil ki,
Azərbaycanda müasir milli sahibkarlığın
inkişafı bilavasitə müstəqilliyimizin əldə
olunmasından sonrakı dövrə, xüsusən də
1993-cü ildən sonrakı illərə təsadüf edir.
Hakimiyyətə gəldiyinin ilk illərindən
ümümmilli lider Heydər Əliyev bazar iqtisadiyyatı
prinsiplərinə sadiq qalaraq Azərbaycanın yeni dövr
üçün prioritetlərini müəyyənləşdirdi
və ölkənin iqtisadi siyasətinin təməlini qoydu.
Bu dövrdə digər taleyüklü məsələlərlə
yanaşı respublikanın sosial-iqtisadi inkişafı,
xalqın maddi rifah halının yaxşılaşması azad
sahibkarlığın inkişafından həlledici şəkildə
asılı idi. Bu
reallığı əsas götürən ümummilli lider
Heydər Əliyevin rəhbərliyi altında həyata
keçirilmiş sosial-iqtisadi islahatların ana xəttini də
məhz sahibkarlığın inkişafı kimi həyati əhəmiyyətli
məsələ təşkil edirdi. Bu dövr ərzində həyata
keçirilən iqtisadi islahatların rəsmiləşdirilməsi 1993-cü ildə təsdiq
edilmiş ''Azərbaycanda Sahibkarlığın
İnkişafı (1993-1995)'' adlı Dövlət Proqramı
ilə təsdiqini tapdı. 1993-cü ilə qədər
ölkədə sahibkarlıq sektoru istiqamətində ciddi
islahatların həyata keçirilməməsinin ardınca
belə bir proqramın qəbul edilməsi və onun həyata
keçirilməsinə başlanması bu sahədə nisbi
uğurların əldə edilməsinə imkan yaratdı. Nəticədə
ölkədə fəaliyyət göstərən kiçik
və orta sahibkarların sayı çoxaldı, onların
iqtisadi fəaliyyəti genişləndi. Ümumiyyətlə,
müstəqillik dövründən bu günə kimi ölkədə
mövcud iqtisadi inkişafı iki əsas mərhələyə
ayırmaq olar. Birincisi, 1991-1995-ci illər, ikincisi, 1996-cı
ildən başlayaraq davam edən sonrakı dövr. Təqdirəlayiq
haldır ki, iqtisadi inkişafın ikinci mərhələsində
Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin
rəsmi bazası kimi bir çox irimiqyaslı sənədlər,
konsepsiya, strategiya və proqramlar qəbul olundu. Qəbul edilən
sənədlər əsas etibarilə Azərbaycan
Respublikasında azad sahibkarlıq fəaliyyətinə mane
olan bürokratik əngəllərin və yoxlamaların aradan
qaldırılmasına xidmət edirdi. Onların arasında Azərbaycan
Respublikası Prezidentinin "İstehsalat, xidmət, maliyyə-kredit
fəaliyyətinə dövlət nəzarətinin qaydaya
salınması və əsassız yoxlamaların qadağan
edilməsi barədə" 1996-cı il 17 iyun tarixli 463
nömrəli və "Dövlət nəzarəti sisteminin
təkmilləşdirilməsi və sahibkarlığın
inkişafı sahəsində süni maneələrin aradan
qaldırılması haqqında" 1999-cu il 7 yanvar tarixli 69
nömrəli fərmanları, Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 24 iyun tarixli 610 nömrəli fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
kiçik və orta sahibkarlığa dövlət köməyi
proqramı (1997-2000-ci illər)" xüsusi yer tutur. Heydər
Əliyev davamlı olaraq ölkədə azad
sahibkarlığın inkişaf etdirilməsi istiqamətində
çalışır, bu sahə ilə əlaqədar məqsədyönlü
tədbirlər həyata keçirirdi. Bu baxımdan Heydər Əliyevin
"2002-2005-ci illər Azərbaycan Respublikasında kiçik
və orta sahibkarlığın inkişafının Dövlət
Proqramı" xüsusi əhəmiyyət
daşıyırdı. Sonrakı dövrdə isə
ümummilli lider Heydər Əliyevin 2002-ci il 27 avqust tarixli Fərmanı
ilə “Azərbaycan Respublikası Sahibkarlığa Kömək
Milli Fondu haqqında Əsasnamə” və ”Azərbaycan
Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin
istifadəsi Qaydaları”nın təsdiq edilməsi özəl
bölmənin inkişafı və sahibkarlığa dövlət
dəstəyinin gücləndirilməsinin təmin edilməsi
sahəsində atılmış mühüm addım oldu.
Bütün bunlar Azərbaycanda özəl sektorun inkişafına zəmin yaratdı,
iqtisadiyyatın neftdən asılılığını
aradan qaldırmış oldu. Heydər Əliyev daim
sahibkarları diqqətdə saxlayır, onların üzləşdiyi
problemlərin həlli istiqamətində əməli
addımlar atırdı. İş adamlarına edilən
müdaxilələri onların öz dilindən eşitmək
üçün ümummilli lider sahibkarlarla mütəmadi
görüşlər keçirir, mövcud problemləri
onlarla birgə müzakirə edirdi. Ümummilli lider ölkə
sahibkarları ilə keçirdiyi tarixi görüşlərində
təəssüf hissi ilə qeyd edirdi ki,
sahibkarlığın inkişafı ilə bağlı
görülən işlərə baxmayaraq, bu sahədə
bir sıra problemlər hələ də tam aradan
qaldırılmayıb.: “Bu gün sahibkarlığın
dövlət tənzimlənməsini həyata keçirən
bir sıra mərkəzi, şəhər və rayon icra
hakimiyyəti orqanlarının işi qənaətbəxş
sayıla bilməz. Belə ki, ayrı-ayrı mərkəzi və
yerli icra hakimiyyəti orqanları, o cümlədən vergi,
gömrük, hüquq-mühafizə və sanitar-epidemioloji
xidmət orqanları tərəfindən sahibkarların fəaliyyətinə
yerli-yersiz müdaxilələr edilir, müxtəlif yoxlamalar
aparmaqla onların işinə maneçilik törədilir. Məhkəmələr
tərəfindən iqtisadi mübahisələrin həllində
süründürməçilik və qeyri-obyektiv qərarların
qəbul olunması hallarına rast gəlinir. Bütün
bunlar sahibkarlıq fəaliyyəti ilə məşğul
olan adamların haqlı narazılığına səbəb
olur, onların sahibkarlıq təşəbbüsünün
reallaşmasına və daxili potensialdan daha dolğun istifadə
edilməsinə imkan vermir”. Sevindrici haldır ki, ümummilli
lider Heydər Əliyevin başlamış olduğu bu siyasət
bu gün cənab prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Məhz
dövlət başçısı da ümummilli lider kimi
ölkədə azad sahibkarlığın inkişaf etdirilməsinə
maraq göstərir, bu istiqamətdə zəruri addımlar
atır, fərman və sərəncamlar imzalayır. Dövlət
başçısının diqqət və
qayğısı sayəsində sahibkarlıq mühitinin
inkişafı üçün yaradılan əlverişli
şəraitə uyğun olaraq, Sahibkarlığa Kömək
Milli Fondunun vəsaitinin istifadəsi Qaydalarının təkmilləşdirilməsi
istiqamətində işlər növbəti illərdə də
müvəffəqiyyətlə davam etdirilib. Belə ki, Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 13 oktyabr tarixli Fərmanı
ilə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin
istifadəsi mexanizmi daha da təkmilləşdirildi.
Sahibkarlığın inkişafı sahəsində qəbul
olunmuş dövlət proqramlarının bu sahənin
inkişafında xüsusi rolu oldu, kiçik və orta, eləcə
də azad sahibkarlığın inkişafı üzrə tədbirləri
iqtisadi siyasətinin prioritet istiqamətlərindən birinə
çevrildi. Bu gün dövlət rəhbərinin həyata
keçirdiyi məqsədyönlü iqtisadi siyasət
hesabına Azərbaycanda özəl sektor yeni inkişaf mərhələsinə
qədəm qoyub, azad sahibkarlığın inkişafına
diqqət daha da artırılıb.
Ötən müddət ərzində iş
adamlarının fəaliyyətinə yersiz mudaxilələrin
qarşısının alinması, bu sahədə inkişafa
mane olan problemlərin aradan qaldırılması istiqamətində
mühüm addımlar atılıb. Regionlarda mühüm
infrastruktur layihələrinin həyata keçirilməsi,
göstərilən xidmətlərin keyfiyyətinin
yaxşılaşdırılması, anti-inhisar fəaliyyətinin
gücləndirilməsi, infilyasiyanın
qarşısının alınması üçün əsaslı
tədbirlərin görülməsi, “Korrupsiyaya qarşı
mübarizə üzrə Dövlət Proqramı”nın təsdiqlənməsi,
bir pəncərə prinsipinin tətbiqi ilə biznes subyektlərinin
qeydiyyat və lisenziya sisteminin sadələşdirilməsi,
yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması
və digər tədbirlər bu istiqamətdə
atılmış ciddi addımlardır. Sahibkarlığa,
azad sahibkarlığın inkişafına dövlət dəstəyinin
bariz nümünəsi kimi, 28 fevral 2012-ci il tarixdə
“Bakı Ekspo” Mərkəzində “Azərbaycan Respublikası
Regionlarının 2009-2013 illərdə sosial-iqtisadi
inkişafı dövlət proqramının
üçüncü ilinin yekunlarına həsr olunmuş
konfransda Prezident İlham Əliyevin cıxışını
qeyd etmək olar. Dövlət başçısı həmin
konfransda qeyd etdi ki, “Azərbaycan dövləti sahibkarlara siyasi
dəstəkdən başqa iqtisadi dəstək də verir. Ölkəmizin
inkişafı, sahibkarlığın inkişafından
asılıdır.” Azərbaycanda azad
sahibkarlığı inkişaf etdirən
amillərdən biri də regionlarda
rəqabət qabiliyyətli və ixrac yönümlü məhsullar istehsal
edən, müasir texnologiyalara
əsaslanan müəssisələrin yaradılmasıdır. Regionlarda istehsal olunan bir cox məhsullarımız
artıq Avropa və Amerika
bazarlarına da ixrac olunur ki, bu
da bütövlükdə ixrac
payında qeyri-neft məhsullarının
payını artırır. Bu gün də sahibkarlığın
inkişafı ilə bağlı Azərbaycan dövləti öz iradəsini nümayiş
etdirir. Sahibkarlara daim diqqət göstərilir, onlara
güzəştli kreditlərin, texnikanın lizinq
yolu ilə verilməsi, fermerlərə
subsidiyaların ayrılması, bütövlükdə kənd
təsərrüfatını, eləcə də azad sahibkarlığı stimullaşdıran əsas
amillərdəndir.
Süleyman İsmayılbəyli
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”
Olaylar.-
2014.- 18 noyabr.- S.4.